Əflatun Amaşov "Qoşa Qarın adamları və şeytanları" romanında dünyanın yaranışından üzü bəri şeytanın insanlığa, mənəvi-əxlaqi dəyərlərə yönələn həmləsinin ara verməməsi, onun bu mübarizədə insanlığı yolundan döndərə, sındıra, məğlub edə bilməməsi kimi məsələləri magik realizm üslubunda qələmə alıb.
Yazıçı əsərdə bədii obrazını yaratdığı şeytan bir-birini əvəzləyən hadisələrin mərkəzində dayanaraq Qoşa Qarda, Göy Qayada şəcərələr arasında törətdiyi dəhşətlərlə yaraların sağalmasının, ağrıların keçib getməsinin, insanın günahını dərk etməsinin, pisi yaxşıdan ayırmasının qarşısını alır.
Əsərdə şeytanın min fitnə-feli ilə yaşanan faciələr, əzablar oxucunu təsir dairəsində saxlayır, onu gözəgörünməz qüvvənin-şərin (iblisin) sirr-sehrilə bağlı suallarla üz-üzə qoyur...
***
...Qoşa Qar yüz illərdir, min illərdir ki, günəşli gündüzlərdən, aylı gecələrdən güc alıb dərdini içində tək çəkirdi.
Uca Tanrının özünə məskən etdiyi ənginliyi - Göyü çiynində saxlayan bu sıldırım qayalıqlı dağ kədərini heç vaxt, heç vədə bir kimsəylə bölüşmür, murdarlıqlara nifrətini gizlətmir, namərdlikləri bağışlamırdı.
Qoşa Qar nədənsə, bəzən hansı günah səbəbindənsə dərd verdiyi bəndələrə də rəhm etmir, yeri düşəndə onların kədərin əzabında qovrulmalarını belə sükutla, səssizliklə qarşılayır, o adamları yaxına buraxmamaqla, özündən uzaq saxlamaqla dağ təmizliyini, dağ paklığını, dağ müqəddəsliyini yaşadırdı.
Amma Qoşa Qara sığınanlar bunu bilə-bilə nə vaxtsa oradan baş götürüb didərginliyə üz tutanda belə, dərdlərini vida vədəsində bu dağa söyləyirdilər və həm də babalarının ruhlarından törəyən Göy Quşun yüz illərlə uçub axırda da buradakı qayalıqlardan birinə qonacağına, o andan da bu məkana xoşbəxtliyin "ayaq açacağına", özlərinin də məskunlaşdıqları qürbət ellərdən nə vaxtsa geri dönəcəklərinə, bəxtəvər bəndələrə çevriləcəklərinə qəlbən inanırdılar.
Zaman isə beləcə insan düşüncəsi - inamı, ümidi ilə yaşa dolurdu. O Qoşa Qardan, o sıldırımlı qayalıqlardan isə nə bir çarə, nə bir kömək, hələ ki, görünmürdü. Çünki Göy Quş hələ yol gəlirdi, mənzil başına hansı günün hansı saatında yetişəcəyini özündən savayı heç kim bilmirdi.
...Dünyaya göz açandan bəxti qara gələn - hələ ana bətnindəykən atası ölən, qüsurlu - dizləri arxaya bükülü doğulması səbəbindən də anasını itirib baba-nənə ümidinə qalan Qızeytarda da arzu-istəyinin Göy Quşun Qoşa Qara dönən an göyərəcəyinə bir əminlik vardı. Bu inamı onda altaylı şaman Abanurun tələbəsi Xəmmədin babası Alı kişiyə söylədiyi və yaddaşında ilişib qalan sözlər yaratmışdı.
Bax, elə buna görə də Qızeytar gəzə bilmədiyindən illərlə pəncərənin yanında qoyulan taxtın üstündə uzanıb gözlərini saatlarla Göy Qayaya dikməkdən, Göy Quşun yolunu gözləməkdən usanmazdı. Amma o quşun gəlməsi və özü ilə də o qızcığazı götürüb aparması, ayağa qalxıb rahatca gəzməsilə dünyanın sevincinə, xoşbəxtliyinə qovuşması şair demişkən, görünməz aylara, illərə qalmışdı.
Amma Göy Quş gəlmirdi ki, gəlmirdi...
***
...Yağan yağış selə, əsən külək qasırğaya çevriləndə çayların məcrası, küləyin səmti dəyişir, düzənlər dərin, dibi görünməyən dərələrə dönür, bir nəsil arasında nifaq düşəndə, nifrət qılıncı sıyrılanda tökülən qanlar, hətta dağları da parçalayır. Alıöylü şəcərəsi də günlərin birində belə bir dəhşətli təlatümlə üzləşir...
Bu nəslin Qoşa Qarın ətəyində, Qurd Ölən Yerdən ta Mələklərin Yoluna qədər uzanan ucsuz-bucaqsız yaylaqlarda binə olduğu tarixi bilinməyən bir dönəmdən mehr-məhəbbət dolu günlər yaşaması şeytana xoş gəlmədiyindən qəbiləni nifaq salmaqla iki yerə parçalayır. Düşmənçilik Qoşa Qarı qan çanağına çevirir və bundan qəzəblənən Tanrının həftələrlə yağdırdığı yağış yurdu yuyub aparır, yerin təki boşalır və torpaq insanları udur. İnsanlıq Allah dərgahına əl açıb imdad diləyir, günahlarını bağışlamağı istəyir. Yaradansa bu yalvarışın qarşısında təslim olur, faciənin - nəslin kökünün kəsilməsinin Qoşa Qara bitişik Göy Qayanı yerin təkindən yaratmaqla qarşısını alır. Camaat həmin müqəddəs məkanda - Göy Qayada məskunlaşır, artıq bu yeri dərddaş bilir, dar məqamda ona üz tutub imdad diləyir. Göy Quşun gəlişi ilə də nəsil arasında barış, sülh, əmin-amanlıq yaranacağına ümid bəsləyir.
***
...Göy Quşun Göy Qayaya gəlişinin intizarını təkcə Qızeytar çəkmirdi. Babası Məmməsöyün kişinin də, nənəsinin də bu yurdda yaşamaqları cəhənnəm əzabı idi. Alıöylü nəsli babaya da, nənəyə də düşmən gözü ilə baxırdı. Çünki Məmməsöyünün ilk və son sevgisini qohum-əqrəba qəbul etmirdi. Məmməsöyün də onsuz yaşamağı, yad eldən gətirdiyi "bu qara yığvallıdan" ömrünün sonunadək aralı düşməyəcəyini deyirdi.
Alıöylülərin yad, biganə baxışları altında əzilən gəlin də, öz nəslinin arvad-kişisinin üzünə "Tanrı kökünüzü kəssin görüm, sizdən adam olmayacaq" söyləyən Məmməsöyün də Göy Qayanın şeytan havası çökən torpağına, daşına Göy Quşun qonacağı anın xiffətini Ulu Tanrı qarşısında suçsuz, günahsız olan Qızeytarla birgə çəkirdilər.
Məmməsöyünün at belində iki qızını canavar parçalaması, üçüncüsünün Qızeytarı dünyaya gətirdiyi anlarda həyatını itirməsi, çağanın isə şikəst doğulması, üstəlik də, körpənin atasının ölümü Alıöylü nəslinin ürəyinə rəhm salmamışdı. Kim bilir, Göy Qayada bir nəslin bir ailəyə yönələn qəddarlıqları, həmçinin bir-birinin ardınca bu obada baş verən faciələr bir qəbilənin, bəlkə də, iblisləşməsindən irəli gəlirdi... "Bəlkə"lər çox idi, amma bunların heç biri dərdə, kədərə bu cür biganə yanaşılmasına əsas vermirdi. Göy Quşun yolunun səbirsizliklə gözlənilməsi də o səbəblərin, bəlkə də, birincisi idi...
Amma altaylı şaman Abanurun şagirdi Xəmməd Alının Göy Qayaya Göy Quşun gəlməsi ilə bağlı söyləməsinin nə vaxt "göyərəcəyi", o quşun Qızeytarı da özü ilə aparacağı vaxta hələ çox qalırdı. O vədəyə kimi buralardan çox sellər-sular axacaq, çox yellər əsəcəkdi... Babası Məmməsöyün kişi nəvəsi Qızeytarı sağlam həyata qaytarmaq üçün Bozyar atını qaraçılara bağışlayacaq və bunun qarşılığında möcüzə baş verəcəkdi - Qızeytar sapsağlam olacaq, dünyaya sanki yenidən göz açacaqdı. Sonra isə "Babasının xeyir-duasını alıb Toyçu Alxanın "Atdandırma"sının qəmli sədaları altında Söynalı Qızeytarı bəzədiyi ata mindirib" ər evinə aparıb özünə ömür-gün yoldaşı edəcəkdi. Qızeytar da babasının ona cehiz adı ilə verdiyi köhnə "beşaçılan"la oğru-quldurun qarşısına çıxacaq, onların yerindəcə cavabını verəcək, əri Söynalı isə Qoşa Qarın ətəklərindəki meşələri qoruyacaq, yeri düşəndə isə bu ətrafa hücum çəkən ermənilərlə döyüşəcəkdi...
Bax, belə bir məqamda bu ailə fələyin nə saydığından, nələr edəcəyindən xəbərsiz yaşayırdı... Qızeytarın oğlu Musanın balaca bacısının qamçı ilə gözünü çıxaran kəndxudanın oğlunu öldürməsi və bu faciə ilə bir qəbilənin, bir nəslin ikiyə bölünəcəyi, yeni bir qan düşmənçiliyinin başlayacağı isə heç kimin ağlına, yuxusuna gəlməzdi...
Bu hadisənin sonluğu isə Alıöyün ağsaqqallarının faciə ilə bağlı verdiyi qərarla daha da dramatikləşir: yeni bir ikitirəliyin başlanmasının, yeni qan axıdılmasının qarşısının alınması üçün ənənəvi "ölümə ölüm" hökmü verilir, kəndxudanın oğlunu qətlə yetirən Musanın da qarşı tərəfdən həyatına son qoyulması qərara alınır.
Romanda hadisələrin məcrasının bu məqamında yazıçı diqqəti bir azdan yaşanacaq faciə fonunda Göy Qayanın sinəsinə, həndəvərinə sığınan şeytanın bu yerin müqəddəs məkanında - məsciddə söyləmələrinə yönəldir. Bununla da şeytanın insanları Uca Tanrının yolundan çıxarmalarında hansı gücə sahib olmasını göstərir. Yəni bəzən bəndə qudurğanlığının qarşılığında onun həmcinsinin cinayətə əl atmasının heç də iblis əməli olmadığından xəbər verir. Belə bir əminliyi isə az vaxt sonra güllələnəcək Musa ilə məsciddə olduğu zaman şeytanın bu müqəddəs məkana ayaq basıb Molla Ayvazla etdiyi söhbət də təsdiqləyir. Şeytan adı çəkilən nüfuzlu din xadimi ilə, belə demək mümkünsə, dialoqunda iblislərin də bu dünyada, eləcə də Yer üzünün bir parçası olan Göy Qayada yaşam haqqı olduğunu bildirir və əlavə edir: "Bəs sabahkı qətlin günahını kimə yükləyəcəksiniz, Molla Ayvaz? Onudamı mənim, şeytanların adına yazacaqsınız? Mən onu cinayətə sürükləmişəmsə, bəs siz kimsiniz onda? Tanrının yaratdığı, yer üzünün əşrəfi sandığı Adəm övladımı? Yoxsa hər addımda mənim kələyimə uyan məxluqmu?".
Əslində, yazıçı şeytanın bu ritorik sualları ilə oxucunu düşünməyə, Molla Ayvazın əməllərini xatırlayıb ona dəyər verməyə, iblisin söz (sual) fəndgirliyini anlamağa məcbur edir. "Bəs siz kimsiniz"in cavabı isə tezcə də düşüncəyə hakim kəsilir: Molla Ayvaz nüfuzu, xətir-hörməti hesabına neçə qoşa qarlını hökumətin cəngindən qurtaran, bazar günləri məscidini mədrəsəyə çevirib uşaqları elmə-savada qovuşduran, hətta Tiflisdən müəllim çağırıb onlara rus dilini öyrədən Adəm övladıdır ki, Dırdı İsmeeldən fərqli olaraq şeytanın onu iblisləşdirməyə gücü çatmır.
Amma burada açılması mümkün olmayan sirlər də var. Məsələn, doğrudan da, şeytanın söylədiyi kimi, "Tanrının yaratdığı, yer üzünün əşrəfi sandığı Adəm övladı" dərin şüur, düşüncə sahibi olduğu halda, niyə yolunu azaraq iblisin əməlinə uyub qətllər törədir, nəsillər, köklər arasında qan davası salır? İblisin bu qovğada, bu qalmaqalda marağı nədir? Bəs iblis dilsiz-ağızsız Qanığı niyə özünə təslim edə bilmir? Bəs onda bu yurdun havası, neməti ilə ömür sürən, dağına-daşına kürək söykəyən insanın şeytan önündə gücsüzlüyü nə ilə, hansı səbəblə bağlıdır? Bəs onda gecənin bir yarısında Qanığın Qoşa Qarın Yuxarı Örüş Yerində qurdun öhdəsindən gəlməsi, Bozyarı da, onun balaca dayçasını da neçə canavarın ağzından alması sirri niyə açılmır?.. Suallar, müəmmalar, ehtimallar bitib-tükənmir. Lakin burada yazıçının bir fikri ilə razılaşmamaq olmur: Qanığın üstündə gəzdiyi torpaq, yurda, sahibinə sədaqət, güc verir, güc-qüvvəsi isə ayaqlarının altındakı torpaqdan rişələnir.
...Məhz bu torpağın güc-qüdrəti heç vaxt Qoşa Qarı sınmağa, əyilməyə, əzəmətini itirməyə qoymur...
Bu torpağın sirri-sehri şeytanları Göy Qarı xırdalamağa, kiçiltməyə, nəhəng qayaları ovub yox etməyə imkan vermir.
Bu torpağın cazibə qüvvəsi müqəddəs Göy Quşu bu məkana, bu coğrafiyaya çəkir, Göy Quşun o yurdun üzərində qanad çalması isə həsrətlə gözlənilir və Qızeytar kimi neçə-neçə Allah bəndəsi də Göy Quşun gəlib nəfəsiylə, sirri-sehrilə o şeytanları oradan qovub yurda xoşbəxtlik gətirəcəyinə, şeytanlaşan, iç dünyaları - düşüncələri, zehniyyətləri ilə zülmətləşən bəndələrin Uca Tanrı yoluna dönəcəklərinə inanılır.
***
...Gözlərinin önündə bir azdan yaşanılacaq oğul faciəsi Qızeytar doğulanda Uca Yaradanın verdiyi əzabdan da qat-qat ağrılı olur. Camaatın gözü önündə oğlunun kiminsə əli ilə açılan atəşlə ölməkdənsə, özü-özünü güllələməkdən başqa bir çarəsi qalmır. Lakin o vaxta kimi hadisənin başqa bir axarla cərəyan edəcəyinə ümidini də üzmür: Musanı ölümün əlindən alması niyyətilə üzünü Göy Qayaya tutub ondan imdad diləyir: "Dərdimə ilac elə. Səninləyəm, Göy Qaya, eşitmirsən, dərmanın yoxdursa, çağır gəlsin Göy Quşu, tez gəlsin, məni də dərdlərinə bələyib buralardan genitsin...".
Ancaq bu yalvarış heç bir nəticə vermir. Qızeytar "ölüm meydanı"nda özünü babasının cehiz verdiyi "beşaçılan"la qətlə yetirməzdən öncə "Göy Qaya tərəfdən quş qaqqıltısına bənzər gələn səsdən diksinir, gözlərini oğlunun baxışlarından ayırıb qeyri-ixtiyari səs gələn tərəfə boylanır... Bu, Qızeytar arvadın uşaqlığından gözlədiyi elə həmin Göy Quş olur...".
Yazıçının təsvir etdiyi bu acı mənzərə təkcə "ölüm meydanı"na cəm olan camaatı deyil, həm də oxucunu dəhşətə gətirir. Qızeytar arvad öz qətlinə fərman verir. Göy Qayaya qonan Göy Quş isə "beşaçılan"ın səsi eşidilən andaca Qızeytarın ona tərəf uçan ruhunu qanadlarına büküb Mələklərin Yolundan Göy Qayaya enən işıq şüasına qoşulub göyün yeddinci qatına yollanır və ünvanı bilinməyən ənginlikdə mələklərin biri də beləcə artır...
Romandakı Qızeytar obrazı "Kitabi-Dədəm Qorqud"dakı əsl Azərbaycan qadınlarına məxsus ləyaqət və dəyanəti ilə seçilən Burla xatunu xatırladır. Burla xatun kimi o da cəsur və mərdliyi ilə ölümün gözünə dik baxaraq oğlunun kimlərinsə gözləri önündə qətlini görməmək üçün özünü güllələyir və bununla da "ölümə ölüm" hökmünün qurbanına çevrilən xanım - şəxsiyyət səviyyəsinə yüksəlir. Ümumiyyətlə, Qızeytarın bu cür faciəli həyat sonluğu min illər əvvəlki şərəfli ana ölümlərinin davamı olduğunu gözlərimiz önündə bir daha canlandırır. Bununla da cəmiyyətdə meydan sulayan iblisin heç də fövqəlgücdə olmadığını, başqa sözlə, hamını öz təsiri altına ala bilmədiyini bir daha diqqətə çatdırır.
***
Romanda əsrlər əvvəl baş verən və uzun bir dövr sirr olaraq qalan hadisələrin üzərini basan toz qatı yazıçı fəhmi ilə təmizlənir. Bir şəcərənin, bir nəslin tarixi faciəli talelər fonunda ümumiləşdirilərək oxucunun diqqətinə çatdırılır. Bəzi hallarda isə müəllifin bilərəkdən olmuşlara müdaxilə etməsi, rəy bildirməsi ilə müəyyən şübhələr, ehtimallar aradan qaldırılır. Əslində həqiqətlərdən rişələnən və zaman keçdikcə, vaxt-vədə ötdükcə bu söyləmələrə, deyimlərə yanlışlar da qarışaraq mistikaya dönməsi, olmuşların əfsanələşməsi, fikrimizcə, insan ağlının uzun illər öncəni bütün çılpaqlığı ilə açıb-ağartmaq gücsüzlüyü yox, İlahi Qüdrət tərəfindən müəyyənləşdirilən vaxt-zaman müddətindən asılı olur. Yəni vədə tamamında sirr pərdəsinin çəkiləcəyi hər zaman öz təsdiqini tapır...
Əsərdə Güllü tərəfindən Qojanın əlyazmasının NKVD arxivindən aşkarlanması və bu əlyazma qeydləri fonunda şeytaniləşən, düşüncəsi, əxlaqı iblislərin təsiri altına düşən insan - Dırdı İsmeel obrazı gözlərimiz önündə canlanır: "Güllü əlyazmaları təsadüfən tapmışdı. Tiflis arxivlərində Qoşa Qarla bağlı araşdırma apararkən üstündə Qojanın adı yazılan qovluq diqqətini cəlb etmişdi. Açarkən gözünə inanmamışdı. Dırdı İsmeel nə qədər yazıbmış bu yazıqdan. Hamısını üst-üstə səliqə ilə tikib qovluğa qoymuşdular. Arasında da bir qalaq əlyazma. Güclə oxunurdu, bəzi yerlərinin mürəkkəbi getmişdi, qalanlarında da sətirlər çətinliklə seçilirdi".
Dırdı İsmeel Qoşa Qarda "quruluş üçün təhlükəli", "pantürkizm vurğunu" olan neçə-neçə başıpapaqlını NKVD-yə yazdığı donoslarla Qazaxıstan səhralarına sürgün elətdirmiş, gəlinləri ərsiz, uşaqları atasız, ailələri başsız qoymuşdu. "Kəndin kənarındakı daxmasında yalqız yaşayan, yatağının böyründə kağızı, qələmi əskik olmayan", Allah xofundan uzaq bu Allah bəndəsi uşaqlıqdan arzu-istəyi göyərməmişdi: Göy Qayadan yıxılıb şikəst olmuşdu, sevdiyi Yetəri isə ona çox görmüşdülər.
Taleyi kəm gələn, bəxti üzünə gülməyən belə adamın şeytana təslim olması elə də çətin deyildi. Həmin dövrün o cür ab-havası isə şeytan üçün bir fürsət, bir məqam idi. Çünki iblis alın yazısına talesizlik yazılan, xislətilə insanlığa qənim kəsilən Dırdı kimilərini asanlıqla ələ keçirib erməni müstəntiqinin əli ilə ocaqlar söndürürdü...
***
Əflatun Amaşov Dırdı İsmeelin "pantürkizm mübarizəsindən" danışarkən bir məqamı da xatırladır: Uzun bir dövr üzərində quş və dağ-qaya təsviri olan palaz söz-söhbətinin - Altayda sürgündə olan zaman Xəmməd Alının şaman Abanurdan eşitdiklərinin - NKVD-də erməni müstəntiqinə verdiyi o vaxtkı ifadəsinin sirri, nəhayət, üstündən qərinələr, əsrlər ötəndən sonra Güllünün Tiflis arxivindəki axtarışı ilə açılır: "Mən, Xəmməd Alı, deyirəm ki, bu palaz Altaydakı müəllimim şaman Abanurdan mənə yadigardır. Üstündə gördüyünüz quş da böyük türkün ruhunun ifadəsidir".
...Xəmməd Alının bəxti onda gətirir ki, erməni müstəntiq onun dediklərini özlüyündə bir sərsərin beyin pozğunluğu kimi dəyərləndirir və yanındakı əsgərə əmr verir: "Ara, bu daliymiş ki... Andırını da bas qoltuğuna, dalına da bir yekə təpih, tulla çölə!"
Beləliklə, zamanın acı rüzgarı nə qədər təhlükəli, qorxulu olsa da, bir millətin istək-arzusunu soldura, əkdiyi toxumun cücərməsinin, göyərməsinin qarşısını ala bilmir. Palaz üzərindəki təsvirin - quşun Göy Quş, qayanın Göy Qaya olması təsdiqlənir, bu fikir haqlı olaraq türk qələbəsinin, türk ruhunun birləşməsi, böyük Turanın qurulması simvolu kimi yozulur və bu gün də ən ali nöqtəyə yüksəlir. Bu yolda xəmməd alılar türk ruhunun, molla ayvazlar İslam, elm, əxlaq, mərifət daşıyıcısı, iblisləşən dırdı ismeellər isə bu dəyərlərin dağıdıcısı kimi tanınır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!