Elnarə AKİMOVA
"Füzuli mənim tarixim,
Füzuli mənim mənliyimdir"
Heydər Əliyev
Böyük şairimiz Məhəmməd Füzuli ilə bağlı Heydər Əliyevin qatlaşdığı çətinliklər və bu istiqamətdə əzmkar fəaliyyəti onun xalqın dəyərlərinə, şəxsiyyətlərinə layiqincə sahib çıxmaq mədəniyyətinin əyani göstəricisidir. Bu barədə çoxsaylı nümunələr gətirmək mümkündür, amma məhz Füzuli məqamı, dahi şairin qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı gördüyü çoxyönlü işlər Ümummilli liderdən hər cür yüksək məzmunda danışmağa əsas verən amildir. Bu barədə geniş məlumatı Musa Qasımlının "Heydər Əliyev - istiqlala gedən yol (1969-1987-ci illər)" kitabında oxuyuruq: "Heydər Əliyev hakimiyyətə gəldikdən sonra MK-nın beynəlxalq əlaqələr şöbəsinin müdirinə Məhəmməd Füzuliyə İraqın Kərbəla şəhərində məqbərə tikilməsi imkanlarını öyrənmək barədə tapşırıq vermişdir. Sov. İKP MK-nın müvafiq şöbəsi ilə məsələni müzakirə edən şöbə müdiri, Heydər Əliyevə 1977-ci il 2 sentyabr tarixli geniş arayış təqdim etmişdir. Arayışda deyilirdi: "Sizin tapşırığınıza əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məqbərəsinin Kərbəlada tikilməsi mümkünlüyü haqqında məsələ öyrənilmişdir..."
Məlum olur ki, İraqın əlverişsiz daxili vəziyyəti ucbatından Füzulinin məzarının tikintisi məsələsini İraq hökuməti qarşısında qaldırmaq üçün şərait əlverişsizdir. Bundan sonra Heydər Əliyevin təklifi ilə məsələnin həllinə Azərbaycanın Xarici İşlər Nazirliyi və Elmlər Akademiyası cəlb edilmişdir. Məsələ SSRİ XİN qarşısında qaldırılmışdır. Lakin SSRİ Xarici İşlər Nazirliyinin Yaxın Şərq şöbəsinin müdiri, nazirliyin kollegiya üzvü Sıtenko Sovet İttifaqının Bağdaddakı səfirinə istinadən Füzulinin məzarının bərpası fikrindən vaz keçməyi tövsiyə etmişdir. Motiv yenə də eyni idi: əlverişsiz siyasi şərait. Bundan sonra Heydər Əliyevin tövsiyəsinə uyğun olaraq Azərbaycan Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev İraqın Bakıdakı baş konsulu Ədnan Qaydan Məhəmmədlə görüşərək Azərbaycan ictimaiyyəti və alimləri adından məsələnin müsbət həll olunması üçün hökuməti qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. Məsələni araşdıran İraq konsulu 1976-cı il iyul ayının 21-də Azərbaycanın Xarici İşlər Nazirliyinə cavab notası göndərmişdir. Notada deyilirdi: "İraq prezidenti dəftərxanasının rəhbərliyi bildirir ki, İraq ərazisində dəfn olunduğundan, şair Füzulinin mavzoleyinin bərpası üçün hökumət məsuliyyət daşıyacaqdır".
Notadan aydın olurdu ki, diplomatik kanallarla məsələnin həllinə cəhd edilməsi artıq heç bir nəticə verməyəcək. Çünki İraqın baş konsulu hökumətində kifayət qədər nüfuz sahibi idi və BƏƏS partiyasının rəhbər dairələri ilə sıx əlaqələr saxlayırdı. Onun fikri məsələnin həlli barədə İraq hökumətinin yekun rəyi kimi də qəbul edilə bilərdi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev bu istiqamətdəki fəaliyyətini inadla davam etdirirdi. Onun təklifi ilə füzulişünasların beynəlxalq simpoziumlarının keçirilməsinə təşəbbüs edildi və buna uğurla nail olundu. Bu isə məsələnin unudulmadığını, Azərbaycan tərəfini daim narahat etdiyini göstərirdi. Heydər Əliyev İraqdan SSRİ-yə gələn müxtəlif səviyyəli nümayəndə heyətləri qarşısında həmin məsələni cəsarətlə qaldıraraq həllinə çalışırdı. Dövlətlərarası münasibətlərdə Heydər Əliyev Azərbaycan şair və yazıçılarının diqqətini həmin məsələyə cəlb edərək məqsədə çatmaq üçün əlindən gələni edirdi. O, məsələnin müzakirəsini hətta yazıçıların VII qurultayında da qaldıraraq nəinki ziyalıları, həmçinin ictimaiyyəti agah etdi.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev qurultay ərəfəsində Azərbaycan yazıçılarına böyük bir hədiyyə verdi. Onun Azərbaycan ədəbiyyatına və ədəbi irsə münasibətinin, qayğısının daha bir təzahürü yazıçılar üçün Xəzər dənizi sahilində - Şüvəlanda Yaradıcılıq evinin istifadəyə verilməsi oldu. Heydər Əliyev nitqində ədəbiyyatın qayğısına qalan, bütün buxovları, əngəlləri qıraraq nəinki yazıçıların himayəçisi olduğunu göstərir, eyni zamanda onları xalqı düşündürən Cənubi Azərbaycan məsələsindən, tarixdə mühüm rol oynamış ziyalılardan yazmağa, tarixi romanlar yaratmağa, Məhəmməd Füzulinin məqbərəsinin keşiyində durmağa, qorxmamağa, çəkinməməyə səsləyirdi. O deyirdi: "...milli mədəniyyətimiz dirçəlmişdir ", "Azərbaycanın yaradıcı ziyalılarının xoşbəxt taleyi onların xalqla qırılmaz birliyindədir, xalq mənafeyinə fədakarlıqla xidmət etmələrindədir", "poeziyamız Azərbaycan klassik lirikasının ən yaxşı ənənələrini davam etdirərək, fəal vətəndaşlıq mövqeyində dayanmaqdadır". O, daha sonra qeyd edirdi: "Nizaminin və Füzulinin, Xaqaninin və Nəsiminin, Axundovun və Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun və Məmməd Səid Ordubadinin vətəni öz müasir yazıçılarından və şairlərindən parlaq tarixi əsərlər gözləyir, Azərbaycan tarixinin, mədəniyyət və elminin görkəmli xadimlərinin bədii obrazlarını gözləyir", "...tarixi simaların obrazları yaradılan və tariximizin mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır".
Heydər Əliyev qurultaydakı nitqində Məhəmməd Füzulinin qəbrinin bərpası məsələsini bütün kəskinliyi ilə açıq şəkildə qaldırmağı yazıçılara tövsiyə etmişdir. Füzulinin məzarının vəziyyəti barədə danışan şair Bəxtiyar Vahabzadəyə müraciətlə Heydər Əliyev deyirdi: "Bir neçə il bundan qabaq bizə məlum oldu ki, Kərbəlada Füzulinin qəbrini doğrudan söküblər və onun sümüklərini bir qutuya yığıb hansısa bir məscidin zirzəmisində saxlayırlar. Biz öyrəndik ki, həqiqətən oranı söküblər, bu, plana düşübdür, başqa bir yerdə qəbri bərpa edəcəklər. Biz dövlət orqanları vasitəsilə müəyyən tədbirlər gördük. Bilirsinizmi, İraq hökuməti ilə bizim hökumət arasında müəyyən mürəkkəbliklər vardır. Mərkəzi Komitədə belə məsləhət gördük ki, əgər bu işə bizim elm xadimlərimiz, yazıçılarımız, dünyada tanınmış adamlarımız qarışsalar, bu məsələni həll edərik. Dövlət xətti ilə yox. Bilirsiniz ki, Füzuli sovet vətəndaşı deyil. Füzuli bizim Azərbaycan şairidir. Ancaq yazıb-yaradıb və İraqda vəfat edibdir. Bu məsələni ayrı-ayrı alimlər vasitəsilə daha tez həll etmək olar. Ancaq burada Süleyman Rüstəm, Mirzə İbrahimov və sizə öz narazılığımızı bildiririk. Heç bir yoldaş bu sahədə ürəklə, can-başla, patriotik hisslərlə çalışmır. Həmid Araslı məktub yazıb, İraq konsulu deyib ki, baxarıq. Həqiqətən bunu istəyirsənsə, gedib o konsulun boğazından tut və de ki, Füzuli mənimdir. Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir. Siz niyə bu işə belə yanaşırsınız? Əgər siz belə bir iş tutsanız, heç kim sizi tutmaz. Niyə indiyə kimi İraq prezidentinə məktub yazmamısınız? Əgər Süleyman Rüstəm belə bir məktub yazsa, İraq prezidenti onu həbs edəcək?"
Heydər Əliyev daha sonra üzünü Mirzə İbrahimova tutaraq "Sizi Ümumittifaq Asiya və Afrika xalqları ilə həmrəylik təşkilatının sədri kimi böyük bir vəzifəyə qoymuşuq, bundan böyük daha nə istəyirsiniz", - deyir və təşkilatın sədri kimi ona bu məsələ barədə YUNESKO-ya və BMT-yə məktublar yazmağı tövsiyə edirdi. O, açıq şəkildə bildirirdi: "Bu işlərdə siz patriotizm hisslərinizi axıra çatdırmağa nail ola bilmirsiniz. Bu ümumi işlərdə siz istədiyiniz qədər ürəkdən çalışmalısınız. Danışmağa böyük ustalığınız vardır. Hətta Bəxtiyar Vahabzadə məclislərdə oturub Azərbaycan xalqının həyatı haqqında danışır. Bu işlərdə çalışmağı yoxdur. Bu barədə başqa qardaş respublikalardan dərs almaq, öyrənmək lazımdır. Yenə deyirəm, əgər bizim mədəniyyətimiz, tariximiz üçün siz belə hərəkətlər edərək müəyyən qədər cızığınızdan çıxsanız, qorxmayın... (kursiv mənimdir - E.A.) bizim respublikamızda heç vaxt, heç kimdən sizə xəta toxunmaz. Çünki bu, xalq mədəniyyəti üçündür. Bizim respublikamız üçündür".
Ədəbiyyatşünas alim İmamverdi Əbilovun "Dünənin... sabahın... çağdaş dahisi" kitabında Heydər Əliyevin Füzuli ilə bağlı həssas yanaşmalarına aid belə bir epizod yer alır. Bu epizod Heydər Əliyevin klassik irsimizə, poeziyaya, sənətə, sənətkara verdiyi dəyərin ən uca vurğusudur: "...Azərbaycan Yazıçılarının 1981-ci ilin iyununda keçirilən VII qurultayında... Abbas Zamanov tribunaya qalxmadan qurultaya bəyan elədi ki, İraq hökuməti Kərbəlada yeni yol çəkilişi ilə əlaqədar Füzulinin bu şəhərdəki məzarını söküb yerini dəyişir. Abbas Zamanov birbaşa Heydər Əliyevə müraciət etdi:
- Füzulinin cəsədini gətirmək lazımsa, icazə verilsin, Kərbəlaya piyada getməyi özümə şərəf bilərəm. Axı dahi Füzuliyə belə münasibət milli mədəniyyətimizə təhqirdir.
Alimi diqqətlə dinləyən Heydər Əliyev ayağa qalxdı və Füzuli şəxsiyyəti, sənəti haqqında elə yanğı ilə danışdı ki, hamımız heyran qaldıq. Bu mükalimədə məhəbbət, giley, məzəmmət, tələb, qürur və təəssüf hissinin ilıq vəhdəti vardı... Həmin gün ölkə rəhbərinin Füzuliyə hüdudsuz məhəbbəti bədii dünyamızı təmsil edən söz-sənət adamları üçün də ibrət nümunəsinə döndü:
- Yəqin bilirsiniz ki, İraq-Sovet münasibətləri istəyimizcə deyil. Füzuliyə İraq hökumətinin belə münasibətini indicə Abbas müəllimdən eşitdim. Bilirsiniz ki, Siyasi Büro qarşısında cavabdeh bir şəxs kimi mənim bu məsələyə birbaşa müdaxiləm arzuolunmaz nəticələr verə bilər. Mənim sözüm, iradım, tələbim ilk növbədə sizlərə aiddir. Mirzə müəllim (Mirzə İbrahimov - E.A.), siz ədəbiyatımızın ağsaqqalısınız, 70 yaşlı yazıçı, siyasi xadim, nəhayət, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin sədri kimi siz İraq hökumətinə bu barədə müraciət etmisinizmi? Yox, təəssüf ki, yox! Süleyman Rüstəm bu məsələyə biganə qalmağa haqlı deyil. Həmid müəllim (Həmid Araslı - E.A.) sizdən soruşuram: Füzulini tədqiq edən görkəmli akademik kimi, bu sahədə gördüyünüz işlərdən danışa bilərsinizmi? Bəxtiyar Vahabzadə bir sıra gözəl əsərləri ilə bahəm Füzuli haqqında dəyərli bir poema yazıb. Hamınızdan soruşuram: Füzulinin bugünkü taleyi ilə bağlı gördüyünüz praktiki işlərdən məlumat verə bilərsinizmi? Şübhəsiz, yox! Sizin ciddi marağınız, humanist tələb kimi diplomatik münasibətlərdə də təbii qarşılanardı. İraq Dövlətinin konsulu Bakının mərkəzindədir. Hansı biriniz Füzuliyə belə laqeyd münasibətin günah olduğunu konsula xatırladıb onu məzəmmət etmişsiniz. Belə hallarda sizi qorumasaydım, gileylənməyə haqqınız olardı..." Salondakı mənalı sükutu indi də xatırlayıram. Respublika rəhbərinin daim rus dilində çıxışlarına alışdığından, həm də mütləq Moskvaya gedəcək qurultay protokollarının ehtiyatlı tərtibinin labüdlüyünə inandıqlarından Heydər Əliyevin çıxış və replikaları nümayəndələri yaxşı mənada heyrətləndirmişdir.
...Heydər Əliyevin məntiqlə aşılanmış səlis danışığını, cazibədar nitqlərini bu vaxtadək eşitməyənlər üçün bu, həqiqətən, əsl yenilik idi. Qurultayın axşam iclasında Heydər Əliyev xoş xəbərlə hamımızı müjdələdi:
- Tənəffüs vaxtı mən Moskvaya - İraq Səfirliyinə zəng etdim, səfirdən bu məsələyə aydınlıq gətirməsini xahiş elədim. Az keçmədi ki, səfir mənə məlumat verdi ki, müqəddəs məscidin əhatəsində restavrasiya işi aparılır. Füzulinin nəşinin qalıqları çox böyük ehtiyatla yığılıb mötəbər yerdə saxlanılır. İş tamamlandıqdan sonra o, Kərbəlanın ən müqəddəs guşəsində dəfn olunacaq".
Heydər Əliyev başladığı, həyata keçirilməsinə qərar verdiyi işləri sona çatdırmağı bacarırdı. Bunun üçün bütün sözü, izi və adı keçən instansiyaları səfərbər edir, müsbət yöndə nəticə əldə edənə qədər vuruşurdu. Qənaətimizdə israrlıyıq: siyasətdə bacarıq və təcrübənin, eləcə də dünyada nüfuz sahibi olmağın önəmi nədir, bunu Heydər Əliyevin şəxsində, simasında, yaradıcı fəaliyyətində dərindən bilib dərk etmiş olduq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!