Vaqif Səmədoğlunu yaşamaq - Südabə Ağabalayeva yazır

 

"Teleqram" sözündə həm nigaranlıq var, həm xatircəmlik. Qəfil və gözlənilən anlamı ilə kommunikasiyanın iki ovqatı ifadə edən bu forması gedənlə qalanlar, keçmişlə bu gün arasındakı körpüdən soraq verir həm də; gedibsə, əvvəl burdaydı, tanış deyilsə də maraqlıdır, həm - nişanı ilə gözlədiyimizi xatırladacaqmı görən?

Vaqif Səmədoğlunun Xəbəri də teleqram effektində oldu; qəfil və gözlənilən. İlk şeir kitabı "Yoldan teleqram"ın rezonansı kimi.

"Yoldan teleqram" gələndə ideoloji ştampda millilik anlayışını ən ümumi halda əyalət koloriti kimi qavrama güclü idi. Səməd Vurğunun gedişindən 12 il sonra gələn bu "teleqram" və ədəbiyyatın "astronomik tsikli"nin tamamlanması zamanın həqiqətləri ilə bağlı konseptual baxışı fərqli olan bir şairi təqdim etdi. "Vaqif seçməkdən daha çox mənalandırmağa səy edir. Aləmə özünə məxsus görüş bucağı altından baxmağa, yeni xüsusiyyətlər, yeni cəhətlər kəşf etməyə çalışır. Bax, elə bu bucaq altında da onun öz fərdi üslubu yaranır" (İntiqam Qasımzadə. "Yoldan teleqram" 1968). Ənənə və müasirlik adı altında fikir qütbləşməsinə meyilli düşüncə daşıyıcılarının arşını da hazır idi: görəsən, bu "teleqram" Səməd Vurğunun Yolundan vurulubmu? Əlbəttə, qınanılası da deyildi; günü bu gün də Səməd Vurğun şeiri azərbaycançılıq ruhunun ifadəsi kimi qəbul edilir, bu gün də onun bostanına atılan daşlar xalqın heysiyyət damarına toxunur. Və kimsə düşünürsə ki, Səməd Vurğunun yaradıcılığı məhəlli düşüncənin ifadəçisidir, şübhəsiz, yanılır. Çünki Səməd Vurğunun böyüklüyü, bütün böyük fikir adamları kimi, öz xalqının milli xarakterini, mənəviyyatını ifadə etməklə, onu bütövlükdə bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevirə bilməsindədir. Bu mənada Səməd Vurğunu qapanmış səhifə kimi təqdim etmək cəhdlərinə ən yaxşı cavab Vaqif Səmədoğlu yaradıcılığıdır. İntellekt, təcrübi bilik və fitri istedadın zəki və zərif zövqlə uzlaşması ilə bir mədəniyyət hadisəsi olan Vaqif Səmədoğlu yaradıcılığı, birmənalı şəkildə ehkamçılığa yad idi.

Yaradıcılıq dediyin keyfiyyətcə yeni sərvət yaratma deyilmi və burada təxəyyül, təcrübə, bacarıqdan başqa, ictimai münasibətlər amilinin fərqli biçimi necə unudula bilər?! .

 

Bu gecə bir də oxudum məktublarını,

Dünyanı, İnsanları, Vətənini

sənin qədər sevən bir adamın məktublarını

Qələmin möhkəm,

dilin duzlu,

ürəyin nigarançılıqla dolu...

Səndən qalan nə varsa:

            ümidlər, insanlara inam, dosta sədaqət,

Hər vergülünün, nöqtəsinin

keşiyində dayandığın

ana dilimiz,

Bu var-dövlət

çatar bizə də,

nəvələrinə də,

onlardan sonra gələnlərə də,

Arxayın ol hər şeydən!..

 

V.Səmədoğlu. "Atamın məktublarına cavab"

 

İdeya, İradə, Xeyir, Hərəkət, İşıq və Harmoniya. Və bütün bunların cəmi - Həqiqət. Bu metaforik zəmində onların üçü də - ata və oğullar - birlikdə genetik varisliyin sadə, aydın təcəssümüdür. Ümumən bu üçlüyün yaradıcı ömrü parlaq polifonizmi ilə bədii və estetik fəaliyyətin fəlsəfəsini ifadə etmək nümunəsidir. Əlbəttə, başqa cür düşünənlər də var, nə etməli?! "Dünyanın gərdişi elə bundan ibarətdir: inanan inanır, inanmayan inanmır!" (Yusif Səmədoğlu). Və bu üçlük "gərdişi-dövranın" hər dönəmində "ömür elə qısadır ki..." təəssüfünü o qədər tez-tez, o qədər çeşidli halətlərdə xatırladır ki, ömrün yetmişbeşinə az qala qəhrəmanlıq, möcüzə kimi baxmaqdan başqa əlacın qalmır.

 

Hara çıxıb gedə billəm

Bu sürətlə, bu cürətlə?

İzin ver, yalan danışım,

Sıxılmışam həqiqətlə...

 

Onun yetmişbeşi "şükürlük" deyildi, heç deyildi... amma həm də o qədər şükürlüydü ki... Onu şükürlük eləyən 63 yaşın

Əcəldən möhlət istədim,

Möhlətini əsirgədi - (Yusif Səmədoğlu, "Qətl günü") yaxıcı təəssüfüydü, onu şükürlük eləyən 50 yaşın

Heç yana, heç yerə mən tələsmirəm - (Səməd Vurğun)

- deyən həyat eşqinə məhəl qoymamış əcəlin amansız laqeydliyidi... və Vaqif Səmədoğlu:

 

Anladı

belə nəhəng şeylər

içində

Ümidin necə gərək

olduğunu...

 

Vaqif Səmədoğlu Yetmişə yetməmiş ömürlərin əvəzinə də Azərbaycan səhnəsində ümidin, sevginin son monoloqunu söyləyirdi.

 

Dalamır indi məni

Artıq illərin

Başyuxarı axarı,

Və ömrün üzüqoylu axırı!

Bilirəm,

Yer üzündə bütün izlər

Ömürdən gedir...

Mənsə gah həyata,

Gah ölümə səbəb gəzirəm.

Yaşayıram, dözürəm...

 

Hələ də başa düşə bilmirəm ki, Vaqif Səmədoğlunun 75 illik yubileyində Şuşaya gələn yolları, Şuşadan gedən yolları niyə düşünürdüm?.. Şuşaya möhtəşəm dönüşümüzün zəfər yollarını niyə düşünürdüm. Yolların zamanını dəyişəcək İnsanları niyə düşünürdüm?.. Niyə Şuşa yolunun Məkkə yolu kimi ağırlığını və müqəddəsliyini azərbaycanlılar üçün iki dünya sınağı kimi düşünürdüm?.. Səhnədə həyata, qadına, insana sevgisini paylaşan şairi dinləyə-dinləyə onu da düşünürdüm ki, Vaqif Səmədoğlu - atası Səməd Vurğun kimi, qardaşı Yusif Səmədoğlu kimi - Azərbaycan mədəniyyətinin canlı klassiki ola bilmiş bu nadir istedad da, seçilmiş Şuşamız kimi, Seçilmiş Tale yaşayır. Və onda mən bu dördlüyü bir də heç vaxt ayrılıqda düşünə bilməyəcəyimi başa düşdüm.

 

Səməd Vurğun:

Şuşa bir Günəşdi, Şuşa bir Aydı,

Parisə bənzərdi dağılmasaydı - misraları ilə, Vaqif Səmədoğlu:

Hansı rənglə çəkəcəklər

xəritələrdə ölkəmi? - sualı ilə "Kassandra sindromu" anlayışını mənfi çalardan xilasının böyük istedadın sayəsində mümkünlüyünü təsdiq edir.

Sual təkcə inamsızlıqdan, şübhədən doğmur, təxəyyül üfüqlərinin ölçüsü də deyil, sual, həm də dəyişmək zərurətinin bəlirtisidir, nə isə fərqli, bir az başqa... Vərdiş etdiyin, adətkərdə olduğun düşüncənin alt-üst edilməsilə "gördüyümüzdən artıq görmək istəyi"nə (Rəsul Rza) yoluxdurmaqdır. Bədii suallar bəzən patetika, pafos, şablon, stereotip yozum tələskənliyinə tuş gəlsə də, əslində, köməksiz zamanın, qapıdan, özündən, yaddan çıxıb gedən dostların qoyub getdiyi məğlub kədərin qorxuqarışıq ümidsizliyini həyatın gözəlliyi ilə ovutmaqdır. Səməd Vurğunun "Qalib gələcəkmi cahanda kamal?" sualından yola çıxan Yusif Səmədoğlu "Görəsən bu dünyada çörəyi halal adamların diyarı hardadır?" labirintinə saldı yaddaşı. Vaqif bu labirintdə çaşbaş qalıb qəribsədi:

 

Qağayı, axtar məni,

Bu yerdən apar məni...

İçim qara gecədir,

səkisiz dar küçədir.

qağayı, dəniz üstdə,

Söylə, saat neçədir?

 

Vaqif Səmədoğlu Cavabı çox gözləməli (və gözlətməli!) oldu... Uzun bir ayrılıqdan sonra bu cavabsızlığın sükutunu silkələdi:

Eşidirsənmi?.. Mən burdayam...

Sözlərin Allaha, bir də Qadına deyilməkçün yarandığını pıçıldayan heykələ dönmüş Gözləri oxuyanacan Vaqif az qala bütün sualları verdi; əyri yoldan, yetim dalandan, tək vələsdən, uzaq səsdən, yaxın kölgədən soruşdu, ötən atlıdan, ağacdan, küləkdən, birlikdən və təklikdən, ruhdan, Allahdan... soruşdu. Bu tərs sualların cavabını gözləyə-gözləyə mehriban ayrılıqların, yanan yağışların, yerdən göyə yağan qarın altında əriyən tənhalığın şəklini - dadını qorxuların yaddaşına yazdı. Yaddaşda susuzluq yatıran bir şey görməyəndə Səsini xatırladı:

 

Milyon insan səhrasında

Yalqızlıqdan dona-dona

Günəşlə aram soyuyur

Səsim hardadır, ay ana?

 

Təkcə naqolay sualları deyildi onu "yad" göstərən. Vaqif Səmədoğlu şeirinin intonasiyası epiqon - birtipli ənənənin "ekzotik milliliyin" intonasiyasını diksindirdi.

 

Çörək pulu tutdu

Ayın-günün qabağını.

Qara gün gəldi.

 

Vaqif heç bir halda ənənəni qovmurdu, keçilmiş yolu rədd etmirdi, ənənə ilə köhnənin fərqini - eyniliyini kəsən nöqtəni görə bilirdi:

 

Keçmişə əlvida demək olmaz,

gələcəklə

vidalaşa bilər insan ancaq.

 

Onun keçmişə və gələcəyə baxışı o qədər aydın, rahat idi ki, Rəsul Rza demiş, "nadan yüz yol oxusa, anlamazdı".

Bizdən qorxmayın, yox,

Qorxun bizdən sonra gələnlərdən...

Bir kəs bilmir niyə, nəylə,

Hansı niyyətlə gəlir onlar.

Bir kəsin də ağlına gələ bilməz

Haradan çıxacaqlar

Bizdən sonra gələnlər...

Nəğmələri necə, nəğmələrinin sözü necə,

Nədən olacaq?

Öldürməyəmi gələcəklər ancaq,

Yoxsa

Nəsə deyəcəklər sizə

Başınız üstə

Qılınc qaldırmaqdan qabaq?

Qorxun,

Qorxun bizdən sonra gələnlərdən...

 

Vaqif Səmədoğlu bütün gerçək və böyük istedadlar kimi, şair obrazı yaratmaq haqqında düşünmədi, Vaqif Səmədoğlu Obraz oldu. Vaqif Mustafazadə muğamla cazın təfsirində yeni bir səhifə açdığı kimi, Vaqif Səmədoğlu şeirin "caz və saz" təfsirini yaratmaqla milliliyin mahiyyətinə endi - milli-mənəvi varlığın ümumbəşəri ifadəsini verməklə yanaşı, milliliyin həm də ciddi sosioloji problemlərin daşıyıcısı olduğunu bir daha təsdiq etdi.

 

Sən ki neçə dildə eşitmişdin

Azadlıq sözünü.

Sən ki seçə bilirdin

Dünyanın əyrisini, düzünü.

Sən ki oxumuşdun,

ümidin göz yaşını,

Dəsmal kimi silməkçün

yazılmış şeirləri.

Sən ki

Dünyanın neçə pəncərəsindən

görmüşdün səhəri...

 

Vaqif Səmədoğlu həmişə ürəyini Səməd Vurğunun - azadlığı boğulan zəncinin qəzəbindən dümağ olmasını görüb-yaşamış atasının - xatirəsinə söykəyib üşüyən azadlığı sığalladı:

 

Yad ellərin qarı yağır,

Nə vaxtdır elimizə.

Vaqif Səmədoğlunun sualları passiv romantik şair düşüncəsində ilişib qalmırdı, 60-cı illərin sonunda ittiham ladında Birləşmiş Millətlər Təşkilatına tuşlanırdı, Vyetnam dərdinə diqqət çəkməklə, ikiyə bölünmüş vətən ağrısının tanış qəmli ağrısına resept yazırdı.

 

Vətən şirin şeydir,

şirindir, talan olsa da...

Amma ikiqat şirindir

İkiyə bölünmüş Vətən!

...Onda ikiqat cəsarətdən,

vaxtında silaha dönə biləcək qeyrətdən

asılıdır onun taleyi.

 

Vaqif Səmədoğlu Vətən dərdini İnsan ümidinin özü bilirdi. Vaqif Səmədoğlu heç vaxt Vətənə tribunalardan, rəyasətdən sevgi söyləmədi. Vaqif Səmədoğlu Vətəni yaşadı - sevgi kimi yaşadı, bütöv yaşadı. Vaqif Səmədoğlu ölümə, həyata, cəmiyyətə, hakimiyyətə... müxalifət mədəniyyəti - birlik nümunəsi yaşamağa və yaşamağı öyrətməyə gəlmişdi...

 

Məndən uzaq gəzməyin,

bir-birinizdən də.

Tək qoymayın məni

bir-birinizi də.

 

Vaqif Səmədoğlu hansı janrda, nə yazdısa, insanları sevgiyə öyrətməkçün yazdı. Yazdıqları ilə Janr ola bildi. O, şeiri kimsədən öyrənmədi; o, Sözdən doğulmuşdu.

 

Mənə şeir yazmaq öyrət,

öyrət, canavar izi...

Bilinsin ki, hardan gəlib,

Hara gedir sözlərim.

Yaşamağa,

Torpaqda sənin kimi qalmağa

Haqqı olsun şeirlərimin,

Olsun, canavar izi.

 

Vaqif Səmədoğlu insanı rəng kimi, səs kimi, söz kimi görə bilməyə öyrədirdi oxucusunu. Onun yaradıcılığının rəngi qarışıq rəng olan bənövşəyiyə daha yaxındır. Bu rəngdə üç xalis rəngdən ikisi - qırmızı və göy iştirak etsə də, qırmızı kimi isti deyil, onun kimi imtinaya meyillidir, daxili enerjinin sərbəstliyini ifadə edir, göy rəng kimi, qaranlıq üzərində işığın qələbəsini təmsil edir. Bənövşəyidə həm də sarı rəng var - göylə qırmızının arasında mövqe; bir az bədbin, bir az yorğun... Vaqif Səmədoğlu yaradıcılığı bənzədiyi bənövşəyi rəng kimi - sintezdir. Dövr, tərz, mədəniyyətlərin müqayisəsinə səsləyən əlahiddə təqdimat nümunəsidir. Hansısa bir zamandan, hansısa bir düşüncə mədəniyyətindən gəlmiş, yaxud qopub ayrılmış bir meteoru xatırladır. Poetik sintaksisi son dərəcə dramaturji, son dərəcə kübar, son dərəcə bəşəri... Həmişə maraqlı olacaq, ünsiyyətə səsləyəcək.

Vaqif Səmədoğlunu yad etmək sözü artıq görünür.

Vaqif Səmədoğlunu oxumaq da gərək deyil,

Vaqif Səmədoğlunu öyrənmək gərək deyil,

Vaqif Səmədoğluya heyran olmaq da yetmir.

Vaqif Səmədoğlunu sadəcə, yaşamaq gərək.

 

Başqa yol qoymur axı...

Birdən çaşıb

Məktub yazmaq istəsən mənə

Belə yaz

Üstünü məktubun:

"Moskva K9

Do vestrebovaniya.

Samomu nesçastnomu"

Dar teleqraf pəncərəsindən

Neçə insan əli

Uzanacaq məktubuna.

İtəcək əlimin tənhalığı

əllər içində...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!