Ağrıya elegiya - Təranə Vahid Vüsal Nurunun “İlğımda çimən atlar” romanı haqqında yazır

 

"Öz eli, öz xaqanı olan xalq idim, elim hanı, xaqanım hanı?"

                                     Orxon yazılarından

 

Min illərdi hissləri vəsf edirik. Sevinc, kədər, sevgi, nifrət, qəzəb... Elə bil ağrı hissini unutmuşuq. O hissi ki, itirəndə yerdə daha heç nə qalmır.

...Mən dünyadan qopub Miroqrad adlı qapalı bir şəhərə düşmüşdüm. Səssizliyin qulaq batırdığı, sarı rəngin at oynatdığı, xatirələrin unudulduğu bu müəmmalı şəhərdə sanki nə vaxsa yaşamışdım. Uçurumun kənarında dayanıb ölümə pənah aparan insan selini gördükcə yaddaşımın sahilləri, ruhumun qanadları ağrıyırdı. Boş baxışlarını gələcəyə - sarı ilğım dənizinə dikən bu adamlarsa arabir davul səsindən diksinir, "ruhunu oyat" hayqırtısını eşitdikcə öləzimiş ruhları baramadan çıxmağa can atan kəpənəklər kimi uçunurdu...

Vüsal Nurunun "İlğımda çimən atlar" romanı məni ilğımın ta içinə aparmışdı. Mən ilğımı əlimlə kənara itələyib həqiqəti axtarırdım, amma Miroqrad adlı şəhər Tanrını, Günəşi, Həqiqəti çoxdan unutmuşdu. Parıltısıyla göz qamaşdıran "sülh" şəhərinə elə bir ucdan elmdə, səhiyyədə inqilab edə biləcək alimləri, həkimləri, mütəxəssisləri dəvət edir, sonra bu müəmmalı şəhər zəkasıqarışıq seçilmişləri udurdu.

***

Gəmidən düşüb şəhərə gətirilənlər arasında müxtəlif millətlərin nümayəndələri ilə yanaşı iki azərbaycanlını - bioloq, professor Sabit Ağazadə və neyrocərrah Aydın Qaraxanlını görürəm. Yeni gələnlər həyəcanlıdırlar. Onlar adını eşidib üzünü görmədiyi bu şəhərdə yaşayacaq, elmdə can atdıqları məqama çatacaq, kəşfləriylə insanları "ölümsüz" edəcəklər.

Yeni sakinlər şəhərə daxil olmaq üçün tuneldən keçməlidirlər. İlk maneə ilə də elə orda qarşılaşırlar; paltarları, əşyaları nədi, heç alt paltarı ilə tuneldən keçə bilməzlər:

"Ailələr soyunmaq istəmirdilər. Deyirdilər, müqavilədə soyunmaq yazılmayıb. Bu, adamları alçaltmaqdır"...

Nizam-intizamlı şəhər belə mənasız etirazları qəbul etmir. Yeni sakinlərə "Miroqrad Şəhər İdarəetmə Mərkəzi"ndə təlim keçirilir.

"Adım Raya Kozakovadır. Miroqrad  qapalı şəhərdir. Burada yalnız daxili qanunlar işləyir. Miroqradın baş katibi Mikita İliç Vissarionoviç yoldaşdır. - Raya rəhbərin adını ayaq üstdə deyib, yüngülcə təzim etdi. Əyləşdi. Monitorda baş katib göründü, orta boylu, dolu bədənli, lopa bığlı kişi əlində tutduğu qara şlyapasını havada yelpik kimi yelləyirdi..."

Yeni sakinlərə telekart, maska və nömrə verilir. Bu şəhərdə telekartı itirmək bütün hüquqlarını itirmək deməkdir.

"Raya Kozakova hamıdan maskaları götürməyi xahiş elədi. Dedi ki, bu gündən sonra sizin əsl üzünüz bu maskadır. Süni intellektli qapılar maskanın rəqəmlərini oxuyanda açılır".

"Hərə öz maskasını götürdü, həvəsi olanlar üzünə taxdı. Maskadan qəribə qoxu gəlirdi, yad adam qoxusu, - onlar belə dedilər".

Miroqrad qəribə şəhərdi. Adamlar var, adları yoxdur, üzlər var, sifətlər yoxdur, dayanacaqlar var, avtobuslar yoxdur, amma hamının dayanacaqda oturub gözləmək hüququ var.

Yeni gələnlər eyforiyada üzsələr də, dünyagörmüş professor Sabit Ağazadə ilk andan qorxunc bir yerə düşdüyünü anlayır. Hamı eyni yeməyi yeyir, hamı eyni vaxtda yatır, hamı qulağındakı qulaqcıqla idarə olunur və hamı susur...

Mikita İliç Vissarionoviç bu yerin Tanrısıdır. Elə bu şəhərdə - "Beriya" laboratoriyasında tanrının yaratdığından da güclü, ağıllı, ağrı hiss etməyən parentallar (yeni insan) yaradılır. Alimlər sevinclərini gizlədə bilmirlər, "Süni hipotalamusun transplantasiyasına qərar verilib".

Keçmişlə gələcək bu şəhərdə üz-üzədi. Tarixin üz qarası sayılan sovet dövrünün "parlaq sima"sı - Stalin obrazı sanki Mikita İliç Vissarionoviçin simasında "dirilir". Düşünən başlara qənim kəsilən amansız repressiya maşını Miroqradda başqa bir formada - bəşəriyyəti xilas etmək adı altında yaddaşsız, ağrısız, üzüyola kölə istehsal edən laboratoriyalar kimi "zühur" edir. Görünür, bütün diktatorlar bir-birinə bənzəyir, görünür, bütün zamanlarda "Beriya laboratoriyası" işləyir...

 

***

Böyük ümidlərlə bu şəhərə gəlsə də, bir anda şəxsiyyətinin, neyrocərrah kimi uğurlarının üstünə xətt çəkilib 46 rəqəminə çevrilən Aydın Qaraxanlı yaşayacağı mənzildə cürümüş cəsəd taparkən "ideal dünya"sı dağılır, qorxunc bir aləmə düşdüyünü anlayır.

İş yerində - Beynəlxalq Ağrı Mərkəzində gördüklərini "eybəcərlikdə inqilab" adlandıran Aydın Qaraxanlının fikirləri ilə razılaşmayan həmkarları isə burda parentallar erasının başladığına, "Super insan, super güc", ağrısız cəmiyyət yaratdıqlarına inanırlar.

Aydın Qaraxanlı "Beriya laboratoriyası"nda saysız-hesabsız əməliyyatlardan sonra ağrı hissini itirən, bütün əmrləri sorğusuz-sualsız yerinə yetirən F30 adlandırılan gənc qızla tanış olur. Parentalın yeganə qüsuru həddindən artıq əsnəməsidir. Bu qüsur uğurlu nəticəyə kölgə salır. Yeni neyrocərrah 46 - Aydın Qaraxanlı bu problemi həll etməlidi.

"Xəstənin anamnezinə baxmaq istəyirəm.

- F30 xəstə deyil. Könüllüdür. Biz onun bütün ağrı siqnallarını söndürmüşük.

- Bunu necə bacardınız?

- Onun bütün xatirələrini sildik"...

Aydın Qaraxanlı keçmişsiz, xatirəsiz, ağrısız insan yetişdirilən bu laboratioriyada qorxunc həqiqətlərlə qarşılaşır. Sonralar yaşadığı mənzildə tapdığı cəsədin ondan əvvəl F30-un həkimi olan neyrocərrah Morud Uluqbekə məxsus olduğunu öyrənir. Həmkarları həvəslə "Yoldaş Morud Uluqbeki yola saldıq, F30 onun son işi oldu", - deyirdilər.

Bu sirli şəhərdə missiyasını başa vuran alimlər Vissarionoviçlə görüşüb müəmmalı şəkildə yoxa çıxırlar...

 

***

Miroqrad Aydın Qaraxanlı üçün bir tapmacadır. O, heç kimi bu şəhərə gəmiylə gəldiklərinə inandıra bilmir. Adamlar mayak, gəmi, qağayılar deyib onu ələ salır. Çünki bu şəhərdə hamı həyatın mayakını itirib. Ürəyinin səsini eşitməyənlər həyatın, dənizin, qağayıların səsini necə eşidə bilərlər?

Divarlara çəkilmiş şəkillər, yarımçıq düsturlar, ən çox da sözlər onun diqqətini cəlb edir: "Səliqəsiz yazılmış hərfləri oxumaq istəyirdi. "Mavi göy üzü, büllur kimi göl, yamyaşıl çəmən... atlar çapar, atlar... Mənim yurdum ordadı... Mənim evim ordadı... Mənim yarım ordadı... Mənim... ordadı..."

 

***

Professor Sabit Ağazadə isə ilk gündən, beyinlərin yuyulduğu bu şəhərdə qalmaq istəmir. "Deyirdi, tüpürüm bunların yeni dünyasına. İnsanı iki xəttin içinə soxublar. Bu qədər adam bir zəngə çömbəlib durur".

Miroqrad elə bir şəhərdi ki, itaətsizlik edəni bağışlamır, necə ki, qocaman professoru bağışlamadı. Sabit Ağazadə sarı xəttdən çıxdığı üçün ən ağır cəzaya - insanı alçaltmaq üçün hazırlanmış akvariuma salınsa da, sonacan ləyaqətini qoruyub saxlayır. "Sabit Ağazadə akvariumda öldü. Onu maskabaşa çevirə bilmədilər"...

Miroqrad insanlığın itdiyi yerdir. Adamlar ölən doğmasını, ən yaxın adamını lazımsız əşya kimi "Tullantıların qəbulu şöbəsi"nə təhvil verib əvəzində avans qazanır.

 

***

Keçmişindən qopmayan, dənizi, gəmini hələ də xatırlayan, axına qarşı üzən Aydın Qaraxanlı həqiqətlərin izinə düşür. "Rəfdəki beyin fiqurunu götürüb altındakı yazını oxudu: məni unutma!" O, Ulukbeyin əşyaları arasından tapdığı davula "Tullantıların qəbulu şöbəsi"ndən aldığı insan dərisiylə yeni üzlük çəkir, hər dəfə toppuzu davula vuranda adamlar diksinir, yaddaşı yuyulan, köləyə, əslində kölgəyə çevrilən insanların ruhu azacıq da olsa dirçəlir.

Eyni nömrədə, eyni maskada gəzən yeni neyrocərrahı isə F30 hələ də Ulukbey sayır.

"- 46 sənsən! Mənə söz vermişdin.

- Mən? Söz vermişəm... Hə. Yadıma sal. Nə söz vermişəm?

F30 onun üzünə boş-boş baxırdı.

- Bilmirəm. Sən dedin... - Qız hər susanda Aydının ürəyi üzülürdü.

- İlğımda çimən atlara aparacaqsan. Birlikdə bacararıq..."

Beyinləri yuyan, əslində isə öz beyinləri yuyulub müqəvvaya çevrilən həkimlər - "rəqəmlərsə": "Əgər parental düşünürsə, demək, problem var. Sən bilirsən düşünmək nə qədər zərərlidir? Sən əmr verirsən, o düşünür, bunu edim-etməyim? Sonra başlayacaq qorxmağa. Qorxu da ağrı yaradır axı..." - deyirdilər.

 

***

Mən keçmişin, xatirələrin, hisslərin silindiyi bu şəhərdə adamların dayanıb mürgü döyə-döyə gözlədikləri, amma nəyi gözlədiklərini bilmədikləri dayanacaqda dayanıb son yüz ilin ölməz əsərlərindən birini - qırğız yazıçısı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanını xatırlayıram. Roman içində roman adlandırılan "Manqurt" hekayəsində öz kökündən, tarixi yaddaşından məhrum edilən, anasını belə xatırlamayan Manqurtu yada salıram:

"Nayman Ana soruşdu:

- Məni tanıyırsan? Manqurt başıyla "yox" - dedi.

- Bəs adın nədir?

- Manqurt.

- Səni indi belə çağırırlar, əvvəlki adın yadındadır? Bir əsl adını yadına sal görüm…

Manqurt danışmırdı…"

Bir Manqurt bəşəriyyəti qorxudurdu, Miroqradda əslində hamı manqurt idi. Yaddaşı yuyulub xatirələri silinsə də F30 ruhuna sığınmış Ayqız o qorxunc günü hələ də xatırlayırdı:

"Qardaşımla çöldən qoyun sürüsünü gətirdik. Sonra qırmızı başımıza çəkdik. Dodağımızın üstündə köpüklü ağ izi qaldı. Bir-birimizə baxıb gülüşdük... atamın ayağı üzəngiyə ilişib qalmışdı. At atamın cəsədini sürüyüb gətirmişdi. Onu vuran kapitan Simyonov da dalınca gəldi"...

Ov da, ovçu da bəllidir...

***

Mən Miroqrad adlı şəhərdə dünyanın qürub çağına tamaşa edirdim. Ağrısız, yaddaşsız, ölümsüz superinsan yetişdirən bu cəhənnəmdə sevgi hissini ruhundan qovan bu adamlara narıncı eynəkdən tamaşa edirdim. Narıncı eynəkdən hər şey bulanıq görünürdü. 46 nömrə F30 xilas etmək istəyirdi, həyatın ritmini unudan adamlar davul dınqıltısından arabir diksinirdilər, bu şəhərə gələndə xoşbəxtlikdən uçan Saranı dəli adıyla dəmir barmaqlıqlar arasına salmışdılar. O, xəyallarında dəmir barmaqlıqlar arasından sivişib çıxır, uzaqlardakı evinə doğru qaşır, amma keçmişini, evini tapa bilməyib hücrəsinə qayıdırdı.

Bir gün sarı xəttdən çıxan 46-nı da Saranın hücrəsinə gətirdilər.

"Burdan qaçmağın asan yolunu bilirəm", - Sara dedi.

"- Hansı yoldu?

- Xəyalla buralardan çıxmaq olur. Səni Vissarinoviçin heç bir qanunu saxlaya bilməz. Aşa bilmədiyin divar qalmaz..."

Sarı şəhərlərdə xilas yolu olmur. Sarı xətlər edam dirəkləri kimi səni izləyir və bir gün havada uçan ilgəhlərdən biri səni yaxalayır. O ana kimi yaşamalı, xəyalla da olsa əl-qolunu bağlayan divarları parçalamalı, dünyanı Miroqrada çevirənləri, insanı insanlıqdan çıxaranları, ruhuna əl uzadanları, xəyallarına, arzularına kölgə salanları sındırmalısan...

"...Dəmir qapını Ayqız açanda Aydın sevincək yerindən durdu. Vissarionoviç öldü.. Professoru öpəndə zəhərlənib. Ara qarışıb. Qaçaq! Mən gəmiyə gedən yolu xatırladım..."

"Çapan atların toxmaq ayaqları Morud Uluqbekin davuluna çevrilib yeri döyəcləyirdi. Onlar ritmə tərəf qaçdılar... ilğıma girdilər.

Aydının ayağı altında qalıb qırılan 46 nömrəli maskanın yarısı quma batmışdı, bir gözüylə göyə baxırdı.

Göydə kağız quşlar uçurdu..."

Mən "İlğımda çimən atlar..." romanının son cümləsini oxuyub səssiz-səmirsiz Miroqradı tərk elədim. Bir gün ilğımda atlar çimməsin, göydə kağız quşlar uçmasın, Ayqızlar ağ çadırlarından ayrı düşməsin, Vissarionoviçlər gözəl dünyanı cəhənnəmə döndərib insanların ruhuna, hissinə hakim olmasın deyə Vüsal Nurunun yaratdığı şəhəri hər kəsə tanıtmaq istədim.

P.S. Xatırladım ki, Vüsal Nurunun "İlğımda çimən atlar" romanı "Azərbaycan" jurnalının 09-2022 sayında çap olunub. Ədəbiyyatımızda hadisə sayılacaq bu uğurlu, çoxqatlı və cəsarətli romana görə dəyərli qələm dostum Vüsal Nurunu ürəkdən təbrik edirəm. Dünyanın hansı dilinə çevrilsə, "İlğımda çimən atlar"ın oxucusu olacaq. Bəşəri mövzuda yazılmış bütün əsərlər kimi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!