XX əsr Azərbaycan ədəbiyyatı korifeyləri - Mir Cəlal - Tehran ƏLİŞANOĞLU

Ədibin 115 illiyinə

Tehran ƏLİŞANOĞLU

 

Tehran Əlişanoğlu

AMEA-nın müxbir üzvü

 

Müasir dünyada Azərbaycan xalqının, dövlətinin, millətinin getdikcə öz yerini, səsini, təsdiqini daha da çox tapdığı bir zamanda müstəqillik dəyərlərimiz böyük önəm, ümdə əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Vətən müharibəsində tarixi qələbəmiz, Qafqazda gün-gündən artan rolumuz və dünya geopolitikasında yerimiz, nüfuzumuz müstəqilliyimizə, suverenliyimizə, öz Azərbaycançılıq dəyərlərimizə söykənməkdə bu gün bizə daha da çox güc, güvənc, şans verir. Diskursiv əsası hələ 1918-1920-ci illər Cümhuriyyət zamanı qoyulan, qəlblərə, şüurlara, ictimai altşüura çökərək bir daha heç zaman enməyən bu dəyərlərin qoruyub-saxlanması, uzun əsr boyu yaşadılması və yaranmaqda davam etməsi yolunda ədəbiyyatın, elmin, ümumən humanitar fikrimizin rolu böyükdür.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Yazıçılarının X qurultayında deyirdi: "Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir... Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun əsərlərindən də, Rəsul Rzanın əsərlərindən də, Süleyman Rüstəmin əsərlərindən də, Məmməd Rahimin əsərlərindən də, Osman Sarıvəllinin əsərlərindən də, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Əbülhəsənin, Əli Vəliyevin, Mir Cəlalın, İlyas Əfəndiyevin, Mirvarid Dilbazinin əsərlərindən də keçibdir... Mən son vaxtı deyirəm, bəli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı - bunlar şübhəsizdir. Mən 40-cı, 50-ci illəri, yəni 1937-38-ci illərdən sonra yaranmış ədəbiyyatı sayıram..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı. Nitqlər, məruzələr, çıxışlar. Bakı, "Ozan", 1999, s. 435-436)

Milli dəyərlərin, Azərbaycançılıq ideyasının qorunub-saxlanması və inkişafında, nəsillərdən nəsillərə ötürülməsində böyük xidmətləri olan ədiblərdən biri, Ulu Öndərin göstərdiyi kimi, bugün xatirəsini sevgiylə andığımız Mir Cəlaldır. Həm də yalnız yazıçı olaraq yox, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar Elm xadimi Mir Cəlalın geniş və zəngin fəaliyyətinin hər üç qolunda: yazıçı olaraq - ədəbiyyat sahəsində, ədəbiyyatşünas və tənqidçi kimi filoloji-humanitar fikirdə, pedaqoq olaraq -maarif və təhsil sahəsində. Fəaliyyətinin hər bir sahəsində Mir Cəlal öz möhürünü qoymuş, adını, imzasını XX əsr Azərbaycan ədəbiyyat və elm tarixinə yazmışdır. Tədqiqatçısı, akademik Nərhiz Paşayeva deyir: "Məlumdur ki, böyük və qızıl dövrləri bir hadisə və yaxud bir insan deyil, məhz kompleks şəkildə yaranan mədəni hadisələr və böyük şəxsiyyətlər toplusu meydana gətirir. Mir Cəlal Paşayev də XX əsr Azərbaycan tarixinin böyük və zirvə şəxsiyyətlərindən biridir" (Nərgiz Paşayeva, Yazıçı və zaman // Mir Cəlal, Seçilmiş əsərləri. 3 cilddə. Birinci kitab. Bakı, 2008, s. 11-29; s. 27-28)

 

***

Mir Cəlal (1908-1978) XX yüzil sovet dönəmi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bu ədəbiyyatın və bu dövr milli nəsrinin əsasını qoyanlardan biridir. Bədii yaradıcılığı 1930-1970-ci illərdə qələmə aldığı 6 roman ("Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1938), "Açıq kitab" (1941), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır?" (1952-1957), "Yaşıdlar" (1946-1963), yüzlərlə hekayə və onlarla hekayə kitabları, çoxsaylı publisist yazılardan ibarətdir.

"Bir gəncin manifesti"ni istisna etsək, Mir Cəlalın bir yazıçı olaraq ədəbiyyatımıza töhfələri uzun illər başlıcası zəngin və intensiv hekayə yaradıcılığı ilə xarakterizə olunmuşdur. Şəksiz ki, Mir Cəlal mahir və ustad hekayəçidir və ədəbiyyatımıza fərqli, özünəxas hekayə tipini bəxş etmişdir. Amma mənimcə, Mir Cəlalın bədii yaradıcılığının ruporu və lokomotivi, ilk növbədə, yazıçının romançılığıdır. Bu barədə mənim ayrıca tədqiqatım var ("Azərbaycan inqilabi romanında xronotop" // T.Əlişanoğlu, Milli nəsrdə Azərbaycan obrazı. Bakı, "Elm və təhsil", 2017, s. 66-96) və burda göstərməyə çalışıram ki, Mir Cəlal romanları XX əsr sovet dönəmində Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi yolun gerçəklərini bədii interpretasiya və mənimsəməyin ən parlaq nümunələrdir. İlk üç romanı ("Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab") 1910-1930-cu illərin inqilabi gerçəklərini, "Təzə şəhər" romanı - II dünya müharibəsindən sonra ölkəni bürümüş quruculuq pafosunu, son iki romanı ("Yolumuz hayanadır?", "Yaşıdlarım") ümumən inqilabi əsrin bizi gətirib çıxardığı durumu və bu gerçəklər üzərində düşüncələri ehtiva edir, əks etdirir. 

Bugün "inqilabi" sözünə bir qədər həssas, hətta təşvişlə yanaşır, təbii, anlayışa sovet dönəminin "Böyük Oktyabr inqilabı" ilə bağlı verdiyi semantik mənanı  anırıq ("inqilabdan əvvəl" və "inqilabdan sonra"). Halbuki XX əsrin özü başdan-başa inqilabi əsrdir; üç dünya müharibəsinin baş verdiyi (I, II və soyuq müharibə), imperiyaların dağıldığı, dünyanın xəritəsinin yenidən cızıldığı, xalqların taleyinin kökündən dəyişdiyi əsrdir. Və yalnız sinfi mübarizələrlə deyil ki, XX yüzil milliyyətçilik və milli azadlıq hərəkatları ilə, millətlərin öz müqəddaratını həll etməsi, yeni millətlərin, dövlətlərin yaranma çabaları ilə xarakterik əsrdir. Onu da heç unutmamalıyıq ki, ata-babalarımız məhz bu dövrdə, bu ictimai-siyasi, tarixi-mədəni təlatümlər içərisində yaşayıb milli varlığını qoruyub-saxlaya bilibdir; habelə ədəbiyyatımız da öz yeni inkişaf modeli ilə bu cahanşümul hadisələrə reaksiya vermək məcburiyyətində və gücündə olubdur. Üstəlik, yalnız ictimai-siyasi konteksti deyil, üzərinə elmdə, sənətdə, düşüncədə, həyatın bütün sahələrində sürətli dəyişmələri, çevrilişləri, necə deyərlər, "elmi-texniki inqilab"ı da gəlsək, əsrin inqilabi xarakterindən xof duymağa hacətimiz qalmaz. 

Mir Cəlal ilk romanından ədəbiyyatın qarşısında duran yeni tarixi tələbat və tələbləri doğru duymuş, "inqilab zamanı"nın həqiqətlərini milli dəyərlər üzərinə, klassik ədəbiyyat zəmininə otuzdurmaq, həzm etmək yolunu tutmuşdu.  Xatırlasaq, "Dirilən adam" həm də Mirzə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"na bir nəzirə, "əhvalatlar"a parodiyadır; "Bir gəncin manifesti" tənqidi realist və romantik ədəbiyyat təcrübəsi üzərinə yazılmış manifestdir. "Acıq kitab" romanında yazıçı milli cəmiyyətdə 1930-cu illər gerçəklərini iki başlanğıc üzərinə - M.Füzuli və M.Ə.Sabir, lirik və satirik xətlərin işığına tutub şərh etməyə çalışır. "Yolumuz hayanadır" yalnız M.Ə.Sabirin bioqrafisi üzərinə yazılmış roman deyil; əsərdə əsrin əvvəllərinin böyük maarifçilik hərəkatı ilə yanaşı, bütünlükdə əsri məşğul edəcək milli tale yolumuz, habelə Əlibəy Hüseynzadə və Nəriman Nərimanov xətlərinin qarşılaşmasından çarpaşıq notlar da yer alır. 

O da təsadüfi deyil ki, zamanında Mir Cəlalın hər bir romanı "sovet tənqidi" ilə qarşılanmış, yalnız "Bir gəncin manifesti" ideoloji baryerləri aşaraq bütöv bir nəsil Azərbaycan gəncliyinin manifestinə çevrilə bilmişdi.

"Bir gəncin manifesti" romanı sovet dövrünün ədəbiyyat qanunları ilə yazılmış bir əsər idi; lakin maraqlıdır ki, o dövrün onlarla bu qəbil romanları içrə məhz "Manifest" məxsusi olaraq qabarmış, az qala "həyat dərsliyi" qismində bir neçə nəsil (1930-1970-ci illər) Azərbaycan gəncliyinin yetişməsində örnək rolunu oynamışdı.  Roman cəmiyyətin əzilənlər zümrəsindən çıxmış bir gəncin - Mərdanın yeni həyat, azad yaşayış, özünə, xalqına, millətinə dəyər və sayğı verilməsi uğrunda apardığı mübarizənin manifestidir. Onu inqilabi yol seçməkdə qınamaq olmur, romanda bunun faktları, gerçək mənzərələri dürüst verilir: bütünlükdə dünyada qlobal savaş gedir (romanda bu - təkcə bilavasitə sovetləşmə motivlərində deyil, dolayısı ilə Azərbaycan maraqlarında türk, ingilis faktorlarının görünməsində də əksini tapır), əzməyənlər əzilməyə məhkumdur.

Amma bununla yanaşı, "Bir gəncin manifesti" həm də gənc bir azərbaycanlı yazıçının romanda təcəssüm etdirdiyi bir çox xarakterlər, surətlər, milli psixologiya, əxlaq, davranış, dəyərlərin simasında bilavasitə Azərbaycan həyatı, Azərbaycan cəmiyyəti, Azərbaycan insanının manifestidir. Bəli, dünyada qlobal savaş gedir; inqilabi gerçəklər XX əsr insanının faciəvi taleyidir; qlobal maraqlar mexanizmində əzilib- məhv olmaq istəmirsə, o seçim etməlidir. Bir qədər əvvəl (1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə) milli müstəqilliyini tanımış-görmüş Azərbaycan cəmiyyətinin müstəqillik bayrağındakı üç rəngdən ikisi - türklük rəmzi olan göy və islama etiqad - yaşıl rəngləri qəti təzyiq və qadağa altındadır (romanda bu məqamları görükdürən nə qədər səhnələr var); ümid - modern, müasirlik, inqilabilik rəmzi olan qırmızı boyayadır.

Hədəfdə təzə yaranmaqda olan, bir qədər əvvəl (1922) Azərbaycan Sovet Respublikasının da qatıldığı super-dövlət SSRİ-dir; Azərbaycan insanı bütün repressiya, qadağalar, məhrumiyyətlərə rəğmən, gücünü, enerjisini, intellekt və bacarığını toparlayıb, milli-mənəvi, tarixi-mədəni varlığını qorumaq üçün, həmin super-himayənin, inqilabi dünyagörüşün, ideologiyanın al bayrağı altına daşıya biləcəkdimi? Roman alt qatında məhz bu gerçək həqiqətlərin Manifestini ifadə edirdi; həm də bu mənada siyasi roman səciyyəsi daşıyırdı. O da heç təsadüfi deyil ki, "Bir gəncin manifesti" birdən-birə rezonans verərək, bir çox dillərə çevrilmiş, eyni situasiyada olan, XX əsrdən öz yerini qoparmağa çalışan ölkələrdə böyük tirajlarla çap olunmuşdu (1946 - rus nəşrindən sonra: 1950 - çex, 1952 - erməni, 1953 - rumın, 1955 - gürcü dillərində və s.).

Belə ki, dünənin dar yozumlarına darılmadan iqrar etmək olar: Mir Cəlalın romanları "inqilabi roman"lardır, yəni hər zaman xalqın, cəmiyyətin, Azərbaycan varlığının dəyişməsi məxrəcinə köklənmiş, bu qayə ilə yazılmış romanlardır. Hər biri "inqilabi zamanı" real Azərbaycan müstəvisində izləyən, real zamanın (yəni "inqilabi zaman" içrə məhz "Azərbaycan saatı"nın) obrazını yaradan romanlardır.

Mir Cəlalın zamanında yaradıcılığa yeni başlayan yazıçıların əksəriyyəti "kənd romanları" yaradırdı. Mövzu və materialından asılı olmayaraq, Mir Cəlal "şəhər ədəbiyyatı" yaratmağa üstünlük verdi və 6 romanının hər birində bu ədəbiyyatın ideya arsenalı və intellektual bazasını daha da genişləndirdi. Bu ki, Mir Cəlal ədəbiyyatımızda daha çox şəhər problemləri ilə ilgili intellektual-psixoloji nəsrin yaradıcılarındandır.

Mir Cəlalın bədii gülüşü ayrıca bir fenomendir, istər hekayələrində, istərsə romanlarında. Xatırlatdığım tədqiqatımda Mir Cəlal gülüşünün yumordan satiraraya, xalq gülüşü zəminində ona qədər çalarını (şəbədə, rişxənd, dolama, lağlağı, məişət yumoru, qara yumor, qaravəlli səhnələri, dilin bayağı-vulqar qatları, tabu, arxaik inanclar, fal, cadu, etnoqrafik təsvirlər və s.) müşahidə eləmiş, geniş misallar əsasında qeydə almışam. Zaman ədəbiyyatdan "xəlqilik" istəyirdi və Mir Cəlal klassik ədəbiyyatdan aldığı Mirzə Cəlil ironiyasını, Sabir satirasını bilavasitə xalq gülüşü ilə sintez etməyə, zənginləşdirməyə, yeni zamanların gülüşünü yaratmağa səylər edirdi.

Qeyd olunduğu kimi, Mir Cəlal hekayə ustasıdır. C.Məmmədquluzadə və Ə.Haqverdiyevin gülüş ənənələrindən yola çıxan yazıçının hekayəçiliyi yarım əsr ərzində intensiv gəlişərək, öz hekayə tipini yaratmışdır. Akademik Nərgiz Paşayeva məhz bu məqamı nəzərdə tutaraq yazır: "Məlumdur ki, Mir Cəlal böyük gülüş ustadları C.Məmmədquqluzadə və Ə.Haqverdiyevin layiqli davamçısı olaraq Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır. Lakin Mir Cəlalın, necə deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri ilə əlaqədardır, onun təzahürüdür. Bu gülüşdə Mir Cəlalın ədibliyi də, alimliyi də, müəllimliyi də "iştirak edir". Yəni o, bəzən bir yazıçı kimi oxucularını həyatın qüsurlarından, eybəcərliklərindən uzaq olmağa çağırır, bəzən alim müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim təmkini ilə nəsihətlərini çatdırmış olur. Təsadüfi deyildir ki, Mir Cəlal yaradıcılığında son dərəcə səmimi, müdrik yumor aparıcıdır, əsasdır..." (Nərgiz Paşayeva, Yazıçı və zaman // Mir Cəlal, Seçilmiş əsərləri. 3 cilddə. Birinci kitab. Bakı, 2008, s. 11-29; s. 18-19)

Bu ki: Mir Cəlalın hekayələri praktik hekayələrdir, nəticəyə hesablanmış hekayələrdir. Yazıçı yaxşı həzm etdiyi realizm təcrübəsi ilə yanaşı, dövrün inqilabi tələblərini maarifçi ədəbiyyatın prinsipləri ilə bir araya gətirməyi bacarmış, özünəxas, praktik təsir effektinə malik çoxsaylı hekayələrini qələmə almışdır. O da təsadüfi deyil ki, Mir Cəlal bir çox hekayələrini canlı həyat tələbatı və praktikasından doğan silsilələr formatında yazıya almışdır: "Vətən hekayələri" (1942), "Vətən yaraları" (1943), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "İnsanlıq fəlsəfəsi" (1961), "Xatirə hekayələri" (1962), "Ötən günlər" hekayələri", "Məktəb hekayələri", "Günün hekayələri" və s.

Mir Cəlal ilk qələm təcrübələrinə 1926-cı ildən publisist yazılarla başlamışdır, ilk kitabı da publisistika - 1932-ci ildə çap olunmuş "Sağlam yollarda" adlı oçerklər toplusu olmuşdur. 2018-ci ildə ədibin publisist yazılarının külliyyatından ibarət "Publisistika. 1926-1977" toplusu nəşr olundu və baxıb gördük ki, yazıçı və alim Mir Cəlal bütün yaradıcılığı boyu publisist janra da sədaqətini saxlamış, bədii və elmi əsərləri ilə birgə, publisist məqalələr, oçerklər, yubiley və portret yazıları, problem məqalələr, esselər yazaraq, ölkənin həyatı, quruculuq addımları, Azərbaycanın yüksəlişi, işıqlı idealları yolunda heç vəch qələmini əsirgəməmişdir.

 

***

Mir Cəlalın yazıçı qələmi heç də əbəs intellektual mündəricəyə malik deyildir. Yazıçının bədii əsərlərinin arxasında həm də ədəbiyyatşünas-alim düşüncəsi, Mir Cəlalın yaradıcılığının ikinci qolu dururdu. Bu ki, Mir Cəlal ədəbiyyatın praktikası ilə yanaşı, eyni uğurla da nəzəriyyəsi, tarixi, tənqidi ilə də  məşğul olmuşdur.

Tələbəsi, professor Firidun Hüseynovun xatirələrində oxuyuruq ki, elmin ilk düsturunu Mir Cəlal böyük Caviddən öyrənmişdir. Sitat: "Ədib həmişə öz müəllimi saydığı böyük şair və dramaturq Hüseyn Cavidlə yaxınlığını, görüş və söhbətlərini vaxtaşırı yada salar və belə deyərdi; "Cavid peyğəmbər kimi adam idi". Sonra sözünə davam edərdi: "İçərişəhərdə, mənim mənzilimə tez-tez gələrdi. Bir dəfə gəlib mənim yazı-pozu ilə məşğul olduğumu görüb soruşdu: "-Komsomol, nə yazırsan?/ -Dissertasiya. / -Nədən? / -Azərbaycan qadın şairlərinin yaradıcılığından. / -Komsomol, heç çernil-kağıza heyfin gəlmir? Füzulidən yaz ki, sənin də adın Füzuli ilə bərabər tarixdə yaşasın" Bu söhbətdən mən ayıldım, "Füzuli poetikası" kitabı belə yarandı..." (Firidun Hüseynov, İşıqlı adam // Mir Cəlal. Müasirlərinin xatirələrində və yaradıcılığından örnəklər. Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1998, s. 22-29; s. 24)

İlk elm dərsini Caviddən alan Mir Cəlal ömür uzunu bu düstura sadiq qalmış, bu yolda heç vəch "çernil-kağız" korlamamışdır. Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslığında Məhəmməd Füzuli irsinin ən ardıcıl və dərin araşdırıcılarından, mahir təfsirçilərindən sayılır. 1939-cu ildə "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etməklə, çağdaş Füzulişünaslığın əsasını qoyanlardan olmuşdur. Alimin ilk dəfə 1958-ci ildə işıq üzü görən, sonra daha üç nəşri olan "Füzuli sənətkarlığı" monoqrafiyası bugünəcən də füzulişünaslıqda fəth olunmamış zirvələrdəndir desək, yanılmarıq.

Mir Cəlal XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında intibah dövrünün, realizm ədəbiyyatının, romantizm şairlərinin ardıcıl, müfəssəl, sistemli tədqiqatçısı və  (xatırlatdığımız kimi, bədii yaradıcılığı da daxil olmaqla) usanmaz təbliğatçısı olmuşdur. "Cəlil Məmmədquluzadə realizmi haqqında" əsəri (1966), XX əsr klassiklərinə dair onlarla məqaləsi bu sahədə zamanında meydana çıxmış mühüm tədqiqatlar olmaqla yanaşı, alimi tələbəsi Firidun Hüseynovla birgə hazırladığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin yazılmasına sövq etmişdir. İlk nəşri 1969-cu ildə olan, ümumən dörd dəfə nəşr olunan dərslik ideoloji haşiyə və naxışlardan bacardıqca uzaq olmaqla, elmi gücünü, tədris imkanlarını yarım əsrdir ki, qüvvədə saxlayır. Vaxtilə bu dərslikdən bizim nəsil filoloqlar dərs almışlar və hazırda tələbələrimiz yenə də fayda götürürlər.  

Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)" mövzusunda doktorluq dissertasiyası (1946) bu sahədə ilk sistemli tədqiqat olmaqla, XX əsr Azərbaycan ədəbiyyatının elmi-nəzəri təsnifatının əsasını qoymuş, ədəbiyyat tarixinə sosioloji konsepsiyalardan fərqli prinsiplərlə yanaşmağın nümunəsini vermişdir. Qeyd olunmalıdır ki, dissertasiyadakı bölgü: realizm ədəbi məktəbi, romantizm ədəbi məktəbi və maarifçi-didaktik yazıçılar təsnifatı sonrakı tədqiqatlara açar verməklə bugünün özündə də mötəbərliyini saxlayır. Dissertasiyanın bir önəmi də o idi ki, romantizm ədəbi məktəbinə, onun M.Hadi, A.Səhhət, Əbdülxaliq Cənnəti, Abdulla bəy Divanbəyoğlu, Səid Səlmasi, Səməd Mənsur kimi nümayəndələrinə yer verməklə, yazılmamış qaydalara görə, həm də rejimin romantizmə soyuq münasibətinə qarşı gedir, bir növ romantizmə yaşıl işıq yandırmış olurdu. Bəlkə buna görə, Mir Cəlal bu mühüm tədqiqat əsərini zamanında çap etdirə bilməmiş, ilk dəfə 2004-cü ildə tələbəsi, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov monoqrafiyanı nəşr etdirməklə alimin ruhunu sevindirmişdir.

Əslində, Mir Cəlalın nəzəriyyəyə ilk marağı lap erkən, 20 yaşında ikən yazdığı "Ədəbiyyatda romantizm" əsəri ilə başlayır; (qeyd olunmalıdır ki, əsər ötən il Rusiya Dövlət Kitabxanasından əldə olunaraq, Azərbaycan Milli Kitabxanası tərəfindən kitab şəklində dörd dildə çap olunmuşdur). Nəzəriyyə sahəsində Qərb romantizminin öyrənilməsi ilə başlayan Mir Cəlal tədqiqləri, sonralar da ardıcıl davam etmiş, tələbəsi, professor Pənah Xəlilovla birgə hazırladığı "Ədəbiyyatşünaslığın əsasları" adlı mükəmməl, bütövlük, aydınlıq, sistemlilik baxımından bugün də alternativi olmayan dərsliyin yazılmasına gətirib çıxarmışdır. İlk dəfə  1972-ci ildə çap olunan dərslik, dörd nəşr işıq üzü görmüşdür.

Yeri gəlmişkən, bugün o da etiraf olunmalıdır ki, sovet dönəmində Ədəbiyyat elmi başlıcası akademiyada, Nizami Gəncəvi adına Ədəbiyyat institutunda mərkəzləşmiş, bu əsnada bəzən ali məktəblərdə olan alternativ mərkəzləşmələr kölgədə qalmışdır. Hazırda tez-tez "Universitet elmi" deyilən - elmi tədqiqatlarla tədrisin qovşağında duran, nəzəri bilikləri, tədqiqatın nəticələrini birbaşa laboratoriyalarda, tələbə auditoriyalarında sınamağa şans verən, eyni zamanda elmdə varislik prinsipini müəllim-tələbə tandemi ilə sürətləndirə bilən bir sahədən söhbət gedir. "Universitet elmi", əslində, bizim ali məktəblərimizdə daima olmuşdur; o cümlədən Mir Cəlal Paşayevin Azərbaycan Dövlət Universitetində (hazırkı BDU-da) nail olduğu filoloji məktəb bu barədə danışmağa şans və dəlillər verir. Bu sarıdan vaxtilə rəhbərlik etdiyi "Azərbaycan ədəbiyyatı" kafedrasının bugün Mir Cəlalın adını daşıması bu irsə hörmət və sədaqətin ən gözəl nümunəsi hesab olunmalıdir.   

Mir Cəlalın ədəbi tənqid sahəsində fəaliyyəti yazıçılıq praktikası və alim-nəzəriyyəçi mövqeyi ilə şərtlənir. İlk məqalələri və "Ədəbiyyatda romantizm" əsəri də göstərir ki, Mir Cəlal hələ gənc yaşlarından Qərb ədəbiyyatı modelini mənimsəməyə çalışır, Füzuli tədqiqlərində milli ədəbiyyatın əzəli Şərq poetikası strukturuna varmağa nail olur; nəticədə yazıçı və ədəbiyyatşünas Mir Cəlal müasir ədəbiyyata münasibətdə məhz bu vəhdətdən çıxış edirdi. Geniş erudisiyası, zəngin bilikləri, iti analitikası, o cümlədən böyük yazıçı istedadı Mir Cəlalın tənqidçi qələminə Azərbaycan ədəbiyyatını bütövlükdə, tarixi, nəzəriyyəsi, klassikası və müasirliyi ilə qapsamağa imkan verirdi.

Belə ki, Mir Cəlal klassika ilə yanaşı, müasir ədəbiyyatın da kamil bilicisidir; müasiri olduğu şairlər, yazıçılar, ədiblər haqqında onlarla məqaləsi, portret-oçerkləri, yubiley yazıları var; həm də bu yazılar canlı ədəbiyyat aurası, yaradıcılıq əhval-ruhiyyəsi, yaradıcı başlanğıclara impuls verən dürüst formatlarda qələmə alınmışdır. 2018-ci ildə Mir Cəlalın tənqid yazılarından ibarət daha bir kitabı - "Ədəbi tənqid. 1931-1974" toplusu çap olundu və baxıb gördük ki, ədib yaradıcı ömrünün əlli ili ərzində nəinki müasir ədəbi prosesdən uzaqlaşmamış, bütün dövrlərdə prosesin fəal iştirakçısı, ədəbi-tənqidi gedişatda özümlü söz sahibi olmuşdur.

Zira yaşadığı sovet dönəmi ədəbiyyatdan bu aktivliyi gözləyir, ədəbiyyatı passiv müşahidəçi kimi deyil, məhz funksional imkanlarında qəbul edirdi. Sovet dönəmində ədəbiyyatımızın köklü yollarından uzaq düşməyib milli relslər üzərində davamında Mir Cəlalın məxsusi payı var - yazıçı oilaraq da, ədəbiyyatşünas-tənqidçi kimi də.

Bugün ümumxalq sevgisi ilə 115 illiyini anmağımız Mir Cəlalın yaradıcılığına, yaşarı ruhuna sayğımız; yazıçı, alim, pedaqoq, böyük şəxsiyyətin ölməzliyinin nişanəsidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!