Poetikanın poeziyası (müşahidələr, detallar) - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Bir(cə) şeirin nüfuzu haqqında

 

Universitetdə, nəzəriyyə müəllimim Aleksey Zaxaroviç Dmitrevski mühazirələrinin birində dedi ki, rus poeziyası tarixində XIX əsr bir şeirin əsri kimi qalıb. Mətbuatda bir şeir ədəbi prosesin "qəhrəmanı" olurdu, ictimai hadisəyə çevrilirdi, hamının diqqətini cəlb edirdi. O zaman şeir topluları nadir hallarda, özü də kiçik tirajla nəşr olunurdu.

Tədricən poeziya daha geniş oxucu məkanını tutmağa başladı. Silsilə şeir formaları ilə çıxış etmək dəb halına düşdü. Sonralar şeir kitabı xüsusi janr kimi hörmətə mindi...

Əsl şairin ləyaqət meyarı yenə də (və həmişə!) bir şeirdir. Əgər desələr ki, hər şairdən bir şeir seç, ilk ağlımıza gələn, məsələn, Əli Kərimdən "Qayıt", N.Həsənzadədən "Nərdivan", M.İsmayıldan "Ağacdələn, döy qapını", M.Yaqubdan "Bu dünyanın qara daşı göyərməz" şeirləri olacaq və s. Siyahını uzatmaq olar.

Adama elə gəlir ki, şairlər qəzet-jurnal səhifələrində daha çox yer tutmağa çalışırlar, ayrıca bir şeirin fərqlənməsi, seçilməsi üçün bir şeirin bədii-estetik nüfuzu haqqında isə düşünmürlər.

Səhv etmirəmsə, son 30 ildə, Azərbaycan mətbuatında ayrıca verilən bir şeirin nüfuzu sanki itməkdədir. İndi şairlər silsilə, "seçmə" ("podborka") şeirlərlə daha çox çıxış edirlər. Baş redaktordan 8-10 şeirinin bir səhifədə verilməsini xahiş edirlər. Vay o günə, ordan bir-iki şeirini ixtisar edəsən, şair zəng edib giley-güzaranı, narazılığını bildirir.

Şeirlərin sayını çoxaltmaq, artırmaq ehtirası axırda poeziyanın inflyasiyasına gətirir və şairi o bir(cə) şeirin məsuliyyətindən uzaqlaşdırır. Bu sadə, elementar həqiqəti hər kəs bilir, amma nə vərdişindən, nə də "ənənə"dən əl çəkə bilmir...

Mübahisə etməyə dəyməz - təbiətin qanunu poeziyada da işləkdir.

Bu "seçmə"nin, bu "sütunun", silsilənin içində "fərqli", "özgür" şeiri müəyyənləşdir görüm, necə müəyyənləşdirirsən.

Bir şeirin çevrəsində şairin duyğularının və düşüncəsinin bütövlüyü qorunub saxlanılır. Oxucunun bütün diqqəti həmin seçilmiş, "tənha" mətnin üzərinə fokuslanır: şairin gücü və zəifliyi haqqında ən dürüst məlumatı məhz o bir(cə) şeir verir...

Halbuki bir şeir şairin vizit kartıdır, yazı texnikasının göstəricisidir.

Üç-dörd bəndlik bir şeirdə şairin bütöv dünyasını görmək olur və həmin şeiri bir nəfəsə oxuyursan, bir pafos-intonasiya kəsimində qavrayırsan.

Bir şeir həm müəllifin məhsulunu dəyərləndirmə, həm də ruhunun meyarı olur.

Bir şeirlə şair tarixə düşə bilər, xələflərinin yaddaşında, mənəvi varlığında iz buraxır. Klassik şeirimizdə Həsənoğlu bunun ən parlaq örnəyidir.

XIX əsrin ənənəsi rus poeziyasında bu gün də davam edir.

Bir şeirlə çıxış etmək müasir rus şairinin simasıdır. Onun sənətkarlığının göstəricisidir. Şairin gücü də, gücsüzlüyü də burda daha aydın görünür.

"Novıy mir" jurnalının ilk səhifəsində Oleq Çuxontsev, Sergey Qandlevski kimi tanınmış şairlərin bircə şeiri verilir. Və məni həmişə təəccüb götürür: məgər bu şairlərin bir neçə şeirdən ibarət "seçmə"ləri təqdim etməyə imkanları yoxmu? Həcm-miqyas, qonorar baxımından daha səmərəli üsul deyilmi?

Yoxsa ildə-ayda bir(cə) şeirlə...

 

Görünməz şair

 

Kaş şairin şeiri necə yazdığını kimsə görməsin.

Rus ədəbi mühacirətinin nümayəndəsi İ.Odoyevtseva bir dəfə Mandelştamın necə şeir yazdığının şahidi olur. Bu haqda xatirələrində yazır: "Baxın Qumilyova, oturub burnunun altında qafiyəni mızıldanır, seçir, daha nəsə edir, amma Mandelştam... Mandelştam sadəcə görünməzdir, hansısa bir işıq topasıdır".

Təsadüfən mən də bir şairin otaqda var-gəl edib, zülmlə necə qafiyələr axtarmasını, təkrar-təkrar səsləndirməsini müşahidə etməli oldum. O gündən içimdə nəsə qırıldı. Özümü tövlədən deşik açıb, Qıratın qanadlarını görmək istəyən Koroğlu kimi hiss etdim və xeyli peşman oldum...

 

Şair yaddaşı haqqında

 

Böyük irland şairi U.B.Yets deyirdi ki, yaddaş zənginliyi olmadan poeziyanı anlamaq olmaz. Buraya yalnız bir fərdin deyil, bir çox nəsillərin yaddaşı aiddir. Yaddaş dərinliyi olmasa, heç bir yaradıcılıq mümkün deyil.

Son vaxtlar cavan şairlər çıxış edərkən adətən belə deyirlər: "Şeir yadımda qalmır", yaxud "təzə yazmışam, əzbərləməmişəm" və s.

Axı, milli poeziya və onun janrları bilavasitə həm də yaddaş tipi ilə bağlıdır. Yaddaş tipi isə mədəniyyət tipini müəyyənləşdirir - Y.M.Lotman belə düşünürdü...

 

Poeziyanın funksiyası haqqında

 

Qəti əminəm: poeziyada sevgi yoxdursa, orda həqiqət də yoxdur. Tələbəlik illərində Mayakovskini buna görə qınamışam da, taleyinə acımışam da. O hesab edirdi ki, poeziya istənilən məqsədə çatmaq üçün bir vasitədir və poeziya insanların ruhlar üzərində hökmranlığına xidmət etməlidir. - Bu, artıq İblis məramıdır.

 

Hökmdar Mütləq Ruh kimi

 

Napoleonun Yena şəhərinə (Almaniya) daxil olmasını Hegel Mütləq Ruha bənzətmişdi. M.Haydegger də 1932-33-cü illərdə, öz rektor nitqində Hitleri Mütləq Ruhla eyniləşdirmişdi. Məhəmməd Füzuli də Şah İsmayılın Bağdada girməsini Mütləq Ruhun təzahürü kimi vəsf etmişdi...

Bundan sonra Ruha necə inanmayasan?

 

Poeziya ekoloji hadisə kimi

 

Yunan dilində "poiesis" sözü "yaratmaq, qurmaq" deməkdir. Semantika baxımından isə "oikos" (ekologiya) termininə yaxındır və hardasa "evşünaslıq" mənasındadır. M.Haydegger yazırdı: "Poeziya evi ev edəndir. Poeziyanın hesabına biz öz evimizi qazanırıq. Bəs bu ev necə olur? Biz onu tikirik. Poetik yaradıcılıq elə ev tikməkdir".

Deməli, milli poeziyanı qorumaq ekoloji mədəniyyətimizin tərkib hissəsi olmalıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!