Çağdaş nəsrimizin seçilən və sevilən yaradıcılarından olan Şərif Ağayar elə ilk görüşümüzdən mənə doğma, ürək qızdırmalı adam təsiri bağışlamışdı. Bu, bəlkə, boy-buxunundan, rəftarından bir cavanlıq dostumu xatırlatması ilə, bəlkə də, üzündəki, hər adamın sezə bilməyəcəyi kədərlə bağlı idi. Bu kədər kasıb dağ kəndlərində böyüyən uşaqların üzündən heç vaxt silinməyən bir yol xəritəsi, bir tale yazısıdır. Bu kədər həm də Qarabağ savaşında viran qoyulmuş yurdların, həlak olmuş yaxınların, şəhid və qazilərin həsrəti və xatirəsi içində, çəkilməsi çətin olan ağır yükün altında böyüyən qaçqın və köçkün uşaqların qismətidir...
Ürəkdəki yaralar torpaqdakı yaralardan gec sağalır. Şərif Ağayarın nəsr sahəsindəki ilk addımları da insan ürəyindəki yaraların və xalqın üzləşdiyi faciələrin qələmə alınmasından başlanmışdı.
Şərifin ruhunu tərpədən dərin, ictimai bir ağrıdır, yurd həsrətidir və istər-istəməz düşünürsən doğma ocaqlar, arxa söykədiyin dağlar əldən çıxanda nə yaxşı yazıçı qələmi varmış... Fərman Kərimzadə, Mövlud Süleymanlı, Məmməd Oruc, Azər Abdulla, Elçin Hüseynbəyli, Seymur Baycan, Günel Mövlud kimi, müxtəlif nəsilləri təmsil edən yazıçıların bəzi əsərlərində tariximizin faciəli dönəmlərində işğala, soyqırıma, qaçqınlığa məhkum edilmiş insanların itkiləri və dözümü əksini tapmışdır. Erməni vəhşiliyi və Cənubi Qafqazda baş verən qanlı olaylar keçən əsrin 20-30-cu illərində də yazıçılarımızın sayca çox olmayan əsərlərinə mövzu vermişdir.
Bədii ədəbiyyatın mənasını, əhəmiyyətini, daşıdığı əxlaqi və mənəvi vəzifəni anladan çoxlu təriflərdən biri də onun "hakim" sayılmasıdır. Bədii ədəbiyyatın söz güzgüsündə yarandığı zaman və mühit, dövlət və cəmiyyət, insan və şərait, mürəkkəb etnopsixoloji və ictimai mənzərələr əksini tapır. Bütün bunlar bədii ədəbiyyatda dəyərləndirilir, mühakimə edilir. Bu "mühakimənin" yolları və üsulları çeşidlidir; birbaşa açıq publisistik hökmlər də ola bilər, sadəcə şəklini çəkib göstərmək, insanların mərhəmət, vicdan və ya nifrət duyğularını hərəkətə gətirmək, cəmiyyəti öz qüsurlarından xilas olmağa sövq etmək yoluyla da!
Bu anlamda çağdaş şerimiz bu günümüzün lirik-psixoloji, emosional duyğularının şəkli, ruhumuzun abidələridirsə, nəsrimiz də müasir tariximizin başlıca yön və olaylarını əks etdirən, qoruyub saxlayan söz xəzinəsidir.
Tarixi kitabları yüz illər boyunca ən çox savaşlardan və dövlət başçılarının hakimiyyəti və fəaliyyətindən bəhs edib. Bədii ədəbiyyat isə xalqın taleyini düşünüb. Bu baxımdan xalqı çətin sınağa çəkən Qarabağ müharibəsi nəticəsində Ermənistandan və Qarabağ ərazisindən qovulan insanların yaşantıları, biz istədik-istəmədik, bədii ədəbiyyata dinc həyatdan daha çox mövzu və material verir.
Şərif Ağayarın "Arıların səssizliyi" kitabını mən ilk növbədə bu duyğularla vərəqlədim. Onun roman və hekayələrinin bir qismi ilə tanışam və kitabdan-kitaba davam edən əsas mövzunun da məhz qaçqınların və köçkünlərin taleyi və faciəsi olduğunu bilirəm. Burada tale sözü qəribə görünə bilər; çünki Şərif daha çox talesizlikdən yazır. Dağılan yurd-yuvalar, didərginlik, qırılan və qaralan ömürlərdir onu düşündürən... Yəni onun təsvir etdiyi insanlar Allah verən normal həyatlarını yaşamırlar, onların həyatı savaşın gətirdiyi məhrumiyyətlərlə doludur.
Birinci və İkinci Dünya savaşlarının hər biri təxminən dörd il çəkmişdir. Tolstoyun "Hərb və sülh"ünə mövzu olmuş 1812-ci il Fransa və Rusiya savaşı isə onlardan da qısa sürmüşdür. Lakin bu savaşların hər biri yüzlərlə bədii əsərə, iri həcmli povest və romanlara mövzu olmuşdur.
Otuz ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsi, Birinci və İkinci Qarabağ müharibələri bütün bölgə dövlətlərinin bu olaylara qoşulması, siyasi dairələrdə müzakirəsi və dünya mediasında hallanması baxımından Dünya müharibələrindən az material və mövzu vermir. Deməli, Qarabağ savaşının da bədii tarixi yazılmalı və ədəbiyyat bu barədə öz tarixi və ədalətli hökmünü verməlidir.
"Arıların səssizliyi" kitabında, bəzi epizodlar nəzərə alınmasa, gərgin savaş səhnələri yoxdur, lakin əvvəldən bütün qəhrəmanlar düşmənin alçaqlığını görüblər, müharibə onların talelərində və yuxularında, əzizlərinin itkisindən doğan şəxsi ağrılarında, həyata yenidən sarılmaq məcburiyyətlərində yaşayır.
Şərif Ağayar kitabını "İyirmi ilin iyirmi hekayəsi" adlandırır. Bu hekayələrin çoxu birinci şəxsin dilindən, şahidi və iştirakçısı olduğu olaylar kimi təqdim edilir. Köçkünlükdən kənar mövzulara həsr olunan "Qoluyox", "Oğru tanrı", "İtmiş dünyanın balladası" hekayələrinin də ümumi ruhunda bir savaş ab-havası var. Təklənmiş, şikəst, dünyasını və yaddaşını itirmiş insanlar hamısı öz məcrasından çıxmış həyatın yetirmələridir. Hekayələrdə müəllif təhkiyəsi son dərəcə koloritli, dadlı-duzlu mövzuların zamanı və baş verdiyi yerlərə uyğundur.
Yazı tərzi, istər-istəməz, müəllifin özünü də hadisələrin qəhrəmanına çevirir. Müəllif özü də o faciələri yaşayanlardan biridir.
Hekayələr əsasən aranda, şoran düzəngahlarda, şor su kanalları ətraflarda salınmış köçkün düşərgələrində, qışlaqlarda, qazma və çiy kərpicdən tikilmiş daxmalar mühitində yaşayan insanlar haqqındadır. Köçkünlərin bu "yeni yurdlar"ının təbiəti kökündən qopmuş, yolunu-izini, istiqamətini, dağlarını itirmiş adamların həyatını daha da ağırlaşdırır: "Hər yan düzəngahdır, bir daş, bir qaya, bir təpə yoxdur ki, tapasan, tanıyasan. Buranın otları da , kolları da eynidir. Burada itlər də azır. Təsəvvür edirsən? Hətta vəhşi heyvanlar da..." ("İtmiş dünyanın balladası")
Lakin kitab boyu xatırlanan ilkin yurdlar da var; bərəkətli torpaqları, bol suları, allı-güllü yaylaqları ilə birlikdə bütövlükdə xatirəyə dönmüş Qarabağ, ocaq...
Məcburi sığınacaqlardakı yaşayışla xatirələrdəki həyat kitabda dəfələrlə üz-üzə gəlir. Fərqlər, xarakter ayrılıqları, ziddiyyətlər ortaya çıxır. Bu ziddiyyətlərin bəziləri hətta millətin ən ağır günündə də aradan qalxmır. Qazanmaq ehtiyacı, maddiyyatçılıq, hər şeyə sahiblənmək istəyi bir çox hallarda köçkünlərin qardaş kimi, yurddaş kimi, insan kimi qarşılanmasına imkan vermir və burda yazıçının deməyə çox sözü var.
Şərifin hekayələri iri bir romanın epizodlarına bənzəyir. Lakin bu epizodların hər biri damla dünyanı əks etdirən kimi qaçqın, köçkün həyatının bütün ağrı-acısını əks etdirir və onların hər biri əsasında 30 ilin əzaları haqqında ayrıca film yaratmaq olar...
Köçkünlərin sığındığı yerlərdə onlara xor baxan "Gəlmə", "Qaçqın köpək uşağı", "Küçədə qalmış" deyənlər tərəfindən yaradılan ögeylik, biganəlik mühitinə mən "İkinci cəbhə" deyirəm. Bu cəbhə "Yeraz" sözündən başlanmışdır. Bəziləri onların kəndlərinə, obalarına sığınan köçkünlərin ağrı-acısını paylaşmaq yerinə, onların ürəklərində yeni yaralar açmaqdan çəkinmirdilər.
Köçkün hər addımında kobudluqla, qeyri-insani münasibətlə, rüşvətlə, təmənna ilə qarşılanır.
Bu baxımdan "Kərpickəsən kişinin dastanı"nı soyuqqanlılıqla oxumaq olmur. Bu, bir milli faciə mənzərəsi; insanın insanlıqdan çıxmasının tarixçəsidir.
Şərif Ağayar səbrlə, təmkinlə, publisistikaya uymadan, bəlkə də, göz yaşlarını uda-uda, qəzəbini boğa-boğa yazır, dəyərləndirmə və nəticə çıxartmaq oxucunun işidir.
Bu hekayələrdə bizim qardaşa qucaq açmaq, yıxılana dayaq durmaq haqqında mövcud milli ideallarımızla uzlaşmayan başqa bir reallıq var. Yazıçının ustalığı - bu reallığı gizlətmədən, bütün çılpaqlığı və ağırlığı ilə göstərə bilməsindədir. Başı müharibədən sonrakı daxili münaqişələrə, sərvət toplamağa qarışan camaat sanki gözünün qabağında, şoran çöllərdə yaşananlardan, köçkünlərin faciələrlə dolu həyatından bixəbərdir. Bu həyatı görmürlər, görsələr də özlərini görməzliyə vururlar. İndi Şərif Ağayarlar həmin həyatın acı və sarsıdıcı rəsmini çəkib millətin vicdanını hərəkətə gətirir: "Baxın, Qarabağ savaşının bu üzü də var. Siz erməni ilə savaşa-savaşa içimizdəki cahillərin köçkün qardaşlarına çəkdirdiklərini görmədiniz".
Adamların təkcə müharibə, üstünə silahla gələn düşmən qabağından qaçmaq dəyişdirmir: "Elə bil babamın şəkli asılan evimizdən Simurq quşu qanadında gəlib ayrı bir dünyaya düşmüşdük. Burdakı torpaq da, su da, günəş də başqa idi. Orda tanıdığım adamlar burda tamam dəyişmiş, qorxaq, aciz, ağlağan olmuşdular".
"İstidən nəfəs almaq olmurdu. Elə bil iplə yanan təndirin içinə sallamışdılar. Bədənlərindən yanmış yağ iyi gəlirdi. Yer istidən elə çatlayırdı ki, az qala çırtıltı səsini eşidirdik. İlan-çayanlar da istiyə dözməyib, yoxa çıxmışdılar".
"Şəkil" hekayəsindən gətirdiyim bir neçə cümlə dağdan enən köçkünlərin hansı mühitə düşdüklərini göstərir. Lakin bu sətirlər təkcə təbiətin sərtliyinin ifadəsi deyil, həm də məğlubiyyət ovqatından doğulur; insanların içindəki köməksizlik, dövlətin onları qoruya bilməməsi təbiətin sərtliyini bir az da artırır.
Elin öz yerində möhkəm olduğu, məğlubedilməz göründüyü vaxtlarda şoran düzəngahlar "seyrangah" sayılırdı.
Savaş soyuq rüzgar kimi keçib xalqın üstündən, ürəklər buza dönüb, qonşu-qonşuya, qardaş-qardaşa yad olub, tale yolları dolaşıb və hər gün bu nişangahsız düzlərdə azıb, it-bata düşə bilərlər. Bu, həyatın hər adamın görüb dərk edə bilmədiyi ayrı bir tərəfi, ayrı bir üzüdür.
Şərif Ağayar özü ordan qopsa da, qələmi qopa bilmir. Qopmamalıdır da! Heç nə unudulmamalıdır! Qaçqın və köçkün həyatı epizod-epizod bütün ürək parçalayan səhnələri ilə, acı insan taleləri ilə bədii ədəbiyyata gətirilməli və bu epizodlar birləşib milli taleyin içindəki o çapıqları, nöqsanları bədii sözə köçürüb oxuculara çatdırmalıdır. Savaş və onun nəticələri haqqında yazılanların heç biri bədii əsərdəki canlı həyatı, ruh, düşüncə və duyğu fırtınalarını təsvir edib gələcəyə çatdıra bilməz.
Bədii ədəbiyyat həmişə tarix kitablarından daha geniş məlumat verir. Çünki faktları yox, insan yaşantılarını araşdırır və göstərir.
Bu baxımdan müəllifin Günel Mövluda həsr etdiyi "Qumru", Seymur Baycana həsr etdiyi "Ay vətəndaşı" hekayələri kitabda özəl yer tutur.
Yaz ağzı düzəngahları zərif, yerə çökmüş yaşıl tüstüyə bənzər çəmənliklər bürüyür. Orda-burda topa lalələr açılır.
Bu düzəngahlarda yurd salmış köçkünlərin dərdli günlərinin içindən çiçəklər baş qaldırır, Qumru kimi... O, itirilmiş bir dünyanın yadigarıdır. Gözəlliyini, həyat sevgisini, çalışmaq gücünü ən çətin günlərdə də qoruyur, ürəyindən olmayan taleyini də gülə-gülə qarşılamağı bacarır. "Qumru" hekayəsi etiraf olunmayan sevgi haqqında təsirli bir nağıldır, bəlkə də, nəğmədir; müəllifin ən yaxşı əsərlərindən biridir. "Ay vətəndaşı", "Cəfər əminin yolları", "Məsmə üçün dua", "Arıların səssizliyi", "İşğaldan bir gün əvvəl", "Xürrəm" zəngin həyat materialı və xarakter yaratmaq bacarığı ilə Şərif Ağayarın ən uğurlu əsərlərindəndir.
"Ay vətəndaşı"nın qəhrəmanı mənə Mirzə Cəlilin "Kefli İskəndər"ini xatırlatdı. İnsan yaşadığı cəmiyyətə sığışmır, ordakı mənəvi düşkünlüyə, hərislik və əxlaqsızlığa dözmür, öz kəndinə - ocağına qayıdır, lakin burda da onu başa düşmürlər, çünki cəmiyyət bütövlüklə xəstədir; dəyər anlayışı yıpranıb, pul, vəzifə, tərəfkeşlik önə keçib. Hekayə təsirli bir zarafatla bitir: hekayənin qəhrəmanı sorğu-sualdan və yaranmış etimadsızlıq vəziyyətindən çıxış yolunu "tapır", vətəndə ona yer olmasa da o, "Ayda torpaq sahəsi" alıb, artıq "yersiz-yuvasız" deyildir.
Yaranmış çaşqınlıq toplumun cahilliyindən doğan qaranlığı bir az da qatılaşdırır.
Cəmiyyətdə kök atmış mənəvi iflası, yadlaşmanı, maddi maraqların hər şeydən üstün tutulmasını, müqavimətsizliyi bütün ağrılı mənzərələri ilə göstərən hekayələrdən biri də, yuxarıda qeyd etdiyim kimi, "Kərpickəsən kişinin dastanı"dır. Düşmən hücumundan yayınıb doğmalarının arasına gələn hekayə qəhrəmanlarının üzləşdiyi səhnələr bizi öz milli taleyimiz haqqında bir daha və daha dərindən düşünməyə vadar edir.
Şərif Ağayar ədəbiyyatdan, kitablardan doğulanlardan deyil, həyatın dibindən gəlib. "Kərpickəsən kişinin dastanı"ndan bir parça onun müşahidə qabiliyyətinin genişliyi ilə yanaşı, təbiət-cəmiyyət paralellərini ustalıqla qələmə aldığına bir nümunə ola bilər: "Kəndin üstündən qapqara buludlar axışırdı. Buludlar çox alçaqdan, sürətlə gedirdi. Ya kənd göyün altından qaçır, ya göy bu kəndin üstündən sürüşüb harasa gedir, ya da buludlar kəndi yerli-dibli tarlalı, evli, ağaclı, insanlı, heyvanlı sürüyüb naməlum bir məkana aparırdı. Kəsilib səliqə ilə arıtlanmış ərər ağacları havada fırlana-fırlana uçuşur, daxallar emalca çökür, xan çinarlar nəriltiylə aşır, başı görünməyən göydələnlər altından boğanaq qalxa-qalxa yerin təkinə gömülürdü".
"Arıların səssizliyi" çağdaş nəsrimizin böyük imkanlarını göstərən nümunələrdən biridir. Qarabağ savaşının hər kəsin görə bilmədiyi ən ağıllı səhifələrini bədii ədəbiyyata gətirməklə Şərif Ağayar həm də ədəbiyyatımızın böyük xəlqilik və humanizm xəttinə bağlı olduğunu, geniş epik mənzərələri qələmə almaq bacarığını nümayiş etdirir. Köçkünlərin savaşla başlanan sıxıntıları başa çatıb, lakin dağılmış yurdlara qayıtmaq kimi sevinclə kədərin qovşağında keçəcək mürəkkəb və psixoloji sarsıntılarla, sevinc və göz yaşlarıyla dolu yeni bir dövr başlanılır. Şərif Ağayarın qələmi bu prosesin bütün gərginliklərini ədəbiyyata gətirə bilər. Onun bu çətin yaradıcılıq işinə həm istedadı, həm yazıçılıq təcrübəsi, həm də peşəkarlıq qabiliyyəti imkan verir.
Ona bu yolda uğurlar arzulayır və yeni kitablarını gözləyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!