Azərbaycan ədəbiyyatşünaslığında satirik ədəbiyyatın tədqiqi sahəsində xüsusi mövqeyi ilə seçilən professor Kamran Məmmədovun araşdırmalarında XX əsr Azərbaycan gülüşünün tədqiqi məsələləri əhəmiyyətli yer tutur. "XX əsr Azərbaycan gülüşü, yaxud bir məclisdə on iki kişinin söhbəti" monoqrafiyası, hər şeydən əvvəl müəllifin bu istiqamətdə apardığı ardıcıl və sistemli tədqiqatlarının məntiqi nəticəsi kimi diqqəti cəlb edir (Kamran Məmmədov. XX əsr Azərbaycan gülüşü, yaxud bir məclisdə on iki kişinin söhbəti. Bakı: "Yazıçı", 1989).
Strukturu Mirzə Ələkbər Sabirin "Bir məclisdə on iki kişinin söhbəti"ni xatırladan və Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"ndakı kimi, "Yüngülvarı müqəddimə" ilə başlayan əsərində müəllifin qarşıya qoyduğu əsas məqsəd bədii gülüşlə bağlı düşüncə və qənaətlərini nəzəri fikirlərə və faktoloji materiallara istinad etməklə ədəbi-elmi ictimaiyyətə çatdırmaqdan ibarətdir.
"Yüngülvari müqəddimə"dəki qeydlərdən aydın olur ki, "XX əsr Azərbaycan gülüşü" kitabının müəllifi, professor Firidun Dövlətyarlı universitetin filologiya fakültəsinə mühazirə oxumağa dəvət olunmuş və o bu dəvəti qəbul etmişdir. Belə bir razılığa gəlinmişdir ki, mühazirələrə ayrılan altı həftə və on iki qoşa saatda XX əsrdə yaşayıb-yaratmış on iki Azərbaycan yazıçısının yaradıcılığında gülüşün və satiranın mövqeyi və mahiyyəti barədə məlumatlar verilsin.
Diqqət edilərsə, məlumat xarakterli bu qeydlər "XX əsr Azərbaycan gülüşü, yaxud bir məclisdə on iki kişinin söhbəti" kitabının mahiyyətini, mövzu və problematikasını lakonik şəkildə özündə əks etdirir.
Giriş xarakteri daşıyan müqəddimədə Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində satiranın şeir, nəsr, publisistika və dramaturgiyada aparıcı bir təmayül olduğunu bildirən müəllif yazır: "XX əsr Azərbaycan ədəbiyyatının ən qüvvətli, əsas aparıcı qolu satira idi. Bu satira "Molla Nəsrəddin", xüsusən də onun M.Ə.Sabir, C.Məmmədquluzadə kimi nəhənglərinin simasında bütöv idi, hər cür yarımçıqlığa qarşı mübarizədə misli-bərabəri olmayan azman dağ timsalında dəyanətlə dayanmışdı"(Kamran Məmmədov. Göstərilən kitabı, s. 5).
Gülüşün xarakter və səciyyəsi barədə irəli sürdüyü mülahizələrdə müəllif gülüşün insana xas bir xüsusiyyət olduğunu qeyd etməklə yanaşı, XX əsrin gerçəklikləri fonunda satirik gülüşə artan marağın obyektiv səbəbləri üzərində də ətraflı şəkildə dayanır.
"Yüngülvari müqəddimə"də XX əsr Azərbaycan gülüşünün janr əlvanlığı, satirik ədəbi təmayüllər və ayrı-ayrı sənətkarların yaradıcılığına həsr olunan elmi-nəzəri ədəbiyyatlar barədə verilən məlumat xarakterli qeydlər qaldırılan problemləri qavramaq üçün oxucuda ilkin təsəvvür yaradır.
Kitabın "Birinci günün söhbəti" bölməsi Mirzə Əbdürrəhim Talıbovun həyat və yaradıcılığına həsr olunmuşdur. "Satira xalqın mənəvi xəstəliklərini müalicə üçün həmişə öz gücünü göstərmiş və indi də göstərməkdədir" (yenə orada, s.4) tezisi ilə çıxış edən K.Məmmədov Ə.Talıbovun yaradıcılğını nəzərdən keçirərək belə bir nəticəyə gəlir ki: "Ə.Talıbov.... "Xeyirxahların yolu", "Azadlıq haqqında izahat", "Talibinin siyasəti", "Əhmədin kitabı" kimi dərin məzmunlu kitablar yazmış, maarifçilik ideyalarını təbliğ etmişdi. O, despotçuluqla maarifçiliyin bir araya sığmadığına da, ölkə ağalığının "ata kürkü kimi oğula keçə bilməsinə" də satirik münasibət bəsləyirdi. Ədib əsərlərində incə, satirik ələsalmalarla, dövlət işi ilə həsəd və paxıllığı çox ustalıqla əlaqələndirirdi"(yenə orada, s. 19).
Kamran Məmmədovun XX əsr gülüşünün xarakterik nümunəsi kimi səyahətnamə formasında qələmə alınan əsərləri xüsusi fərqləndirməsi də qanunauyğun hal kimi dəyərləndirilməlidir. Bu mənada Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanının mühazirə mövzusu kimi seçilməsi tamamilə təbii və məntiqlidir.
"İkinci günün söhbəti"ndə müəllif məsələyə pedaqoji aspektdən yanaşaraq əyanilik prinsipini auditoriyaya nümayiş etdirməyə müvəffəq olur. Müəllim "İbrahim bəyin səyahətnaməsi" romanının məziyyətləri ilə tələbələri tanış edərək deyir: "Uşaqlar, bu kitabı mütləq oxuyun, görün dünyaya necə oğullar gəlib. Vətən eşqi onun bütün varlığına hakim kəsilmişdir". Mən sizə kitabdan kiçik bir parça oxuyacağam. Bu o yerdir ki, romanın əsas qəhrəmanı İbrahim bəy vətənindən ayrılanda hönkür-hönkür ağlayıb deyir: "Ey mənim əziz, sevimli vətənim! Canım, ruhum sənin torpağına fəda olsun. Mənim məzhəbimdə sən cənnətdən də müqəddəssən. Sənin torpağın diriliyin bulağı, havan isə əbədi cənnət havasının həsəd aparacağı bir havadır. Heyf ki, naxələf övladın sənin yüksək qədrini alçaltdı, sənin şan-şöhrətini qorumadı, səni əcnəbilərin gözündə xar etdi. ...Mənim məzhəbimdə səndən ayrılmaq can verməkdən də çətindir" (Z.Marağayi. İbrahim bəyin səyahətnaməsi. Bakı: 1982, s.232).
Z.Marağayinin romanını "satirik romanın ən gözəl nümunəsi" (yenə orada, s. 36) adlandıran K.Məmmədov əsərin ümumi məzmunundan çıxış edərək yazıçının estetik idealını doğru olaraq aşağıdakı kimi dəyərləndirir: "Ədib açıq şəkildə öz həməsri olan sənətkarları satira yazmağa çağırır, çomağın ağır tərəfini zalımlara endirməyi ilk vəzifə hesab edir, müasir həyatla ayaqlaşan, vətən əhlinin ayılmasına xidmət edən realist əsərləri, tənqidi və satirik şeirləri xüsusilə qiymətləndirirdi" (yenə orada, s. 35).
K.Məmmədov "Üçüncü günün söhbəti"ndə Nəcəf bəy Vəzirovun yaradıcılığında satiranın və komik ünsürlərin iştirakına diqqət yetirir, ədibin dram əsərlərində, xüsusilə bir pərdəli pyeslərində satirik gülüşün mahiyyəti və işlənmə məqamları barədə ətraflı məlumat verir.
"Dördüncü günün söhbəti"i Cəlil Məmmədquluzadəyə həsr edilmişdir.
K.Məmmədov doğru olaraq belə hesab edirdi ki, "C.Məmmədquluzadə heç də həmişə dərdini gülüşlə yüngülləşdirmirdi. O bəzən hər yeri qaranlıq görür, xalqın nicatını dumanlı təsəvvür edir, qəlbi riqqətə gətirən həzin bir səslə pıçıldayırdı: "Azərbaycan. Ax, unudulmuş vətən, ox, yazıq vətən! Bəs sən hardasan, ay biçarə vətən?" (yenə orada, s. 96)
Satirik gülüşün yeri və mövqeyinin ədibin "Molla Nəsrəddin"dəki fəaliyyəti ilə məhdudlaşdırılmaması söhbətin obyektiv və prinsipial bir istiqamətdə aparılmasından xəbər verir ki, bu da son dərəcə doğru bir yanaşma kimi qiymətləndirilə bilər.
C.Məmmədquluzadənin bir çox əsərlərini nəzərdən keçirib onun satirik üslubu haqqına fikirlərini ümumiləşdirən K.Məmmədov belə bir nəticəyə gəlir ki, "C.Məmmədquluzadə satirik üslubunun xüsusiyyətlərindən biri də belədir ki, yazıçı əslində xalq faciəsi olan, xalqa bəla gətirən bir hadisəni, faciəli həqiqəti satira örtüyünə bələyir" (yenə orada, s. 95).
Satirik gülüşün inkişafında, təkamülündə müstəsna xidmətləri olan Mirzə Ələkbər Sabirin satirik irsinə verilən qiymət kitabın "Beşinci günün söhbəti" bölümündə əksini tapır.
M.Ə.Sabiri XX əsr Azərbaycan poeziyasında "inqilab yaradan" (yenə orada, s. 124) şair kimi dəyərləndirən müəllif böyük sənətkarın bir sıra satiralarını nəzərdən keçirərək belə bir tezislə çıxış edir ki, "Sabirdə xüsusi mövzu yox idi. O, bir vətəndaş cəsarəti ilə yaşadığı cəmiyyətin hər bir yaralı yerinə əl aparır, cərrah bıçağı ilə zərərli yaraları, yaman şişləri kəsir, tökürdü. Xərçəng kimi cəmiyyətə sarılmış xəstəliklərin sayı-hesabı yox idi və həmin xəstəliklərdən ən çox əzab çəkən zəhmətkeş xalq idi, fəhlə və əkinçi idi. Onların hüququnu müdafiə etməyi, onlara qahmar çıxmağı şair vicdani borc, vətəndaşlıq vəzifəsi hesab edirdi" (yenə orada, s. 131-132).
K.Məmmədov qeyd edir ki, M.Ə.Sabirin satiralarında tənqid hədəfi kimi düşünülmüş tiplərin "ikiüzlülüyünü, həyasızlığını, riyakarlığını, acgözlülüyünü onların üzünə çırpmaq, sözü açıq demək əsas qayədir. Bu üsul satirada məqbul sayılan, işlədilən üsullardan biridir. Sabir əsas ictimai mətləbləri, mühüm məsələləri bir sıra şeirlərində eyni üsulla ifşa etmişdir" (yenə orada, s.142).
"Altıncı günün söhbəti"ndə Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs olunur. Müəllif N.Nərimanovun "Nadanlıq", "Şamdan bəy", "Bahadır və Sona", "Nadir şah", "Bir kəndin sərgüzəşti", "Pir" əsərlərini, məqalə və felyetonlarını nəzərdən keçirdikdən sonra belə bir qənaətə gəlir ki, "Nərimanov "paslanmış beyinlərlə", "ölmüş ruhlarla" əhatə olunmuş bir cəmiyyətdə yaşayırdı və həmin mühitdə avam həmvətənlərinin "beyinlərinin pasdan təmizlənməsi", "ölmüş ruhların canlanması", sinfi şüurlarının oyanması üçün ardıcıl qələm mübarizəsi apararkən satiranı daha təsirli vasitələrdən biri hesab edirdi.
"Yeddinci günün söhbəti"ndə Əbdürrəhim bəy Haqverdiyevin satirik üslubda yazdığı nəsr, dram və publisistik əsərlərindən bəhs olunur. Burada ədibin satirik üslubda və vətənpərvəranə ruhda yazılmış "Bizim yabılığımız" məqaləsindən başlayaraq "Millət dostları", "Ac həriflər" vodivelləri, "Molla Nəsrəddin" məcmuəsində "Marallarım" adı altında dərc olunan satirik hekayələri, "Xortdanın cəhənnəm məktubları", "Mozalan bəyin səyahətnaməsi" əsərləri qoyulan problem əsasında tədqiq olunaraq dəyərləndirilir.
"Səkkizinci günün söhbəti"ndə təvazökarlıqla "dəfələrlə Sabirin çox böyük satirik sənətkar olduğunu, özünün isə ancaq şagird səviyyəsində qaldığını səmimi-qəlbdən etiraf etmiş" (yenə orada, s. 198) Əli Nəzmi Məmmədzadənin satirik yaradıcılığı araşdırılır, onun poeziyasının ideya-məzmun xüsusiyyətləri müəyyənləşdirilir.
"Doqquzuncu günün söhbəti"ndə XX əsrdə Cənubi Azərbaycan ədəbiyyatında Sabir satirasını yeni şəraitdə davam və inkişaf etdirmiş Mirzə Əli Möcüzün satirik poeziyası tədqiq olunur.
M.Ə.Möcüzün satiralarını nəzərdən keçirib onları mövzu və problematikasına görə qruplaşdırıb təhlil edən müəllif hesab edir ki, "məişət satirası Möcüz yaradıcılığının məhvərində durur" (yenə orada, s. 216).
M.Ə.Möcüzün satiralarının ümumi məzmunundan çıxış edən K.Məmmədov doğru olaraq belə hesab edirdi ki, şairə görə "cəhalət, anlağın aşağı səviyyədə olması ümumi milləti yazıq, miskin vəziyyətə gətirmiş, xar və zəlil etmişdir" (yenə orda, s. 231).
"Onuncu günün söhbəti"ndə Əliqulu Qəmküsarın satirik şair kimi yetişməsində, onun gülüşünün mənalı şəkil almasında "Molla Nəsrəddin" jurnalının mühüm rol oynadığını bildirən K.Məmmədov yazır: "Molla Nəsrəddin"jurnalı nəyə və kimlərə qarşı mübarizə bayrağı qaldırmışdısa, Qəmküsar da eyni bayrağın altında bir əsəgər kimi ön cərgədə, ön atəş xəttində mətanətlə dayanmış və mübarizə meydanında həlak olmuşdu" (yenə orada, s. 237).
Ə.Qəmküsarın istər poetik, istər pulisist əsərləri ilə irticaya qarşı mübarizə apardığını və hər iki istiqamətdə müvəffəqiyyət qazandığını bildirən müəllif qeyd edir ki, "Qəmküsarda iki yaralı cəhət baş mövzuya çevrilmişdi: din və mövhumatın əməkçi xalqı əldən salması və bütün millətin fikrinə rahatlıq verməyən Cənubi Azərbaycan, İran inqilabı, Səttarxanın adı ilə bağlı olan milli-azadlıq hərəkatı" (yenə orada, s. 237).
"On birinci günün söhbəti"ndə müəllif Ü.Hacıbəylinin "Həyat", "İrşad", "Tərəqqi" qəzetlərində çap etdirdiyi felyetonları sərf-nəzər edərək yazır: "Ü.Hacıbəyov ayıq, cürətli bir publisist idi... Onun yaradıcılığındakı gülüş hər cür mənfiliklərə qarşı çevrilmişdi və onda çoxmənalılq vardı. O, gülüşdə boş hırıltı yox, ciddilik tərəfdarı idi və qələm dostlarına da tövsiyə edirdi ki, güləndə elə gül ki, sənin gülüşün güldürdüyünü gülməyə məcbur etsin" (yenə orada, s. 252).
Kitabın "On ikinci günün söhbəti" bölümündə Yusif Vəzir Çəmənzəminlinin əsərlərində bədii gülüşün yeri və mövqeyi kimi məsələlər ön plana çəkilmiş, dövrün, ictimai-tarixi şəraitin tələb və ehtiyaclarından irəli gələn, yazıçı-sənətkar və zaman münasibətinin təsiri və əks-sədası kimi müəyyənləşən problemlər tədqiq olunmuşdur.
Kamran Məmmədovun XX əsr gülüşünün fərdi və səciyyəvi keyfiyyətləri ilə seçilən qələm sahiblərini ayırıb fərqləndirməsi mübahisə doğurmur, əksinə, real gerçəklikdən irəli gəlirdi.
Şübhəsiz ki, Kamran Məmmədovun "XX əsr Azərbaycan gülüşü", yaxud "bir məclisdə on iki kişinin söhbəti" kitabı bütövlükdə gülüş mədəniyyəti sahəsində zəngin elmi fakt və mənbələr əsasında qələmə alınan, uzun illər bu sahədə qazanılan təcrübənin nəticəsində araya-ərsəyə gətirilən bir təşəbbüs kimi mühüm əhəmiyyətə malikdir və kitab bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!