“Qaf”ında müzmər kuhi-Qaf" - Mətanət VAHİD

Seyid Əzimin bir beytindən yola çıxaraq

Mətanət VAHİD

 

Təsəvvüf poeziyasında eşq anlayışının izahı müxtəlif yanaşma və yorumlarla meydana çıxır. Seyid Əzim Şirvaninin “Eşqdə Məcnun kimi aləmdə çoxlar vurdu laf...” misrası ilə başlayan qəzəlindəki

                 Eşq özü üç hərfdir: “eyn”i onun – eyni riza,

                “Şin” – işarə şükrünə, “qaf”ında müzmər kuhi-Qaf   –  

beytindən yol alaraq, bəzi məqamlara aydınlıq gətirmək istədik.

    Buradakı “eşq” kəlməsi onun ən ali mərtəbəsi olan İlahi eşqi ifadə edir və bu sözü təşkil edən hər hərfdə belə, Allahın zatının mövcudluğu əks olunub. Beytdəki “eyni riza” ifadəsini Ramiz Faseh “Füzuli şeirində təsəvvüfi qaynaqlar” (2000) kitabında belə izah edir: “Seyid Əzimin dediyinə görə, eşq kəlməsindən olan əyn hərfi rizanın gözüdür, riza Allahın adlarından biri olub, razı olmaq deməkdir; çünki əbcəd hesabı ilə riza kəlməsində olan rey hərfi 200, zad və yaxud dad hərfi 800 və əlif hərfi isə 1 deməkdir ki, cəmi 1001 edər və bu da Allahın min bir adı olduğunun rəmzidir.”  

     Müəllifin bu fikrini doğru şərh hesab etmirik. Əvvəla, ona görə ki, ədəbiyyatlarda Allahın 1001 deyil, yalnız 99 adı çəkilir; onların arasında “riza” adı yoxdur. Allahın gözəl isimləri içərisində yer alan “Rəzzaq” adı isə “razı olmaq” deyil, “ruzi verən, ehsan edən” mənasını verir. Fikrimizcə, şeirdəki “eyni riza” ifadəsi “rizanın gözü” deyil, bolluca razılıq mənasında işlədilən “razılıq çeşməsi” kimi izah edilsə, daha doğru olar. “Ərəb və fars sözləri lüğəti”ndə “eyn” kəlməsi belə mənalandırılır: “1) göz; 2) çeşmə, bulaq; 3) bir şeyin, bir adamın zatı; 4) bir şeyə çox bənzəyən; 5) sırf, xalis; 6) varlıq, gözə görünən varlıq.” Odur ki, “eyni riza” ifadəsinin şərhinə ən az uyğun gələni elə “rizanın gözü” izahıdır. Fikrimizcə, bu kəlməni Yaradanın bəndədən çox razı qalması, sırf razılıq kimi şərh etmək daha doğrudur.

    R.Faseh daha sonra yazır: “Eşqdə olan şin hərfi Allahın şükrünə işarədir.” Qeyd edək ki, şükür “Allahın” deyil, Allahadır. Yəni, “şin” – bəndənin Tanrıya olan şükrünə işarədir. Bu beytdə ən çox diqqət çəkən fikir “qaf”ında müzmər kuhi-Qaf” ifadəsidir: qaf – ərəb əlifbasında hərf, eyni zamanda, Quranın 50-ci surəsinin adıdır.

   Maraqlıdır ki, “Qaf” surəsinin məzmununda bu adla bağlı heç bir məlumat yoxdur, sadəcə olaraq, surə Qaf hərfi ilə başlayır. Bəlli olduğu kimi, Quranın bir neçə surəsi ilahiyyatçı alimlər tərəfindən izah oluna bilməyən bu cür hərflərlə başlayır. Məsələn, elə Müqəddəs Kitabın ilk surələrindən olan “Əl-Bəqərə”nin birinci ayəsi “Əlif. Lam. Mim.” şəklindədir. F.Razi bu hərflərin özündə çox böyük sirr daşıdığını nəzərdə tutaraq belə söyləmişdir: “Göz günəş işığına davam gətirə bilmədiyi kimi, ağıl da bu sirlərə bələd olmağa dözə bilməz.” Quran təfsirçisi Ə.Nasir əs-Səədi bu barədə yazır: “Quran surələrinin böyük bir hissəsinin başlanğıc götürdüyü “ayrı-ayrı hərflərə” gəldikdə isə yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək, çünki bütün mövcud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir.” Müəllif onu da qeyd edir ki, bu hərflər səbəbsiz deyildir və bizim bilmədiyimiz müdrik niyyətlərlə bağlı nazil edilmişdir.           

      R.Faseh buradakı “qaf”ında müzmər kuhi-Qaf” ifadəsinin açıqlamasını verərkən qeyd edir ki, “Qaf” surəsində Qaf dağının adı çəkilir. O, ayəni belə tərcümə edir: “Qaf vəlquranil məcid”, yəni and olsun Qaf dağına və əzəmətli olan Qurana.” Fikrimizcə, buradakı “and olsun Qaf dağına” ifadəsi təhrifdir, çünki həmin ayədə “dağ” sözü işlənməyib. Quranın ayrı-ayrı müəlliflər tərəfindən dilimizə olunduğu tərcümələrdə “Qaf” surəsinin birinci ayəsinə nəzər salaq: N.Qasımoğlunun açıqlaması: “Qaf. And olsun bu Quran-i Məcid-ə” V.Məmmədəliyev və Z.Bünyadovun tərcüməsi: “Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!” Və Ə.Musayevin tərcüməsi: “Qaf. Şərəfli Qurana and olsun.”

    “Qaf” surəsinin nəinki birinci, ümumiyyətlə, heç bir ayəsində və o cümlədən, bütövlükdə Quranda və Peyğəmbərin (s.) hədislərində Qaf dağının adı çəkilmir. Bəzi əfsanələrə görə, Qaf bütün dünyanı çevrələyən bir dağın adıdır; bəziləri hətta onun şəffaf, digərləri zümrüd rəngli olduğunu, orada cinlər yaşadığını və s. fkirlər söyləyirlər ki, bu da müxtəlif dünya xalqlarının mifoloji dünyagörüşü və dini inanclarının məhsulu olan uydurmalardır. Bununla belə, Qaf dağı bir çox xalqların folklorunda sonsuzluğun, sərhədsizliyin, əlçatmaz ucalığın simvolu kimi işlənməkdədir.

     Mifoloji görüşlərdə Qaf dağı ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür. Məsələn, bir mifdə Qaf dağının boşluqda sallanan dünyaya dəstək olduğu, bir başqasında onun dünyadakı bütün dağların anası olduğu deyilir – guya dünyanın bütün digər dağları ona yeraltı damarlar vasitəsiylə bağlı imiş. Başqa bir rəvayətdə isə Qaf dağının görünən və görünməyən dünyalar arasında yerləşdiyi bildirilir. Bütün dünya xalqlarının folklorunda özünəməxsus yeri olan Qaf dağının adı “Min bir gecə nağılları”nda da tez-tez çəkilir. Hətta bu dağın Azərbaycanda yerləşməsi ilə bağlı fikirlər də mövcuddur. Belə ki, bəzi müəlliflərə görə, əfsanəvi Simurq quşunun məskəni olan Qaf dağı Qafqaz sıra dağlarından birinin – Elbrusun qədim adıdır. Mifologiyaya görə, bu dağ xəyali varlıqların yaşadığı, ətrafı sularla əhatələnmiş, keçilməz yüksəkliyə malik dağdır. Eyni zamanda, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) yerləşən Qafan rayonunun adını da bu dağla əlaqələndirənlər və “Qafın yerləşdiyi ərazi” anlamı verdiyini söyləyənlər var.

    İbn Cərir və İbn Münzirin rəvayətlərinə görə, İbn Abbas bir hədisdə belə buyurmuşdur: “Allah Təala bu ərzin arxasından onu tamamilə qapayan bir dəniz, onun arxasında da bir dağ yaratmışdır ki, o da Qaf dağıdır.” Bu hədisdən belə nəticə hasil olur ki, Qaf deyilən dağ bütün kürreyi-ərzi əhatə edir. Lakin Qaf dağı ilə bağlı rəvayətlərdə Peyğəmbərimizə (s.) istinad olunmadığı üçün bu hədislərin doğruluğu çox böyük şübhə doğurur. S.N.Bədiüzzaman özünün “Mühakimat” adlı əsərində bu məsələ ilə əlaqədar olaraq ətraflı bəhs etmişdir. O, Qaf dağı ilə bağlı rəvayətlərə təmkinlə yanaşaraq, belə bir fikir irəli sürür: “Bir şeyin mahiyyətinin keyfiyyətini bilmək başqadır, onun varlığını təsdiqləmək bambaşqa”. Müəllif onu da qeyd edir ki, İbn Abbasın hər söylədiyi hədis olmadığı kimi, hər rəvayət etdiyini də məqbul hesab etmək doğru deyildir. Bununla yanaşı, Bədiüzzaman Qaf dağı ilə əlaqədar olaraq bir sıra açıqlamalar verir: O, Qaf dağının Himalay dağ silsiləsi olduğunu deyir; axirətdə mövcud olacaq bu dağın yalnız çox kiçicik bir hissəsinin bu dünyada olduğunu qeyd edir; Qaf dağının şəffaf olması və bu şəkildə səmaya da təmas edə bilməsi fikrini qəbul edir. Bundan başqa, o qeyd edir ki, üfüq də Qaf dağı adlana bilər, çünki haradan baxılsa, üfüq yer üzünə bitişik kimi görünür.
    İstər dini, istərsə də mifoloji baxışların müxtəlifliyinə və çoxluğuna baxmayaraq, Qaf dağının mövcudluğu və harada yerləşməsi məsələsi hələ də müzakirə və mübahisə mövzusu olaraq qalmaqdadır. Lakin bir şeyi əminliklə demək olar ki, Quranda bu dağın adı çəkilmir və 50-ci surənin adının bu dağın adı ilə heç bir əlaqəsi yoxdur. Haqqındakı rəvayətlərin çoxluğuna baxmayaraq, bunlar heç biri hədislərdə öz təsdiqini tapmır və dini inancla bağlılığı yoxdur.

     Bütün bu sadalananlara E.Cebecioğluna istinadən onu da əlavə edək ki, “Təsəvvüf əhlinə görə, “Qaf” Qurana işarədir ki, bu da Allahın bütün adlarının zühur yeri olan və bu təzahürü bilən və bildirən Kamil insandır.” Beləliklə, Seyid Əzimin haqqında bəhs etdiyimiz beytində “qaf”ında müzmər kuhi-Qaf” ifadəsi Allahın hikmətlərinin Qaf dağı qədər böyüklüyünə, sonsuzluğuna işarə sayıldığı qənaətindəyik.              


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!