Sətirlərdən boylanan örnək alim ömrü - Qərib Mehdi Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabı haqqında yazır

 

 

Ehtiyat təkəri olan maşın uzaq gedər. Bu fikri sənət aləminə ötürsək, "ehtiyat təkər" söz birləşməsi mütaliə mənasına gələr. Mütaliə istedad sahibinin erudisiyasının inkişafına kömək edir, söz-fakt ehtiyatını genişləndirir. Belələri məxəzlərə müraciət etməklə şəxsi fikrini şübhədən uzaqlaşdırır, daha keçərli, daha kəsərli qılınca çevirir. Azərbaycan söz sənətində belə örnəklər var. Bu yolun yolçularından biri də yaxşı tanıdığım, sənətinə qədərincə bələd olduğum şair-publisist Sərvaz Hüseynoğludur.

Onun şairliyi bir ayrı yazının mövzusudur. O, həm də yaxşı təhlilçi, orijinal, seçimli portret ustasıdır. Yeni kitabını hasilə gətirənə qədər o, artıq beş dəfə bu ağır imtahandan uğurla çıxıb. Sərvaz sözlə kimlərin, hansı tanınmış şəxsiyyətlərin elmi-ədəbi portretlərini çəkib? Xalq yazıçısı Anarın, xalq şairi Sabir Rüstəmxanlının, tənqidçi-ədəbiyyatşünas, elmlər doktoru İmamverdi Əbilovun, əməkdar incəsənət xadimi, şair Ənvər Əhmədin və əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin.

Beşinci kitabın adı həm də qəhrəmanın kimliyindən xəbər verir: "Ömrün Qəzənfər Paşayev modeli". Nəfis şəkildə nəşr olunan bu kitab "Elm və təhsil" nəşriyyatı tərəfindən oxuculara çatdırılmışdır.

Məşhurlar haqqında yazmaq çətindir; o cümlədən dünyəvi elm adamı olan Qəzənfər Paşayev haqqında. Anar onun daşıdığı elm yükünün ağırlığını ortalığa belə qoyur: "Qəzənfər müəllimin ədəbiyyatşünaslıq, folklorşünaslıq sahəsində səmərəli fəaliyyəti, klassiklərimiz və çağdaşlarımız barəsində qiymətli məqalələrini mən də bilirəm, ədəbi ictimaiyyətimiz də bilir, o özü də bilir". Akademik Tofiq Hacıyev onun əsas fəaliyyətini qardaş ellərə bağlayır: "Qəzənfər müəllim "Kərkükşünaslıq adlanan elm sahəsinin banisidir". Pr. Dr. Süphi Saatçı daha dərinə enir: "Özü və sözü hər zaman candan olan Paşayev türkmanların könlündə taxt qurmuş bir sultan kimidir".

Bu seçmələr Sərvaz Hüseynoğlunun Q.Paşayevə həsr etdiyi misalların bir qismidir. Müəyyən həyəcan olsa da, geri çəkilmək üçün səbəbli xof yoxdur. Kitab müəllifi hansı məsuliyyəti üzərinə götürdüyünü yaxşı dərk edir. Onun da qəhrəmanı haqqında geniş açıqlamalarını sonraya saxladığı yığcam qənaətləri var:

"Vətəndaş kimi bənzərsizdi;

İnsan kimi peyğəmbəranədi;

Ailə başçısı kimi örnək olanlardandı;

Dost kimi dostdu, sədaqətlidi;

Qədirşünaslıq abidəsidir!".

Həzrət Əlinin tələbini qəbul etdiyi üçün aşırı tərifdən çəkinməyib: "Əgər tərifləyirsənsə, o halda isbatını, dəlilini də gətir...".

Mövzudan istifadə edərək hörmətli folklorşünas alimimiz Qəzənfər Paşayev haqqında bir qələm ağzı da mən demək istəyirəm. Sovetlərin qanlı diktatoru Stalin öləndən sonra (1953) tədricən ictimai-siyasi, elmi-ədəbi sahələrdə yumşalma başladı. "60-cılar" termini də bununla bağlı meydana gəldi. Yumşalmanın ilkin mərhələsində öz sahələri üzrə iki imza sahibi - biri xatirə-məlumat janrında yazan qocaman yazıçı Manaf Süleymanov, o birisi gənc folklor tədqiqatçısı Qəzənfər Paşayev qarşısıalınmaz bir sürətlə gerçəyin sorağında olan oxucu qəlbini fəth etdi. M.Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim"lə XX əsrin əvvəllərində başda Zeynalabdin Tağıyev olmaqla neft Bakısının milyonçularını yenidən kəşf etdi. İkinci imza sahibi Qəzənfər müəllim isə İraqda tərcüməçi işləyərkən qədim səyyahlar kimi, obrazlı desək, bizə məlum olmayan torpağı, toplumu, ölkəni tanıtdı. O, oxucu əlindən yerə düşməyən "Altı il Dəclə və Fərat çayı sahilində"ni yazmaqla gözümüzün zülmət pərdəsini yardı və bizə anlatdı ki, İraqda özünün dili, mədəniyyəti, şifahi ədəbiyyatı olan, canı canımızdan, qanı qanımızdan rişələnən "Türkman" adlı böyük bir toplum var. Bunları deməyə bilməzdim. Kitab müəllifi bu barədə irəlidə ətraflı danışacaqdır. İndi isə qayıdaq Sərvaz Hüseynoğlunun nəhəng folklorşünas-alimimiz Qəzənfər Paşayev haqqında yazdığı isti, səmimi, faktlarla zəngin olan kitabına.

"Ömrün Qəzənfər Paşayev modeli" 8 bölümdən və 3 əlavə yazıdan ibarətdir. "Candan əziz ustadımız" bölümü giriş xarakterlidir. Bu bölüm oxucunu ölkəiçi və dışı miqyasında tanınmış folklorşünasın - əməkdar elm xadiminin daha sanballı uğurlarına şahid olmağa hazırlayır.

"Bütün yaxşılara salam olsun" bölümü daha çox müəllifin özü ilə bağlıdır. Burada ətrafı işıqlandırmaq məqsədi əsas yer alıb. Xeyirxahları, yaxşıları əyani faktlarla təqdim etmək üçün müəllifin - zəhmətkeş, halal bir qələm adamının iqtisadi məngənədə boğulması kimin kim olduğunu ortaya qoymaq üçün gərək olub. Yaxşıların təmənnasız, kömək əli uzadılmasaydı, Sərvaz zamanında Bakı kimi bir şəhərdə ev sahibi (içinin avadanlığı ilə birlikdə) ola bilməz, kitablarının nəşri asanlaşmaz, müalicəyə möhtac olan övladının bunca sağlamlığı qayğısına qalınmaz, təmtəraqlı yubiley tədbiri baş tutmazdı. Bu işlərdə kömək əli uzadan, sərmayəsini əsirgəməyən, nüfuzundan istifadə edən yaxşıların qədirbilənliklə adı çəkilir. Əlbəttə, bu yaxşılar sırasının başında ilk təşəkkür, ilk salam Qəzənfər Paşayevə düşür.

Kitabın "İraq bizə iraq deyil" bölümündə oxucu İraqı bizə iraq etməyən bir kişi haqqında məşhurların maraqlı fikirlərinin şahidi olur.

Görkəmli İraq alimi Mahir Naqib: "Bir zamanlar tək, vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan körpünün memarı Qəzənfər Paşayevdir".

Akademik İsa Həbibbəyli: "Qəzənfər Paşayevin Azərbaycan aşıq sənətinə, İraq-türkman ədəbiyyatına, Kərkük ləhcəsinə həsr olunmuş əsərləri elmdə böyük mənəvi borcu necə yüksək səviyyədə, hansı ürəklə, təmənnasız niyyətlə ciddi şəkildə və məsuliyyətlə yerinə yetirməyin örnəkləridir".

Xalq yazıçısı Elçin: "Qəzənfər Paşayev sadəcə ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist yox, sözün geniş mənasında ədibdir və bu ədibin yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdən biri onun qələminin səmimiyyətidir - nə yazırsa, səmimi yazır, sevərək edir, onda "zorən-təbib"lik yoxdur".

Xalq şairi Sabir Rüstəmxanlı: "Kərküklə Bakı arasındakı birliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlər, folklor sarayında yaratdığı "İraq-türkman folkloru" guşəsi, öz hesabına nəşr etdirdiyi kitablar, xəstələrə, ədəbiyyat adamlarına əl tutması ona gənc yaşlarından bir ağsaqqal hörməti, şöhrəti qazandırmışdır".

Akademik Nizami Cəfərov: "Qəzənfər Paşayev bizim alimlərimizin içərisində, bəlkə də, ən çox iş görən və ən təvazökar tədqiqatçılardandır. O, böyük bir institutun görə bilməyəcəyi işi görmüşdür".

Seçmələr başqa məşhurların qiymətləndirmələri ilə davam etdirilir. Əlavə olaraq nə deyəsən ki, sənin də sözlərin bu sırada yer ala bilsin...

Sərvaz kitabının bu bölümündə qəhrəmanının yetkinlik dövrünə yetənəcən müşayiət olunan suçlu-suçsuz kövrək xatirələrindən hissləri coşduracaq dərəcədə söz açır. Oxuyun, maraqlıdır.

"Qəlb naxışlı bir lövhədir". Müəllif kitabının bu bölümündə Qəzənfər müəllimin elmi tutumu ilə şəxsi keyfiyyətlərinin paralelliyini davam etdirir. Sərvazın qələm yolunda çox güclü bələdçiləri var. O, bu dəfə "Şəfa əl Əsrar" əsərinin müəllifi Seyid Yəhya Bakuviyə müraciət edir. Bakuvi də peyğəmbərimizin (s.ə.s) kəlamlarını yada salır: "Bir saatlıq elmlə məşğul olmaq bir illik ibadətdən üstündür" demişdir. "Dəmirdən atəş çıxdığı kimi, elmdən də mərifət nuru çıxar". Bu fikir yüzdə-yüz Qəzənfər Paşayevə də aiddir. Sərvaz olmuş bir əhvalatı yada salır - qəhrəmanın dilindən: "1960-cı il idi. Bizim institutda Süleyman Rəhimovun 60 illiyi qeyd olunurdu. Təntənəli şəkildə. Özü gəlmişdi. Rəsul Rza, Nəbi Xəzri də tədbirdə iştirak edirdilər...".

Həmin mərasimdə Qəzənfər Paşayev tələbələr adından təbrik nitqi söyləyir və çox bəyəndiyi "Saçlı" romanını 1947-ci ildə oxuduğunu bildirir. Nəbi Xəzri yığıncaqda guya gənc natiqin səhvini düzəldir: "Saçlı" 48-ci ildə çap olunub". Mübahisə yaranır, tələbə Qəzənfər nüfuzlu şairin yanlış mülahizəsinə təslim olmur. Sonda S.Rəhimov aydınlaşdırıcı mövqe sərgiləyir. O, tələbənin düz dediyini bildirir. Rəsul Rza həqiqətin qələbəsindən razı qalır və deyir: "Bu oğlandan nəsə çıxacaq...". Zaman irəlini görən şairin sözünü təsdiqlədi. Rəsul Rza da, Qəzənfər Paşayev də İraqda oldular, türkmanların məişətini, folklorunu aradılar və birlikdə "Kərkük bayatıları" kitabını yazıb çap etdirdilər. Bakuvi demişkən, elm, mərifət insanlıq nuruna xidmət etdi.

Bu yolla irəliləyən fədakar alim Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə qiymətini aldı: "Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə "Əməkdar elm xadimi" fəxri adı verilsin". Qədirbilənlik Qəzənfər müəllimi yeni uğurlara ruhlandırdı.

Kitabın "Köhnə daxmaların tirləri kimi" bölümündə ahıl bir yetkinin uşaqlığını qoyub gəldiyi ata evinə qayıdışı xatirələrə bükülmüş kövrək hisslərlə təsvir olunur. Həzinlik müəllifi də tərpədir, yerinə və vaxtına çəkib, o da öz xatirələrini yada salır. Bu xatirələr oxucuya ötənlərlə əlaqəni üzməməyə səslənişdi. Bütövlüyü qoruyanda şəxsiyyət də bütöv olur.

"İnsanı duymaq istedadı" bölümündə yaxşı əməllərini cəmiyyətə əmanət edib dünyasını dəyişənləri Qəzənfər müəllimin dönə-dönə yad etdiyi önə çəkilir. Bu sırada unudulmaz Bəkir Nəbiyevin, Yaşar Qarayevin, akademik Vasif Məmmədəliyevin, kərküklü alimlərdən Əta Tərzibaşının, Əbdülvahid Küzəçioğlunun, Sinan Səidin, Mövlud Tahanın, Əbdüllətif Bəndəroğlunun, görkəmli şairlərimiz Hüseyn Kürdoğlunun, xalq şairi Zəlimxan Yaqubun, ədəbiyyatşünas alim İmamverdi Əbilovun, şair Rasim Kərimlinin, professor Zeydulla Ağayevin, Aşıq Aydın Çobanoğlunun və s. adları yer alır.

Qəzənfər müəllim yaxşılığı sənət səviyyəsinə qaldıranları əyalətlərdə də arayıb tapır. Hələlik ayaq üstə olan gəncəli Qərib Mehdinin də Qəşəm Nəcəfzadə və Sərvaz Hüseynoğlu kimi istedadların üzə çıxmasında çəkdiyi zəhmət onun diqqətindən yayınmayıb. Açığını deyim ki, bu sanballı kitabda adımın çəkilməsi, "Sərvaz mənim qabarlı əllərimdi" deyimimin xatırladılması məni riqqətə gətirdi. Q.Paşayev bununla demək istəyir ki, yaxşılığın ayrıca paytaxtı yoxdur. O, hər yanda özünü göstərməlidir. Yaxşılığı da daha yaxşı olanlardan öyrənib əxz etməliyik. Kitab müəllifi necə də gözəl deyib: "Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir" (Henri David Toqo) düşüncəsi büsbütün Qəzənfər müəllimin boyuna biçilib".

Kitabın yeddinci bölümü "Alim kimi alim..." adlanır. Sərvaz bu ağır, "fil yüklü" zəhməti göz önünə gətirir:

"Bütöv bir insan ömrü gərəkdir ki, 430 səhifəlik "İraq-türkman nağılları" kitabını tərtib edəsən, ön sözünü, şərhlərini yazasan, lüğətini tərtib edəsən...

Qəzənfər müəllim təmənnasız olaraq bu işi görüb. O kitabı öz şəxsi vəsaiti ilə nəfis tərtibatla çap etdirib... "Elçin haqqında düşüncələrim"ə imza atıb.

Bir insan ömrü lazımdır ki, böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) "Qafqaz səyahəti" kitabının Azərbaycanla bağlı fəsillərini böyük şövqlə, vətəndaşlıq qeyrəti ilə dilimizə çevirib (Həmid Abbasovla birgə) bu qiymətli kitaba ön söz, çoxsaylı şərhlər yazmaqla 40 min nüsxə ilə nəşr etdirəsən".

Müəllif alim tərəfindən görülən işlərin qürurverici siyahısını davam etdirir: Benetin "Necə yaşayasan, yüzü haqlayasan", Aqata Kristinin "Mavi qatarın sirri" əsərlərini dilimizə tərcümə edir. Sonra 760 səhifəlik "Nostradamusun möcüzəli aləmi" kitabını şərh və yozumlarla, etibarlı dəqiqləşdirmələrlə yazıb, yüksək tirajla nəşr etdirir. Qəzənfər müəllim bütün bunları təmənnasız zəhməti hesabına bacarıb".

Sərvaz bitib-tükənməyən siyahısını yekunlaşdırmağa tələsmir. O, yazır: "Rusca-ərəbcə danışıq" kitabı, "Kərkük dialektinin fonetikası" (monoqrafiya), "İraq-türkman folklorunun janrlar sistemi" (rusca monoqrafiya), "İraq-türkman ləhcəsi" (monoqrafiya, ortaq), "Nəsimi - haqqında araşdırmalar" (monoqrafiya, Tehran), "Dilimiz - varlığımız" kimi fundamental kitablar onun yaradıcı əməyinin bir qismini təşkil edir. Hər biri 300-700 səhifədən ibarət olan 21-dən çox toplunun tərtibçisi, ön söz müəllifi (və naşiri) Qəzənfər müəllimdir. Bu sırada "Kərkük folklor antologiyası", sanballı "İraq-türkman poeziya antologiyası" (iki cilddə), "Azərbaycan folkloru antologiyası. İraq-türkman cildi" (Ə.Bəndəroğlu ilə birlikdə), "Qoca Azaflıyam" kitablarının və 8-dən çox portret-kitabın müəllifidir".

Sərvaz Hüseynoğlunun "Ömrün Qəzənfər Paşayev modeli" kitabı faktlarla o qədər zəngindir ki, bir qəzet məqaləsində bunların hamısından söz açmaq, sadəcə, qeyri-mümkündür. Folklorçunun portretinə elə folklorun özündən bir rəng qatmaq, məncə, yerinə düşərdi. Qəzənfər müəllimin əhatəsində olduğu möhtəşəm imzaların sayrışmasına nəzər yetirəndə Aşıq Ələsgərin bir misrası xatırlanıb. Özünə öndə yer eləyir: "Dörd yanında yoldaşları; Azərbaycan xanı kimi".

Kitab müəllifi Qəzənfər müəllimin alimliyindən geninə-boluna söhbət açsa da, yenə onun xeyirxahlığını ikinci sıraya keçirə bilmir. "Mərifət elmində dolu gərəkdir". Bu misra da Aşıq Ələsgərə məxsusdur. Fikir Paşayev modeli ilə eyniləşir. Dədə Ələsgərin bir deyimi də yadıma düşdü: "Alimin elmilə helmi yarıdı". Sərvaz bu yarılığı, bərabərliyi sonacan gözləyir. O, xeyirxahlıqdan dönə-dönə söz açır. Ona görə ki, bu əməl alimin yaradıcılığında vacib faktordur, xüsusilə bu günlərdə.

Sərvaz minnətdarlıq hissilə xatırlamalarında anladır ki, o, bir qələm sahibi kimi yaxşılıqların hesabına mövcuddur. Qəribə də olsa, bu xeyirxahlıq qatarının ilk tərpənişi "yarımstansiya" olan Qərib Mehdidən başlayır. Sonra bu qatar böyük "stansiyalardan" - Anardan, Elçindən (Əfəndiyev), Sabir Rüstəmxanlıdan, Nizami Cəfərovdan, Qəzənfər Paşayevdən və s. gəlib keçir. Alimin xeyirxahlığı onun əməlinin möhürüdür. Yeri düşmüşkən, mənim də imzamın indiyədək ədəbi cameədə görünməsi 15 kitabımı təmənnasız nəşr edən alim-şair, professor Elçin İsgəndərzadə ilə bağlıdır.

Sərvazın gücü öz fikirlərini, xəzinələrindən misallar çəkdiyi mürşüdlərin fikirləri ilə müqayisələndirməkdə, ortaq məxrəcə gəlməkdədir. Kitabının "Hər kəsi bir yoldan götürürlər" bölümündə də dediklərimizin şahidi oluruq. Müəllif sitat gətirir və bu sitatı öz qənaətinə qovuşdurub ümumiləşdirir:

"Yaqub Çərxi həzrətlərinin xəlifəsi mövlana Zahid Bədəxşaninin mürşüdü olmuş, daxili və zahiri elmlərin xəzinəsi olaraq tanınan Übeydullah Əhrarın etiraflarıdı: "Mən bu yolu təsəvvüf kitablarından deyil, xalqa xidmət sayəsində əldə etdim. Hər kəsi bir yoldan götürdülər. Məni də xidmət yolundan götürdülər. Xeyirli, xoşxasiyyət olan hər kəsə xidmət göstərərəm..."

Bu müdrik kəlamın, mötəbər dünyagörüşün fikir aydınlığında göz önünə gətirirəm Qəzənfər müəllimi. Səbəbi bütün uğurlarını el-obaya, tanıyıb-tanımadığı insanlara, elmin, mədəniyyətin inkişafına, deməli, xalqa xidmət sayəsində qazanan bir insan olmasıdır".

Sonuncu bölümün də adı maraqlıdır: "O adamları sevirəm ki...". Sərvaz Hüseynoğlu kitabına daha bir yarımbölüm əlavə etmişdir: "Ustadla ürək söhbəti". Bu əlavə də oxucu tərəfindən maraqla oxunur.

Doqquzuncu bölümün fikir mərkəzində eyni problem dayanır. Əsl elm adamı necə olmalıdır? Bu əzəli və əbədi sual Qəzənfər müəllimin yaradıcılığı fonunda izlənməsi davam etdirilir. Sərvazın fikri aydındır. Bununla belə, gəldiyi qənaətin təsdiqini ustadlarda - Zərdüştdə və Nitşedə, Baulo və Babur şahda, Nizami Cəfərov və Yaşar Qarayevdə... tapır. Hüseyn Kürdoğlu da gözəl deyib:

 

Hər papaqlı ər olmaz,

Nərə çəkər, nər olmaz.

Xan olar, sultan olar,

Ancaq Qəzənfər olmaz.

 

Professor Yaşar Qarayev bu fikrin elmi dəyərini açıb: "Bizim üçün İraq Kərbəla və Füzulidən başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır". Bu elmi ucalıq nəyin bahasına qazanılıb? Bu suala cavab vermək fikir, müşahidə və oxu bolluğuna malik olan Sərvaz üçün çətin deyil. O yazır: "Qəzənfər Paşayevin yaradıcılığı, bütövlükdə bu vacib meyar və şərtlərin polad məntiqindən gəlir. İstedad, ağıl və zəhmətkeşlik onun yaradıcılığının harmoniyasını şəkilləndirən faktordur. Örnəyi çoxşaxəli yaradıcılıq nümunələri, cild-cild kitablarıdır".

Bu möhtəşəm uğurun qazanılmasında, əlbəttə, istedad və zəhmət əsas yer tutur. Kitab müəllifi bu fikri bir daha isbatlamaq üçün örnək olan imza sahiblərinin adlarını çəkir. Birini də mən əlavə edirəm - iyirminci əsrin Dədə Qorqudu - Dədə Ələsgərin adını. Dədə qazandığı söz-hikmət yükünün şərtlərini açıqlayır: "Zəhmətdə zəhri-həlail, ləzzətdə baldı yüküm". İstedad öz yerində. Gərək ağır, acı zəhmətə qatlaşan ki, nəticədə bal şirinliyinə nail olasan.

Özünü görmək də bir xoşbəxtlikdir. Böyük folklorşünas alim, professor, əməkdar elm xadimi Qəzənfər Paşayevin əvəzolunmaz elmi kimliyini hamı bilir, xalq yazıçısı Anarın yerinə düşən sözü ilə desək, hətta bunu o, özü də bilir.

Özünü görmək, sükanı düz tutmaqda adama kömək olur. Bu məziyyət uzun məsafələr qət edən yolçuya xeyirxahlıq və ədalətlilik qanadları bəxş edir. Qəzənfər Paşayev modelində olduğu kimi.

 

Mart, 2023-cü il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!