İntellektual tənqidin qiymətli örnəyi - Baba Babayev Mətanət Vahidin “Ədəbi “Kəpənək effekti” kitabı haqqında yazır

İstər klassik irsi, istərsə də XXI əsr ədəbiyyatının, bu əsrlərdə təmsil olunan şəxsiyyətlərin ədəbi irsinin nəzəri aspektdə, xələf-sələf ardıcıllığı ilə dəyərləndirməkdə gənc yazarlarda bir təmayül kəskin şəkildə hiss olundu. Bu münasibət XXI əsrin ilk illərində baş qaldırdı. Ənənəvi dəyərlərə etiraz qarışıq üsyan, forma və məzmunca yeni ədəbiyyat yaratmaq. İnsafən deyək ki, bu onilliklər ərzində əldə olunan müstəqillik dövrünün siyasi, ədəbi-nəzəri nümunələri ilə yanaşı, müasir bəşəri ictimai-siyasi reallıqlarının da nəticələri ortadadır. Sözü gedən təmayül - meyil və istiqamətlərin fundamenti, təbii ki, 1990-cı illərdə qoyuldu. Az formalaşmadan sonra yaşadığımız əsrin ilk illərində bu təmayül ardıcıl təzahür etməyə başladı. Özündə yüksələn xətlə milli ədəbiyyatımızın siması daha çox rəngarənglik kəsb etdi. Klassik dəyərlərin təzəlik biçimində qiymətləndirilməsi ilə yanaşı, ən müasir, orijinal və postmodern yanaşmalarda ədəbiyyata da, ədəbi-nəzəri fikrə də nüfuz etdi. Son iki onillikdə ədəbi ictimaiyyətdə dəyərli və elmi-nəzəri fikirləri ilə diqqəti cəlb edən ədəbiyyatşünas-esseist, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin "Ədəbi "Kəpənək effekti", (Bakı, "Elm və təhsil", 2020. Ön sözün müəllifi Azər Turan) kitabına müxtəlif illərdə yazılmış altmış bir məqaləsi toplanmışdır. Məqalələrin klassik və XXI əsr milli mədəniyyət və incəsənətin mühüm aktual problemlərinin araşdırılmasına həsr edilməsi, həm onun vahid tədqiqat obyekti, həm də elmi-nəzəri mənalandırma nöqteyi-nəzərindən birinin digərini tamamlaması kitaba məxsusi sanbal verir. Elmi-nəzəri coğrafiyada çağdaşları Mətanət Vahidi həm peşəkar tənqidçi, həm də düşündürücü, polemikaya sövq edən tənqidçi-esseist kimi tanıdı. (Amma Mətanət Vahid hər söhbət düşəndə təvazökarlıq edərək “mən tənqidçi deyiləm” deyir.) Bu günə qədər nəşr olunmamış Seyid Əzim Şirvaninin poetikasından bəhs edən monoqrafiyasından sonra qarşımızda olan "Ədəbi "Kəpənək effekti" kitabı, adından da göründüyü kimi, ömrünün gənclik və mənalı günlərini mətnlər üzərində işləməyə həsr edən ədəbiyyatşünas-esseistin, tənqidçinin baş ucalığının təsdiqinə çevrilmiş növbəti hesabatıdır, - desək səhv etmiş olmarıq. Mətanət Vahidin hər bir resenziyasının, tezisinin, münasibətinin, plüralizmi əldə əsas tutaraq fikri ehtimallarının nüvəsini nəzəri müddəalar təşkil edir.

Mətanət xanım sırf araşdırma tipində mətn daxilində müəllifə (istər şair olsun, istər yazıçı) şərhlərini, səhvlərini birbaşa əsaslandırıb göstərərək deyir. Orxan Fikrətoglunun "Ölü mətn" romanı ilə bağlı tənqidçinin "Dirilə bilməyən mətn", "H.Herisçinin mistik romanı", "Solaxay", Seymur Baycadan tikan çıxaran "Ana ürəyi" məqaləsi elmi-nəzəri, fəlsəfi təhlil tutumuna görə və s. peşəkar, ciddi mütaliəsi olan bir tənqidçinin erudisiyasından xəbər verir. Elnarə Akimova yazır: "...Bəs müstəqillik illərində yenilənən nəsr qanunlarına adekvat olan tənqidçi imzalar kimlərdir? Təbii ki, bu suala cavab olaraq az da olsa adlar sıralamaq olar və qeyd-şərtsiz Mətanət Vahid o sırada yer alanlardandır". ("Ədəbi "Kəpənək effekti" - Avanqard nəzəri gücün və mövqenin göstəricisi kimi". "Ədəbiyyat qəzeti", 3 iyul 2021-ci il). Təbii ki, Elnarə xanımın bu fikirlərinə sidq ürəklə haqq qazandırmaq lazımdır. "Mətanət xanımı doğma ədəbiyyatla yanaşı, dünya ədəbiyyatına, müxtəlif nəzəri-estetik konsepsiyalara dərindən və hərtərəfli bələd bir oxucu, yazmaq missiyasını hər vaxt, elə dünən də, bu gün də vaxtı müqabilində, ardıcıl, fəal oxumaqla genişləndirməyə cəhd göstərən yaradıcı bir ziyalı alim kimi tanıyıram" (B.Babayev. Ədəbiyyatımızın yaradıcılıq problemləri. Bakı, AFPoliqraf, 2021, s.230).

Tənqidçinin təhlillərində bir özünəməxsus cəhət də əsərləri nəzəri cəhətdən təhlilə çəkərkən əsaslandığı istinadgahların dünya ədəbi nümayəndələrinin olmasıdır. İstənilən yazısında bu müqayisə etmədə, yol göstərmədə görünmədədir. Mətanət Vahidin mütaliəsi o qədər geniş və zəngindir ki, nəinki elmi sitatlarında, hətta bu romanın, yaxud hekayənin hansı xarici ölkə ədibinin əsəri ilə (yazıçının və əsərin adı təqdim olunmaqla) eyniyyət təşkil etməsini də müqayisədə ortaya qoyur. Məsələn, Seymur Baycanın xəyalpərəst qəhrəmanını ("Ana ürəyi" romanı) xarakter etibarilə Dostoyevskinin "Bəyaz gecələr"indəki əsas qəhrəmanla bir çox xüsusiyyətlər birləşdirir və ya H.Herisçinin "Solaxay" mistik romanının Den Braunun romanlarına bənzəməsini Həmidin - müəllifin dilindən tutur və s. "Üşüyorum, kapama gözlərini" essesində onun fərqli düşüncələri, fərqli yanaşmaları, bir də mətnləri sevgi ilə oxuması diqqətdən yayınmır. Bir bənd şeir belə onu özünə çəkməlidir. "...Sevgi birtərəfli, acı çəkdirən - bir az mazoxistcə duyğu olarkən daha da böyüyür", - deyir. Bu şeirlərdə həsrət sevdanın düşməni deyil, əksinə, onu daha da böyüdən, ülviyyətlə saran bir duyğudur. Getdikcə daha da acılaşan həsrətin yaxıb-yandıran dadını, qarsan alovunu belə hiss etdirir ayrılıq əzabını... şeirlər.

Xanım tənqidçinin kitabının qiymətini çağdaş Azərbaycanda məhz intellektual tənqidin çox dəyərli, barmaqla göstərilən nümunələrindən saymaq olar.

Mətanət Vahidin "Ədəbi "Kəpənək effekti" kitabı Salvador Dalinin "Müəmmalar yolu"ndan başlanır. Kitabda həmin rəsm barədə söhbət getsə də, Mətanətin mətnlərindəki qırxıncı qapının sirrinə varmaq üçün bu əsərdən keçib getmək lazım gəlir. "...Mətanət Vahid isə ilk kitabı olan "Ədəbi "Kəpənək effekti"ni Dalinin son tablosu olan "Müəmmalar yolu"ndan başlamaqla, əslində, özünün idrak imkanlarını meydana çıxarmış olur." (Azər Turan). Mövcud nəzəri ədəbiyyatın təhlili prizmasından yanaşdıqda görmək çətin deyil ki, bu kitabda ədəbiyyat da, fəlsəfə də, incəsənət sahələri də yalnız Mətanətin baxışında, yalnız Mətanətin qeyri-adi düşüncə tərzində, münasibətində bu görüntüdə harmoniyanın vəhdətləşməsində zühur edibdir. Alim xanım Azərbaycan ədəbiyyatında, dünya ədəbiyyatında dekonstruksiya, irəli-gerili tarixi hadisələrin yeni reinterpretasiyada təqdimatı, mövcud arxetipik süjetlərin yenidən və fərqli aspektdə işlənməsi formalarının araşdırılmasına və s. və i.a. məsələlərə bu kontekstdə yanaşır. Kitabı oxuduqca bu mətnlərdə nələr görmürsən: postmodernizm, mistika, təsəvvüf və konspiroloji düşüncə, sevginin məxsusi dərki və ona baxış, hicranın ləzzəti, yoxsa ağrısı eyni estetik ortama gətirilərək, izmlərdən tutmuş intermediallıq (Mətanətin ən çox sevdiyi nəzəri komponent, bir də intermediallıq mövzusunun Azərbaycan ədəbiyyatında, ədəbiyyatşünaslığında o ilk araşdırıcılarından biridir) məsələsinə qədər tablolu, kinolu, tamaşalı, nəzmli-nəsrli və s., bütöv şəkildə, bütün parametrləri ilə sərgilənib. Kitabın içərisinə girdikcə çox zəngin bir nəzəriyyə xəzinəsinə düşdüyünü hiss edirsən. Lakin bu xəzinəni misqal-misqal yığıb toplamaq doğrudanmı bir zərif xanımın işidir? Fikirlər, düşüncələr içərisində çaş-baş qalırsan, həsəd və qibtə edirsən. Ön sözün müəllifi Azər Turan ("Ədəbi "Kəpənək effekti" ədəbiyyatlaşmış bir dünyanın kitabı") kitabdakı məqalələri özünəməxsus düşüncə tərzi ilə qiymətləndirərək sanballı resenziya yazıb.

"Ədəbi "Kəpənək effekti" kitabı haqqında ən qiymətli və prinsipial, elmi məqaləni alim həmkarımız Elnarə xanım Akimova da yazıb və onun qənaətlərinə əsasən deyə bilərik ki, Mətanət Vahid XXI əsr Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı və estetik fikrini, yəni humanitar düşüncəsinə orijinal yöndə ona yeni cığır açdı, bu üsula öz möhürünü vurdu. Xanım yazar fərdi erudisiyası, həddən ziyadə çox mütaliəliyi, elmi fəhmi, duyumu, qeyd etdiyimiz kimi nadir, özünəməxsus təhlil metodologiyası ilə müasirlərindən fərqlənən, seçilən bir alimdir.

Mətanət Vahid təhlil etdiyi ədəbi hadisə və janrları tarixi təkamüldə göstərir. Kitabdakı bölmələrin biri romanla bağlıdır. Müstəqillik illərində yazılmış bir çox romanların elmi-nəzəri şərhi diqqəti çəkir. Qan Turalının "Fələk qılmancı", Kənan Hacının "Yaddaş kartı", Aydın Talıbzadənin "Kəpənək modeli. 102" və "Əbuhübb", Rasim Qaracanın "On bir gecə" və s. Yuxarıda bəhs etdiyimiz əsərləri də bu cərgədə sıralamaq olar. "...özündə postmodern epoxanın gətirdiyi ifadə yeniliklərini, forma mürəkkəbliklərini - şüur axını, fantasmaqoriyaya, retrospektiv sıçrayışlara aludəçilik kimi çağdaşların göstəricisi sayılan zəruri elementləri ehtiva edirlər". Mətanət təhlil etdiyi əsərlərin üz tərəfinin şərhini yox, alt qatda, pünhan saxlanılan (müəllifin sirli saxladığı) qatların açılmasına diqqət yetirir. Tənqidçi mətni təhlildə birbaşa "atəş açır", ilk olaraq hədəfi nişan alır. Onsuz da onun zəif əsərlərdən bəhs edəcəyi mümkünsüzdür. Çünki tədqiqata çəkdiyi material zəngin, çoxqatlı düşüncələrə sövq edən, cığır açan mətnlər olmalıdır. "Ədəbi "Kəpənək effekti" əsəri ədəbi-tənqidin son uğurları, tənqidə qara eynək arxasından baxanlara tutarlı cavabdır. Bu sıraya 2 tənqidçi alimimizin - Elnarə Akimovanın "Uzun incə bir yolda..." (Bakı, "Elm və təhsil", 2021) və Şirindil Alışanlının "Sözün yaşamaq haqqı" (Bakı, "Sabah", 2022) əsərlərini də aid edə bilərik. Alman romançısı Patrik Ziskindin qəhrəmanının sözü olmasın, Mətanət Vahid inanılacaq dərəcədə, məhz esse, tənqid və ədəbiyyatşünaslığa dair yazdığı məqalələrə görə tək-tək seçilənlərdəndir, fərqlidir, zirvədə olanlardandır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!