"Yüz ilin şeirləri" nə üçün yazılmır?.. - Allahverdi Eminov yazır

 

 

İkinci Dünya müharibəsində doğulmuşam və həmin kəndin məktəbində də birinci sinfə getmişəm. İlk müəllimim mərhum Səfəralı Məmmədov olmuşdur (Allah rəhmət eləsin, qəbri nurla dolsun), sərasər gözümüzə nur verib, ürəyimizə təpər bəxş edib. O vaxt evdə analarımızın çit parçadan tikdiyi çantamızda iki-üç dərslik aparırdıq məktəbə, iki-üç dəftər və perolu qələm. Yükümüz bunlardı. Kitablarımızda ("Əlifba", "Ana dili") M.Ə.Sabirin, A.Səhhətin, Rəşidbəy Əfəndiyevin, Abdulla Şaiqin şeirləriydi. Bu şeirləri desəm ki, elə sinifdəcə əzbərləyirdik - səmimiyyətimə inanın!

Maraqlı bir də o idi, tapmacalar da şeirlə idi. Xatırlayıram:

 

Bir sürü atlar,

Çəməndə otlar.

Vaxtı gələndə

Dərisi çatlar. (pambıq)

 

Yaxud:

 

Bizdə bir kişi var,

Xor-xor yatışı var. (pişik)

 

Şeirlə yazılan bu tapmacalar təsadüfi deyildi, dərslik müəllifləri - böyük maarifçilər uşaqların poetik zövqünün, həyati idrakının, emosional nitqinin inkişafının "açarı"nı məhz şeirdə görmüşdülər və yanılmamışdılar. Bu simalar məktəbdə uşaq şeirlərini oxumamışdılar, təəssüf hissi keçirmişdilər, vaxt gəldi o "boşluğu" doldurdular. Yeni yaradılan dərsliklərə, oxu kitablarına uşaqlar üçün şeirlər qələmə aldılar. XIX əsrin jurnallarında, dərsliklərində, məcmuələrində təkrar olunmayacaq poetik nümunələr çap etdirdilər. Bir həqiqət kimi etiraf yerinə düşür ki, bu şeirlər XX əsrin ziyalılarının yetişməsində (şairlər istisna deyil) misilsiz rol oynadı. Hətta alimlərimiz öz fikirlərini oxuduqları mühazirələrində ifadə etmişlər, yeri gələndə şeir də yazmışlar. Bunu dünya alimlərinin timsalında görürük. A.Eynşteyn, Nils Bor, Lui Paster, Yusif Məmmədəliyev və başqalarının arxivlərində o şeirlər qorunur. Əlbəttə, onlar şeirlərini çap üçün yazmamışlar. Poetik ovqat - onların mühazirələrinə hopmuşdur. Poetik ovqat, şeir ruhu sərt alimin xarakterinə bir həzinlik gətirirdi. Tarixin yaddaşından:

Akademik P.Aleksandrov təbiətcə rasional (qeyri-emosional) olmuşdur. O, xatırlayır ki, müəllimimiz Klyuçevskinin və Timiryozevin mühazirələrində əsas məqsəd-amil tələbələrə çox şeyi, elmin bəzi elementlərni öyrətmək olsa da, mühazirələri canlı qurur, insanın yaradıcılığı ilə təmasının emosionallığını duymağa imkan yaradırdı, bununla tələbələr müəllimin təmasını duymaq imkanı qazanırdılar. Vətən alimlərimizdə də belə bir cəhət olmuşdur. Professorlardan Yusif Məmmədəliyev, Qoşqar Əhmədov, Azad Mirzəcanzadə, Fəramaz Maqsudov, Arif Babayev poeziyaya müttəfiq idilər.

Deməli, aşağı yaşlardan uşaqlar şeirin ruhunu tutmağı bacarmalıdılar, emosional təsir qüvvəsini qiymətləndirmək, oxumaq, əzbərləmək səriştəsinə yiyələnməlidilər. Klassiklərimiz - M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, R.Əfəndiyev ciddi əsərlər yaratmaqla bahəm uşaqların estetik zövqünü nəzərə alıb ölməz şeirlərini yazdılar: "Uşaq və buz", "Dovşan", "Keçi", "Durna", "Xoruz", "Doğdu Günəş qırmızı", "Əlbir olub bir ayı bir şir" və s. şeirlərini gələcək nəslə əmanət qoydular. Bəli, bu poetik nümunələri "əmanət" hesab edirəm, ona görə ki, bu şeirlərin yazılma tarixindən yüz il keçir, yəni bir əsr. Maraqlıdır, adlarını çəkdiyim şairlər yüz il yaşamadılar, amma şeirləri artıq ikiyüzüncü ilə qədəm qoyur.

Xatırlayıram: birinci sinifdə ilk tanış olduğumuz M.Ə.Sabirin "Uşaq və buz" şeiriydi (mərhum müəllif Əli Zeynalovun "Əlifba"sında). Müəllimimiz şeiri əzbərləməyi tapşırdı. Bütün sinif  (17 şagird idik) şeiri əzbərləmişdi. Müəllimə cavab vermək üçün əllərimiz yuxarı qalxmışdı, havada titrəyirdi...

Özümə sual edirəm: "Uşaq və buz" bizə nəyi öyrədirdi? Türk uşağının buzun üstünə çıxması və buzla dioloqa - konfliktə girməsi nəyi diqtə edirdi? İki obrazla tanış oluruq: Uşaq və buz, kontrast məkan və ovqat, buz hələlik hökmrandır nə qədər əriməmişdir. Buz təbiətin bir predmeti olaraq öz vəzifəsini yerinə yetirir, o, həqiqətənmi güclüdür. İmkanlılar aman düşcək zəifləri yıxar, hökmranlığını diqtə edər? Şair bu sualı şeirin qayəsinə çıxarmışdır, buz şəxsini, uşaq isə öz müvazinətini saxlayır. Dünyaya gələn yeni nəsil necə, onlar həyatda güclülərlə qarşılaşanda təslim olacaqlarmı? Müqavimət göstərəcəklərmi? Cocuq bu vəziyyətlə qarşılaşanda qisas almaq yollarını axtarmır, amma istərdi. O, çevik düşüncə ilə, yaşı müqabilində savadı ilə buzun "dərsini" verir.

Şeir mübariz ruhludur, sadə bir məkanda - buzun üstündə bir məktəbli uşağı görürük. M.Ə.Sabir dahiyanə poetik təxəyyülü ilə türk çocuğunun ümumiləşmiş obrazını yaratmışdır. Bu uşaq üsyankardır xaraktercə, qürurunu pozmadan deyir:

 

Az qalıb ömrün sənin,

Yaz gələr artar qəmin.

Əriyib suya dönərsən,

Axıb çaya gedərsən.

 

Şair yüz il əvvəlki uzaqgörənliklə uşağın ağılı ilə xasiyyətinin vəhdətini təsvir etmiş, gələcək psixoloqlara xeyli material vermişdir.

Dünya uşaq ədəbiyyatında bu uşaq obrazı səviyyəsində qəhrəman yoxdur: O, ayağa durub sanki heç nə olmamış kimi istehza ilə, həm də elmi şəkildə sözünü deyir: lovğalanma, a buz, sənin də ömrünə çox qalmayıb. Yaz gələr, günəş şüaları səpələnər üstünə, əriyərsən, çay sularına qoşulub axarsan, - Müdrik cavab deyilmi?

Təkcə bu şeirdimi? "Məktəbə çağırış", "Yaz günləri", "Qarğa və tülkü", "Ayı və şir"... Yüz ilin şeirlərindəndir. "Məktəbə çağırış"da oxuyuruq:

 

Mənim bağım, baharım,

Fikri işıqlı oğlum.

Məktəb zamanı gəldi,

Dur, ey vəfalı oğlum.

Şeir yeni formadan: oynaq vəzndən, aydın ifadələrdən istifadə etməklə poetik lövhə yaratmışdır.

M.Ə.Sabir səviyyəsində uşaqlar üçün yazan şair Abbas Səhhətdir. Qeyd edək ki, "Uşaq və buz"dan sonra XIX əsrin I yarısında uşaq poeziyasında bir canlanma yarandı. A.Səhhət, R.Əfəndiyev, Abdulla Şaiq dərsliklər və oxu kitabları üçün şeirlər yazdılar - kövrək üslubda, lakonik deyimdə. Uşaqlar poetik nümunələri oxuyub ruhən zənginləşirdilər, estetik zövqə yiyələnirdilər, eyni zamanda əqli savada malik olurdular. Abbas Səhhətin özü səviyyəli şair və pedaqoqdu, uşaqların psixologiyasını, dilini "tutmuşdu". Etiraf edək ki, əsrləri adlayan şeirlərin yazılmamasının bir səbəbi də güclü ilhamla yanaşı, uşaq psixologiyasına bələdlikdir, filosoflar uşaq psixologiyasını "müdriklik dərsləri" adlandırmaqda yanılmamışdılar. A.Səhhət fəhmini, yoxsa intellektin itiliyiləmi uşaq obrazını, iki müxtəlif davranışlı məktəbli subyekti yaratmışdır. Belə ki, uşaq savadlıdır, bədii hissiyyatlıdır, təbiətsevərdir. Bu "üç" komponent bir-birini tamamlayır. Şairin təbiəti önə çəkməsi tərbiyədə "təbiətvarilik" prinsipinə müvafiq gəlir. "İki uşaq" şeirində oxuyuruq:

 

Yoldaşına bir uşaq

Dedi: - Dur gəl oynayaq,

Oynamağın vaxtıdır.

Qızılgülün taxtıdır,

Qızılgülü əkərlər,

Misqal ilə çəkərlər...

 

M.Ə.Sabir və A.Səhhətin poeziyasından "su içən" daha bir klassik Abdulla Şaiqdir. Onun da başqa ovqatlı "Səhər" şeiri "100 ilin" məhsuludur. Şair bu şeirində başqa bir poetik lövhə yaradır, özü də cansız şeylərdən başlayır.

 

Günəş doğdu, yayıldı,

Dağlar, daşlar ayıldı.

Sular, meşə, bayırlar,

Səhralar, həm çayırlar

Bir nur içində qaldı,

İşıq dünyanı aldı.

 

Balaca oxucunun diqqəti isti lövhəyə yönəlir, elə bil şeirin özü bir səhərdir. Səhərin oyanışı ilə canlı aləmin özü gözünü açır, səsini çıxarır.

 

Üfüq alışdı, yandı,

Quşlar bütün oyandı.

Ötüşdü şad, xəndan,

Səs ilə doldu orman.

 

Abdulla Şaiq uşaqlar üçün təkrarsız sənət inciləri yaratmışdır, sələflərindən fərqli olaraq məktəbli obrazlarını humanist planda təsvir edir. Klassiklərin "uşaqları" xeyli sərt, hazırcavab, sözünü deyəndirsə A.Şaiqin "uşaqları" ünsiyyətcil, heyvanlarla dialoqa girməyi xoşlayanlardır. Bu, şairə imkan verir ki, çocuqlar o heyvanlara yaxınlaşsınlar, dostluq eləsinlər. Şairin uşaq şeirlərindən yaradıcılıq baxımından fərqliliyi - heyvanları şəxsləndirir, surətlərini yaradır. "Keçi", "Xoruz", "Uşaq və dovşan" və s. şeirləri bu gün də "varisləri"ni yetişdirməmişdir, üstündən bir əsr (100 il) keçsə də!

Abdulla Şaiqin "Uşaq və dovşan" şeiri də "100 il"in unikal əsəridir. Dovşan həm ev, həm də çöl heyvanıdır, məzlum və qorxaqdır, səksəkəli yaşayır. Qorxudan hətta infarkt keçirir. Tərbiyə tarixində qorxunu aradan qaldırmaq üçün sistem yaradılmamışdır - cəhd göstərilsə də. Amma ən yaxşı üsulu xeyirxahlıqla yanaşmaqdır. A.Şaiq şeirində belə bir təşəbbüsdə bulunur:

 

Qaçma səni sevəndən,

Can kimi bəsləyəndən.

 

Dovşan kritik məqamlarda, hansı ki, uşaqdan qorxur, nə bilsin uşağın ürəyi təmizdir, şəxsi maraqdan uzaqdır. İntuitiv olaraq belə bir hissi sezirsə, uşağa nifrət bəsləmir. Ümumiyyətlə, A.Şaiq bir psixoloq kimi uşaqları (eləcə də canlıları) nifrət hissindən qorumağa, çəkindirməyə çağırır, bunu zərif və inandırıcı müşahidə zəminində aşılayır.

Uşaq öz sevgisini bildirir və ilk dialoqda bunu rəva görür. Şair bu bədii məqamla uşağın fikrini oyatmağa, müstəqil sözünü deməyə təhrik etmək üçün dovşanı predmet seçmiş, uşağın ruhunda-canında olan hazır ştrixlər üzərində məqsədini vermişdir: dovşan daha digər həmcinslərindən fərqlənir, sadəlövh deyil, onu aldatmaq çətindir. Uşaq niyyətindən irəli gələrək yanıldığını görür. Dovşan bildirir:

 

Dayanmaram, a qardaş!

Yanında var alabaş.

Xəbərdaram işindən,

Qurtarmaram dişindən.

 

Dovşan obrazı Buz obrazından seçilir xaraktercə. Buzda mənfi xüsusiyyətlər vardır, uşağı yıxmaq xasiyyətlidir, Dovşan elə deyil, uşağa inamsızlıq göstərmir, sadəcə Alabaşdan şübhələnir, hər halda itdir, ət yeyəndir, onu da həzmdən keçirər...

Məni düşündürən bir məsələyə də aydınlıq gətirməyə çalışacağam. Barəsində yazdıqlarımla, barı, yanaşı gedən, onlarla səsləşən şeirlər nə üçün hələ də (bu gün də) yazılmamışdır? Bəlkə innən belə qələmə alınacaqdır! Nikbin cavab verməkdə çətinlik çəkirəm, baxmayaraq zaman dəyişib, elm tərəqqi edib, şairlər intellektualdır və sair, amma ki!

Uşaq poeziyamıza sonralar S.Vurğun, S.Rüstəm, R.Rza, Mir Mehdi Seyidzadə, Hüseyn Abbaszadə, M.Dilbazi, Məstan Günər (Əliyev), Hikmət Ziya, Tofiq Mütəllibov, İlyas Tapdıq, Fikrət Sadıq, Tofiq Mahmud uşaq şeirlərilə peşəkarlıqla məşğul oldular və xeyli sayda kitabları nəşrdən çıxdı, lakin "100 ilin şeirləri" yazılmadı, bunun səbəbini izah etmək mümkünsüzdür! Mövzu həmin mövzu, predmetlər də həmçinin, bəs nədən o əsərlər qələmə gəlmədi? Son on illərdə (XX əsri nəzərdə tuturuq) Zahid Xəlil, Aləmzar Əlizadə, Rafiq Yusifoğlu, Mir Sabir uşaq poeziyasının ən yaxşı nümunələrini yazdılarsa, adını çəkdiyimiz şeirlər olmadı...

Məşhur uşaq şairi S.Y.Marşak yazmışdır ki, uşaq kitabının əsil sirri ondadır, müəllif öz oxucusu ilə oynamağı bacarır, eyni zamanda bu oyunu çox ciddi şəkildə aparır.

Yenə özümü sual qarşısında qoydum: "Yüz ilin şeirləri" nə üçün yazılmır? Cavabı bir sirr olaraq qalır. Görünür, belə şeir inciləri zamanın hansı vaxtında İlahi tərəfindən vəhylə göndərilir - başqa cavabı yoxdur...

 

19.11.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!