Müasir Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin geniş diapazonlu siyasi-ideoloji və milli-mənəvi fəaliyyəti yalnız Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə edir. Ulu öndərin türkçlük fəaliyyəti bir millət olaraq altı min ildən çox tarixi olan, hazırda geniş coğrafiyalarda məskunlaşan təxminən 301 milyonluq türkün bütün istiqamətlərində ümumtürk həmrəyliyinin inkişafı, möhkəmləndirilməsi və irəliyə doğru aparılması yolunda mühüm əhəmiyyət kəsb edir. Ümummilli liderin türk xalqlarının ədəbiyyat, geniş mənada mədəniyyət ortaqlığını və əlaqə bağlılığını özündə əks etdirən proqram xarakterli fikirləri bu fəaliyyətin tərkib hissələrindən biridir. Əbəs yerə deyildir ki, Ulu öndər türk dünyamızın İbn Sina, Nizami, Nəvai, Y.İmrə, Füzuli, Məxtumqulu, Ç.Aytmatov, M.Şəhriyar və s. kimi əbədiyyət simalarını, habelə "Dədə Qorqud", "Manas", "Alpamış" və s. möhtəşəm dastanlarını xalqlarımızın ümumi mədəni sərvəti hesab etməklə yanaşı, onları həm də dünya mədəniyyətinin ecazkar simaları və nümunələri səviyyəsində dəyərləndirirdi: "Qədim dövrlərdə "Dədə Qorqud", "Manas", "Alpamış", "Koroğlu" dastanları, xalqımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunis İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məxtumqulu, Abay və digərləri xalqımızın tarixini, mənəvi dəyərlərini əks etdirir, xalqımızı dünyaya tanıdan ölməz əsərlər yaratmışlar". Qürurla demək lazımdır ki, Azərbaycançılıq, Türkçülük, Turançılıq Heydər Əliyevin dövlətçilik və milli ideoloji konsepsiyasının aparıcı xəttində dayanırdı. Ulu öndər bu konsepsiya daxilində ümumtürk ədəbiyyatı məsələlərinə dövlətçilik mənafeyi baxımından yanaşır, ortaq ədəbiyyatı, ortaq mədəniyyəti türk dünyasının birliyi üçün mühüm vasitə hesab edirdi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, o cümlədən türk dünyasının böyük şairi M.Füzuli sənətindən danışarkən onun sənət estetikasının mahiyyətini açıqlamaqla yanaşı, Füzuli yaradıcılığında əxz olunan milli yaşantıların əhəmiyyətini də göz önündə canlandırırdı. Heydər Əliyev 1994-cü ildə Füzulinin 500 illiyi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışda belə deyirdi: "Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənələrinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır". Sitatdan göründüyü kimi Ulu öndər Heydər Əliyev türk kimliyinin formalaşmasında və türk kimliyinin bütövləşməsində ruhi-mənəvi varlığın vacibliyinə xüsusi önəm keçmiş və bu xüsusda ədəbiyyatın rolunu hər şeydən üstün tutmuşdur. Bu mənada Ulu öndər Heydər Əliyev milli siyasətinin tərkib hissəsinə çevrilən ədəbiyyat siyasətinin mahiyyətində türk xalqları ədəbiyyatının ədəbi-mədəni potensialının böyüklüyünün təsdiqi və təbliği mühüm yer tutur.
TÜRKSOY çərçivəsində Türk dünyası yazıçılarının 6 noyabr 1996-cı ildə Bakıda keçirilən III qurultayında ümummilli lider Heydər Əliyevin tarixi çıxışı ümumtürk ədəbiyyatı problemlərini vahid türk mədəniyyəti hadisəsi tipində dəyər verməsinin əyani tazahürüdür: "Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşsa da, dayanmayıb, inkişaf edir".
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə türk mədəniyyət abidələri ilə bağlı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi bilavasitə türk milli-mənəvi ideologiyasının dünya arenasında təbliği baxımından əlamətdardır. 2000-ci ilin aprelində Azərbaycan və ortaq türk epos nümunəsi olan "Kitabi-Dədə Qorqud"un YUNESKO səviyyəsində 1300 illik yubileyinin keçirilməsi türk dünyası üçün böyük ədəbi-siyasi, elmi-mədəni hadisə olmaqla yanaşı, həm də ulu öndərin dövlətçilik və türkçülük ideologiyasına bağlılığının göstəricisi idi. Ulu öndərin təşəbbüsü ilə ərsəyə gələn bu tədbir mədəniyyətimizin qədim və böyüklüyünü təsdiqləmək, eyni zamanda dünya türklərini ortaq bir ideya ətrafında birləşdirmək məqsədi daşıyırdı: "Bu gün Azərbaycan xalqı möhtəşəm "Kitabi Dədə Qorqud" eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley bizim üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan bir tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır". Sitat türk xalqlarının vahid milli tarix, milli mənəviyyat, milli ədəbiyyat, milli adət-ənənə, milli-mənəvi dəyər və s. fikirləri ifadə etmək baxımından əlamətdardır və təbii olaraq ulu öndər Heydər Əliyevin Azərbaycançılıq və Türkçülük ideoloji konsepsiyasının göstəricisidir.
Heydər Əliyev türk xalqları ədəbiyyatı problemlərindən danışarkən, ayrı-ayrı yaradıcı şəxsiyyətlərdən söhbət açarkən məsələyə həm ədəbi, həm də tarixi baxımdan yanaşmış, türk xalqlarının həm siyasi, həm də mədəni həyatında rolu olan yazıçı və şairlərin fikirlərinin bütün zamanlar üçün əhəmiyyət daşıdığını xüsusi qeyd etmişdir. Heydər Əliyevin XIX əsrin sonu XX əsrin əvvəlində Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi, xalq maarifi islahatçısı, tatar milli mətbuatının banisi İsmayıl bəy Qaspiralının "dildə, fikirdə, işdə birlik" ideyasını xatırlaması təsadüfi deyildir. Heydər Əliyev İ.Qaspiralının bu sözlərini böyük keşməkeşlər yaşamış türklər üçün əhəmiyyətli sayır, reallaşacağı təqdirdə irəli sürülən ideyanın türk xalqlarının həyatı üçün vacibliyinə xüsusi diqqət ayırır: "XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz "dildə, fikirdə, əməldə birlik" şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olduq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır".
Heydər Əliyev bütün zamanlarda türk birliyindən danışarkən onun mədəni birliyinə xüsusi önəm vermiş, xalqların mədəni birliyini onun dili, keçmişi və adət-ənənələri ilə sıx bağlamışdır. Bu mənada Ulu öndər hər hansı türk yazıçı və şairindən söhbət açanda onun mənsub olduğu xalqla yanaşı, digər türk xalqları ilə də bağlılığına daha çox önəm vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev Nizami, Füzuli, Nəsimi, Y.İmrə, Nəvai, A. Kunanbayev, Məxtumqulu və onlarla digər türk sənətkarlarını sırf milli türk (Azərbaycan, Türkiyə,özbək, qazax, türkmən) kontekstindən deyil, ümumtürk kontekstində də təqdim etməyi vacib sayır.
Türk xalqları ədəbiyyatı problemlərinə yanaşmasında Heydər Əliyev həm də filosof-araşdırmaçı təsiri bağışlayır. Ulu öndər "tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq-türkmanları bir bütövün parçalarıdır" - deyərkən tarixi mənbələrdə mübahisə predmetinə çevrilən İraq-türkmanlarının etno-kimliyinə aydınlıq gətirmiş, İraqın Kərkük, Mosul, Ərbil, Səlahəddin, Diyala və s yerlərində yaşayan üç milyondan çox oğuz türkünün Azərbaycanla bağlılığını təsdiq etmişdir. Heydər Əliyevin bu fikirləri bir tərəfdən İraq-türkmanlarının milli-etnik kimliyinin, digər tərəfdən isə yaratmış olduqları mənəvi-mədəni irslərinin konturlarını müəyyənləşdirməkdə mühüm rol oynayır.
Klassik irsə, klassik ədəbiyyata münasibətlə yanaşı, türk xalqları ədəbiyyatının müasir mərhələsi, bu mərhələnin ayrı-ayrı ədəbi şəxsiyyətlərinin bədii yaradıcılıqları Heydər Əliyevin həmişə maraq dairəsində olmuşdur. Onu da qeyd edək ki, Heydər Əliyev türk xalqları ədəbiyyatının müasir mərhələsindən danışarkən bu mərhələyə daha çox milli özünüdərk, milli oyanış, milli-əxlaqi dəyərlərin üzə çıxarılması məsələləri daxilində münasibət bildirmişdir. Müasir mərhələdə türk dünyamızın ən aparıcı yazarları olan M.Şəhriyar, Ç.Aytmatov, O.Süleymenov kimi ədəbi şəxsiyyətlərin yaradıcılıqlarını dahi Heydər Əliyev milli-fəlsəfi prizmadan dəyərləndirmiş, bu sənətləri milli böyüklüyümüzün təsdiqi baxımından mühüm ədəbi hadisə hesab etmişdir. Ulu öndərin 1996-cı ilin oktyabr ayında Daşkənd şəhərində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovla, 1999-cu ildə Bakıda görkəmli qazax şairi Oljas Süleymenovla görüşlərində ictimai-siyasi problemlərlə yanaşı, onların yaradıcılıq problemlərindən də danışmış, hər iki sənətkarın yaradıcılığı üçün xarakterik olan milli ruh ideallarına xüsusi olaraq toxunmuşdur.
Ulu Şəhriyar yaradıcılığı Heydər Əliyev üçün ən sevimli yaradıcılıq nümunələrindən biri olmuşdur. Belə ki, ustad Şəhriyar sənətinin "şərq şeirinin nadir siması", "yeni ədəbi məktəbin banisi", "filosof şair", "vətəndaş şair" və s. kontekstlərdə dəyərləndirilməsi dahi Heydər Əliyev baxışlarında bu yaradıcılığın yeni ədəbi baxış müstəvisində dəyərləndirilməsi üçün perspektivləri müəyyənləşdirir.
Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri ümummilli lider Heydər Əliyevin milli ədəbiyyat və milli mədəniyyət siyasətinin başlıca istiqamətlərindən biridir. TÜRKSOY kimi türk mədəni əməkdaşlıq təşkilatının yaradılmasının əsas təşkilatçılarından biri olması, YUNESKO xətti ilə türkü bir daha özünə qaytaran türk dünyası korifeylərinin yubiley tədbirlərinin keçirilməsi, türkçülük ideyalarının təbliğinə həsr edilmiş çoxsaylı konfransların təşkili və s.
Heydər Əliyev türk xalqları mədəniyyəti və ədəbiyyatına kompleks yanaşaraq onu türk dünyasını ortaq bir ideya ətrafında birləşdirəcək vasitə kimi dəyərləndirir. Ulu öndərin türk xalqları ədəbiyyatı ilə bağlı fikirlərini geniş anlamda ümumtürk mədəniyyətinin dünya mədəniyyəti çərçivəsində təbliğinin təntənəsi, eyni zamanda, öz keçmişinə, mənəvi dəyərlərinə sevgi və hörmətin göstəricisi olaraq hər bir türkə ünvanlanan çağırış və vəsiyyəti kimi qəbul etmək borcumuzdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!