İlqar FƏHMİ
Ürək dostu
Hər mütaliəli adamın oxuduğu yüzlərlə bədii kitabın içində elələri var ki, sadəcə sıradan bir kitab cərgəsindən çıxır, daha da böyüyür, oxucunun daimi ürək həmdəmi olur. Bu kitabdakı ədəbi qəhrəmanlar da abstrakt obraz məfhumundan çıxaraq canlanır, oxucunun bəzən illərlə müşayiət edən bir mənəvi dostuna, yaxınına çevrilir. Belə qəhrəmanlarla söhbət bitmir, tükənmir, illər keçdikcə ürək söhbətlərinin məzmunu da dəyişir, yenilənir, lakin ünsiyyətin səmimi mahiyyəti dəyişmir.
Bu il səksən illik yubileyi ölkə səviyyəsində qeyd olunan Xalq yazıçısı Elçinin yaradıcılığıyla tanışlığım yeniyetmə vaxtlarında başlamışdı. Hərçənd, həmin vaxtlarda mütaliəmin böyük hissəsini klassik Şərq ədəbiyyatı təşkil edirdi, demək olar ki, müasir nəsrimizi oxumurdum, lakin Elçinin "Abşeron motivli" hekayələri məni özünə çəkmişdi. Baladadaş, Ağababa, Ağabacı, Həsənulla, kitabxanaçı Nəcəf, Gümüş Məlik və sair personajlar mənimçün sadəcə bədii əsər qəhrəmanları deyil, elə Zirədə, Mərdəkanda, Buzovnada gördüyüm, şəxsən tanıdığım adamlar idi. Çox doğma idilər, özümkü idilər.
Amma ürək dostlarımdan birinə çevrilən personaj qəribə də olsa, "Abşeron motivləri"ndən gəlməmişdi... Hansısa uzaq dağ kəndindəki "Toylu" stansiyasından Bakıya gəlmiş, o vaxt şəhərdə barmaqla sayılacaq böyük bir mehmanxanada yükdaşıyan, liftçi, çayçı, aşbaz köməkçisi işləmiş, rəhbərliyin hörmətini qazanmış və nəhayət, mehmanxananın böyük restoranında ofisiant vəzifəsinə qədər yüksəlmiş, hətta mehmanxananın yerli komitəsinin (Profsoyuz) sədr müavini seçilmiş Bəbir adlı cavan oğlan... Fəlsəfi müstəvidə ekzistensial azadlıq məfhumunun mahiyyətini mənə Sartrdan, Kamyudan daha yaxşı başa salan dostum Bəbir... (Fəlsəfə barədə bir qədər sonra).
Bəbir onilliklər boyu yanımda oldu. Ürəyimdə onunla çox danışırdım, dərdləşirdim, ilk vaxtlarda onun keçmişini düşünüb hərəkətinə haqq qazandırırdım, sonrakı onilliklərdə gələcəyini düşünüb onu qınamağa başladım. Çünki özüm də şəxsi həyatımda oxşar situasiyadan keçdim. Hərçənd, mənim "ayaqqabım" Yuqoslavski deyildi. Amma bu ayrı mövzudur...
Budur, ayaqqabı da peyda oldu cümlələrin arasında. "Yuqoslavski" ayaqqabı...
"Yuqoslavski" ayaqqabı
Elçinin o vaxtlar ən çox oxuduğum "İkicild"liyi 1987-ci ildə çap olunmuşdu. Lakin "Ayaqqabı" hekayəsi daha da əvvəl, səksəninci illərin əvvəllərində yazılmışdı. Onda hələ Yuqoslaviya da sağ-salamat idi, sürtülmüş ayaqqabı kimi padoşu qopmamışdı, dərisi parçalanmamışdı. SSRİ də hələ top kimiydi.
Elçin 1983-cü ildə öz hekayə qəhrəmanına məhz "Yuqoslavski" ayaqqabı geyindirmişdi. Qəribə təsadüfdür. Görünür, "Yuqoslavski" ayaqqabılar Bəbirin ayağını sıxdığı kimi, Yuqoslaviya dövləti də orda yaşayan xalqları eyni cür sıxırdı, ona görə doxsanıncı illərin əvvəllərində o cür faciəvi şəkildə parçalanıb dağıldı...
Qayıdaq dostumun üstünə... Dostum Bəbir o ayaqqabıları ayağına keçirdəndə, artıq müəyyən mənada, özünü təsdiq eləmiş adam hesab oluna bilərdi. Neçə ildi şəhərin ən hündür, "dağlıq" yerində, hər adamın yaxın düşə bilməyəcəyi böyük mehmanxanada işləyir (Söhbət o vaxtkı "Moskva" mehmanxanasından gedir ki, bunun özünü də simvol kimi qəbul eləmək olar. Niyə məhz SSRİ paytaxtının adını daşıyan həmin mehmanxana?).
Lakin Bəbir sadəcə işləmir. Ona qalsa, burda yüzlərlə adam çalışır, lakin bunlardan fərqli olaraq, Bəbir öz həyatını az qala xətkeşlə ölçüb-biçən, hər şeyi dəqiq hesablayan, "özü özünü yaradan" mədəni, əxlaqlı bir oğlandır. Məhz bu mədəniyyəti, əxlaqı səbəbindən hansısa dənizkənarı kababxanalarda işləməyə razılıq verməyib, hərçənd, orda qazancı qat-qat çox ola bilərdi. Dostum Bəbir burda işlədi, illərlə əziyyət çəkdi, özünü göstərdi və restoranda ofisianta qədər yüksəldi. Bununla bərabər mehmanxananın direktoru Qardaşxanovdan tutmuş, ofisiant həmkarlarına qədər hamısı onun mədəniyyətinə, əxlaqına hörmət edir, onun daha da yüksəyə qalxacağına əmindir. Bütün ömrünü ofisiantlıqla keçirən həmkarlarından fərqli olaraq, Bəbirin özü də buna əmindir. O burda çox qalmayacaq, yüksələcək mütləq. Çünki hər şeyi qabaqcadan planlayıb. Öz hesabına tikdirdiyi evdən tutmuş, gələcək ali təhsil planlarına qədər hər şey hesablanıb.
Dostum Bəbiri əvvəllər qapalı, bərk hesab etsəm də, sonralar, özüm valideynlərimi itirib tək qalandan sonra başa düşdüm ki, haqlı olmamışam. Tək yaşayan, özündən başqa heç kimə ümidi qalmayan, əl atıb ətəyindən tutmağa adamı olmayan tənha bir gənc ayaqda qalmaq üçün başqa cür yaşaya bilməz. Hər işini özün planlamalısan, özün eləməlisən, gələcəyini özün qurmalısan.. Bəbir də bir neçə il ərzində məhz belə yaşayırdı... Ta ki o "Yuqoslavski" ayaqqabını alıb ayağına keçirənə qədər...
Restoran əhli
Elçinin nasir peşəkarlığından danışmaq artıqdır, bu barədə onlarla monoqrafiya, yüzlərlə elmi məqalə, əsər yazılıb. Lakin məhz bu hekayə ilə bağlı bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Bu gün əksər yazarlar əsəri bir baş qəhrəmanın üzərində qururlar və o qəhrəmanın ətrafında qəribə bir boşluq, yaxşı halda isə dumanlı simalar görürsən... Məhz bu məsələdə həmişə ətrafımda olan gənc yazarlara "Ayaqqabı" hekayəsinin əvvəlini nümunə gətirirəm, diqqətlə oxumağı tövsiyə edirəm. Təbii ki, burda da əsas diqqət dostum Bəbirin üzərindədir, lakin bununla bərabər onun işlədiyi məkan, ordakı çoxsaylı insanların hər birinin xarakteri iki-üç cümləylə elə açılır ki, oxucu iki səhifədən sonra Bəbirin işlədiyi restoranın ofisiantlarından tutmuş, ümumən mehmanxananın müdirinə qədər hamını tanımış olur. Bəli, əsas məsələ məhz həmin iki-üç cümləni tapmaqdadır. Bütün qəhrəmanların xarakterini uzun-uzadı təqdim eləmək peşəkarlıq deyil. Əsl peşəkar nasir ikinci plandakı qəhrəmanların xarakterini iki-üç cümləylə elə açır ki, əsərin ümumi dinamikasına xələl gəlmir, diqqətin kənara yayınmır.
Hekayənin əvvəlində sadəcə restoran əhlini tanımırıq, onların qısa təsvirləri zamanı həm də həmin dövrdə şəhərdəki ümumi ab-hava, insanlar arasındakı münasibətlər, davranış formaları və sair məqamlar realist tonlarla, ələlxüsus Elçinin özünəməxsus duzlu, yumorlu diliylə elə təqdim edilir ki, hadisələrin məhz səksəninci illərdə və məhz Bakıda cərəyan elədiyinə heç bir şübhə qalmır. Restoran müğənnisi Noradan, ofisiant Poqosovdan tutmuş, klarnetçalan Əlifağaya, baş aşbaz Brilyant Ağacəfərə qədər hər bir obraz elə dəqiq çalarlarla işlənib ki, dövrün xarakterik personajlarını tanımamaq mümkün deyil.
Köhnə tanış
Əslində, dostum Bəbirin azadlıq savaşının hardan başladığını yazıçı özü təyin edir - həmin küləkli mart axşamı restorana üç nəfər naməlum kişi daxil oldu.
Bəli, möhkəm külək və mart ayı... Bahar... Təbiətin yenidən doğulmağa başladığı mövsüm (ilin məhz bu fəsli də əbəs yerə seçilməyib. Təbiətin yenidən doğulmağı - insanın yenidən doğulmağı. Və bu doğuluşun fırtınası).
Dostum Bəbirin ayağını isə "Yuqoslavski" ayaqqabı yaman sıxır. Amma o, hələ ki dözür. Fikirləşir ki, təki ən böyük sıxıntı elə bu ayaqqabının sıxmağı olsun. Nə var ki? Beş-on gün geyinəcək və genişlənəcək...
Bəlkə bu da bir alın yazısı, qəza-qədərdir. Yazıçı hekayədə bu məqama toxunmayıb. Görəsən, xırdaçı adam olan, "qəpiyi qəpiyin üstünə qoyub" gələcəyi üçün o "məşum" çamadanda pul yığan dostum Bəbir nəyə görə birdən-birə belə səxavətləndi, filan qədər pulu bahalı "Yuqoslavski" ayaqqabıya verdi? Xatirimdədi ki, o vaxtlar belə ayaqqabılar atamın bir aylıq maaşından da baha idi.
Almazdı o məşum ayaqqabını, gedib daha ucuz qiymətə Leninqradski "Skoroxod" alardı, ya nəsə başqa bir şey. Amma bilərdi ki, ayağını sıxmayacaq, başına da bu işlər gəlməyəcək. Görünür ki, azadlıq da ölüm kimi qaçılmazdı. Buna gətirib çıxaran səbəb isə təsadüfidir.
Qayıdaq restorana girən üç nəfərə. Bunlar rayon adamıdılar və o biri ofisiantlardan dostum Bəbiri soruşurlar. Bəbir uzun müddət müşahidə edəndən sonra, onlardan birini - uşaqlıq dostu Zakiri tanıyır. Və əsəbləşir. Unutmaq istədiyi "Toylu keçmişi"ndən gələn bu qaba qonaq bu saat onun həyatında ən gözlənilməz və arzuolunmaz adam idi.
Və ilk ünsiyyətdə dostum Bəbir onlara soyuq münasibət göstərir, hətta ona qabırğa olmaqlarından ehtiyat edərək mədəni şəkildə onların ciblərinin vəziyyətiylə də maraqlanır və burda yeyib-içməyə yetəcək qədər pulları olduğunu biləndən sonra rahatlanır, ciddi, soyuq şəkildə onlara xidmət göstərir. Bu soyuqluğu tək onlara yox, həm də həmkarlarına, ələlxüsus da diqqətli nəzərlərindən heç nə qaçmayan, metrdotel Pakizə xanıma nümayiş elətdirir. Sanki demək istəyir ki, bunlar mənim adımı versələr də, əslində, aramızda heç bir yaxınlıq-filan yoxdur, mənim belə dostlarım ola bilməz, onlar hara, mən hara...
Hətta Zakirin onlarla "yüz-yüz" vurmaq təklifini də eyni soyuqluqla rədd edir dostum Bəbir və öz işiylə məşğul olur, çünki onun cavabdeh olduğu stollarda təkcə uşaqlıq dostu deyil, başqa qonaqlar da var...
Altşüur toneli
Hər şey soyuq laqeydlik formasında davam edir. Unutmaq istədiyi keçmişindən gələn bu qəfil qonağın peyda olması dostum Bəbirin psixikasında heç nəyi dəyişmir... Ta ki, rəhmətlik Əbdülkərim müəllimin adı gələnə qədər... Bu ad dostum Bəbirin psixikasında qəribə dəyişiklik yaradır və mərhum müəllimin xatirəsini ilk "yüz qram"la yad edir. Beləliklə, ilk qığılcım parlayır. Hələ ki, çox xırda, balaca, heç kimin görmədiyi bir qığılcım.
Müəllif öz qəhrəmanını ekzistensial partlayışa tərəf aparır və bu yolda Freydin, Yunqun geniş izah elədiyi "altşüur" tonelindən keçirdir. Bu toneldə isə dostum Bəbirin lokomotivi məhz Əbdülkərim müəllim olur.
Kimdi bu Əbdülkərim müəllim? Əslində, heç kim. Onlarla müəllimdən biri. Dostum Bəbir onun heç hansı fənndən - fizikadan və ya kimyadan dərs dediyini də xatırlaya bilmir. Yaxşı, bəs niyə məhz bu adamın adı gələndə içində keçmişlə bağlı qəribə hisslər yaranır?
Burda müəllif bir cümlədəki kiçik bir detalla diqqətli oxucuya ipucu verir, sonra yenə hekayəsini davam edərək qəhrəmanının hisslərinin təsvirinə keçir. Bəs hansıdır o kiçik detal? Dostum Bəbir balaca olanda üzünü görmədiyi atasını düşünərkən məhz Əbdülkərim müəllimin mehriban, işıqlı simasını xatırlayır... Üzünü görmədiyi atası. Budur açar... Freydin geniş təsvir etdiyi ata arxetipi...
Əslində, Əbdülkərim müəllimin adı, dostum Bəbirin altşüurunda az qala unudulub getmiş hesab etdiyi ata arxetipinə toxunur. Eynən tarzən sarı simə toxunan kimi. Axı ata arxetipi həm də insanın psixikasında müdafiə mexanizminin təsbitidir. Ən çətin məqamda, ən sıxıntılı anda üstünə cumacağın, imdad istəyə biləcəyin bir mənəvi sığınacaq. O sığınacaq ki, dostum Bəbir bundan hələ balaca vaxtı məhrum olmuşdu. Lakin altşüurunun dərin qatlarında həmişə sığına biləcəyi ata arzusunda olub. Və bu atanı məhz Əbdülkərim müəllimin simasında təsəvvür edib.
Onu da qeyd edim ki, məhz bu kiçik məqama hekayəni ilk dəfə yeniyetmə vaxtımda oxuyanda diqqət etməmişdim (onda hələ atam sağ idi), çox-çox sonralar, valideynlərimi itirdikdən sonra tək yaşadığım gənclik illərində tutmuşdum. Və anlamışdım ki, dostum Bəbirin ekzistensial partlayışı, sadəcə köhnə dostlarının gəlməyindən yox, məhz onun psixikasının dərin qatlarındakı ata arxetipinə toxunmaqdan başlamışdı. Yəni partlayışın səbəbi bu gündə yox, çox-çox keçmişdə idi.
- Əbdülkərim müəllim ölüb bəyəm?
Bu sözlərdən sonra dostum Bəbir özü də anlamadığı çox qəribə hisslər keçirdir, Əbdülkərim müəllimin 7-8 il əvvəl ölməyi xəbəri Bəbirdə sanki atasının ölüm xəbərini alıbmış kimi ağır hisslər yaradır. Bəli, müəllif burda baş qəhrəmanın içindən keçən hisslərini təsvir edərkən, məhz illərlə ona arxa, dayaq olan, uzaqda da olsa, mənəvi cəhətdən yaxın olan və ən ağır, çətin məqamda qaçıb ətəyindən yapışa biləcəyi bir "ATA"nın itkisinin yarada biləcəyi ağrı-acını təsvir edir. Nəinki hansı fənndən dərs dediyi belə yada düşməyən bir müəllimin...
Məhz psixikanın dərin qatlarındakı "ATA" arxetipinin tərpənməsi səbəbindən dostum Bəbir özünü saxlaya bilmir, bir qədər sonra açıq və nümayişkaranə şəkildə ikinci "yüz qram"ı dostlarıyla içir...
Gizli içilən birinci "yüz qram"la , açıq-aşkar, nümayişkaranə şəkildə içilən ikinci "yüz qram"ın arasında dostum Bəbirin psixikasında sanki yüz il keçir... hər şey qarışır, keçmiş, gələcək, xaos, tufan, qasırğa, hisslər, duyğular partlayışı, hər şeyi atıb qaçmaq ehtirası və daha nələr, nələr...
Həmkarlarının təəccüblü baxışları altında Bəbirin içdiyi ikinci "yüz qram"dan sonra Zakir tost deməyi təklif edir və dostum Bəbirin içində illərlə yığılıb qalan hisslər, duyğular sanki "bulaq kimi pıqqıldayır"... geniş və təsirli tost sanki dostum Bəbiri restoran işçilərinin (bu gününün) cərgəsindən qopardır, restorana yeyib-içməyə gələn uşaqlıq dostlarının (keçmişinin) sırasına qatır...
Bu təntənəli, duyğusal tostdan sonra artıq bütün restoran əhli dostum Bəbirə zillənir.
Hamı şokdadı. Ən əsas da restoranın əməkdaşları - ofisiantlar, musiqiçilər və hökm sahibi metrdotel, qaşqabaqlı Pakizə xanım. Axı görünməmiş bir işdi. Bu vaxta qədər heç vaxt bir kiçik səhvə də yol verməyən Bəbir işinin başını buraxıb, ofisiantlığını da unudub, uşaqlıq dostlarıyla yeyib-içir, hesabı da özü verəcəyini söyləyir. İçdiyi arağın və içində dirilən "ata arxetipi"nin təsiri altında o daha heç nədən qorxmur.
Onun xidmətini gözləyən müştərilərin iradlarına da çox kobud şəkildə cavab verib başından eləyir. Əlbəttə ki, belə elitar restoran üçün bu cür hal sözün həqiqi mənasında, nüfuza böyük xələl gətirən bir biabırçılıq idi.
Bəli, dostum Bəbirin heç nə vecinə deyil. "Yuqoslavski" ayaqqabı ayağını sıxır, o isə uşaqlıq dostlarıyla hay-küylə yeyib-içir, ağzına gələni danışır...
Və məhz bu vaxt qonşu zalda "böyük adamlar"ın gələcəyi banketin hazırlıqlarını yoxlamaqçün restorana düşən direktor Qardaşxanov içəri girir və onu görən restoran əhli tam özünü itirir. Hamı ikinci şok yaşayır. Təkcə dostum Bəbirdən başqa. O özünü itirmir... Sadəcə, partlayır...
Ekzistensial partlayış
Mehmanxananın müdiri Qardaşxanovun məhz bu gərgin məqamda peyda olması zamanı restoran əhlinin şok yaşaması, həyatın donması, zamanın dayanmasını təsvir edərkən müəllif, sanki ekzistensial qiyam zamanı Tanrının peyda olması effektini yaradır.
Bəli, mehmanxana müdiri həmin an fəlsəfi müstəvidəki "Ali hökm sahibi" qismində gəlir... Adəmin qiyamı üstünə çıxan qəddar Tanrı kimi...
Dostum Bəbir isə bundan heç də təsirlənmir, Tanrının hədəsini və xəbərdarlığını sanki eşitmir, qiyam partlayışa çevrilir. O, sərt şəkildə bütün çərçivələrin, sıxıntıların memarı kimi gördüyü mehmanxana müdirini də acılayır, boynundakı ağ kəpənəyi qırmızı şəraba batırıb müdirin burnuna soxur və ekzistensial partlayış baş verir. Dostum Bəbir bütün bu müddət ərzində içində yığılıb qalan, psixikasının dərin qatlarına sıxışdırıb gizlətdiyi hər şeyi - müdirin ofisiant xanımla kabinetindəki oyunlardan tutmuş, fırıldaqçı "Baş aşbaz"ın əməllərinə qədər... Hər şeyi qışqır-bağırla bəyan etməyə başlayır...
Lakin "Tanrı" da aciz qalmır, həmin an üçün yeganə düzgün yolu tapır, musiqiçilərə əmr edir ki, bacardıqca bərkdən çalsınlar.
Beləliklə, "Adəm qiyamı"nın fəryadı oyun havasının sədaları altında qalır... (Əsərin fəlsəfi mesajlarından biri də, məncə, burdadır. İnsanın azadlıq partlayışı, ekzistensial qiyamı, bütün həqiqətlərin çılpaq şəkildə üzə çıxması, anındaca əyləncəli oyun havaları, sümüyə düşən musiqilər vasitəsilə susdurulur. Bəli, qətllə yox, ölümlə yox, sərt cəza ilə yox, sadəcə, əyləncəli musiqilərlə... Gülməlidir. Həm də bu günümüz üçün aktual deyilmi? Qırx il əvvəl Elçinin təsvir etdiyi metod indi bütün dünya miqyasında tətbiq olunur).
Bəbir bu vaxta qədər mehmanxanada, restoranda bildiyi, gördüyü, eşitdiyi bütün riyakarlıqlar, oğurluqlar, başqa gizli işlər barədə hər şeyi qışqıraraq deyir, lakin sözünün ardını heç kim eşitmir. Hətta oxucular da onun hansı həqiqətləri açdığından xəbərsiz qalır.
Ətrafdakı adamlar dostum Bəbirin qiyamının bu vasitəylə "zərərsizləşdirildiyi"ni görəndən sonra yenə öz işlərinə davam edirlər... Bəbirin uşaqlıq dostları isə qarışıqlıqdan istifadə edib çoxdan aradan çıxıblar.
Evə qayıdan Bəbir yolda nəhayət ki, bütün günü ayağını sıxan "Yuqoslavski" ayaqqabılarını çıxarıb tullayır, rahatlanır və azad, asudə şəkildə qaldığı yataqxanaya tərəf yol alır. O xoşbəxtdir... Sərxoş, azad və xoşbəxt...
Sonda düşünür ki, dünyada ayaqyalın gəzməkdən gözəl şey yoxdur.
Yenə ayaqqabı
Aydındır ki, "ayaqqabı" bu hekayədə Freyd psixoanalizinin simvolu olaraq, insanın psixikasındakı tabuları, qadağaları, qəfəsləri simvolizə edir. Bu aydındır. Lakin mənə maraqlı gələn başqa bir məsələdir. Niyə məhz ayaqqabı?
Adətən, o dövrdə yazılan bu mövzulu əsərlərdə daha çox "qalstuk" simvolundan istifadə olunurdu. Sənə ciddi, rəsmi görkəm versə də, həmişə boğazı sıxan, rahat "azad", ciyərdolusu nəfəs almağına mane olan və sonda dar ağacındakı kəndirə çevrilən qalstuk...
Lakin Elçin burda, özündən əvvəl yazılanları təkrar etməyib, "qalstuk" simvolunun əvəzində üstünlüyü "ayaqqabı" simvoluna verib. Mən bunu üç cür əsaslandırardım.
Birincisi, ayaqqabının adamın ayağını sıxması elə realist müstəvidə, real həyatda da adamın bütün əsəblərini korlayan bir haldır.
İkincisi, qalstukdan fərqli olaraq, ayaqqabı adama ilk baxan andaca görünmür, aşağıdadır. Onu görməkçün gərək bütün geyimini gözdən keçirəsən. Müəyyən mənada, ayaqqabı gizlindir, ilk anda gözə girmir, deməli, açıq yox, gizli sıxıntıları simvolizə edir.
Üçünçüsü isə ayaqla bağlıdır. Ayaqqabı insanın ayağındadı. Onun yer ilə, dünya ilə təması məhz ayaqqabı vasitəsilə baş verir. Ən aşağıda olan ayaqqabı insanı maddi dünyaya, maddi aləmə bağlayan əsas atributdur. Ayaqqabının sıxması müəyyən mənada, məhz "aşağı", dünyəvi mənşəyə malik, məişətdən doğan maddi sıxıntıların ən gözəl simvoludur. Lakin bu sıxıntılar nə qədər "aşağı"da olsa da, sadə insan psixikasının dərin qatlarına oturur, onu incidir. Sanki insanı ayağından asıblar...
Ona görə də ayağı sıxan ayaqqabıdan qurtulmaq, ayaqlarını yerə basmaq, torpağı hiss eləmək, öz növbəsində dünyəvi tabulardan, psixi məhbəslərdən qurtulmaq və ayaqyalın olaraq, ekzistensial azadlığa qovuşmaq təəssüratı yaradır.
Ayaqyalın azadlıq
Adətən, belə ekzistensial partlayışdan və azadlıqdan sonra nirvana gəlir. Ardı heç kimi maraqlandırmır.
Yeniyetməlik dövründə mən də dostum Bəbirlə həmsöhbət olarkən, elə keçmiş barədə söhbət edərdik. Bu partlayışın yaranma səbəblərini daha da dərindən araşdırardıq, başqa oxşar hadisələrlə müqayisə edərdik, fəlsəfi mahiyyətini daha dərindən dərk eləməyə çalışardıq.
"Amma və lakin", Vaqif İbrahimoğlu demişkən...
Öz həyatımda bənzər partlayış hadisəsindən keçdikdən sonra vəziyyət koordinal şəkildə dəyişdi. Sonrakı illərdə özümdən də asılı olmayaraq, partlayışın ardı məni narahat eləməyə başladı.
Tutalım, dostum Bəbirin içində ekzistensial partlayış baş verdi, içinə illərlə yığılanı boşaltdı, bir gecəlik özünü xoşbəxt hiss elədi. Ayağını sıxan ayaqqabılarını çıxarıb atdı. Ayaqyalın azadlığa qovuşdu. Bəs sonra? Axı həyat davam edir?
İlk gələn ağırlıq hissi ətrafdakıların laqeydliyindən yaranır. Diqqətlə müşahidə edib görürsən ki, sənin partlayışın heç kimin vecinə deyil. Hər şey olduğu kimi davam edir. Heç nə dəyişməyib. Ziyanı elə özünə dəyib.
Öz həyatımdakı partlayışdan sonrakı boz həyatım davam etdikcə, paralel olaraq dostum Bəbirin həyatının davamını düşünməyə başladım qeyri-ixtiyari. Budur, səhər açılır. Məşum azadlıq gecəsinin havası dağılır və ayılma baş verir... Bəs sonra? Axı ayağını sıxan ayaqqabıdan qurtulmaq nə qədər gözəl olsa da, soyuqda, yağışda ayaqyalın gəzmək də mümkünsüzdür.
Qeyri-ixtiyari beynimdə müxtəlif ssenarilər yaranırdı. Budur, dostum Bəbir peşman olub mehmanxana müdirinin kabinetinin qabağında yatıb qalır, onun ayaqlarına düşür, yalvarır. Qardaşxanov da mərhəmət göstərib bağışlayır, lakin təbii ki, bu hadisədən sonra dostum Bəbirin bütün inkişaf perspektivlərinin üstündən xətt çəkilmiş olur və o, eynən həmkarı qoca Poqosov kimi ömrünün sonunacan ofisiant olaraq qonaqların qarşısında belini bükməyə məhkum olur, o məşum azadlıq gecəsini lənətləyir.
Ya da yox, mehmanxanaya yolu bağlanıb. O başqa yerə gedir, lakin əvvəlki iş yerindən müsbət xasiyyətnamə ala bilmədiyinə görə, "mədəni və əxlaqlı yerlər"də iş tapa bilmir. Gənclikdə bəyənmədiyi dənizkənarı kababxanalarda ofisiantlıq eləməyə məcbur olur, ömrünün sonunacan kömür və yağlı kabab qoxusu verir, yüz qram da içən kimi gənc ofisiantları başına yığaraq nə vaxtsa şəhərin ən böyük mehmanxanasında işləməyini xatırlayır və yenə də o məşum gecəyə lənət oxuyur.
Və yaxud dostum Bəbir o hadisədən sonra, ümumiyyətlə, şəhərdən küsür, yataqxanadakı çamadanda yığdığı xeyli pulunu götürür, kooperativ evini də satır, qayıdır "Toylu" stansiyasına, yığdığı pula evlərini təmir elətdirir, Əbdülkərim müəllimin qəbrinin üstünü götüzdürüb qəşəng bir başdaşı düzəldir, artıq qocalmış anasını işdən çıxardıb, onun işlədiyi qazlı su köşkündə işə başlayır, illərlə stansiya sərnişinlərinə qazlı su satır... Sonradan köşkü bir az böyüdüb kafeyə çevirir və yenə də arada "yüz" vurandan sonra Bakıda ən böyük mehmanxanada işlədiyi vaxtları xatırlayaraq ağlayır, o məşum gecəyə lənət oxuyur.
Ağlıma başqa ssenarilər də gəlirdi, amma hamısının sonu bu cür bədbin olurdu. Çünki öz həyatımda yaşadığım çətinliklər hansısa nikbin sonluq təsəvvür eləməyə imkan vermirdi.
Yalnız dostum Bəbir ruhdan düşmürdü, "yüz-yüz" vuranda o məşum gecəyə lənət oxumağına rəğmən, ayıq vaxtda həmişə mənə təskinlik verirdi... Deyirdi ki, əgər partlayış varsa, deməli, mən elə doğulandan alnıma yazılmışdı, qədərim idi. Deməli, tale məni o "ən ali" mehmanxanaya elə partlamaq üçün gətirmişdi. Həmin gecə ayaqqabı ayağımı sıxmasaydı, başqa vaxt boğazımı qalstuk sıxacaqdı, qolumu saat sıxacaqdı... nəsə sıxacaqdı. Və mütləq sonda bir "Zakir" peyda olacaqdı və mən yenə partlayacaqdım. Onda daha böyük faciə ola bilərdi, daha çox şeylərdən imtina eləmiş olardım, ətrafdakı insanlara daha çox ziyanım dəymiş olardı... Və ya partlamayacaqdım, amma sonda qolumu sıxan saatın qolbağı dəmir bilərziyə, boğazımı sıxan qalstuk intihar kəndirinə, ayağımı sıxan ayaqqabı isə tabutuma çevriləcəkdi. Çünki alnına partlayış yazılanlar, hamı kimi yaşaya bilməzlər... İndi daha yaxşıdı, məni qəfəsə salan illüziyalardan, xəyallardan azadam, sərbəstəm, ürək dolusu nəfəs alıram və ən əsası da ayaqyalın gəzirəm...
Beləcə, günlərlə dostum Bəbirlə dərdləşirdim, danışırdım, amma bir də baxırdım ki, elə öz-özümlə danışıram...
Adlar, ünvanlar
Sonda yenə "Moskva" mehmanxanasının üzərinə qayıtmaq istəyirəm. Mənim nəzərimdə hadisələrin məhz o mehmanxanada cərəyan etməsi də təsadüfi deyil. Yenə təkrar edirəm, əsərdə ad çəkilməyib, lakin təxmini ünvan verilib. Şəhərin "dağlıq", hündür yerində yerləşən və pəncərələrindən bütün şəhər görünən mehmanxana deyilərkən, yalnız "Moskva" mehmanxanası yada düşür, çünki o dövrlərdə bu nişanlara uyğun gələn başqası yox idi.
Mənim beynimdə "Moskva" mehmanxanası məhz SSRİ-nin simvolu idi və Bəbirin başına gələnlər də sanki imperiyada yaşayan, bütün gələcək perspektivlərə rəğmən sıxılan, əziyyət çəkən kiçik xalqların halının təsviri idi... Mehmanxana müdirinin adının Qardaşxanov olması da buna işarədir (Axı o vaxt bütün kiçik xalqlar ruslara məhz böyük "Qardaş" kimi baxmağa məhkum edilmişdilər).
Və Elçin müəllim sanki bu sıxıntıların sonda imperiya miqyasında bir ekzistensial azadlıq partlayışıyla nəticələcəyini qabaqcadan simvolik dillə bəyan edirdi.
P.S. Elçin müəllim Azərbaycan ədəbiyyatında realist nəsrin ustadlarındandır. Lakin 60-cıların realizmi, əvvəlki realistlərdən fərqli olaraq, artıq addım-addım simvolizmə, modernizmə tərəf gedirdi. Bunu keçid də adlandırmaq olar, dövrün tələbi də... Əsər zahirən realist üslubda təqdim edilir və əksər oxucu elə ibrətamiz bir həyat hekayəsi kimi də qəbul edir. Lakin alt qatda çoxsaylı işarələr, simvollar, arxetiplər yer alır ki, diqqətli oxucunu realist müstəvidən yuxarı qaldıraraq, daha fərqli fəlsəfi, hətta mistik qatlara aparır. Bu yazı üslubunu Elçinlə bərabər, həmin ədəbi nəslin əksər nümayəndələrində - Anarda, Mövlud Süleymanlıda və digər ustad nasirlərimizdə görmək mümkündür. Və hər bir oxucu alt qatda verilən işarələri, simvolları, yönləndirmələri öz yanaşma tərzi, öz psixoloji əhvalı və öz təfəkkürü üzrə qavramağa çalışır.
Bu xüsusda ədəbiyyatşünas alimlərimiz çox yazıb, Azərbaycan ədəbiyyatında yeni nəfəs, yeni bir sıçrayış olan 60-cılar nəslinin ədəbi nailiyyətlərini geniş araşdırıblar. Çünki biz hamımız ədəbiyyatı məhz onların əsərlərindən sevmişik... Və ən gözəli budur ki, onların yazdıqları bu gün də aktualdır, bu gün də müasirdir və bu gün də gənc nəsil tərəfindən sevilir.
Elçin yaradıcılığı da müxtəlif prizmalardan kifayət qədər öyrənilib, analiz edilib və mən ustadın yaradıcılığı haqqında hansısa yeni bir söz deməyə iddialı deyiləm... Mən sadəcə, 34 illik həmdəmim haqqında yazdım. Elçin müəllimin yaratdığı və mənim yol yoldaşıma çevrilən "dostum Bəbir" haqqında...
Təbii ki, sonda Elçinin ad gününü təbrik edirəm, uzun ömür, cansağlığı, ruh rahatlığı və ən əsas da yeni-yeni gözəl əsərlər arzu edirəm. Həm öz adımdan, həm də dostum Bəbirin adından...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!