Cavanşir YUSİFLİ
1
...Şeir həmişə şamın nəfəsini içinə çəkib sönməsi, səhərin bir qanad səsiylə açılması kimidir. Poeziya nə qədər modernləşsə də, nəfəslə yaranan poetik ərazidən bütün qafiyə, bənzətmə və təşbehlərin süpürülüb getməsi bahasına tam fərqli dona girsə də, yenə də "gül-bülbül" çağına dönür. Canlı bir varlıq kimi uçub gəldiyi kökünü xatırlamaq onun üçün necə deyərlər, adi məişət məsələsidir. Xatırladıqca ona hər təsadüfdə bir nəfəs qədər yaxınlaşır, keçmişdə lələklə yazılan mətnlərin sətirləri arasından süzüb keçir, onlardan nələrisə götürür, çünki ən modern diskurs, nəsnə - içindəki boşluqların daha dərindən və dəhşətli sızıltıyla bilindiyi yerdir. Boşluq hiss edilirsə, o, mütləq dolmalıdır. Və bu dəfə onun "sönməsinə" səbəb olan "küləklərdən" yan keçmək inadıyla. Buna görə də hər bir gözəl şeirdə bu "savaşın", öz xatirələri ilə üzləşmə didişmənin iz və bəzən də şırımları bilinir. Sən çox dəyərli sandığın nələrisə yaddaşına həkk etməyə dirəndikcə onlar silinib getmək, uçub yox olmaq istər, xatirələr uzaqdan, xəfif yada salınmağı xoşlar. Vaqif Səmədoğlunun "Quşlar saatla yox, işıqla başlayır oxumağa" misrası yuxarıdakı fikrin əyani nümunəsidir: şeir gecənin qaranlığından işıq kimi çıxır, amma həm də dünya var olandan ruhunda gəzdirdiyi xatirələri bağrının başına sıxaraq. Çünki bunsuz şeir, bədii mətn dilsiz qalardı. Xatirə, şeirin, bədii mətnin keçmişdən damcı-damcı yığdığı nəsnə gün işığına çıxdıqda dünyada, onun reallığında nə varsa hamısını dəyişdirir, yəni, onlarla əlaqədar deməyə sözü olur, hətta adi sevgi şeiri də ictimai, sosial yüklü problemlərin də dibindəki dərdi, onu yaradan nisgili oxumağa qabildir.
Hədiyyə Şəfaqətin şeiri:
Şəhərin sükutunu pozur qanad səsləri
Hardasa işıq yanır,
Hardasa işıq sönür
Daha neçə yarpağın son nəğməsi səslənir
Neçə adam gecədən keçib evinə dönür...
Yaxşı şeir ən uzaqların, o əl çatmayan ərazilərdə adi yarpaq titrəyişinin duyulması kimidir, həm də bu duyğunun, o titrəyişin öz ritm və ladında, əşyalar, nəsnələr uzaqlaşdıqca onların ritm və hərəkət dinamikası daha dərindən duyulur: bunları hiss edir və bir daha xatırlaya bilmirsən, giliz canında qalır, qövr edir, hətta o mərmi parçası çıxarılsa da onun gizildəyən yeri həmişə, beşikdən məzara hiss edilir. Təsəvvür edin: uzaq-uzaqlarda yarpaq xışıltısını, aşıq poeziyasında, yaxud el ədəbiyyatında dəfələrlə ifadə edildiyi kimi, səhərin mehindən də inciyən, qırılan insan qəlbinin döyüntüsünü hiss edən nələrsə varsa, bu nəsnələri bir yerdə bağrına basacaq, onları poeziyaya döndürəcək güc və enerji də var. Şeirdə, bədii mətndə təsvir olunan nə varsa bir hadisənin, yaxud bəlkə də, yer üzündəki bütün olayların son halının göz önünə gəlib süzüb getməsi kimidir. Şeirin təsvir obyektivinə yaxalanan bu görüntü əslində reallıqda olmayan, baş verməyən bir hadisədir, belə bir görüntünü ən həssas qələmlər hiss edər və onu gerçəklik edə // gerçəkləşdirə bilərlər. Yəni "reallıq" deyilən hadisəni dərindən araşdırsaq onun sonsuz sayda irreal olaylardan qurulduğunun da şahidi ola bilərik. Ona görə poeziyada real olan, real kimi təsvir edilən nə varsa irrealdır, olmayanların oluşması, gecəylə gündüzün tən ortasında dünyaya gəlməsi və çıxıb getməsidir. Əsas olan bu hərəkətin çıxıb gedərkən qoyduğu izdir. Şeir həmin izi tanıyır, duyur, onu ən mürəkkəb nəsnələrin ölçü vahidinə çevirə bilir, ancaq bu izi qoyan əlin, barmaqların sahibini bilmərrə unudur. Unutqanlıq həmin bircə şeyin - izin dərinliklərində vurnuxmağa fürsət verir.
Çıxıb getdikdən sonra da qəlblərdə, ürəklərdə mərmi parçası kimi ilişib qalır, qövr edir, ən gözəl şeylər ən çox dərd verən, ağrıdan, ən dərin yaraları yada salan şeylərdir. Ən gözəl şey buna görə də gül deyil, onun solması da deyil, onun bizim bilmədiyimiz dildə hiss etdikləridir. Şeir bu hissiyatı verməyə çalışır, klassik poeziyadan ultra müasir şeirə qədər. Baxın:
Hər kün əğyarə nəsib oldu cəmalın ey mah,
Olmadı bir gecə kim, mən səni röyadə görüm.
Məqsədim, şəşəəyi-mahi cəmalındı sənin,
Xah məsciddə onu, xah kəlisadə görüm.
İki zülfün arasından görünə mehri-rüxün,
Genə ol əxtəri-rəxşəndəni Cövzadə görüm.
Seyidda, doğranı narinc kimi bu dili-zar,
Əgər ol Yusifi mən bəzmi-Züleyxadə görüm...
Yaxud, yenə Hədiyyədən:
Uzaq çöllərdən gələn bir xışıltı, əsinti
Deyir hardasa Tanrı dizini yerə qoyub
Mənim qəlbim həm orda, həm burda gizli-gizli
Sevişməyə soyunub - sözünü yerə qoyub...
Sönüb məbədlərdəki son şamlar, son dualar
Səhər hər şey yenidən səslənəcək, Sevgili
Hardasa göy sularda qağayı iddialar
Gün işığından qaçıb gizlənəcək, Sevgili...
2
Şeirdə, yuxarıda da dediyimiz kimi anidən gözə (xəyala-!) görünüb yox olan və bir daha bilinməyən hansısa nəsnənin, ya bir qırıq günəş parçasının, bir fraqment ay işığının, ya da ürəkdən boşaltmaq istədiyin nifrət çayının kölgəsinə işarə edilir. Və həm də, bu şeir də o hissin lap qurtaracağında yazılıb, günəşin batdığı anın son nöqtəsində tora düşən balıq kimi bu şeir dünyanın sonunu xatırladır. Hər bir şeir dünyanın sonu və başlanğıcıdır. Hər bir şeirdə "çərxi-fələk " obrazı var, əllə tutulmayan, izaha yatmayan, heç bir dilə tərcümə olunmayan. Əlibalanın aşağıdakı şeirində olduğu kimi:
Keçmişdəki xülyalar haqqında
Dəniz kənarındakı evlərində
ataları şəhər mərkəzində qonaqkən
qürubçağı
iki bacı
şüşə çaydanın içinə baxırdı
sarı mayeyə,
balıq kimi üzən xırda çay parçasına...
Və yumşaq paltarları çiyinlərinə sürtüləndə
hər ikisi əbədi olduğuna inanırdı...
Hədiyyənin şeirlərində (yuxarıdakı mətndə) rastlaşdığımız aləm, Əlibalanın bu və aşağıda təqdim edəcəyimiz mətnlərindəki fraqmentlər dünyasından fərqlidir. Birincidə metafora və təşbehlərdən qaçıb (onları unudub-!) şeiri yaradan, "real yaşam rejimində" gözə çarpmayan xəyali nəsnələri yada salmaq səciyyəvidir. Bir quş qanadının qaranlığa çırpılmasıyla açılan səhər, çəmənlikdə çiçəyin gözündəki şehin qarşısında qatlanmış dizlər... insanların həmişə unutduqları şeylərin mətndən axıb keçməsi vizuallaşır. İkinci sıradakı mətnlərdə sanki hansısa romanı yaradan əhvalatlardan "kəsilmiş" fraqmentlərin (şüşə çaydanın içindəki xırda çay parçası...) fərqli dünyalarla təması, bu toxunuş və təmaslardan doğan təəssüratlar reallığa çevrilir. İrreal xətt və dairələr, fraqment və mətnlərin xəyalda kəsişən bucaqlarında qurulan gerçəklik şəffaflıq effekti yaradır. Əlibalanın bütün mətnlərində enerji məhz bu şəffaf, necə deyim, bəlkə şüşə qırıqlarından yapılan şəffaf divarların, şəffaf üfüqlərin, şəffaf duyğuların vizuallaşmasına sərf edilir. Bəzən bu hissiyyat mətndən dərhal duyulur və sən onu gerçəklik bilirsən, bəzən hansısa metaforanın içinə "əsir düşür", bu əsnada lallıqla pıçıltının sərhədindən keçən sözlər cücərir, məsələn:
Sarı almanın çilləri kimi
minnətdar idik Tanrıya,
var olmağımız
yerə səpilməyimiz üçün...
Yaxud:
Bu ağappaq, çay qoxulu həyətdə
sənin səsin
seyrəlmiş bəmbəyaz tüstü kimi...
Sanki uzaqda -
yaşıl çəmən üstünə
şirin boyalar tökür
bir uşaq gülümsəyib...
Və ağ dondurmanı
fırçasıyla rəngləyir...
Ağ təyyarənin qanadında
qızılgül rəsmləri...
Meyvənin dərdləri bitir günəşin şüasında.
Sənin səsin qanadlanıb
axtarsa indi məni
gəzsə dağları
islanmış çəmənləri
keçsə daşlardan, yaşıllıqlar üstündən...
Keçsə...
Gözlərim qıyılır
parıltının
yoxluq
kölgəsiylə...
Elə şairlər var, həm də gənc şairlər... içindəki ağrı-acının, güc və enerjisinin qədərini, özünün nəyə qadir olduğunu bilir və bunu hər gün unudur, unudur ki, həmin tutumun sərhədlərinin göstərdiyi enerjiyə biri daha sahiblənsin. Bu şairlər oxuduqlarının, həzz aldıqları kitabların, mətnlərin "qapılarını" açıb ən dərindəki enerjiyə çatmaq, onun hənirini, isti və soyuğunu bilmək istər. Bu qasırğalı və təlaşlı hərəkətlərdə özü də bilməz, oxuduqlarından ayrılan çınqılar içinə qoyulan ağzıbağlı nəsnələrə birləşər, bu məqam bir şairin ömründə ən önəmli, həm də maksimum hiss edilən bir məqamdır. Bu yolda bircə şərt var: nəfəs halal olmalıdır, çünki şair şeiri nəfəslə yazır... Hər bir şairin içində bu sehrli sanduqədən ya var, ya da yoxdur və bu, mətnlər oxunan kimi bilinir.
Əlibala bu şairlərdəndir. Kasıblığı, cavanlığı, qocalığı, xəstəlik və sağlamlığı yox, yazdığı mətnlər görsənər, saçları ağarmış şeirlər yazır, bu mətnlərdə kömürün qaralığını unudub qızıl qırmızı olduğunu görə bilərsən, meyvələr, hə, mətnlərdəki portağal, limon, alça çiçəkləri... hər şey meyvənin budağa sarıldığı anı işarələyir, bu məqamda, yəni meyvə budağa sarıldığında düşünür ki, onlar bir daha ayrılmayacaqlar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!