Bir hekayəyə iki baxış: Orxan Cuvarlının “Kərəm haqlı idi” hekayəsi diskurs kimi
Elnarə AKİMOVA
Orxan Cuvarlının "Kərəm haqlı idi" hekayəsi çoxşaxəli mətndir: mənəvi dəyərlər, dost münasibətləri, sosial vəziyyətin, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bunun qəhrəmanların taleyinə təsiri... Müəllif dekorasiyalardan imtina edərək, real adamları, onların məişətini, sosial problemlərini bəzəksiz-düzəksiz, çılpaq naturada təsvirə çəkir. Hekayədə əsas motiv əyalətdən böyük şəhərlərə (Şamaxıdan Kazana, Türkiyəyə) köçən, yaşam dəyərləri dəyişən, özgələşən fərdin problemləri, daxili böhran, mənəvi bağların qırılmasıdır.
Hekayədə əvvəlcə sosial qat öndə hiss olunur, amma getdikcə mənəviyyat, əxlaq motivləri ilə üzə çıxan insanın daxili aləmi hadisələrin zəminini təşkil etməyə başlayır. Əslində, hekayədə bu iki məqam iç-içə verilir, yəni - cəmiyyət, mənəviyyat, məişət, güzəran, psixologiya və s. - bir sözlə insan həyatının məzmununu verən elə bir qat yoxdur ki, hekayədə əksini tapmasın. Həm də gerçəklikdə olduğu kimi, yəni həyatın lokal təzahürlərinə enərək...
Orxan Cuvarlı qələmə aldığı dövrü, qəhrəmanların yetişdikləri mühiti təfərrüatıyla, incə toxunuşlarla ifadə edir ("İşsiz-gücsüz, sərgərdan halda küçələri veyllənə-veyllənə gəzəndə bayır-bacaqda tapdıqları yarımçıq siqaretləri damaqlarına qoyub az odlamamışdılar"), çevik ədəbi dili və manerasıyla çoxsaylı motivi mətnin dramaturgiyasında məharətlə nizamlayır. Təmkinli üslub, estetik müəyyənliyə malik tonlar, prozaik naturallıq, lirik ovqat, daxili intonasiya, təsvir predmetinin nöqteyi-nəzərinə köklənmək və s. yazıçı dilinin əsas poetik amilləri kimi səciyyələnirlər. Estetik narahatlıq hekayənin dərinlərində, al qatında ehtiva olunur. Mətndə digər uğurlu cəhət yazıçı dilinin zəncirvari sintaksisə malik olmasıdır. Epizodlar bir-birini əsaslandırır və müəllif Bəylər adlı obrazın mənəviyyatına addım-addım yanaşmaq yolu ilə onun xarakterini açır. Amma münaqişə kontekstində deyil, Rasimin uşaqlıq yaddaşına qayıdaraq, ora xəfif vurğular etməklə obrazı psixoloji qatda görükdürməyə nail olur.
Bütün təhkiyə boyu oxucu hiss edir ki, Rasimin Bəylərlə "haqq-hesabı" başqadır. Sərgilənən xoş münasibətə rəğmən alt qatda açıq sezilən bir boşluq var və o boşluq nədirsə, qara zolaq kimi keçmişin o qədər də xoş olmayan xatirəsini özünə dolayıb saxlayır. Yazıçı konkret bir məqam vasitəsilə insan əməllərinin real mənasına diqqət yönəldir: qəhrəmanın uşaqlıq travması, onu daim müşayiət edən ağrıya səbəb kimi verilən dondurma əhvalatı ("Doğrusu, Rasim elə də dondurma həvəskarı deyildi, nə hikmətdirsə, heç uşaqlarına da almırdı. Uşaqlar ilan dili çıxarırdılar, amma Rasim hər dəfə bir bəhanəylə imtina edirdi") Bəylərin varlığındakı nəfsin timsalı olaraq, bütünlükdə onun təbiətini üzə çıxardan məhək olur.
Kərəm uşaqlıq dostları olan Bəylərlə görüşdən bəri başdan imtina edir. Çünki Türkiyədə ürək cərrahı işləyən, xarakter, rəftar, davranış cəhətdən tamam özgə adam olan professor Bəylər Hətəmov Kərəm üçün artıq keçmişin bir qalığıdır. Rasim də bunu empirik olaraq duyur, yaşayır, amma içindəki beyin-qəlb təlatümündən, onunla üz-üzə gəlmək, görüşmək istəyindən yaxa qurtara bilmir. Müəllif bu tərəddüddə, Rasimin inadla görüşə can atma istəyində xırda psixoloji nüanslarla, keçmişə dair hansısa sirr, ağrı, təlaş gizləndiyini eyhamlaşdırır (Rasim yaxşı başa düşürdü ki, ürəyini sıxan onu içəridə gözləyən məchulluq, naməlum görüşdür. Özünü aldatmaq nəyə lazım?! Bura heç kimin israrıyla gəlməyib, nə edirsə, öz xoşuna edir. Lap ürəyi istəsə, bu dəqiqə üzünü çevirib evinə gedər. Amma yox... Bir ayrı hiss idi onu saxlayan. İçində səngimək bilməyən bir inadla bu görüşün baş tutmağını istəyirdi.).
Rasim bilir ki, səbəb yalnız urbanizasiyanın gətirdiyi yadlaşma ilə bağlı deyil, Bəylərin özünün mənəvi kefiyyətinin naqisliyindədir ("Rasim, dabbaqda gönünə bələd idi professorun. Ürəyində yaxşı bilirdi ki, Bəylərə sonadək etibar etmək, kürəyini söykəmək olmaz"). Buna baxmayaraq, onu görməyə tələsir və az sonra məlum olur ki, əslində onu bu görüşə təşviq edən daxilindəki tamam başqa hissdir. Hekayənin əsas innovativ bütövlüyü elə bu nöqtədə tamamlanır. Rasim uşaqlığı üçün darıxır, keçmişi üçün göynəyir, böyüdüyü qəsəbədə yaşanan birgə uşaqlıq dövrü onun üçün hələ də əzizdir ("Gözlərini yumub ensiz, uzun məhlələrini xəyal elədi. Onda professor yox idi. Yəni var idi, amma onların arasında dərin uçurum yaranmamışdı. Onda Rasim Raska idi, Bəylər Beka. Qayğısız, kədərsiz, bəxtiyar uşaqlıq. Müştərək sevinclər, ortaq kədərlər, nəhayətsiz həyat eşqi. Sonralar eyni çətinliklər, bənzər nigaranlıqlar, oxşar yoxluqlar... İndi o illərə boylananda eləcə üçü var idi".)
Ümumiyyətlə, Rasimin içində daim bir uşaq təbiəti boy verir. Həyatın hər cür sərt üzünü görüb, duyub, yaşasa da ətrafa hələ də saf duyğuların işığında, birbaşa, təmənnasız nəzər salmağı bacarır, hətta konfrans zamanı belə "slaydda görünən ürək şəkillərinə uşaq həvəsiylə baxır".
Bəlkə ilkinliyə xiffəti, keçmişə bağlığı, nisgili də bu səbəbdəndir ("...uşaqlığını düşündükcə bədəni uçunurdu"). Düzü, hekayənin bu məqamı - obrazın "müqavimət duyğusu" mənim üçün daha təsirli, daha dərin məna kəsb edir. Sosial gerçəklərin passiv inikasını deyil, qaçılmaz surətdə dəyişən dünyalar, özgələşən adamlar, cəmiyyət, münasibətlər və onların qarşısında duruş gətirə bilən, bütün yanlışlığı, duyğuların metafizikası ilə bahəm xatirələrə dönən adamlara, ilkinliyə, uşaqlığa müqavimətli bir əzmlə bağlanan, dünyanın hansı başına gedirsə getsin ətrafa içinin saflıq pəncərəsindən boylanmağı bacaran İnsan həqiqətini əks etdirdiyi üçün! İnsan nə qədər dəyişikliklərə məruz qalsa, ömrü-günü xərcləyərək nələrisə əldə etsə belə ilkin, başlanğıc, təmiz duyğular da onunla birgə addımlayır və o, hansısa anda anlayır ki, bu körpə, ilkin hisslər bütün sonrakı illər ərzində əldə edilənlərdən də, yaşanılanlardan da daha ali, daha dəyərli imiş.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!