Mişima möcüzəsi - Mirmehdi Ağaoğlu yazır

 

 

Məndən soruşsalar "Nəyə görə peşmansınız?" - söylərəm Yukio Mişimanı gec oxuduğuma görə.

Çox da şişirtmədən deyim ki, burada ədəbiyyat baxımından "peşmanlıq"dan söhbət gedir. Həqiqətən bir neçə ay bundan qabaq Mişimanı oxuyandan sonra bu vaxtacan onun  kitablarına müraciət etmədiyim üçün dərin təəssüf hissi keçirdim.

Yapon yazıçısı Yukio Mişimanı dünya ədəbiyyatının ən xarizmatik yazıçılarından hesab etmək olar. O, öz ömrünə təbii ki, bir-birindən möhtəşəm əsərləri ilə birlikdə həm aktyorluğu, həm karate ustalığını, həm bodibildinqçi kimi seçilməyi, həm də bir siyasətçi kimi tanınmağı, özünün siyasi-ideoloji düşüncələrini təbliğ etməyi, müridlər ordusu yaratmağı bacarıb. Bütün bunlarla yanaşı son dərəcə qibtə olunacaq bir iradə də nümayiş elətdirib. Məsələn, arıq, sısqa bir oğlan ikən mükəmməl bədənə sahib bodibildinqçiyə çevrilib. Ən asası da bütün bunları cəmi 45 illik bir ömrə sığdıra bilib.

Mişimanın bioqrafiyasına baxsaq, ilk əsərlərini hələ gənclik illərində qələmə aldığını görərik və elə həmən ilk əsərlərdən onun necə insan psixologiyasının dərinliklərinə enməsinə, necə insan münasibətlərinin ən incə qatlarını, insan davranışlarının hələm-hələm seçilməyən, hələm-hələm fərqinə varılmayan nüanslarını tapıb aşkara çıxarmasını görüb heyrətlənərik. Axı bir insan gənc yaşda necə bu qədər kamil ola bilər. Mişima 20 yaşına qədər necə bir həyat yaşayıb, necə bir ömür sürüb ki, hansı çətinliklərdən, keşməkeşlərdən keçib ki, ilk qələm təcrübələrindən bu qədər mükəmməl əsərlər yarada bilib?

O, okean dərinliklərində yaşayan balıq kimidir. Gözləri heç də hamımızın seçə bilməyəcəyi məqamları, nüansları insan təbiətində axtarıb tapmaq qabiliyyətinə malikdir. Dediyim kimi biz onun bu mahir qabiliyyətini ilk hekayələrindən belə görə bilərik.

Ötən əsrin qırxıncı illərində qələmə aldığı bir sıra hekayələrində Yukio Mişima bu ustalığa nail olub. İnsan həqiqətən heyrət edir, necə ola bilər ki, belə qısa bir ömür yaşayasan və üstəlik gənc yaşlardan bu qədər dərin müşahidə qabiliyyətinə, bu qədər dərin zəka və hisslərə malik ola biləsən, ətrafında yaşayan insanları bu qədər ustaca, məharətlə müşahidə etmək qabiliyyətin olsun. Üstəlik təkcə ədəbiyyat sahəsində deyil, başqa sahələrdə də eyni məharətlə çalışıb uğur qazanasan. Elə bil bədəninə qeyd cihazı qoyub, bədəni ilə ətraf mühitin təmasından nə baş veribsə, onları bu cihaz qeyd edib. Yoxsa qısa bir ömrə bunları sığışdırmaq vallahi də, billahi də mümkün olmaz.

"Siqaret" hekayəsini Mişima 1946-cı ildə yəni 21 yaşında yazıb. "Siqaret"də cılız canı ilə sinif yoldaşlarından seçilən oğlanın bir qədər də özünü göstərmək məqsədilə siqaret çəkməsindən, sonra onun gətirdiyi günahkarlıq duyğusundan bəhs edilir.

Mişima əhvalatçılığa qaçmır, özlüyündə elə də böyük hadisəsi olmayan hekayədə yeniyetmənin hisslərini aramla hər bir detalın üstündə xüsusi dayanaraq verir. Bu tələsməzlik, hər bir detalın üstündə dayanaraq, hər şeyi aramla tətbiq etmək xüsusiyyəti onun bütün hekayələrində özünü büruzə verir. Şəxsi müşahidələrimə əsasən adətən gənc yaşda qələm adamları tələskən olurlar, heç hara tələsmədən hər şeyi yerli-yataqlı yazmaq vərdişi zamanla yaranır. Lakin biz bu bacarığı Mişimada ilk başdan görürük.

Yeri gəlmişkən, Mişima ilk hekayələrindən olan "Siqaret"i 1946-cı ildə yapon ədəbiyyatının klassiki sayılan Yasunari Kavabataya göstərir, o da öz növbəsində hekayənin çapını təşkil edir.

"Haruko" hekayəsində isə qəhrəmanın xalası və onun ərindən olan qızı ilə mürəkkəb münasibətindən bəhs edilir. Maraqlıdır ki, Misima bu münasibətləri yazarkan (adətən gənc yaşa xas olan) zərrə qədər də erotizmə qaçmır, bu sevgi münasibətini ülvi hisslərlə tərənnüm edir.

"Bulmaca" hekayəsində isə Mişima kişi-qadın  arasındakı münasibəti bir qədər fərqli aspektdən təqdim edir. Yazıçı bu hekayədə "Min bir gecə" hekayələrinin ovqatına bürünür, qəhrəmanını sirli-sehirli bir aləmə salır.

Mişima təkcə kişilərə xas hissləri göstərməyin ustası deyil, eyni dərəcədə qadınların da dünyasına hakim olmağı bacarır, onların hisslərini ən tünd boyalarla təqdim etməyə nail olur. Yəqin ki, onun bu bacarığını uzun müddət nənəsinin himayəsində yaşaması ilə əlaqələndirmək mümkündür. Hər bir halda nəticə olaraq Mişima əsərlərində qadınların iç dünyasına ustaca nüfuz edir.

Bu baxımdan kitabın ən diqqət çəkən hekayələrindən biri "Yay ortasında ölüm" adlanır. Mişima bu hekayəni yazarkən 27 yaşında olub. Mən bilmirəm o, həmin vaxt evli olubmu, olmayıbmı, ancaq hekayəni oxuyanda onun bir qadının, xüsusən də övladlarını itirmiş bir qadının hisslərini necə dərindən təqdim etməyinə, onun övladlarının itkisindən doğan ağrılıarını necə məharətlə təqdim etməyinə heyran qalırsan. O hisslər təkcə ağrıdan ibarət deyil, peşmanlıq, tərəddüdlər, faciənin təsirindən havalanmaq kimi sarsıntılar da bura daxildir. Hekayədə bir məqam var, uşaqları dənizdə boğulan qadın bir gün küçədə gedərkən mağaza vitrinlərinin birində, manekenin əynində dəniz geyimi görür və ona baxmamaq üçün gözünü qaçırır. Bilmirəm əlavə şərh verməyə ehtiyac varmı?

Düzü xüsusi statistika aparmamışam, lakin mənə elə gəlir ki, dünya ədəbiyyatında bu yaşda belə mükəmməl hekayə yazmaq bacarığına nail olan müəllif tapmaq çox çətindir. Möcüzə axtarmaq üçün hansısa övliyaların, falçıların yanına qaçmaq lazım deyil. Məndən ötəri "Yay ortasında ölüm" əsl möcüzədir. Yenə təkrar edirəm, gənc yaşlarında insan qəlbinin sirlərinə bu qədər dərindən vaqif olmaq və onu kağıza köçürmək bacarığı hər kəsə nəsib olmur.

"Yay ortasında ölüm" hekayəsi bir tətil qəsəbəsinin dəniz sahilinin təsviri ilə başlayır. İlk cümlələrdən bu təsvirlərin hekayə ilə birbaşa əlaqəsi olmadığını sanmaq olar, misal üçün hekayəyə Tomoko İkutanın pansionda yatdığı yerdən də başlamaq olardı. Lakin hekayəni oxuduqca görürsən ki, bu hissələr əslində uşaqların suda boğulduğu yerin necə bir məkan olduğunu göstərmək üçün gərəkli idi. Yəni deməyim odur ki, Mişima hekayəni qurmaq tərəfindən də ustalıq nümayiş etdirir. Tətil qəsəbəsində pansionda dincələn qadının iki uşağı ilə baldızı dənizdə boğulur... Mişima bu qadının sonrakı taleyini yaşantılarını, uşaqlarının ili çıxmamış yeni uşağa hamilə qalmasını sonra həyat yoldaşı ilə uşaqların boğulduğu yerə gəlməsini, bütün bunları o qədər məharətlə və heç bir cümlədə sentimentallığa qaçmadan təsvir edir ki, yuxarıda bir neçə dəfə dilə gətirdiyim kimi sadəcə heyrət edib qalırsan. Bilmirəm hekayənin süjetindəndir yoxsa nədəndir, hekayə boyu sanki kimsə sənin başından tutub suda saxlayır, saxlayır, son cümlədə əlini qəfil başından çəkir və sən başını sudan çıxarıb ciyərdolusu nəfəs alırsan.

Mişima hərçənd hansısa xəstəlik, yaxud bədbəxt hadisə nəticəsində deyil, xarakari edərək ölüb, bununla belə mən onun həyatının belə tez sonlanmasını təbii hesab edirəm. Bunca həssas qəlbə, dərin düşüncəyə, insanları duymaq bacarığına sahib olan kəs heç vəchlə rahat həyat yaşaya bilməzdi, pərvanə çırpınıb-çırpınıb özünü oda atan kimi o da bir yol tapıb özünü axır ki, ölüm mələyinin ağuşuna atmalı idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!