Həkim, şair, bəstəçi - Bu, Şahin Musaoğludur - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

 

Ya azad ol, ya candan keç,

İki yoldan birini seç,

Azadlığın şərbətin iç,

İgid əsgər, möhkəm dayan!

 

Şəhid qanı axan torpaq

Yad ayaqda qalmaz tapdaq.

Düşmənlərin qan qusacaq -

İgid əsgər, möhkəm dayan!

 

Neçə illərdir bizi qələbəyə səsləyən bu mahnını Şəmistan Əlizamanlının möhtəşəm ifasında eşidir, Azərbaycan əsgərinin qətiyyətini alqışlayırıq. Mahnı bizə o qədər təsir edir ki, bəzən onun müəlliflərinin kim olduğuna belə diqqət yetirmirik. Mahnının sözləri də, musiqisi də Şahin Musaoğlunundur...

Mənim üçün kimdir Şahin Musaoğlu sualını vermək yerinə düşməz, çünki bir şair və bəstəçi kimi o, artıq bütün sənətsevərlər arasında tanınır, sevilir. Amma şair və bəstəçi kimi tanınmamışdan öncə Şahin Musaoğlu həkim idi (indi də həkimdir). Tibb İnstitutunu bitirəndən sonra (1986-cı ildə) Biləsuvarda, Qədirli adına Mərkəzi Dənizçilik Xəstəxanasında, Müdafiə Nazirliyi tibb idarəsində çalışıb. Bu, o illər idi ki, Şahin Musaoğlu rahat iş yerlərində sakit dayana bilmirdi.

 

Çağırır Vətən,

Çağırır ana.

Xain düşməndən

Qisas almağa

Bu hərb:

Bu meydan,

Bu ölüm, bu qan:

Döndərə bilməz

Bizi bu yoldan

 

- deyib Qarabağda döyüşən, ağır yaralanan əsgərlərimizin imdadına yetişir.

Onun şairliyi də, bəstəçiliyi də həkimliyindən - yaralı Azərbaycan əsgərlərinin palatalarından başladı desəm, yanılmaram. Təbii ki, Şahin Musaoğlu o günlərə qədər şeir də yazırdı, musiqini də sevirdi. Amma bir gün... Milli qəhrəman Yusif Mirzəyev döyüşdə yara alıb, xəstəxanada müalicə alırdı. Şahin doktor Yusifə və o xəstəxanada yatan Şəmistana tez-tez baş çəkirdi. Şahinlə Şəmistan arasında bir-birini tam anlayacaq dərəcədə sənət birliyi yaranırdı. Və bu birliyin ilk töhfəsi "İgid əsgər, möhkəm dayan" savaş türküsü oldu. Bu türkünü onlar Azərbaycanın ilk batalyonuna və Yusif Mirzəyevə həsr etdilər. Yusif palatada gəzişəndə, öz-özünə oxuyurdu bu mahnını.

Şahin Musaoğlunun şairliyi ilə bəstəçiliyi əksər hallarda bir-birini tamamlayır. Şeirlərində musiqi, bəstələdiyi mahnılarda isə lirika yaşayır. "Yaşayır" demək azdır, onun şeiri də - musiqisi də bir kökdən boy atırlar.

"O zaman, deyəsən vaxt qovuşanda şeirlə musiqi bir ucalırdı". Əli Kərimin bu misrası böyük kaman ustası Habil Əliyevə həsr olunub. Əslində, poeziyasız musiqi, musiqisiz poeziya yoxdur və ola bilməz. Hətta yüzlərlə, minlərlə şeir var ki, onları musiqiyə - mahnıya çevirə bilməzsən, amma onlarda musiqiyə məxsus ritm, ahəng yoxdursa, şeir hesab edilməz...

 

Dalğalansın üfüqlərdə

Aylı-ulduzlu bayraq.

Alovlansın ürəklərdə

Azadlıqdan bir ocaq.

 

Qalx, bir də qalx, Azərbaycan!

Atəşində qəmi yandır.

Nifrətini bayraq edib,

Başın üstə dalğalandır.

 

"İstiqlal marşı"dır bu şeir və o şeiri hissiz, həyəcansız oxumaq mümkün deyil. Amma onu təkcə şeir kimi yox, həm də mahnı kimi oxumaq gərək.

Şahin Musaoğlu 35 mahnı bəstələyib, 20 mahnının sözləri ona məxsusdur: "Cənab leytenant", "Ağ ümid", "Birinci batalyon", "Səma şahinləri", "Səfərbərlik marşı", "Qvardiysa marşı", "Şuşa marşı", "Azadlıq yanğısı" şeirləri mahnılarda da öz ömrünü yaşayır... Amma Şahin Musaoğlu çox sevdiyi şairləri də unutmur - Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Hidayətin, Ramiz Rövşənin, Rüstəm Behrudinin, Leyla Əliyevanın şeirlərinə də mahnılar bəstələyib. Demək olar ki, bütün bu mahnılarda vətənpərvərlik duyğusu aşır-daşır. Onun "Ağ ümid" kitabına yazdığı ön sözdə Ramiz Rövşən deyir: "Bir bəstəkar kimi onun yaradıcılığının əhatə dairəsi daha genişdir; lirik sevgi nəğmələrindən milli, dini, mifoloji məzmun daşıyan mahnılaracan"...

Əgər Şahin Musaoğlunun sənət tərcümeyi-halının əvvəlində Şair sözü gəlirsə, onda bu şairliyi təkcə savaş türküləri ilə məhdudlaşdırmaq olmaz. Mən onun müxtəlif mövzularda yazdığı onlarla şeirini oxudum və bu şeirlərdə onu sözə poetik məna verən, özünəməxsus üslubu ilə diqqəti cəlb edən bir şair kimi də tanıdım... Şeirlərində bədii təsvir vasitələri (təşbehlər, metaforalar) sözün yeni məna çalarlarına yol açır. Məlum mövzularda yeni söz deməyə. Məsələn, "Eşq hekayəti" şeirində sevgi anlayışına diqqət yetirək:

 

Sevmək -

yalançı bahara aldanan çiçək -

elə ifacıq ki,

elə məsum ki...

doğulmadan ölən bəxtsizlər kimi -

boğuldu öz içində,

Qovuşmağa uzalı əlləri

havadan asılı.

yaşanmamış günləri taleyə təslim...

sevmək -

dayanmaq!

durmaq!

səbr etmək!

dözmək!!!

Dözə-dözə üzülmək;

Dərd sapına düzülmək...

 

Bu şeir sevginin hicranı - ayrılıq məqamını ifadə edir. Amma başqa bir şeirində - "Etiraf"da sevginin "Bahar yağmuru"nu, "Ay şöləsini görürük".

 

Vücudu çiçək yatağı,

Qızılı saçları yarpaq-yarpaq...

 

Şahin Musaoğlu "Öyüd"şeirində sevgi haqqında daha maraqlı və poetik incələmələrlə diqqəti cəlb edir:

Sevmək - bulud kimi dolmaqdı,

Yağış olub yağmaqdı,

Can verib,

can almaqdı.

ruzi-bərəkətdi sevmək.

...bir bulud kölgəsində

Təpədən dırnağadək islanmaqdı.

 

Mən nəyə görə Şahin Musaoğlunun sevgi şeirləri üzərində dayandım? - deyərdim ki, o, içində, duyğularında yaşanılmış sevgidən söz açır...

Ümumiyyətlə, sözlərə, poetik məna vermək, təşbehlər silsiləsi yaratmaq Şahin Musaoğlunun şeirlərində nəzərə çarpan bir məziyyətdir. Onun fikrincə, "çiçək torpağın nəfəsi", "tütək dərdin səs açarı", "könül - qəmin həvəskarı" və s.

Şahin Musaoğlunun bir sıra şeirləri Şuşaya - Qarabağa həsr olunub. Amma "dəstədən geri qalmaq" naminə yazılmayıb bu şeirlər, savaş türkülərinin davamıdır bunlar.

 

O dağ bizim dağımız,

Zirvəsi vüqarımız.

Gözləyir bayrağımız

Onu xeyli zamandı

Zaman bizim zamandı.

Azərbaycan Qarabağ,

Qarabağ Azərbaycandır!

 

Şahin Musaoğlunun 60 yaşına həsr etdiyim bu yazıda onun yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı da söz aça bilərəm. Şahin Musaoğlunun gözəl təbiət şeirləri var. ("Payız", "Qızılağac melanxoliyası" və s.) - təbiət gözəlliklərini poeziya diliylə ifadə edir.

Şahin Musaoğlu yapon şeirindən gələn haykular yazır, pis də yazmır. Müasir həyatın, cəmiyyətdə baş verən mənfi - neqativ hallardan söz açır. Nizami Gəncəvinin 880 illiyinə "Beş qapı" pyesini qələmə alır - bu pyesdə onun qəhrəmanlarını Nizami ilə görüşdürür. Şairin fəlsəfi dünyasına "səyahət" edir. Şahin Musaoğlu Mübariz İbrahimovun döyüş yolunu işıqlandıran "Mübariz" pyesini də yazıb - özü də mənzum şəkildə və Milli Qəhrəmanımızın xarakterini bir pyes daxilində dramatikləşdirir. Təqdim etdiyi obrazlar real və həyatidir.

Nəhayət, onu da qeyd edim ki, Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyində Hərbi Vətənpərvərlik Komissiyasının sədridir.

Şahin Musaoğluya uğurlar arzulayıram - yolu, məramı Vətən sevdalısı belə bir insana...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!