Mətanət VAHİD
Türklərin tarixini, mədəniyyəti, folkloru, dil və obrazlar sistemini poeziyanın əsaslarına hopduraraq şeirləşdirən, qədim türk mədəniyyətinin söz xəzinəsini çağdaşlaşdıran, ifadə və üslub texnologiyalarında əski türk intonasiyasını əks etdirən Elxan Zal Qaraxanlının şeirləri millətin, xalqın yaddaş mətnləridir. Türkçü məzmunu, mistik-tarixi ruhu, özünəməxsus dil-üslubu ilə seçilən bu mətnlər özündə qədimliklə müasirliyi, kənd və şəhər ruhunu, Şərq və Qərb estetikasını sığdıra bilən modern türk şeirləridir.
Elxan Zal "Savaş ayələri", "Yaquar yerişli vaxt", "Torqovı peyzajı", "Anıt məzar dastanı", "Türk əsrinin türküləri", "Ordu günü" və s. kitabların müəllifidir. Onun poeziyası iki istiqamətdə ifadəsini tapır: sevgi və savaş şeirləri. Müəllifin əsas etibarilə ülgüçü şeirləri toplanmış, türkçülük və islamçılıq konsepsiyasını əks etdirən "Savaş ayələri" kitabı poeziya tariximizdə yeni hadisə olduğu kimi, Azərbaycan xalqı üçün özünüdərkin inkişafında da yeni bir mərhələnin başlanğıcı oldu. Savaşa çağırış məzmunlu bu şeirlərdə məqsəd türk yaddaşını oyatmaq, bunun üçün dil və intonasiya qatında əsasən qədim türk şeirinə üz tutmaqdır. Bu şeirlərin özəlliyi yalnız məzmun etibarilə deyil, həmçinin dil baxımından türklüyü - türkçülüyü dəstəkləməsidir. Belə ki, müəllif bu şeirlərdə qədim türk dilinə məxsus sözləri gen-bol istifadə etməklə kifayətlənmir, o cümlədən yeni söz yaradıcılığına cəhd edərək dil materialları ilə sərbəst davrana bilir. Elxan Zalın bu savaşa çağırış dolu şeirləri "qan-qan" deyir, ərənləri cəng meydanına, intiqama səsləyir, qılıncın artıq qında dura bilmədiyini ifadə edir:
Ruhumuz cəngə varanda,
Ad üstündə ad gələcək.
Qan iyini alan kimi
Ağzımıza dad gələcək.
Tənqidçi Əsəd Cahangir Elxan Zal yaradıcılığından bəhs edərkən onu sələflərinin layiqli davamçısı hesab edir: "Elxanın şeirlərində Nizamiyə məxsus epizm də, Füzuliyə məxsus lirizm də var, o öz türkçülüyü ilə Cavidin, xəlqiliyi ilə Vurğunun, modernizmi ilə Rəsul Rzanın, bir sözlə, "min beş yüz illik Oğuz şeiri"nin varisidir!"
Elxan Zalın 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində onun xatirəsinə həsr olunmuş "Anıt məzar dastanı" kitabı işıq üzü görür. Publisistik və bədii notlarda, nəzm və nəsrin növbələşməsi ilə yazılmış poemada müxtəlif zamanlar bir araya gətirilir. Heydər Əliyev türbəsində dayanıb onu on yeddi imperiya qurmuş fatehlər nəslinin davamçısı kimi təqdim edən müəllif türk tarixinin şanlı keçmişindən, sərkərdələrinin hünərlərindən bəhs edir: Çingiz xan, Nəsrəddin Tusi yad olunur, Qaraqoyunlu, Ağqoyunlu, qızılbaşlar kimi dövlətçilik ənənələri misal çəkilir, bu dövlətlər "zülmətə bürünmüş orta çağları" işıqlı gələcəyə aparan əsas siyasi mərkəzlər kimi təqdim edilir. Tarixi hadisələri və hökmdarları, itirilmiş qüdrəti yada salmaqda məqsədi keçmişlə indi arasında körpü yaratmaq olan poemanın nəzmlə yazılan bu giriş hissəsində sözlərin əksəriyyəti qədim türkcədə yazılıb. Beləliklə, əsas qəhrəmanı Heydər Əliyev olan poemada müəllif bu tarixi şəxsiyyətin obrazı kontekstində dövlətçilik və millətçilik məsələlərini qabardır və əsər yurdumuzun tarixən şahid olduğu hadisələrə nəzər salmaqla başlanır.
Xaqan getdi, türk budunu sayrudur,
Ayrılığın namazına ayrı dur,
Uyquda da demə Təbriz ayrıdır,
Vətən birdir, Vətən birdir, Vətən bir.
Bütün millətlərin tarixində qurucu atalar olduğu qeyd olunan əsərdə şair öz qəhrəmanını rusların Pyotru, amerikalıların Vaşinqtonu, Türkiyənin Fatehi və Atatürkü ilə müqayisə edir, Azərbaycanın da qurucu atası olmaq missiyasının Heydər Əliyevin üzərinə düşdüyünü vurğulayır. Ümummilli liderin məzarı önündə onun da Şah İsmayıl kimi dayanıqlı dövlət qura bildiyini düşünən şair bu qənaətə gəlir ki, H.Əliyevin cismi sevdiyi məmləkətdə uyusa da, ruhu Tanrıdağda "Ulular uçmağında" - qırx pirin arasındadır. Heydər Əliyev haqqında poema yazmasını, ona olan ədəbi marağını müəllif müsahibələrinin birində belə əsaslandırır: "Heydər Əliyev olmasaydı belə, biz onu uydurmağa məcbur idik. Xalqa, dövlətə hökmdar obrazı lazımdır. Rusun Pyotru, fransızın Napoleonu, osmanlının Fatehi var, bəs sənin kimin var? ...Heydər Əliyev Azərbaycan türklərinin tarixdə yetirdiyi ən xarizmatik fiqurlardan biridir".
Modern şeirlərini öncə "Yaquar yerişli vaxt", növbəti nəşrdə isə "Torqovı pejzajı" adı ilə bir kitaba toplayan Elxan Zal Qaraxanlı bu mətnlərdə əski ozan təfəkkürü ilə modern düşüncəni bir araya gətirir. XXI əsrin adamını Torqovı küçəsində qədim mənzərələrlə rastlaşdıran müəllifin şeirlərində Misir sivilizasiyasına aid olan Amon-Ra, Osiris, İzida; Şumer və Göytürk mədəniyyətinin qəhrəmanları olan İştar, Tan-Ra, İmay, Çulpan, Ötügen, Alp Ər Tonqa; qədim yunan mifologiyasından Esxil, Helen, Paris, Orfey; eləcə də Çe Gevara, Zəki Müren, Elton Conu və başqalarını görmək olur.
Biz dollar yaşılının nəşəsindəyik
Daha Çe Gevara zamanı deyil
Marksı da unudub məktəblərdə
Tərli şüşələrdən pivə çəkə-çəkə
Azadlığa heykəl qoyduq ruslu-türklü...
Çağdaş ədəbiyyatımızda türk savaş poeziyasına dönüşün ilk nümayəndəsi hesab olunan Elxan Zal şeirində ölüm əbədiyyət, həyat isə müvəqqəti qonaqlıq kimi mənalandırılır. "Biz Göyün oğluyuq, yer bizə sığmaz" deyən şairin əsl vətəni özünə əbədi məkan bildiyi ölümsüzlükdür:
Dünya cəng meydanı, mən savaş əri,
Əlimdə qılınc var, dilimdə dua.
Mən qonaq yaşadım Yer kürəsində,
İndi sakiniyəm əbədiyyətin.
2021-ci ildə - Azərbaycan xalqının erməni faşizmi üzərində möhtəşəm qələbəsindən sonra Elxan Zalın Qarabağ Zəfərinə həsr olunmuş "Ordu günü" kitabında 44 günlük Vətən müharibəsi dövründə "Ədəbiyyat qəzeti" və digər mətbu orqanlarda çap olunmuş yazıları toplanılıb. "Peyğəmbərlərə vəhy gəlir, şairlərə ün. Mən ünlə yazıram", - deyə sözə başlayan müəllifin bu kitabı da savaşın və sevginin birgə təcəllası kimi əksini tapır. Belə ki, Elxan Zalın sevgi şeirlərində, müəllifin təbirincə desək, "seviş" yalnız qarşı cinsə olan hiss, intim\insani duyğu kimi deyil, ilahi eşq, bütün varlığı sara bilən, insanı aliləşdirən, böyüdən, mənəvi kamilliyə çatdıran hisslər kimi mənalandırılır. Bu şeirlərdə şəhidin, əsgərin\ərənin timsalında vətənə məhəbbətin ən uca məqamına şahid olmaq mümkündür. Elxan Zalın poeziyasında şəhid obrazı itki, kədər, göz yaşı və ağrı hissi ilə deyil, intiqam, çağırış, qələbə ilə assosiasiya olunur. "Şəhidlərimiz der ki..." şeirində olduğu kimi:
Belə yazıb yazanımız,
Susmaq bilməz azanımız,
Çələng olsun qoy qanımız,
Bizdən əvvəl ölənlərə.
Qucaq açdı göyün bağrı,
Mərtəbə yox bundan anrı,
Mərhəmət göndərər Tanrı,
Qaranlığı dələnlərə.
Köçəri ruhumuz səmənd,
Ölməzliyə atdıq kəmənd,
Ölümdən o yana varmı kənd,
Gələn bizik, kafir mərə.
"Apağ bir qız idi", "İspan restoranında...", "Ayrılığın zamanı", "Balıktut türküsü", "Həsrətimin gil kitabları", "Çitten bir qız gəlir", "Sevdalı gecənin türküsü" və s. kimi sevgi şeirlərində izlədiyimiz qədərincə görə bilirik ki, Elxan Zalın poetik təqdimatında "seviş" də bir savaşdır. Əlbəttə, şairin sevgi şeirlərinin tamamilə ilahi eşqi, yaxud vətənə məhəbbəti əks etdirdiyini demək olmaz, belə bir təhrifə gərək də yoxdur. Çünki şairin tamamilə insani hissləri, kişi-qadın münasibətlərini əks etdirən "Ayrı sevgilər", "Otel qəsrvaridi", "Qış nağılı", "Axsaq duyğular gecəsi", "Tək qalınca qucaq", "Yaşıl gözlü həsrət" və s. kimi sevgini, şəhvəti, ayrılıq acısı və həsrət ağrısını təsvir edən onlarla şeiri də var.
Elxan Zalın yaradıcılıq kredosuna çevrilən ülküçü\türkçü şeirləri sanki bu günün məhvərindən çıxıb müəllifin uydurduğu, xəyal etdiyi, altşüurunda yaşatdığı bir zamana, onun tarixinə, mədəniyyətinə uyğun təzahür edir. Bugünümüzə, XXI əsr insanının, Azərbaycan türkünün həyatına, məişətinə, təcrübəsinə, dərsinə çevrilmiş türk tarixi, coğrafiyası, qədim türk dili, əski türk inancları, türk sərkərdələri, qəhrəmanları, döyüşləri, qələbələri Elxan Zal Qaraxanlı şeirinin dəyişməz materialıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!