Elnarə AKİMOVA
Vahid Məmmədlinin "Leyli və Məcnun" romanı bildiyimiz Leyli və Məcnun ehkamını dekonstruktiv planda gerçəkləşdirən mətndir. Ədəbiyyatda bu əsərə müraciətdə təqlidlə bərabər özünəməxsus üslubi yanaşmaların olması məlum və mövcuddur. Vahid Məmmədli bu mövcudluğa fərqli və bənzərsiz "barmaq izini" qoymağa çalışıb, xalqın yaddaşında beş əsrdir yer tutan tarixi personajları yeni interpretasiyada təqdim edib. Əslində, buna interpretasiya da demək olmaz. Yazıçı sadəcə məşhur əsərin şüurda yaradılan əlavə materiallarından istifadə edərək boşluqları doldurmağa çalışıb. Özünü modern yeniliklərə tabe edən dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır və deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir.
Yazıçı əsərdə simvol və metaforlarla, alleqorik yanaşmayla Allaha aparan yolun gözəlliyini oxucunun gözləri önünə sərir. Bütün hallarda Leyli ilə Qeys vasitədir. Əsər sevə bilmək bacarığının iki şəxsin timsalında, ideal harmoniyasında nümayiş olunmasıdır. Vahid Məmmədli romanda sərgilədiyi estetik, həssas rakurslarla, dəqiq seçilmiş ritm və dinamika ilə bu harmoniyanın ifadəsini verməyə çalışır.
Müəllif postmodernizmin detallarından olan eyhamlardan ehtiyatla istifadə edir. İllərdir sevgi mövzusunda kult sayılan "Leyli və Məcnun" romanındakı gizlənmiş kodlara fərqli baxış bucağı sərgiləyir. Roman İbn Məhanın Şəms adlı kənizlə şəhvət dolu məqamlarının nəqli ilə başlayır. Bəlkə bunu da yazıçının ədəbi fəndi, priyomu sanmaq olar. Qarşıda macəra dolu mətn oxuyacağına köklənən oxucunu müəllif əsl məhəbbət dastanı ilə üz-üzə qoyur. Əsərin fabulası bir neçə süjet xəttini özündə birləşdirir: İbn Məhanın vəziri Valid İbn Tarifi xətti, Bərdə, Arran və Şirvanın hökmdarı Yəzid ibn Məzyəd xətti, vəfa duyğusunun, ataya, atalığa itaətin nümunəsini gözəl şəkildə əyaniləşdirən Nofəl, Fəttah və arvadı Sayda, əl-Müləvvəh və arvadı Rüqəyya, Fəttahın əmisi əl Qasımi, Zeydlə Ayişə xətləri və s. Bütün bu şaxələr əsərdəki ana xətt olan Qeyslə Leylinin ətrafında cəmləşir.
Son zamanlar bizdə artıq davamlı şəkildə oxucunu dini kontekstlərdə düşündürmək, real və mistik dünya antitezaları mifologiya ilə yanaşı bədii təfəkkürün də qayəsini təşkil etməkdədir. "Leyli və Məcnun" əsəri də təsəvvüf simvolikası ilə zəngin əsərdir. Roman özündə ehtiva etdiyi arxetiplərin say çoxluğu ilə oxucu düşüncəsində bunların yer aldığı əsərlər, onların bu əsərlərdəki təsvir variasiyaları ilə bağlı kollaj yaradır. Eyni zamanda əsərin özünə uyğun açarla təhlilini labüdləşdirir. Bir anda yaddaşımızda bütün ədəbi, tarixi, mifoloji və dini mətnlərin kollajı yaranır. Maraqlı olan budur ki, müəllif tanış mətndən yararlandığı bəzi motivləri, hadisələri fərqli şəkildə müasir dövrümüzə gətirmir, əksinə, onlara elə o dövrün zaman və məkan unikallığında bir az da sakral anlam yükləyir, öz bədii yozumunu artırmaqla yeniləyir.
Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu "irfan düymələrindən" istifadə edir: sevgililərin dərd ortağı olan Ana ceyran, Qeysin ud çalması, sufilərin Ata bəbir adlandırdığı meşənin şahı, meşə dərvişləri, su dərvişləri, su pəriləri, ağ atlı mələk, ağ işıq zolağı, təzə doğulan bəbir balası, qoşa çinar, erkək qu quşu, qumun altında olan saray və s. Yazıçı təsəvvüf aləminə məxsus olan bu obraz və arxetipləri bir məxrəcə cəm edir. Su, torpaq, külək, od - təbiətin bu dörd ünsürünə müraciətlə onlara əsər daxilində sakral məna qazandırır. Müəllif nəfəsindən gözəl ətir gələn Leyliyə yüklədiyi bu mistik çalarla oxucunu irfani dərinliyə çəkir. Bildiyimiz kimi, gözəl ətir Peyğəmbərə aid bir əlamətdir. Yaxud yazıçı hadisələri Kəbədən Bəndovana köçürməklə, Bərdə, Lökbatan, Şirvan düzü kimi əraziləri mətnə gətirməklə tarixi torpaqlarımıza sakral, cazibəli bir obraz aşılayır, onlar əsərdə metafizik anlam qazanırlar. Yazıçı bu məkanlarda əhvalat üçün zəruri olan bütün atmosferi yaradır: maraqlı landşaft, göl, meşə, torpaq və s.
Romandakı əksər kodların etiologiyası oxucunu klassik sufi mətnlərinə, sufi təriqətlərinə, Hind mədəniyyətindən gələn şəkildən-şəklə çevrilmə arxetipinə, orta əsrlərə məxsus "Qabusnamə"yə, Saramaqonun "İsanın incili", Hüseyn Cavidin "Şeyx Sənan", Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsərlərinə yönəltmiş olur. Qeysin eşqlə bağlı təsəvvürlərində, həmçinin arxetiplərin mənşəyinin müəyyənləşdirilməsi məqamında bu göndərmələri hiss edə bilirik. Məsələn, adətən əsərlərdəki sehrbazlıq motivlərində bəşərin mifləşdirdiyi bəzi personajlar var ki, bunlar xüsusi ritualları yerinə yetirən şamanlar, kahinlər sayılır və əksər məqamlarda xeyirə deyil, şərə xidməti gerçəkləşdirirlər. Bu əsərdə isə qanadları çıxan insan, ağacları öpən adamlar, palçıq heykələ çevrilən iki sevgili ruhani əzmin daşıyıcılarıdır. Eləcə də əsərdə diqqət çəkən əsas obrazlardan olan su dərvişləri arxetipi etiologiyası sufizmə söykənən, Mütləq həqiqətə aparan yolun açarları sayılırlar. Ümumiyyətlə, sufizmin eşq anlayışının, vəhdəti-vücudun ontoloji köklərinə bağlı olan bir çox arxetiplər əsərdə Qeyslə Allah arasında mediumdur, Tanrıya aparan ritual aktın icraçısı rolundadırlar. Sufizmin vəhdəti-vücud konsepsiyasına görə haqq yolçusunun mütləq həqiqətə qovuşması, insanın Tanrıda əriməsi prosesini əsərdə Məcnunla Leyli obrazları yaşayır. Qeys bunu hər şeydən və hər kəsdən uzaqlaşıb Məcnuna çevrilmək, özünü həyat minimalizminə tabe etməklə gerçəkləşdirir. Leylinin iztirabı axıtdığı göz yaşları, sadiqliyindədir, özünü qəlbinə girən sevginin ixtiyarına tam verməsi ilə o, əbədiyyət haqqını qazanmış olur. Əsərdə bir epizod yer alır. Qeys Kəbədə onun cünunluqdan sağalması üçün dua edən atasının yalvarışlarını eşidəndə içində Leylinin ağladığını hiss edir. Qeysin içində ağlayan Leylinin göz yaşları ilə atasının Kəbədəki ziyarətdə fikirləri yanaşı verilir.
Ümumilikdə sufizm kodları üzərində qurulan roman həm də panteizm fəlsəfi düşüncəsinin prinsiplərini özündə ehtiva edir. Qeysə görə, bütün yollar Tanrıya aparır, çünki hər şeyi Tanrının bir hissəsi olaraq qəbul edən, baxdığı hər şeydə Tanrını görən bu obraza görə Tanrı təbiətdədir, onun təbiətdən kənarda müstəqil mövcudluğu yoxdur. Müəllif qəlbinə eşq atəşi düşən Qeysi həqiqətə aparan yolun dörd mərhələsindən keçirir, sonuncu mərhələnin dörd ünsürdən biri olan torpağı təmsil etməsi (qum heykəl, qumun altında daşlardan tikilən evdə yaşaması), xəlvətiliyə çəkilib nirvana zirvəsinə yüksəlişi, sonda işığa çevrilərək (qeybə çəkilən ruh dini arxetipi) nura qovuşmaları qəhrəmanların həyat yolunun təsvirində ifadəsini tapmışdır.
Romanın sətirləri arasından ruhları günahlara bulanmış, mənən sınmış, incinmiş insanlar da boylanır və dərvişlər onları ağacları öpməklə cəzalandırır. Onların çıxış yolu ağacları öpərək təmizlənmələrindədir. Sufizmdə dünyanın əvvəli ilə axırını özündə birləşdirən bir simvol hesab edilən ağac arxetipinin əsatiri təfsiri məhz, bu məzmunla bağlıdır. Ağacın yarpaqlarının səmanı təcəssüm etdirməsi həm də əbədi həyat bəxş edən müqəddəslik kimi məzmun qazanır. İbrətlidir ki, romanda ruhunu təmizləyən insanları dərvişlər cəzadan xilas edir və onlara getmək ixtiyarı verir. Amma təmizlənmiş ruh bir daha dünya evinə geri dönmək istəmir. Çünki ruhunu pisliklərdən arındıran insanın enişi mümkün deyil, onun içi yalnız yuxarıya doğru yüksəlişlə rahatlıq tapa bilər.
Ümumilikdə, həm sakral, həm də realist və romantik üslub bu romanda vahid bədii məkan təşkil edirlər. Əsərin eşq ilə iç-içə girməsi, oxucunun hər şeyi İlahi duyğulara köklənərək izləməsi - zənnimcə, xüsusi olaraq seçilmiş bu estetika romanın sakral mahiyyətini tamamlayır. Əlbəttə, əsərdə ekspressionizmə xas bəzi əlamətlər sezilsə də, məsələn, fərdi aləmin varlığın təsvirinə qarşı qoyulması, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri, obraz və məkanın təhrifi, personajların daxili mücadiləsinin vizuallaşdırılması ilə əndişə duyğusunun ötürülməsi və s. Amma bu əndişə ümumən əsərin ritmini, intonasiyasını dəyişmir. Məsələn, müəllif əsərdə Leylinin atası Fəttah və əl-Qasıminin əməlləri sayəsində seyrçini qəddar, gözlənilməz səhnələrlə üz-üzə qoyur. Qeysə əl Qasıminin qatili olması iftirasının atılması ilə ziddiyyətləri kulminasiya nöqtəsinə çatdırır. Amma nə sehrdirsə, bu məqamlar oxucunu emosional şoka salmaq, onu psixoloji sınaqlara məruz qoymaq kimi provokasiyalardan qaynaqlanmır. Buna səbəb, zənnimcə, heç də əsərin tanış motivlər üzərində qurulması, bildiyimiz süjet xəttinə bələdliyimiz deyil, romanın dediyim həmin mistik, irfani qatda yazılmasıdır.
Məcnun bu əsərdə bir insanın gerçəkdə malik olduğu imkanları aşaraq, mahiyyətində daha mühüm, bəşəri, fövqəlgüc və məna daşıyan personajdır. O da doğulanda ağlayır, amma gözəl qadının qucağında deyil, ruhu saflıqdan yoğrulmuş Leylinin enerjisini, nəfəsini duyub sakitləşir. Bu ilahi duyum bütün əsər boyu davam edir. Qeys ilk dəfə Leylinin nəfəsini bələkdə hiss edir, sonra hər yerdə bu nəfəsi axtarır və bu rayihə ilə Leylini tapır. Məcnun xüsusi bir həssaslıqla insanları daxilindəki xeyir və şər başlanğıclarına görə müəyyənləşdirir və lap uşaqlıqdan ətrafını özü seçir. Fəttahın əmisi əl Qasımi ilə ilk ixtilafı da buna görə yaranır. Anasının kənizi Səlimənin içindəki qara enerjini hələ ana bətnində ikən hiss edib özündən uzaqlaşdırmağı bacarır. Məcnunun özündən uzaqlaşdırdığı kəslər sonradan onunla bağlı bütün hiylə və bəd əməllərin kökündə dayanırlar. Baxmayaraq ki, Məcnunun heç kimlə ədavəti yoxdur. Məcnun bizim müasir romançılığımızda bəlkə də daxili konfliktlərdən xali bir obrazdır. Onun dünya ilə münasibətləri əvvəldən nizamlı görünür. Ətrafında heç nə, hətta bütün varlığını qapsayan sevgidə uğursuzluğu belə onun mənəvi nizamını pozmur. Vahid Məmmədlinin yozumunda Məcnun adi insan statusundan ilahi, ruhsal dəyərlər daşıyıcısı olan statusa qaldırılır. Onun tərəddüdləri, ağrıları, çıxılmazlığı, Leylidən ayrı yaşamağın necə işgəncə olması özünün qalxdığı qatda əks olunduğu üçün əzabı deyil, əzəməti ifadə edir. Məcnunun ruhsal həzinliyi, daxili aləminin təmkinli və ifadəli görünüşü altında sezilən irfani cizgilər daha toxunandır və təhtəlşüura birbaşa işləyir. Öz sevgisi, ruhibiri sandığı naminə tərkidünya olub insanlardan uzaqlara çəkilmək və təbiətin yaratdığı hər möcüzəni eyni sevgi ilə sevmək. Yazıçı onun ruhundakı bu ifadəliliyi dərinliyi ilə göstərmək üçün bir neçə detala vurğular edir: Qeys bayquş ulartısını layla kimi dinləyir, Şirvan düzündəki meşəlikdə bəbir əhliləşdirir, ətdən imtina edib ceyranlarla ot yeyir və s. Müəllif Qeysin öz eşqi yolunda çabasını onun yaşayış tərzindəki minimalizmi göstərməklə ifadə edir. Meşədə ac-susuz həyat yaşaması, saç saqqalının uzanması və s.
Əsərdə işıq arxetipi də uğurla simvolizə olunan obrazlar sırasındadır. Ağ işıq mətndə sufizmin rəmzlərindən biri olaraq mənalanır. Məsələn, Qeysin atası əl-Müləvvəh uşağının olacağı haqda işarəni müqəddəs Kəbədən ayrılacağı gecə ruhuna toxunan işıq parçası ilə hiss edir: "Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi.
Düz onun başı üzərində dayanıb sanki bir az da gücləndi, bir az da irəli gəldi. Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu istilikdən xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi".
Yaxud Leyli ilk dəfə Qeysin gözünə insan kimi deyil, Ağ işıq kimi görünür. Qeys hələ bələkdə hiss etdiyi bu ətri, rayihəni özü ilə birgə böyüdür, ona doğru yol alaraq yaşayır. Və günlərin bir günü bu rayihə onu mədrəsədə, Əhməd Bərdəinin dərsində yaxalayır: "Qeysin heç vaxt unutmayacağı o an gəldi. Arxaya dönəndə indiyə kimi rast gəldiyi gözəlliklərin ən mükəmməlini gördü. Qeyri-ixtiyari ayağa qalxdı, donub qaldı. Qarşısındakı ağ işıqdan yoğrulmuş insan idi - heç vaxt kölgə düşməyəcək ağ işıq. Ağlını başından alan, ömrü boyu ixtiyarsız aradığı rayihənin mənbəyi olan bu işıq onu özünə çəkirdi. Qollarının nə vaxt qanadlara çevrildiyini özü də hiss etmədi. İki alovlu qanad həmin işıq topasını ağuşuna alıb bərk-bərk qucaqladı. - Səni ömür boyu axtarmışam, - Qeysin sözlərini təkcə köksünə sığınmış Leyli duydu. Bir-birini heç tanımayan qızla oğlanın mədrəsədə, hamının gözü qarşısında qucaqlaşdığını izləyənlər heyrətdən donub qalmışdılar".
Bu ani təmas, qucaqlaşma anı Qeysin əbədi eşq yolçuluğuna başlamasına vəsilə olur, Qeysdən Məcnunluğa, cünunluğa doğru yol qət edir. Onların həyatdan ayrılma anı da işığa çevrilməklə gerçəkləşir: "- Ora baxın, - Nofəl əli ilə göy üzünü göstərdi. Səmada qoşa ulduz bir-birlərinə pərçimlənib parlaq işıq saçırdılar. Çox keçməmiş Leyli və Qeys göründü. Qollarını bir-birlərinin boynuna dolayıb yer üzünə baxırdılar. Təbəssümləri yer üzünü isidirdi. - Onlar gəldikləri yerə qayıtdılar. Dünyanın ən parlaq ulduzlarıdır. Ən böyük sevgilər Allahdan yaranıb, Allaha da qayıdırlar..."
Əsərdə mif dünyası ilə reallıq qarşı-qarşıya gətirilir. Məcnun mif dünyasını, əbədiyyəti, İbn Səlam, Fəttahın əmisi əl Qasımi isə öləri insanı təmsil edirlər və qəribədir ki, roman boyu bu iki presonajın ölümünə şahid oluruq.
Əsər bütün tərəfləri ilə bərabər həm də iki fərqli dünyagörüşün, iki fərqli dünyanın üz-üzə gəlməsidir. Məcnunun yaşadığı dünya qəddarlıq və pisliklərlə doludur, onun meşəyə meyil etməsi də daha sivil, daha rahat həyat tərzini orda tapmasına işarədir. Müəllif iki mühitin - sakinləri başqa olan meşə ilə insanların yaşadığı aləmi qarşı-qarşıya qoymaqla bu ziddiyyəti ifadə edir. Bir simvolik çalar da sevginin dünyada getdikcə daralan roluna etirazla motivləşir. Günü-gündən sənayeləşən, modernləşən, hər şeyi robotların ixtiyarına buraxan yeni reallığa tabe olan, duyğularından könüllü imtina etməyi qəbullanan dünya, o biri tərəfdə isə dünyanın sevgi ilə xilasına ümid edən düşüncə adamları. Əsərdə bu etirazlar Nofəlin dili ilə verilir: "Qeysə "Məcnun" deyə gülüb sərsəri hesab edənlər, məgər hamınız başdan-ayağa günahkar deyilsinizmi? Fəttah qızını Qeysə vermədi, onlarsa meşədə də olsa, bir yerdə deyillərmi? Şad-xürrəm yaşamırlarmı? Kim qalib çıxdı? Sizin bu oyunbazlığınız, adət-ənənə deyə arxasında gizləndiyiniz kin-küdurətiniz, yoxsa ilahinin nuru olan eşq və aşiqlər?! Bu sevgilərinə sadiqliyə görə Allah onları mükafatlandırıb, yer üzündə cənnətdə yaşamağı nəsib edib. Sizin hər gün etdiyiniz ibadətlər, apardığınız gərəkli-gərəksiz mücadilələr əbədi həyatda qazanmaq istədiyiniz Cənnət üçün deyilmi? İçinizi küdurətdən təmizləyib sevgiyə qucaq açmaqla, başqalarının həyatına qarışmaqdan əl çəkib öz səadətinizin qayğısına qalmaqla siz elə bu dünyada da hüzurlu bir cənnət həyatı yaşayıb, daha az günah etməzsinizmi?"
Nofəl də, Zeyd, Ayişə də özlərinə Qeys, Leyli kimi sevib-sevilməyi arzulayırlar: "Bəlkə də çoxları Qeysə dəli deməklə onu üstüörtülü təqdir edir, hər kişi özünə bir Leyli, qadınlar da ona heç nədən, heç kimdən çəkinmədən sarılacaq bir Qeys arzusunda idilər. Bir sözlə, hər kəs xoşu gəldiyinə, sevdiyinə bircə dəfə də olsa, sarılmaq istəyirdi, içlərindəki qorxu isə onları durdurur, əslində, Qeysə deyil, özlərinə dəli deyirdilər. Qeysə tənə edənlər şüuraltı düşünürdülər ki, min ildə, nə yaxşı, bir Qeys çıxdı meydana! Gizli sevgisini, xoşladığını nəinki dilə gətirməyə, düşünməyə belə qorxanlar ürəklənmişdilər. İndi hər kəs cünunluğu bəhanə edib ondan daha çox söz açır, Qeysdən danışılanlarda xəyalən özlərini təsəvvür edib rahatlanırdılar".
Qeysin atası əl-Müləvvəh də oğlundan ona görə əl çəkmir ki, onun sağalmaz olduğunu, tutduğu yoldan dönmədiyini anlayır, yox, Nofəl kimi əl Müləvvəh də Qeysin varlığında necə ilahi eşq gəzdirməsinin fərqində olur: "Müləvvəh artıq oğlunun ardınca getməyin də, onu qaytarıb gətirməyin də mənasız olduğunu anlamışdı. Gecə-gündüz ah-vay edib qan-yaş tökən Rüqəyyanı da sakitləşdirməyə çalışırdı: - O, xoşbəxtdir, öz eşqi ilə bir yerdə həyat sürür. Leylinin onunla birlikdə olduğuna inanc gətirib".
Müəllif romanda heç bir detala adi yanaşmır, qum, meşə, göl, heyvanlar - hamısı obraz kimi yazıçının sadəcə predmet, obyekt kimi yanaşmadığı nəsnələrə çevrilirlər. Onların hər biri subyektləşirlər, situasiyadan asılı olaraq obrazları dəyişir, fərqli məna və ovqat çaları kəsb edirlər. Məsələn, qəhrəmanların bir anda qanadlı mələk olması, yaxud palçıq vulkanına düşməsi heç bir apokaliptik mənzərə yaratmır, əksinə, müəllifin təqdimatında gözəl bir eşq abidəsinin, sevgi aktının metaforuna çevrilmiş olurlar.
Leyli Qeysin gözünə Qum heykəl, qum dənələri kimi görünür. Özlərini palçıq vulkanına, palçıq gölünə atan və palçıq quruduqca iki torpaq adama çevrilən səhnədə yazıçı qum və bədənin sintezi ilə vizual mətnin plastik ifadəliliyinə nail olur. Qeys üçün Leyli günəşdir, onun qanad çaldığı zirvələrdə hamı qum zərrəciyi kimi adi, görünməzdir. Bir tək gözünə görünən Leyli olduğuna görə Qeys onu günəş adlandırır:
"- Görmürsüz qum dənələrini? - nələrisə göstərirmiş kimi əlini havada dolandırdı.
- Görürük, sən qum dənəsisən, Qeys, - deyə hamı gülüşdü.
Qeys yerinə oturub öz-özünə danışırmış kimi sakitcə dilləndi:
"Axır ki, gözünüz açıldı. Biz hamımız qum dənələriyik, Leyli isə günəşdir...".
Özlüyündə ekzistensial mahiyyət daşıyan bu məqam yazıçının fokuslandığı mənəvi müstəvinin iri planda təqdimatı üçün xüsusi rol oynayır. Qeysin sonrakı yaşamı da içində gedən metamorfozaya uyğun formada gerçəkləşir: hamıdan uzaqlaşıb meşəyə, təkliyə çəkilir, qum altındakı daşlardan qurulmuş sarayda yaşayır. Çünki Qeysin öz gerçəkliyi var və bu yeganə gerçəkliyin adı eşqdir. Amma hansı eşq?! Tanrıda ərimək, itmək sevgisi. Bütün kənar reallıq onun üçün qəbuledilməzdir. Məhz bu nöqtədə Qeysə Leylinin cismani varlığı belə artıq gərək olmur. Çünki o, özünə lazım olan ali, mütləq həqiqəti dərk edir.
Roman hər cizgisi ilə dünyanı sevgi rəngində görməyi təlqin edir. Tanrını sevir və ona qovuşmaq istəyirsənsə, yer üzündə yaradılan hər zərrənin məcnunu olacaqsan. Məcnunun fəhm etdiyi və hamıdan fərqləndiyi ən ali məqam budur: "Bir insanı görər-görməz, varlığını yanında hiss edər-etməz içindən "Odur" deyə bilməyin necə möhtəşəmlik olduğunu, heyif ki, heç vaxt bilmədiniz. Nə qədər də bədbəxtsiniz. Siz bütün dünyadan vaz keçib bir sevgiliyə qucaq açmağın səadətini, onu kimsənin əvəzləyə bilməyəcəyinin, təkrarsızlığının verdiyi zövqü heç vaxt duymayacaqsınız. Qürurundan, adından, var-dövlətindən, mənliyindən vaz keçib sevdiyinə dönüşməyin necə bir cənnət həzzi olduğunu heç bir zaman hiss etməyəcəksiniz".
Əsərin ideyası həm də onun universallığındadır. Dünyanı eşq və gözəlliklə xilas etmək! Yazıçı varlığı və dünyanı doğru bildiyi məhəbbət təlimi ilə təşrih edir. "Eşq imiş hər nə varsa aləmdə"! Mətndəki bütün kosmik və qloballığın, mənəvi vəhdətin alt qatında bu nəzərin bütövlüyü hiss olunur. Bir məqamı qeyd etmək yerinə düşər. Vahid Məmmədli Füzulinin "Leyli və Məcnun"undan, ondakı eşq anlayışından yalnız ideya olaraq bəhrələnmir, o sufi obraza, irfanın ifadə-təşbeh sisteminə tarixi-ənənəvi modelin düşüncədə və əxlaqda kodlaşan estetik işarələr, mənəvi bütövlüyün qorunub saxlandığı yaddaş kimi baxır. Bu mənada, romandakı təsəvvüf simvolikası konsepsiya, fəlsəfə səviyyəsində gerçəkləşir. Yazıçı sufi obrazında yaratdığı Məcnunun içinə düşən ilahi eşqə həm də bəşəri mənəvi missiya aşılayır. Məcnun ayağını yerdən yalnız öz Eşqinə qovuşmaq üçün ayırmır. O, həmçinin mənəviyyata çökən mənfiliklərdən, pisliklərdən, insanları bir-birinə düşmən edən xürafatdan, din adı ilə insanları üz-üzə qoyan sxolast düşüncədən ayrılır. Əl Qasımi ilə mükaliməsində onun dinə, cəmiyyətə baxışında oxucu bu nöqtələri aydın sezə bilir:
"- Pislikləri kainatda kim yaradıb?
Günahlara yaranışdan Yer kürəsi nədən batıb?
Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzünün çıxış yolu? Yoxsa ölüm?.."
Nəcib Məhfuzun Nobel nitqində "üçüncü dünya"nın insanı və onun vəziyyəti, müharibə və ölüm qüvvələrinə necə qalib gəlməklə bağlı maraqlı həssas fikirlər var: "Sivilizasiya tarixinin bu həlledici məqamında insan mənliyinin boşluqda əriməsi ağlasığmaz və qəbuledilməzdir. Bizim dərdlərimizin sadəcə müşahidəçisi olmayın, siz "üçüncü dünya"da öz imkanlarınıza uyğun nəcib rol oynamalısınız. Üstünlüyünüz sizi məskunlaşan dünyanın hər bir küncündəki hər bir bitkiyə, heyvana, hətta insana da qayğı göstərməyə məcbur edir. Danışmaq yetər, hərəkət etmək vaxtıdır".
"Leyli və Məcnun" əsəri bu qayğının insanın taleyində əbədi missiya və peşəyə çevrilməsi üçün kamil ruhsallıq aşılayan əsərdir və ilk növbədə, yazıçı dünyagörüşünün qlobal xarakteri ilə vüsət qazanır. Dünyanı ağılla, Tanrını eşqlə dərk etmək! Əsrlərdir aqillərin təklif etdiyi irfan yolu! Zaman ötür, dünyada dünyanı düşünənlərin sayı artdıqca, qələm adamının bəşəriyyət qarşısında məsuliyyət hissi gücləndikcə, bu yol - ümumbəşəriliyin təsəvvüf donunda idrakı ən etibarlı yaddaşa, ən inanılmış gerçəkliyə çevrilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!