Etibar Muradxanlının Birinci Qarabağ Savaşından bəhs edən roman və povestlərini ("Siz mühasirədəsiniz, leytenant", "Tələbə taqımı", "Fəridə nənəgilin pəncərələri", "Qaç, nə qədər gec deyil", "Üç süngü, bir güllə"), hekayələrini müxtəlif adda çıxan kitablarından oxumuşam. Yazıçı müharibə iştirakçısıdır və əsərlərində real həyat səhnələri, canlı epizodlar, detallar kifayət qədərdir və bütün bunlar təsdiq edir ki, veteran-nasirin qəhrəmanları Azərbaycan övladlarıdır: əsgər və zabitlərimiz, gizir və çavuşlarımız, həkim və sanitarlarımız, bir sözlə, bu torpağın, yerin-yurdun yetirmələri.
Etibarın yeni "İlin beşinci fəsli" romanına qısa, məzmunlu ön söz yazan tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangirin qənaətə gəldiyi bir önəmli fikriylə razılaşmamaq mümkün deyil: "Bu sənədli-bədii irihəcmli əsər üzərində işləyərkən müəllif ənənəvi yox, qeyri-satndart yol seçib: yəni, romanın baş surəti, mərkəzi qəhrəmanı yoxdur. Daha doğrusu, "İlin beşinci fəsli"nin əsas qəhrəmanı yenilməz Azərbaycan Ordusudur, bütövlükdə Azərbaycan xalqıdır və Azərbaycanın Ali Baş Komandanıdır. Məhz erməni işğalçılarını və vandallarını torpaqlarımızdan "iti qovantək qovarkən" bütövlüyümüz, yumruq kimi birliyimiz, dövlətimizin başçısının ətrafında sıx ittifaqımız mühüm rol oynadı, həlledici sözünü dedi, bizi Qalib etdi".
Ancaq romanın səhifələrini varaqlayarkən, məğzinə vararkən, "Bizi Vətən çağırır", "Düşmənlə göz-gözə", "Şişqaya döyüşü və Hadruta açılan qapı", "Mən Azərbaycan zabitiyəm", "Adsız yüksəkliyə qəfil hücum", "İstiqamət Şuşayadır", "Şuşanın qapıları önündə", "Biz mühasirədəyik", "Son ümid", "Axırıncı aşırım", "Laçın dəhlizində", "Pusquya qarşı pusqu", "Kapitan yaralandı", "Əlbəyaxa döyüş", "Bələdçinin şəhadəti", "Hərbi müşavirə", "Xankəndi-Laçın dəhlizi bağlandı", "Gizli qərargah", "Şuşa, sən azadsan!" başlıqlar altında gedən real bədii lövhələrə və təsvirlərə nəzər yetirərkən, həqiqətən özünü müharibədə sanırsan. Sanki hər başlıq, yarımsərlövhə bir mühüm döyüş əməliyatına açardır. Hadisələr o qədər sürətli və davamlıdır ki, onların inkişafına heyrətlənməmək mümkün deyil. İstər-istəməz sonda yazıçının üslubuna, yazı manerasına, çevik dəst-xəttinə haqq qazandırırsan. Axı bu müharibə vur-tut 44 gün çəkmişdir, cəmi altı həftə ərzində düşmənin bütün keçilməz istehkamları dağıdılmış, sədləri tarmar edilmiş, ordusundan qırılanı qırılmış, qalanı "asta qaçan namərddi" - deyib, dabanın tüpürmüş, necə deyərlər, pərən-pərən İrəvanacan qaçmağa məcbur olmuşdur.
Çağdaş həyatımızın əks-sədası roman bir az da avtobioqrafikdir. Etibar Muradxanlı söylədiyimiz kimi ermənilərin ölüm-dirim oyunu başlanan çağlardan bu qovğaların içində olub, könüllü surətdə cəbhə bölgəsinə yollanıb, ciddi döyüş yolu keçib, bişib. Sözsüz, öz obrazını yaratmaya bilməzdi, amma Vətən qarşısında müqəddəs borcunu ödəyən qeyrətli yurddaşımız indiki həlledici savaşa səfərbərlik yaşına çatmış oğlu Cahid Yaqubovu da göndərir. Nə həyəcan, nə qorxu-hürkü Etibarı çəkindirmir, övladını yayındırmaq xəyalından belə keçmir. Kitab elə ailənin Cahidin yolasalma mərasimindəki xeyir-duasıyla açılır. Ər kişinin nər oğlu təcrübəli atanın tapşırıqlarını qulaqlarında saxlayır, əsərin ayrı-ayrı epizodlarında göstərildiyi kimi bacarığı, qabiliyyəti, mərdi-mərdanərliyi ilə tezliklə komandirlərinin, sıravi dostlarının rəğbətini qazanır. Dəfələrlə ölüm təhlükəsiylə üz-üzə qalır, aclıq, əzab-əziyyət, əsir düşmək ehtimalı Cahidin polad iradəsini sarsıtmır, hər cür kritik vəziyyətdən çıxmağı bacarır, "dəyirmanın ağzından ölü salırlar, o üzdən diri çıxmaqla" mənfur düşmənini belə təəccübləndirir.
Yenilməz qəhrəman, baş leytenant Əliqismət Yaqublu isə yazıçının doğma qardaşı oğludur. Cahidin əmisi oğlu, ailənin daha bir igid üzvü, peşəkar hərbçi kimi Füzuli, Cəbrayıl istiqamətindən, adsız yüksəkliklərdən Şuşayacan gedib çıxan, yağıya qan udduran Əliqismət xüsusi tapşırıqların öhdəsindən məharətlə gəlir, qısa müddətdə hamının sevimlisinə çevrilir. Məharətlə mövqe dəyişir, səngərdən səngərə keçir, avtomatıyla qəddar düşməni biçməkdən, süngüsüylə üz-üzə durduğu yağını dərhal gəbərtməkdən yorulmur. O, döyüş yoldaşı, baş leytenant Səid Nofəl oğlu Rəşidzadə ilə birgə dəfələrlə döyüşlərin təşkilində, icrasında bilavasitə iştirak etmiş, gənc həmkarlarına şəxsi nümunə göstərmişdir.
Təəssüf ki, "su çanağı suda sındı". Səid qeyri-bərabər döyüşlərin birində həyatını itirdi. Və dostunun həlak olmasını görən Əliqismət Yaqublu nə qədər sarsılsa da, intiqam almaq coşqusuyla gecəni gündüzə qatsa da, nə biləydi ki, eyni amansız tale onu da gözləyirmiş. "Adsız yüksəkliyə qəfil hücum"da baş leytenant Əliqismət Yaqublunun obrazı necə vardısa, eləcə yaradılıb. Hərbi hissə komandiri polkovnik Ələkbər Cahangirov yuxarıdan tapşırıq alır: üzü maskalı yüksək rütbəli bir nəfər zabiti etibarlı "bələdçi" vasitəsilə düşmənin nəzarətindəki adsız yüksəkliklərdən keçirib, "konkret" surətdə Xocavənd rayonunun Ağbulaq kəndinə sağ-salamat ötürmək. Ərazidə peşəkar "bələdçi" rolunu Əliqismət oynayır və Cahangirov tərəddüd etmədən xüsusi təyinatlı yüksək çinli zabiti məhz baş leytenanta qoşur. Beləliklə, o, canla-başla, arada radioqəbuledici ilə məlumat verə-verə adını eşitdiyi, üzdən tanımadığı Zaur Məmmədovu lazımi ünvana çatdırır və parolla polkovnik Cahangirova raport ötürür.
Romanın ən təsirli yerlərindən biri "bələdçin"nin şəhadətə yetməsi səhnəsidir. Çiynində daşıdığı yaralı döyüşçü yoldaşını həkimə təhvil verən baş leytenant atışa-atışa geri dönür. Ayağını çəkə-çəkə yenidən yaralılardan birini çiyninə götürüb, arxaya dönmək istəyərkən, qarşısında partlayan qrad mərmisi Əliqisməti havaya qaldırıb, bir neçə metr kənara atır. Avtomatını və zirehli gödəkcəsini alıb havaya uçurdur. Qarın nahiyyəsindən və sağ ayağının dabanından aldığı dərin yaralar hüşünü itirməyinə gətirib çıxarır. Bu zaman döyüş dostlarının həyəcan dolu fəryadı eşidilir:
- Yaqublunu vurdular! - Həkim, Əliqisməti vurdular, həkiiiim!
Yazıçı ustalıqla "bələdçi"nin ölümcül yaralanması səhnəsini canlandırır: "Zaman da uzaqlaşdı, səma da, xatirələr də. Və dondu şəhidin sifətindəki təbəssüm kimi. Səma üzünü yalayıb ötən soyuq, amma doğma dumanla, üzüb keçən əlçim-əlçim, amma əlçatmaz buludlarla. Zəif duman içində güclə sezilən yüksəklikdə qanad çalan dağ qartalı ilə, ətrafda eşidilən güllə səsləri, artilleriya atəşiilə və bütün bu səslərin içindən: "Əliqismət, həkiiim, komandir, komandiiir" - deyə döyüş yoldaşlarının həyəcan dolu çırpıntıları ilə dondu".
İtkinin ağırlığı hamını sarsıdır və ani coşdurur. Lakin ağır yaralının ağzından qopan son sözləri baş leytenantın vəsiyyəti kimi qulaqlarında əks-səda tapır, yenidən döyüşçüləri səfərbər edir:
- Haqqınızı... halal edin!
Etibar Muradxanlı köhnə hərbçi zabit kimi işğal altındakı kəndlərə, qəsəbələrə, şəhərlərə yaxşı bələddir. O, ərazilərin dağ, yamac, təpə, çay, göl, qaya, bulaq, yaylaq, zirvə, oymaq, çökək, orman adlarını geninə-boluna, eninə-uzununa romanında təsadüfən işlətmir. Hər bir aşırım, adsız yüksəklik hərbçilərin nişanladığı xüsusi əhəmiyyət daşıyan strateji məntəqədir. Bu ünvanları sıravi əsgərin də borcudur yadında saxlasın, zabitin də, gizir və çavuşun da. Axı, ilk növbədə bu ərazilər Vətən torpağıdır və onların hər daşı, kəsəyi uğrunda ölüm-dirim savaşı gedir. Toponim şəklindəsə vətəndaş ayıqlığı-sayıqlığı ilə onları yaddaşımızda bitirməli, hifz etməli, qorumalıyıq. Yoxsa tarix bizi bağışlamaz!
44 günlük müharibənin bütün çevikliyi və ildırımsüərtli taktiki planı "İlin beşinci fəsli" romanının yaranmasına sirayət edib. Hadisələr saatbasaat, sanki göz açıb-yumunca baş verir. Lakin bu söylədiklərimizin fonunda deməliyik ki, yazıçının qələmi bitkindir, cümlələri tələsik, alaçiy deyil, təzə-tər, orijinaldır. Məsələn, tabor komandiri mayor Hacı Rəhimov baş leytenant Səid Rəşidzadənin şəhadətə qovuşması xəbərini atasına çatdırır. Müəllif bu son dərəcə ağır və üzücü məlumatdan sonra mayorun keçirtdiyi cismani əzabı poetik surətdə bir özünəməxsus cümlə ilə belə yekunlaşdırır: "Donmuş sükunət ifadə edən, buz kimi soyuq gözlərindən bir damla göz yaşı gilələnib sanki sözlərinə nöqtə qoydu". Olduqca ciddi tapıntıdır və vəziyyəti canlandıran real bədii təsvir vasitəsidir.
Və yaxud daha bir dəhşətli ciddi səhnənin əks-sədasını oxucusuna çatdırmaq üçün görün daha bir hansı vasitədən necə istifadə edir. İki gecə-gündüzünü vahiməli dağda- daşda keçirən, mühasirəyə düşən, bu həlqəni yarmağa tez-tez cəhdlərə, priyomlara əl atan, fəqət döyüşçülərin su axtarışını müəllif belə yaddaqalan epizodda verir: "...susuzluq yuxularına haram qatdı. Heç kimdə bir qurtum da su qalmamış, hətta ağırlıq etməsin deyə, su qablarını da atmışdılar. Dəbilqələrini ara-sıra yağan yağmurla (yağışla) doldurmaq ümidi ilə tank, səngərinin kənarına düzdülər. "Allahu-Əkbər" - deyə-deyə Merdinli kəndi ətrafında istehkam quran baş leytenant Samiq Fərzəliyevin (tağım komandiri), İlham Dadaşovun (leytenant), əsgər Əfsər Yarməmmədovun, Elsevər Səfərovun, Əmrah Əkbərovun, Babək Cəfərovun, Sabit Azadlının ümidsiz vəziyyətlərini yenə köməyə çatan, zəncirvari mühasirəni yarmağa müvəffəq Azərbaycan Ordusunun bölüklərindən biri qurtarır. Çıxılmazlığı böyük Allah yoluna qoyur. Bizim silahlılarımızın sayıqlığı sayəsində".
Fərəhlidir ki, gedib bir neçə addımlığına çatan Azərbaycan zabitinə qədim qalanın təsvirini qabaqcadan qələbə müjdəsi kimi çatdırılır... Gecə boyu hava bir neçə dəfə dəiyşdi. Əvvəlcə duman gəldi, ardınca yağış səpdi. Narın-narın yağan yağış çox keçmədi ki, qaranlığı bozardan dumanı ağırlayıb onun üstünə çökdü. Kapitan Təhməzov öz qrupu ilə səhəri Şuşanın yaşaran, kədərdən öləzimiş, ağlamaqdan qarası getmiş, uzaqdan zəif közərən pərişan gözlərinə baxa-baxa açdı... Zülmət süzülüb, soldu. Qaranlıq zəif işıqdan bulandı. Həyəcandan ürək kimi çırpınan Şuşa şəhərinin uzaqdan rəngi bozardı...
Duman dağlar şəhərinin üstündə rübənd kimidir. Şuşa sifətini gah gizlədir, gah da gül üzünü açıb göstərir. Ancaq bu dəfə duman rəmzi məna daşıyır, ruzigarın əbədi yelləri onu son mənzilinəcən qovur. Əlində tutduğu Azərbaycan bayrağını qalanın ən hündür yerinə sancan məğrur qalib Ordumuzun əsgəri ölkə başçısının, Silahlı Qüvvələrinin Ali Baş Komandanının məşhur sözlərini ucadan səsləndirir:
- Əziz Şuşa, sən azadsan!
Müharibə dəhşətlərini əks etdirən "Hərb və Sülh" (L.N.Tolstoy), "Əlvida, silah" (E.Heminquey) və s. kimi dünya səviyyəli tarixi əsərlər həmişə yazılmır. Belə nümunələrin gələcəkdə ərsəyə gəlməsi üçün mütləq surətdə irili-xırdalı çoxlu sayda əsərlər yaranmalı, cəhdlər edilməlidir. Məncə, Etibar Muradxanlının II Qarabağ Savaşı haqda yazdığı "İlin beşinci fəsli" romanı bu istiqamətdə ilkin sürpriz kimi maraqlıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!