Vaqif Bayatlı Odər cizgiləri... - Fərid HÜSEYN

Fərid HÜSEYN

 

 

Üzümüz danışır... Biz susanda da o "dil-boğaza qoymur". Onun siması da susmur və onu sevən neçə-neçə insanlar arasında "üz oxuyanlar" da az olmayıb. Bir dəfə həmin "üz oxuyan" vəzifəli dostlarından biri ona - Vaqif Bayatlı Odərə zəng vurub belə bir etiraf edib: "Sənin üzünün təmizliyindən utanıram".

Onun simasına baxanda, gözünə, üzünə, bir-birinə sıxılmış qaşlarına tamaşa edəndə və bütün bunları dəqiq, "hərfbəhərf oxuyanda" onun kimliyini daha dərindən öyrənmiş olursan və bir həqiqət də aydın olur ki, insan üzü elə hürufilərin də inandığı kimi ifadəli, mənalı, məzmunlu bir yazıdır. Vaqif Bayatlı öz simaya, üzə inananlardan, hətta çöhrəni, sifəti and yeri qədər müqəddəs bilənlərdəndir:

 

Ağlaya-ağlaya top-top oynayan

qardaşımın üzü köməyin olsun.

 

İnsan üçün həqiqi müqəddəs şeylərin sayı hər nə qədər çox olarsa, həmin adımın tapdalamayacağı, üstündən vecsizcə adlaya bilməyəcəyi nəsnələrin miqdarı da bir qədər çox olur. Vaqif bəyin şeirlərində də, həyatında da, prinsiplərində də bu sayaq müqəddəslərin sayı daim çox olub, ona görə onun and yerləri, tapınaqları da bəs qədərdir:

 

And olsun amanın

arxamca gəlib-getdiyi yollara...

 

***

Zəng eləmişəm Vaqif bəyə, hal-əhval tuturuq. Ondan cavabını soruşmalı olduğum suallarım var. Vaqif bəydən soruşuram ki, cavanlıqda Ənvər Məmmədxanlı ilə, Abbas Zamanovla dostluq etmisiniz. Hər ikisi sizdən yaşca böyük olub, aranızdakı bu qədər yaş nisbətinə, sinni fərqinə baxmayaraq, onlarla yaxın olmusunuz. Bəs sizi bir-birinizə bunca bağlayan səbəb nə idi? Vaqif müəllim əvvəlcə hər iki  mərhum ziyalımız haqqında xoş sözlər deyir. Onlar barədə çox danışır, ancaq onun dedikləri mənim verdiyim sualın cavabı deyil. Mən yenidən sualıma qayıdıram, konkret olaraq soruşuram ki, o adamlarla - Ənvər Məmmədxanlı və Abbas Zamanova sizi bir-birinizə bağlayan, yaxın edən əsas səbəb nə idi?

İnadkarlığımı susdurmaq üçün bir cümlə deyir: "Necə ki, uşaq vaxtı biz tez böyümək istəyirik, eləcə də cavan olanda əlüstü qocalmağa - müdrik olmağa can atırıq. Mən cavanlığımda onlarla bir yerdə vaxt keçirməklə öz qocalığıma can atırdım. Onlarla sözümüz ona görə tuturdu ki, məndə də yaşımdan böyük daxili ruh var idi. Biz üç böyük ruh idik, ona görə də bir yerdə olanda elə bil ruhlar aləmində olurduq..."

 

***

Yağışlı bir gecə imiş... Qapı möhkəm döyülür. Vaqif Bayatlının vəfalısı, ömür-gün dostu Tamam xanım qapını açır və Vaqif bəy təngnəfəs soruşur: "Ayaqqabılarım hanı?". Əvvəl şairin vəfalısı elə bilir ki, şair ayaqyalındır, ona görə ayaqqabılarını axtarır. Sonra baxıb görür ki, yox, səbəb başqadı, bu xına, o xınadan deyil. Evdə ayaqqabıların yerini bilməyən şairə xanım onların yerini göstərir.  Bir də Tamam xanım görür ki,  şair bir cüt ayaqqabı ayağında, bir cüt də əllərində tələsik qaçır.

90-ci illərin əvvəllərində çox şeyin qıt, az tapılan vaxtları imiş. O zamanlar Tamam xanım Türkiyəyə gedibmiş, orda rastına dəri ayaqqabılar çıxıb, o da həyat yoldaşına bir neçə cüt alıb ki, barı şairin bir neçə il dəyişəyi olsun.

Fəqət sən demə, o yağışlı gecədə əlindəki ayaqqabılarla qaçan Vaqif bəy yağışda birgə gəzişdiyi böyük yazıçının yanına tələsirmiş, çünki onun ayaqqabılarının altı deşilibmiş və su içəri keçirmiş.  Bu olanları göz önünə gətirin- yazıçı dostunun ayaqqabısına su dolduğunu, onun corablarının yaş olduğunu bilən şairin evə qaçması, yerini bilmədiyi ayaqqabılarını axtarması, o görüşü, o məhrəmliyi. Azərbaycanın iki düşüncə insanının bir-birinə qarşı həssaslığını düşünün...

 

***

80-ci illərin axırları imiş. Meydan hərəkatının qızğın dönəmi, SSRİ-nin laxladığı vaxtlar imiş.  Bir dəfə şairin həyat yoldaşı Tamam xanım o çağları yada salaraq danışırdı ki, o vaxt çoxları tribunada əsib-coşurdu. Amma Vaqif müəllimin hərakət eşqində də bir "sonacan getmək" ehtirası vardı. O zaman tribunalarda elə adamlar varmış ki, meydanı gurladar, adamları qaza gətirər, boğazının yoğun yerinə salıb pafoslu şeirlər oxuyar, yumruğunu havaya qaldırıb şüarlar söyləyərmiş, amma onlar elə ki, tribunadan endilər olarlarmış ayrı adam. O tipli adamların bəziləri meydana həm də iş yeri kimi, asan şöhrət qazanmaq platforması, yaxud karyera nərdivanı kimi baxırmışlar. Amma Vaqif müəllim meydan hərəkatını yetişdirən, SSRİ-nin qollarının boşaldığı dövrdə öz zəif biləkləri ilə ona güc gəlməyə çalışan millətçilərin içərisində olanda da bütün ürəyini danışdığı sözlərə, dilə gətirdiyi həqiqətlərə qoyurmuş, nəticədə əsəbləri korlanır, asta-asta səhhət böhranları başlayırmış. Bu Vətən maksimalizmi - olanını qoymaq Vaqif bəyin sonradan yaranacaq xəstəliklərinə yol açırmış. Və o xəstəliyi yaradan səbəb - sonacan getmək, axırına çıxmaq, olanını ortaya qoymaq xarakteri ilə də sonacan həmin xəstəliklə dəyanətlə, vüqarla vuruşacaqdı. Vaqif bəy ruhunun gərginliyindən, tarıma çəkilmiş əsəbindən dolayı tapdığı xəstəliyə qarşı pak ruhunun gücüylə mübarizə aparır. Yoxsa o dözənə heç kəs dözməzdi. Görünür, "Dərd dərdlə unudulur" deyən şair, "xəstəlik xəstəliklə unudulur", "ağrı ağrıyla kəsir"miş kimi köntöy qədərin imhatanlarına tuş gələcəyini də qeyri-ixtiyari bilirmiş.  Kim bilir...

 

***

Bu hadisəni mənə gənc şairlərdən biri danışıb. Deyirdi ki, bir dəfə sevgilimlə Yaşıl Teatrın qarşısından keçirdik, Vaqif müəllimlə rastlaşdıq. Mən Vaqif müəllimlə salamlaşanda həmin xanım kənarda idi. Soruşdu ki, o qız kimdi, dedim ki sevgilimdi. Vaqif müəllim sevindi, sağollaşanda elə oldu ki, mən şairlə görüşüb ayrıldım və həmin xanım arxada qaldı, heç cür Vaqif müəllimə əl uzadıb görüşə bilmədi.

Sonra başqa vaxt Vaqif bəylə görüşəndə soruşdu ki, sevgilin necədir? Dedim ki, ayrılmışıq. Vaqif müəllim dedi ki, onsuz bir-birinizi sevmirdiniz. Bu sözlər gənc şairə qəribə gəlib ki, axı bizi bircə dəfə ayaqüstü görən şair hardan bilib ki, münasibətlərimiz hansı səviyyədə, səmimiyyət müstəvisində idi? Vaqif bəydən bu qənaətinin səbəbini soruşanda aldığı cavabdan sarsılıb: "Keçən dəfə sağollaşanda onu arxada qoymağından və onun sənin kürəyin tərəfdən güclə əl uzatmasından bildim ki, bir-birinizi sevmirsiniz. Çünki sən onu arxada qoyur, o isə səndən qabağa keçməyə çalışırdı".

 

***

Mərhum prezident Əbülfəz Elçibəy Vaqif Bayatlı haqqında ən vacib həqiqətlərdən birini deyib: "Bütün zaman sənin içindədir, sənin zamana dəxlin yox. Zaman sənin ayaqların altında gah qabaq qaçır, gah dala. O, səni yaxalaya bilmir. Sən zamanla məzələnirsən, tez-tez onu azdırıb zamansız tanrının yanında əylənirsən".

Doğurdan da, Vaqif Bayatlı Odəri və yazdıqlarını konkret olaraq hansısa zamana aid eləmək çətindir. O, çox zaman göy üzündən yazır. Göy üzü bu günəmi aiddir? Onun mələklər xüsusunda çox şeiri var. Mələklər dünənin, bu günün söhbətidirmi? Uçmaqdan yazır, uçmaq təkcə bu günəmi bağlı məsələdir? Ümumi mənada o şeirlərində elə məsələləri qələmə alır ki, onların zamana birbaşa mənada dəxli yoxdur. Hətta onun sevgi şeirləri belə tam mənada gənclik ruhunda deyil, yaxud orta yaşda yazdıqlarında ömrünün keçid dövrünün sayrışmaları duyulmur, son dönəm yazdıqlarını oxusanız da sezməzsiniz ki, şair ömrünün ixtiyar çağındadır. Elə bil ona yaşını da biz - onu sevənlər uydurmuşuq. Bu zamansızlıq onun bütün poeziyasının qayəsinə hopub. Ona görə də onun şeirlərinin altında tarix yoxdur. O tarixi göstərərək yox, yoxa çıxararaq yaradır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!