Sənətkarlıq və yazıçılıq missiyası - Nəriman Əbdülrəhmanlının 65 yaşı üzərinə - Bədirxan ƏHMƏDLİ

Bədirxan ƏHMƏDLİ

 

Nəriman Əbdülrəhmanlı həyatını ədəbiyyata həsr etmiş, dolğun yaradıcı ömrü yaşayan və Sözlə nəfəs alan, İnsan, Zaman və Həyatla bağlı düşüncələrini əsərlərinə yansıtmağı bacaran yazıçılarımızdandır. Onun publisistik yazıları, nəsr əsərləri, tərcümələri, ssenariləri, dünya ədəbiyyatı topluları, folklor və kino araşdırmaları, çağdaşları haqqında yazıları, tədqiqatçılığı, ürək sözləri ədəbiyyata sevgisini əks etdirir və peşəkar özünüifadəsinin müxtəlif təzahürləridir. Qələmə aldığı əsərlər eyni zamanda da Nərimanın geniş mənada mədəniyyətə, həyata, cəmiyyətə münasibətidir.

Nərimanın həyatını ədəbiyyatdan, mədəniyyətdən, cəmiyyətdən, bütövlükdə milli-mənəvi zənginliyimizdən kənarda təsəvvür etmək çətindir. Təkcə qələmə aldıqlarının statistik mənzərəsini göz önündə canlandırsaq, bu, az qala, onun ədəbiyyatdan və mədəniyyətdən kənarda şəxsi həyatının olmadığı qənaətini yaradır. Ədəbiyyat onun üçün yaşam tərzi, yazmaq isə məsləkdir, yaşadığı ömründə də yaşam tərzinə və məsləkinə heç zaman xəyanət etməyib. Abbas Səhhətin sözləri ilə desək: "Məsləkim tərcümeyi-halımdır//Lütfi həqq, qayeyi-amalımdır". Bəlkə də, çağdaşım olan bir yazıçının ədəbi həyatından yazarkən XIX əsrin axırı - XX əsrin əvvəlinə müraciət etməyimin də bir səbəbi var: Nəriman ədəbiyyata məslək kimi baxır və XIX-XX əsr yazıçı və şairləri kimi, bunu vətəninə, xalqına, milli mədəniyyətinə, gələcək nəslə xidmət sayır.

Bu məslək həmin dövrdə yaşayıb-yaratmış maarifçi şair və yazıçıların hər birinin taleyi idi. Maarifçilik dövründən, zamanından asılı olmayaraq, yazıçının cəmiyyəti yetişdirə biləcək vazkeçilməz missiyasıdır. Nəriman Əbdülrəhmanlı da maarifçi realistlər və romantiklər kimi, bunu heç bir təmənna, imtiyaz güdmədən, sadəcə ədəbiyyat, sənət naminə edir, qarşılığında isə şəxsi həyatının bir çox rahatlıqlarından vaz keçməli olur. Onu, sözün əsl mənasında, əkinçiyə bənzətmək olar: həmişə torpaqla münasibətdədir, səpir, əkir, biçir, son dərəcə zəhmətkeş əkinçi ömrü sürür. Amma elə hallar olur ki, bəzən əkib-biçdiyindən məhsul götürməyə də bilir: "Mən heç vaxt yazıya asan iş kimi baxmamışam. Heç vaxt yazılarımın oynaq, xoşagələn olması üçün çalışmamışam".

Onun canındakı bu qədər enerjinin qaynağını tapmaq, təbiətini aydın dərk etmək çətindir. Bəlkə də, qəlbinə güc verən elə torpağa, insana, cəmiyyətə sevgisidir, daim o sevgidən güc alır, yorulub-usanmadan yazıb-yaradır. Nərimanın belə bir tükənməz mənəvi gücünə ancaq heyrət etmək olar! O, sanki bu dünyaya xüsusi bir missiya ilə gəlib, heç nəyə, heç kəsə, sağına-soluna, ətrafa, evdəki soyuducuya, gündəlik tələbata baxmadan "başını aşağı salıb" (bu ifadə məcaz kimi tez-tez işlədilir, ancaq Nəriman, yenə də elə məcazi olaraq, öz işini başını daim dik tutaraq görür) öz işi ilə məşğul olur, ona bəxş edilmiş İlahi  missiyanı həyata keçirir. Mərhum şair-publisist Tofiq Abdinin təbirincə desək, onu,  elə bil, qovurlar, daim yazmağa can atır, yazır da. İndiyəcən  yazdıqlarını bir yerə yığsan, onlarla cild kitab ərsəyə gələr, ancaq o, yenə də sanki hələ heç bir iş görməmiş kimi, qarşısına yeni hədəflər qoyur, bir-birindən sanballı layihələr gerçəkləşdirir, tərcümə ilə məşğul olur, məqalələr yazır, toplular tərtib edir...

Nərimanın yazıçı şəxsiyyəti və ziyalı intellekti üzərində ayrıca dayanmaq lazım gəlir. O, yazıçı şəxsiyyəti, yaradıcılığı, intellekti bir-biri ilə üst-üstə düşən azsaylı qələm sahiblərindəndir. Sənətçi həyatında mühüm rol oynayan bu amillər Nərimanın yaradıcılıq taleyini bəlirləyən amillərdəndir. Onu da qeyd etmək vacibdir ki, demək olar, bütün dövrlərdə yazıçı şəxsiyyəti həm də çətin, məşəqqətli sınaqlardan keçir. Mən təkcə ictimai prosesləri nəzərdə tutmuram, hökm sahiblərinin və hakim ideologiyanın yanında olmaq, dövrün meyillərinə qoşulmaq, ədəbiyyatı, sənəti hansısa keçici maddiyyata bağlamaq da onun təbiətinə yaddır. Nərimanın həyat və sənət haqqında özünəməxsus prinsipləri var. Sənəti heç zaman gündəlik həyata qurban vermir, bunun ağlına belə gətirmir. Elə təbiətində də kimsəyə, həyatın şərtlərinə boyun əyməmək, başını daim dik tutmaq, vüqarını saxlamaq, şəxsiyyətini qorumaq amili özünü aydın göstərir.

Nəriman həyatının ən çətin anlarında belə iş yerindən asanlıqla ayrılıb, aylarla maddi çətinliklərə məruz qalıb, ancaq yaşam prinsiplərində zərrə qədər də güzəştə getməyib, kimsəyə bir kəlmə belə deməyib, kimsəni günahlandırmayıb, həyatda hər şeydən dəyərli saydığı vaxtını mənasız mübahisələrə, nəticəsiz mübarizələrə həsr etməyib, sadəcə dərzi kimi iynəsini yaxasına sancıb, papağını götürüb gedib. Ancaq Nərimanın nə üçün və kimə görə bu addımı atdığını yalnız onun xarakterinə bələd olanlar biliblər, vəssalam! Elə müsahibələrinin birində də həyat kredosunu bu cür ifadə edir: "Öz prinsiplərimə görə çox şeydən imtina etmişəm. Karyeradan da, şəxsi mənfəətdən də. Bəlkə, bunu bir çoxu mənim mübarizə aparmaq iqtidarında olmamağım kimi qəbul edə bilər, ancaq görəndə ki, mübarizə aparmaq mənasızdır, mübarizədən imtina etmişəm...". Əlbəttə, həyat prinsiplərindən geri çəkilsəydi, bu cür maddi və mənəvi sarsıntılar keçirməyəcək, bəlkə də, ədəbi karyerasında başqa bir mərtəbəyə yüksələcəkdi, ancaq qəti əminəm ki, artıq həmin Nəriman olmayacaqdı, oxucuları ilə yaradıcılığına xas olan səmimiyyəti qura bilməyəcəkdi.

Nəriman ədəbiyyatın və mədəniyyətin çoxsaylı janrlarında yazıb-yaratmasına rəğmən, daha çox yazıçıdır və qətiyyətlə söyləmək olar ki, özünü nəsrdə daha yaxşı, daha mükəmməl şəkildə ifadə edə bilir, necə deyərlər, suda balıq özünü necə hiss edirsə, Nəriman da nəsrdə o cür İlahi sərbəstlik duyur. Bu səbəbdən də, yaradıcılığının müxtəlif yönləri olsa da, onun başlıca peşəsi yazıçılıqdır: "Mənə ən doğma sahə nəsrdir. Tərcüməçilik naşükür peşədir, əsasən, kökdən düşməmək, sözlə aramdakı bağın qırılmasına imkan verməmək üçün tərcüməylə məşğul oluram. Nəsr isə mənim taleyimdir". Nərimanın bu sözlərində böyük həqiqət var. Təkcə ona görə yox ki, ədəbi cameə də onu ən çox yazıçı kimi tanıyır, həm də ona görə ki, qələmə aldığı əsərləri ilə Azərbaycan nəsrinə bir çox yeniliklər gətirib, necə deyərlər, ədəbiyyatımızda öz halal yerini tutub. Elə özü də bir nasir kimi yaşadığı həyatın düzgünlüyünə inanır, rastlaşdığı bütün çətinliklərinə baxmayaraq, çıxdığı yolda ancaq irəliyə doğru addımlayır: "Mən yazdıqlarıma görə çox rahatam. Əminəm ki, bütün əziyyətlərimə baxmayaraq, düz yoldayam, yazdıqlarımdan peşman deyiləm, çünki əsərlərim mənim ən böyük qazancımdır". Nəriman yazıçılıq məsləkinə o dərəcədə bağlıdır ki, "bu, mənə Tanrı tərəfindən verilən ilahi koddur", - qənaətinə gəlir, biz də belə bir qənaətlə hesablaşmalı oluruq.

Nəriman həm də o yazıçılardandır ki, haqqı olan, öz istedadı və zəhməti ilə çatdığı ictimai məqamdan istefa verməyi bacarıb. Məncə, bu fakt ədəbi mühitimizdə nadir rast gəlinən hadisələrdəndir. Bu, həm də yazıçı məsuliyyətidir, çünki yazıçı cəmiyyətdə baş verən hadisələri qələmə alır, təhlil edir, əgər özü yazdıqlarına əməl etmirsə, oxucu ilə arasındakı səmimiyyət bağı da qırılır. Bəlkə, elə Nəriman Əbdülrəhmanlının oxucu sevgisi qazanmasının, əsərlərinin oxunmasının səbəblərindən biri də elə budur. Nərimanın bu hərəkəti həm də təşkilatla bağlı bugünkü müzakirələrin mənasız olduğu qənaətini ifadə edir. Nəriman bununla, əslində, yaradıcılığın hər hansı bir təşkilatdan kənar proses olduğunu sübut edir, bu kredosunda da tamamilə haqlıdır: "Ədəbiyyat ədəbi qurumlarda yox, qələm adamının intim, qapalı aləmində, ancaq özünə məxsus olan yazı masasının üstündə yaranır".

Nəriman Əbdülrəhmanlının ədəbiyyatın yaranması, cəmiyyətdə və insan taleyində rolu, çağdaş dövrdə funksiyası, qəhrəman problemi, təsvir imkanları və s. kimi nəzəri problemlərlə bağlı özünəməxsus fikirləri var. Həmin fikirlər olsun ki, yazıçının təbii instinktinə söykənib, subyektiv düşüncələrini əks etdirir, ancaq təhlil zamanı hər hansı yazıçının qələmə aldığı əsərlər, yaratdığı obrazlar, üslub texnologiyası barədə düşüncələri onun dünya ədəbiyyatı səviyyəsində ifadə imkanlarına malik olduğu qənaətini doğurur. Həm də Nəriman nəzəri düşüncələrində bu səviyyəni hər zaman qoruyub saxlayır. Bəlkə də, bu, onun dünya ədəbiyyatına yaxşı bələd olmasından, bir çox sanballı nəsr nümunələrini dilimizə ustalıqla çevirməsindən, həm də müxtəlif ədəbi cərəyanları, meyilləri, üslubları yetərincə mənimsəməsindən irəli gəlir. Yazıçı həm əsərlərində, həm də ədəbiyyata yanaşmasında yüksəldiyi səviyyəni həmişə gözləyir, üstəlik, oxucunu da buna hazırlayır, yəni intellekt məhsulunu bu kontekstdə təqdim edir.

Nəriman həm oxucu, həm yazıçı, həm də ziyalı kimi ədəbiyyata böyük dəyər verir, onun cəmiyyətdəki funksiya və missiyasını düzgün müəyyənləşdirir, bununla bağlı düşüncələri ənənəvilikdən kifayət qədər uzaqdır: "Mənə görə, ədəbiyyat nə tərbiyəçidir, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğularını, görüşlərini SÖZlə ifadə eləmək sənətidir. Əsl ədəbiyyat, əslində, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidir".

Nəriman üçün hər şey "ƏLAHƏZRƏT bədii mətn"dən asılıdır. Bütün bədii mətnlərində "ƏLAHƏZRƏT BƏDİİ MƏTN" anlayışını qoruyub saxlamağa çalışır, mümkün qədər buna nail olur. Bu mənada, yazıçı özünə qarşı çox tələbkar, hətta deyərdim ki, qəddardır, mətnlə bağlı məsələdə heç nəyə güzəştə getmək istəmir. Çünki yaxın dövrdə, yəni sovet dövründə sosrealizm kontekstində yazılmış əsərlərin öz ömrünü tez, həm də kədərli şəkildə başa vurduğunu unutmur. Elə bu dövrdə də sosrealizm kontekstində qələmə alınmasa belə, onun kimi ideoloji çalarları aydın nəzərə çarpan kifayət qədər əsərlər var. Amma Nərimanın yaradıcılığında zəmanənin istəyinə hesablanmış bir bədii mətn, ideoloji obraz belə tapmaq çətindir.

Nəriman bənzərsiz üslub ustasıdır, ədəbi priyomlardan, dilin zəngin söz fondundan və ifadə imkanlarından bacarıqla istifadə edir. Eyni zamanda, onun üslubu əsərdən-əsərə dəyişir, zənginləşir, funksionallıq qazanır. Nəriman yazıçı kimi üsluba xüsusi fikir və önəm verir: "Üslubu mövzunun özü verir. Onun süni şəkildə qurulması mətndə özünü dərhal göstərir... Dünya ədəbiyyatında ən sanballı əsərlər özünəməxsus üslub nümunəsidir". Nərimanın üslubu həm də dilimizin koloritini özündə bütün dolğunluğu ilə əks etdirir, fuksional imkanlarının genişliyinə görə son dərəcə maraqlıdır. Bədii üslubun ən vacib cəhətlərindən biri olan obrazlılıq Nərimanın yazıçı üslubunun aparıcı xəttidir. Nərimanın üslubu mürəkkəb, çoxqatlı, çoxsəsli olsa da, oxucunu yormur, əksinə, fikirdən-fikrə, cümlədən-cümləyə dinamikləşir, ritmik funksionallığını artırır. Bəzən onun bir cümləsi bütöv hekayə, tale mətni kimi oxunur, oxucunu çəkib öz ardınca aparır. Yazıçının cümlələrdəki informasiyalılıq müəyyən ölçüylə, ritmlə əvəzlənir, həm də bu ritm obrazın əhvalına uyğun olaraq davam etdirilir. Bu məqamda Nəriman Əbdülrəhmanlının yazıçı üslubunun bir özəlliyini də qeyd etməmək olmaz. O, nəsr dilində nadir hallarda dialoqlardan istifadə edir. Nəriman dialoq deyil, monoloq ustasıdır, mətnlərində daha çox daxili diskursa önəm verir ki, bu da təsvir etdiyi hadisənin, yaratdığı obrazın mahiyyətini açmaqda köməyinə çatır. Onun yalnız bir neçə əsərində ("Göy adamı" povestində, "Könül elçisi" və "Qurban" romanlarında) dialoqla qarşılaşırıq ki, bunu da konkret mətnlə bağlı seçdiyi üslubun tələbi kimi qəbul etmək olar. Hekayələri bir yana, "Yalqız", "Yolsuz", "Yolçu", "Taclı", "Şəms" kimi irihəcmli, epik (üç son əsər) romanlarda monoloqla nəfəs genişliyini və bütövlüyünü saxlamaq, akademik K.Abdullanın təbirincə desək, həqiqətən, əsl ədəbi hünərdir.

Nəriman bədii düşüncədə bu vaxtacan tanış olmadığımız yeni məkan açdı. Həmin məkan dili, üslubu, obrazları, obrazların dünyagörüşü, həyat fəlsəfələri, həyata baxışları, süjet xətləri, bədii təsvir və ifadə vasitələri, ideyaları ilə yepyeni dünyadır. Onun mətnləri həyatı, dünyanı modern düşüncə ilə ifadə edir, daha çox insana doğru istiqamətlənib, onun mahiyyətini açan obraza yönəlib. Yazıçının qələmə aldığı İnsan irrasionaldır, özü ilə, daxili ilə diskursdadır, beyin fırtınası aparır, həyatla barışıq yolları arayır, daim hərəkətdədir. Onun obrazları cəmiyyətə güzgü tutur, humanizm mesajları verir, sevgini, böyüklüyü, sadəliyi, xoşgörünü, sevinci, kədəri əks etdirir. Nərimanın bir çox obrazları sanki proqram xarakterlidir, yəni cəmiyyətdəki rolunu aydın qavrayır, ona uyğun hərəkət edir, bəzən üsyana qalxır, bəzən isə niyyətini səssiz-səmirsiz həyata keçirir, lakin bütün hallarda cəmiyyətdəki varlığını büruzə verir. Yazıçının obrazlarının cəmiyyətdə bir missiyası var və onlar məhz həmin missiyanı gerçəkləşdirirlər.

Nərimanın bədii-tarixi mətnləri yenidir, orijinaldır; bu mətnlər keçmişin empirik dərkindən çıxaraq bizi ideyalar aləminə aparır, yeni biliklər aşılayır, sistemsiz bildiyimiz tarixi faktlara, həyata rasionallıq modeli aşılayır. Həmin mətnlərin yazıya alınmasının arxasında tarixin və keçmişin çağdaş dərki və gələcəyin təsəvvürü dayanır. Yazıçının mətnləri təkcə cəmiyyətin və onun ideyalar aləminin deyil, həm də təbiətin, coğrafiyanın tarixi kimi mənalanır. Bəlkə, buna görə özünü yalnız səthi cəhətdən göstərən postmodernizmə meyil etmədi, keçmişlə üzəyarı haqq-hesab çəkmək fikrinə düşmədi, postmodernist təfəkkürünü ortaya qoyduğu metamətnlərdə göstərdi..

Nərimanın bədii dili koloritlidir, xalqın dünənini və bugününü ifadə edir. Bir müsahibəsində "Milli ədəbiyyat deyəndə ərazimizi və dil faktorunu nəzərdə tuturam. Ədəbiyyatın milli, dini sərhədləri yoxdur. O, insanla, insan ruhu ilə bağlıdır" fikrini işlədir ki, bununla da ədəbiyyatın milliliyini, millət və dil amilinin üzərində qurulmasını vurğulayır. Nərimanın dilində təşbehlər, metaforlar yeni, emosional və ekspressivdir. Ədəbiyyatşünas-alim R.Kamalın təbirincə desək, "...nasirin təhkiyə dili o qədər səliqəli-sahmanlıdır ki, bəzən buna acığın da tutur. Dilin sintaksisinin bilərəkdən pozulmasını arzulayırsan. Ancaq Nəriman cümlələrin ritm-intonasiya axarını dəyişmir, pozmur. Burada yalançı qışqırtı, kənar hay-küy, poza intonasiyası yoxdur".

Nəriman bədii mətnlərini yaradanda dilin və üslubun, demək olar, bütün komponentləri və zənginliyi üzə çıxır. Nəriman sözün alt qatlarına baş vurur, getdikcə dərinlərə dalır, dərinlərə daldıqca dili daha da zənginləşir. Onun mətnləri lüğət tərkibindən tutmuş, frazeoloji söz birləşmələrinədək sanki bütöv bir konstruksiyadır. Nəriman xalq dilinin özünəməxsus ab-havasını yaradır, dialektelogiyanın unudulmuş, yaddan çıxmış sözlərinə yeni həyat verir. Bu amil yazıçı üçün ən mühüm məsələlərdən biridir. Nərimanın nəsr dilinin lüğət tərkibi çox zəngindir, fikrimizcə, yalnız bu zənginliklə təsvir etdiyi hadisələrin psixoloji dərinliklərinə enə bilir. Mənim uşaqlıqda kənddə eşitdiyim yüzlərlə, minlərlə sözü onun əsərlərində yenidən həyata və yaddaşımıza qaytardığını görürəm.

Nərimanın romanları çağdaş bədii nəsrimizdə özünəməxsus yer tutur, bu əsərləri ilə o, ədəbiyyatımızda yeni roman mərhələsinin başlanğıcını qoyur. Onun özünəməxsus ədəbi dünyası və bədii üslubu var, həm də bu üslub sadə mexanizm üzərində qurulur: yazıçı yaşadığı dünyanın gerçəkliklərini qəlbinin və ağlının süzgəcindən keçirərək yeni dünya yaradır. Nəriman modern romançı kimi insan ruhunun dərinliklərini və gizlinliklərini bütün dolğunluğu ilə üzə çıxarmağa can atır. Hər növbəti romanda yazıçının yeni dünya yaratması və həmin dünyanı bütün təfərrüatları ilə oxucularına tanıtması sənətdə yeni mərhələnin yaradılması deməkdir. Bu mənada "Yalqız", "Yolsuz" və "Yolçu" triadasını  bütün parametrlərilə (mövzu, problem, ideya, obrazlar, dil və struktur və s.) həm yazarın, həm də nəsrimizin ədəbi hadisələri olaraq diqqəti cəlb edir.

Nərimanın nəsr dili çox çevikdir, demək olar, onun bədii mətnlərində artıq hadisələr, fikirlər, cümlələr, sözlər belə yoxdur. Hətta bədii mətnlərinin əvvəlindən sonunadək dil materialından hər hansı bir sözü, ya hissəni çıxarmaq mümkün deyil. Zatən çoxqatlı süjet xətlərinin çarpaz təsvirinə yazıçı dilin çevikliyi, sözlərin, cümlələrin məna yükü hesabına nail olur. Onun bəzən yarım səhifə, ya bir səhifə davam edən nəsr sintaksisi aydındır, oxucunu yormur, fikir yüklü olduğundan semantik və üslubi məna daşıyır.

Nərimanın nəsr yaradıcılığı üslub polifonikliyi və sintetikliyi ilə diqqəti cəlb edir. Hekayələri də daxil olmaqla hər bir əsərində yazıçı fərqli, bədii materialı bütün təfərrüatları ilə ifadə edən bənzərsiz və yaradıcı üslubdan faydalanır.  Bəlkə də, yazıçı kimi Nərimanın uğurlarını şərtləndirən əsas amillərdən biri də budur. Onun yazı üslubu yalnız öz yaradıcılığında deyil, ümumən Azərbaycan romançılığında yeni və orijinal olduğu kimi, həm də ayrıca mərhələ təşkil edir. Yazıçının üslub sintetikliyi romandakı hadisələri bir-birinə bağlayır, eyni anda bir çox zaman və məkan ünsürünü, baxış bucağını əhatə edə, onları bir-biri ilə qarşılaşdıra, eləcə də birləşdirə bilir. Onun fövqəladə sintez yetənəyi dərin, çoxqatlı həyati görüşlərini, bədii gerçəklikləri təsvir etmək, hadisələrin fəlsəfi mahiyyətini açmaq üçün yetərli olur. Bütün bunlara rəğmən, Nərimanın yazıçı üslubunun ən böyük özəlliyi təbiiliyi, hadisələri sıralama ilə, sadə, sadə olduğu qədər də tutumlu, ictimai, fəlsəfi yüklü fikirlərlə davam etdirməsidir. Onun bənzərsiz üslubu elə ilk cümlədən oxucunu sehrləyərək əsərin sonunadək onu buraxmır, öz varlığını qəbul etdirir.

Nərimanın tarixi salnamə romanları sanki keçmişin arxeoloji qazıntılarıdır, o mətnlərdə hər zaman sürprizlərlə qarşılaşmaq mümkündür. Onun qələmə aldığı əsərlər bizə yalnız keçmişin mövcudluğunu xatırlatmır, həm də vaxtilə yaşanmış ömrə bədii təxəyyül yolu ilə işıq salır, onu yenidən bərpa edib özümüzə qaytarır və gələcək nəsillərə ötürür. Bu, həm də tarixi Yaddaşdır. Danılmaz həqiqətdir ki, yaddaş nə qədər möhkəm olsa, xalqın yaşam ömrü də o qədər uzun olur. Deməli, yazıçı həmin mətnlərlə bizə tarixi Yaddaşımızı qaytarır.

Nəriman Əbdülrəhmanlı nəsri bulaq kimi çağlayır, dağ suyu tək təmiz, safdır; onun mətnləri gerçəkliyin dərkinə yönəlib, həm də oxucu tərəfindən yaxşı dərk olunur. Yazıçının təsvir etdiyi hadisələr bizi içində yaşadığımız cəmiyyətə bağlayır, sosial ədalətsizliyi üzə çıxarır, dəyişmənin, dəyişikliyin mahiyyətini anladır. Çağdaş cəmiyyətdəki mühitin insanı yadlaşdırması, yeni münasibətlər sisteminin müxtəlifliyi, mürəkkəbliyi əsərlərində ən yaxşı şəkildə öz əksini tapır.

Nəriman Əbdülrəhmanlı şəxsiyyəti yaradıcılığının monumentallığı ilə  harmoniya təşkil edir - o, sanki yazıb-yaratmaq, ortaya sanballı əsərlər qoymaq üçün dünyaya gəlib. Nəriman çağdaş ədəbi prosesin mərkəzində qərar tutub, eyni zamanda, əsərlərindəki nəsr texnikası və bədii texnologiyaları, ideya və məzmun çoxqatlılığı ilə bədii nəsrimizi dünya nəsrinə xeyli dərəcədə yaxınlaşdırıb. Yazıçı öz yaradıcılığı ilə cəmiyyətə müəyyən mesajlar verməyi, insanları düşündürməyi bacarır, həm də yazdıqlarına inanır və oxucunu da buna inandırır. Bununla yanaşı, o, həyatda son dərəcə orijinal və təvazökardır, özünün zəngin, intellektual dünyası olan azsaylı qələm adamlarındandır. Bu şəxsi keyfiyyətlər, ilk növbədə intellektuallıq və intertekstuallıq onun əsərlərində və yaratdığı obrazlarda da özünü göstərir. Nəriman milli ədəbi prosesdəki yerini və mövqeyini yaxşı görür və dönmədən, yorulmadan üzərinə düşən yazıçılıq missiyasını həyata keçirir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!