Ulucay Akifin poeziyası - çağdaş dünyanın poetik modeli - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

 

Ulucay Akifin şeirləri çağdaş dünyanın kiçik modelidir sanki. Onun poetik təfəkkürünün ərazisini bəşəriyyəti sarmış fəlakətlər dalğası, problemlər çeşidi, gündəlik situasiyalar təşkil edir. Mətnlərindəki qəhrəmanlar müharibələrin, aclığın, səfalətin, təkliyin amansız zərbələri altında qalıb bütün kainat, bütün kosmos tarixi, onun məzmununu, harmoniyasını dağıdan nə varsa, bəşəriyyəti əhatə edən problemlər üzərində əzab çəkirlər. Bu insanlar özlərində sanki hər cür - əxlaqi, psixoloji və fəlsəfi məsələləri həll etmək zərurətini hiss edirlər. Ona görə ən sərt dissonanslara, ən gözlənilməz situasiyalara rəğmən şeirlərinə ahəngdarlıq və təbiilik xasdır:

 

Tanrım,

bütün doğmalarını müharibədə itirən

suriyalı Əhmədin fəryadı

            fon musiqisi kimi getdi xəbərlərdə

 

bir gün sonra aclıqdan öləcək Leylanın

göz yaşlarını da iki saniyə göstərdilər

yəni bu gün bizi bir az da məhv etdilər.

 

Ulucayın şeir fəlsəfəsini iki mühüm obraz səciyyələndirir: uşaqlar və müharibə. Bu iki obraz onun poeziyasının relyefini cizgiləyən estetik işarələrdir, dünyaya baxışının, daxilindəki "mən"in əsas ovqat göstəricinə çevrilən anlayışlardır. Həm də əsas başlanğıc və son məqamlarına toxunuşu ehtiva etməklə şairin olumla ölümə münasibətinin simvolik işarəsi kimi tutum qazanır. Müəllif sanki günahkarlar axtarır. Uşaq ölümlərinə, kimsəsizliyə, yadlaşmaya, laqeydliklərə, "insanlıq üçün cənazə marşı çalan" hər şeyə. Atom bombaları, mərmi səsləri, xəstəliklər, "ikinci dil"i yaradan, hasarlar, qapılar - insanları bir-birinə yaxınlaşmağa qoymayan nə varsa şairin mətnlərinin "şüuraltı fonunda", leksik-semantik strukturunda dünyanın fəlakət dalğasına səbəb olan nəsnələr kimi mənalanır.

Bu şeirlərdə gündəlik adilikdən qaçmaq hissi yoxdur. Qəhrəmanı gündəlik həyatın ümidsiz boşluğu sıxsa, həyatın önünə çıxardığı suallar qarşısında aciz qaldığını hiss etsə də əbədi harmoniya axtarır. Hardadır bu ahəng?

Şair suallar qoyur, xitab edir: Tanrıya, dosta, ömrə, ölümə, yeni yaşa, qadına...

Düşüncələrinin coğrafi arealı genişdir: Nevanın sahilləri, Peterburq küçələri, Nevski prospekti, Badi-Kubə küləkləri, Yaxın Şərqin tarixi əraziləri.

Bu şeirlərdə dua edilən bütün müqəddəs ünvanlar - məscid, kilsə, sinaqoq, - Allahın evi sayılır. "Musanın əsası" sevginin, "İudanın öpüşü" xəyanətin rəmzi kimi mənalanır. Qadınlara - Anna, Beatriçe, Milena - etdiyi xitablar ona zamanın işləklərindən şikayət üçün lazım olur. Amma eşqi sərxoş kimi yaşayır, ruhunda daim bir eşq havası dolaşır. Bir də vətən var axı... Bu anlayışın qutsal dəyəri, mahiyyəti dəyişməzdir şairə görə. "Azadlıq nəğməsi"nin özü kimi...

 

- İlahi, nağılımızçün

cənnət almasından üçünü dər,

üçünü də bu məmləkətin payına yaz!

dostlar, əlbət bir gün

bu məmləkətin dənizi dəniz, ağacları ağac

dağları da dağ kimi dayanacaq arxamızda

heç kim qalib gələ bilməyəcək bizə

əlbət bir gün

ən gözəl atların belində

qayıdacağıq evimizə!

 

Vətən şair üçün onun sərhədini qoruyan hər kəsdir - yalnız torpağı deyil, baxdığı səmanı da işğaldan azad edən əsgərin hünəridir, yurdunun zəhmətkeş, əli qabarlı insanıdır. Ulucayın poeziyası elə bu düşüncələri ilə özündə dəyərli hallar ehtiva edir. Fərdi talelərə etinasızlığı görməzdən gələrək universal harmoniyaya can atmaq mümkündürmü?

 

Yurdumun insanı ki,

            Bənövşə xaladır

evinə çörək aparmaqçün

çörək bişirib satar yüzlərlə insana

 

          yurdumun insanı ki,

üstünün toz-torpağı, ayaqqabısının palçığı

bu torpağın insanı olmağına dair

            ən böyük sənəddir!

 

Yurdumun insanı ki,

            əllərinin qabarı, alnının qırışı

düşmən üçün ən böyük sərhəddir!

 

Vətən şair üçün yüksək etik dəyərdir. Həm də əxlaq məsələsidir. Sadə insanın və xalqın obrazı da şairə görə bu əxlaqla təsbitlənir. Bu mənada, vətən sosial çətinliklər içində çırpınan insanların sığındığı məkan olaraq daha çox müqəddəsdir bu qəhrəman üçün. Belə situasiyalarda lirik "mən"in həssaslığı şairin fərdi həyat dərsinin, müdrikliyinin qaynağında dayanan əsas amilə çevrilir: "ucuz ətin şorbası ilə bayram keçirən ailələr/şükr etməyi ötrəydi uşaqlara/bizim balaca məhəllənin kiçik evlərində".

Ulucayın şeirləri arasında sevgi tarixçələrinə həsr olunanları da var. Amma bu sevgi tarixçələri ona nəyisə xatırlamaq, yaxud yenidən yaşamaq istədiyi hissləri ilğım kimi sözdə ifadə etmək cəhdi deyil. Bu xatırlatmalar şairə həyatın müəyyən suallarına cavab tapmaq üçündür. Fanilik, dünyanın mənası, xeyir-şər arifmetikası və s. Giley-güzarı, sentimental sızıltını burada düşüncə qatına yüksəliş əvəz edir. Bütün retrospektiv hallar, geridönümlər, sevgidə yaşanan hallar şair üçün fərdi duyğu yetkinliyinin, ömür müdrikliyinin ifadəsidir. Bəzən kişi yaddaşının varlığını şərtləndirmiş olsa da: "unutduğum bütün qadınları sevdim/ amma sevdiyim heç bir qadını/unuda bilmədim, Anna" - obrazın özgələşmə məqamı burda daha çox onun özü ilə dünya, zaman, bəşəri oyunlar üzərindədir: "indi "hər şey yaxşı olacaq"/cümləsidir təsəllilərin ən pisi/çünki biz böyümüşük/böyümüşük, Beatriçe".

Ulucayın şeirlərində ən gözəl cəhət onun heç bir mövzuda spekulyativ notlara, eləcə də dayaz, süni fəlsəfiliyə yer verməməsidir. Hər mövzuya müraciət həm bədii formanın məntiqi, həm də özünün yaşantı imkanları ilə əsaslandırılır. Deyim tərzinin özünəməxsusluğu sayəsində hətta publisistik ritorikanı belə poetik yazının məntiqinə ustalıqla tabe edə bilir.

 

Yağan yağışlara qucağını aç

qucağını aç və gülümsə

qoy yağış silsin qəlbindən bütün izləri

payızı görüb buraları tərk edən

            quşlara da de ki

- o boz buludların arxasında

sapsarı bir günəş gizlənir!

 

Bu şeirlərdə prozaizm qatı qəhrəmanın danışıq dili və tonu hesabına gerçəkləşir. Şair poetik dillə sərbəst davranır, süjetli şeirin imkanlarından yararlanır, intonasiya məkanını genişləndirir. Ulucayın mətnlərində yetkin emosional təcrübə var və bu təcrübə müəllif üçün lirikadan nəsr təhkiyəsinə keçidi həm asanlaşdırır, həm də sərbəsti nəsrə simmetrik bədii mətn kimi müəyyənləşdirməyə imkan verir.

 

Hələ də atəş səsləri gəlir Yaxın Şərqdən,

amma biz

susdura bilərik silahları

susdura bilərik inansaq günəşli günlərə

            xoşbəxt olsaq bərkdən.

 

buludlar yağışlara çevrilir

külək uşaqlar misalı qaçır bu küçələrdə

günəş daha böyük ümidlə gülümsəyir bizə.

bir uşaq qışqırır tanklara, qışqırır:

- Gəlməyin üstümüzə!

qorxutmaz bizi mərmilər

atom bombası, səndən də qorxmuruq

ölməz bu ruhumuz, ölməz sənin tüstündə!

 

Ulucayın mətnlərinin qabarıq cəhətlərdən biri də poetik sisteminin qürubun, dekadans ruhun təsiri altında olmamasıdır. Onun şeirlərinin obraz-motiv sistemində bəlkə də heç bir şairdə olmayan qədər ölüm, müharibə, aclıq, göz yaşı, uşaq ölümləri, fəlakət anlayışları qərar tutur, amma ümid, inam, günəş, sabaha boylanmaq, yaşam əzminə köklənmək hissi də bir o qədər müvazidir. Hər nə qədər "arzularım uçmağı unudub/ümidlərimsə iməkləyir/ bacarsan ürəyimdən ağrıları sil/ beynimdən də təkliyi" - deyirsə də, sonluq daim ümid işığına inanmaqla qapanır. Oxucu bunu şairin iç yaşamında asanlıqla tapır və bu şeirlər onun fəlsəfi yozumuna çıxdığı məqamları aydın sezməyə imkan yaradır:

 

Qalx daha, sevgilim, qalxmaq vaxtıdı!

daha dizlərimiz qanamayacaq

qalx! bizdən sonrakı nəsillər üçün

savaş olmayacaq, qan olmayacaq.

Ulucay hazırda çağdaş şeirimizdə çox rast gəlinən fəlsəfi mücərrədliyə varmır, əksinə, bu meylin belə etik-estetik dərəcəsini, həmçinin metafizik qata müraciətin yeni səviyyəsini nümayiş etdirir. Və bu halla əslində poetik sənətimizin üslubi səciyyəsini zənginləşdirmiş olur.

 

Ya Rəbb

Sevdiyim bütün adamlarda

Səni axtardım

Bəs, Sən məni

Kimdə axtaracaqsan?!

 

Burada bir məsələyə toxunmaq yerinə düşər. Postmodernizmin irfanla müxalif düşüncəni bölüşdüyü məqamlar hansıdır? Yalnız bu ki, postmodernizm xaosa, dağıdıcılığa, irfan isə ruha, harmoniyaya əsaslanır? Hərçənd, bir qədər dərinlərə varsaq, irfan kimi postmodernizm də elə ruhi mənbələrdən qaynaqlanır. Müəllifi "öldürsə" belə hər halda mətn yaradıcısı müəllifdir və deməli, istənilən halda müəllifin ruhsal-mənəvi enerjisindən hasilə gəlir. Amma hər ruhun meydana qoyduğu ideya harmoniyaya xidmət eləmir. Qəzali ilə Nitsşenin ruhunun ortaq məqamları harda kəsişə bilərsə, biz "Quran" mətnlərində də postmodernizm çalarlarını o nöqtədə izləyə bilərik. Deməli, əsas olan yalnız ruh deyil, həm də onları formalaşdıran zaman, mühit və mənəvi başlanğıcdır. Böyük mənada dünya proseslərinin insanda yaratdığı mənəvi durumdur. Ulucayın şeirlərində Tanrı ilə ərkyana həsb-halı var və şair bu poetik davranışında qətiyyətlidir: "hər şey yaxşı olacaq"- dedik/ Tanrı gülərək baxdı", yaxud "bunda olmadı, neynək/tək ömür bu deyil ki/ bu deyil, hə, ilahi?!". Şair öz ruhsal dünyasındakı "aşiqlik istedadı" ilə içindəki sevdanı inanca çevirir, yaşadığı sevgini mənəviləşdirərək ali dəyərlərə müncər edir.

 

çarmıxa çəkilmiş İsa kimi

çəkdim ruhumu sənin adına

bir gün mən də qalxacam

qalxacam göyün yeddinci qatına

həmin gün

səni göstərəcəm tanrıya

elçi düşəcəm ruhuna

deyəcəm

- tanrım, o qız üçün inandım Sənə,

o qız üçün gəldim hüzuruna!

 

Bir məqaləmdə qeyd etmişdim ki, Ulucay Akifin mətnlərində ehtiva olunan mədəniyyət qatının gücü həm də onunla əlamətdardır ki, şeirin stixiya ilə deyil, özünəqədərki poetik-estetik təcrübəsini şair "mən"inə adlatmağa nail olur. Bəlkə buna görə Ulucay poetik ideya, fiqur, obraz bəhrələnməsi baxımından heç kəsə bənzəmir, bəlkə bir qədər Nazim Hikmətin nəfəsinin duyulduğunu qeyd edə bilərəm. Bir az sevgi, bir az gözəlim məmləkətin halı, bir az insanlıq mənzərələri və daha çox dünya gerçəkləri. Gənc şairin şeirlərinin bünövrəsində dayanan çağdaş insanın yaşantılarıdır. Sevgini dadmış, taleyin hər üzünü görmüş, ömrün müəyyən dərk məqamına çatmış qəhrəman artıq bəşər təcrübəsini içindən keçirir. Onu bütünlükdə yer kürəsinin hər bir tərəfində amansız sınaqlara mübtəla olan insanlığın durumu narahat edir, çağdaşımızın portretindən cızdığı insana endikcə mifo-romantik fiqurun yeri genişlənir, daha doğrusu, o, öz yerini bütün dünyanın nizamını dəyişməyə çalışan obraza verir və bu dəfə şair romantik nəfəsin yeni modelini təqdim edir:

 

İndi əllərimiz qana bata-bata

ölkələrin arasından tikanlı məftilləri

evlərin arasından hasarları sökməliyik

indi dünyanı daha da gözəl etməliyik.

 

Günəş uşaqlığımızdakı rənginə qayıtmalı

dənizlər həmişəkindən daha mavi olmalı

silahımızdakı son gülləni də

dostumuzun toyunda havaya sıxmalıyıq.

 

Ulucayın poeziyasında gələcəyə yönəlmiş sualların cavabını tapmaq, daha doğrusu, çıxış yollarını arayıb alternativlər təklif etmək problemi daha geniş areala daşıyır. Axı bu suallar yalnız məntiqi tərzdə verilə bilməzdi, onlar həm də bədii formada səslənməli idi. Sənətin, poeziyanın dili ilə. Bu mənada, Ulucayın poetikası bütünlükdə XXI əsrə verilən ümumi sualın zəruri tərkib hissəsi kimi çıxış edir və çağdaş əsrin ən mühüm sosial, estetik, mənəvi ideyalarının məcmusu ilə əlaqəyə girir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!