Elçinin mətnlərində Şuşa: romantikasından Zəfər reallığına - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

 

- Bu bayraq ki, Şuşada elə...

elə dalğalandı, yenə qayıdacaq Şuşaya! 

                            Elçin

Elçinin yaradıcılığında Şuşa mövzusu hələ sovet dövründə yazdığı əsərlərdə qərar tutur. "Şuşaya duman gəlib"! Çox illər əvvəl oxuduğum bu mətnin bədii-estetik təsir gücünü hələ də xatırlayıram. O zaman Şuşa öz sehri, ecazı, əsrarəngizliyi ilə yazıçının diqqət mərkəzində idi. Tarixi yaddaşımızın bizə ara-sıra pıçıldadığı bəzi həqiqətlərin gizli və aşkar gerçəklərinə rəğmən bu qədim şəhərin gözəlliyinin romantikası yaşanır, onun saf və təmiz atmosferi insan ruhu ilə müvazi dərkini tapırdı.

Sonra... Sonra çox hadisələr yaşandı. Ard-arda itirdiklərimiz, aldığımız dərin yaralar, kataklik və xaotik proseslər. Onların içində birinin ağrısı daha çəkilməz oldu. Şuşanın işğalı! Dövrün gətirdiyi bütün böhranları yaradıcılığının müxtəlif yönləri ilə reaksiya verib işıqlandıran Elçin qələmində bu itkinin obrazı da bədii təcəssümünü tapdı. Bir qədər də fərqli müstəvidə. Zənnimcə, Qarabağ probleminin, onun gətirdiyi ağrının fərqli özəlliklərlə işlənməsi yazıçının iti müşahidəsindən qaynaqlanmaqla bərabər, həm də ruhunun Qarabağ yaddaşı, onun təbiətinin incəliklərini, dərinliklərini duymaq gücünə bağlıdır.

Bir çox digər əsərləri ilə yanaşı, Elçinin müstəqillik illərində qələmə aldığı "Qarabağ şikəstəsi" və "Bayraqdar" əsərlərində qaçqınlıq həyatının ağrı-acısının, açdığı dərin, sağalmaz yaraların, saysız-hesabsız itkilərin bədii təsviri verilir. Hər iki povestlə bağlı illər əvvəl bir yazı yazmışdım. Elə yazıldığı zamandan az sonra. "Elçin nəsrinin yeni uğuru" adlandırdığım məqalədə Qarabağ mövzusuna müəllif baxışını isti, təzə-tər duyğularla təhlil etməyə çalışmış, yazıçının emosional toxunuşlarını nəsrimizin uğuru sırasında dəyərləndirmişdim. Bu yaxınlarda yenidən oxuduğum bu mətnlərdə Şuşa ilə bağlı müəllifin vurğuları diqqətimi yenidən cəlb etdi.  Bu dəfə Zəfərin gözü ilə oxuyub dəyərləndirməyə çalışdım onları.

Elçinin bu iki povesti hər şeydən əvvəl ötürdüyü emosional enerji baxımından diqqəti cəlb edir. Bədii əsərdə bu amil hətta mükəmməl bədii texnikadan da vacib məsələdir. Əsərlərin əsasında nə döyüş səhnələri dayanır, nə də Şuşanın tarixi, məişəti və mədəniyyəti. Halbuki yazıçı bu coğrafiyanı kifayət qədər yaxından tanıyan, tarixin emosional yaddaşını daşıyan biridir. Amma sözü gedən əsərlərin mərkəzinə Elçin müharibə ilə bağlı insan hekayələrini qoymağı tərcih edib.

Buzovnada fəhlə yataqxanasında sığınacaq tapan qaçqınlar müharibədən uzaq bir yerdə yaşayıb bir parça çörək tapsalar da, heç zaman rahatlıq tapmır, itirdikləri yurd, vətən daim onları təqib edir, yuxularına girir. İtirilmiş torpaqların xatirəsilə yaşayan Cümü  ("Qarabağ şikəstəsi") qaçqınlıq həyatını həyat hesab etmir, onun həyatı ilə yanaşı yaddaşı da Şuşada Ağadədəli məhəlləsində qalır. Cümü (Qızıldiş Cümşüd) ermənilərin günahsız xalqın başına gətirdiyi faciəni unuda bilmir, o mənfur "gün"ü təqvimin bir günü kimi deyil, şeytan oyunu kimi xatırlayır: "...amma o gün - 1992-ci ilin 8 may günü, erməninin Şuşanı işğal etdiyi, camaatı qırıb qaçırtdığı gün - heç cürə gün sözünün içinə sığışmırdı. O gün - camaatın quru canını götürüb qaçdığı o gün Allahın verdiyi gün deyildi, o 8 may günü Şeytanın şuşalılara hədiyyəsi idi, amma şuşalıların Allahın qarşısındakı günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə edirdi?.."

Məlumdur ki, müstəqillik dövrü bədii nəsrində qaçqınlıq mövzusu ədəbiyyatda aktual mövzu olaraq qalır, diqqət mərkəzinə çəkilirdi. Elçinin təhkiyəsində də bu məsələ özünəməxsus çalarlarla inikas etdirilir. Hekayənin qəhrəmanı Cümünün arvadı Sonanın dilindən səslənən: "- Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..", - hayqırtısı fərdin deyil, minlərin bəşəriyyətə ittihamı kimi səslənir. Yazıçı xalqın tarixi taleyinə yazılmış bu alın yazısı ilə oxucunu insan-qaçqın dilemması üzərində düşünməyə vadar edir. Qaçqınların çəkdiyi əzablar, çadırlarda keçən ömür, ömrün kəc rəftarına boyun əyməkdən başqa çarəsi olmayan insanların həyat dramı.

Yataqxanada məskunlaşmış insanlar aradan xeyli vaxt ötsə də, bu həyata - qaçqınlığa uyğunlaşa bilmir, taleyin acı yazısına qarşı çıxaraq haqq səsini ucaldırlar: "-Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın ermənilərə verin! ...Bizə Şuşanı qaytarın! ...Qalibin - Cümü ilə Sonanın oğlunun - qolundan yapışıb irəli çəkdi. - Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar?.."

Sürəyya xalanın dilindən səslənən bu ittiham bütün şuşalıların, qaçqın düşmüş insanların içinə yığılıb qalmış dərd-kədərin, ağrı-acısının hayqırtısı kimi səslənir.

"Qarabağ şikəstəsi" hekayəsi "Bayraqdar" povestinə proloq kimi dəyərləndirilə bilər. Hər iki əsərdə qaçqınlıq problemi, bu yaşamın insan psixologiyasına təsiri, insanların kədər və iztirablarının,   sosial-mənəvi sıxıntılarının bədii inikası əsas təcəssüm predmetidir.

Elçinin "Bayraqdar" əsərindəki Bayraqdar Surxay azərbaycançılıq ideyalarını qəlbində, ruhunda yaşatması, dövlətçiliyə sədaqəti ilə yadda qalır. Povestin ilk hissəsindən bir epizoda nəzər salaq: "2003-cü il mayın 28-nə, Azərbaycan Demokratik Respublikasının 85-ci ildönümünə bir gün qalmış, yəni mayın 27-də, axşamçağı böyük-kiçik bütün şuşalıların Bayraqdar çağırdığı Surxayın daha sabahı gözləməyə səbri çatmadı, səliqə ilə ağ çitə, üstündən də sellofana büküb çarpayının altında - başqa yer yox idi - saxladığı bayrağı - müstəqil Azərbaycanın üçrəngli bayrağını çıxartdı, xüsusi bir həvəslə, ləzzətlə çiti, sellofanı açdı və bayrağı  götürüb Buzovna fəhlə yataqxanasının həyətinə düşdü, gözünü qıyıb zəndlə qazanxananın damına baxdı".     

Artıq on ilə yaxın bir müddətdə məskunlaşdığı yataqxananın üçüncü mərtəbəsinin otağının pəncərəsindən dalğalanan bayrağı bu dəfə ənənəni pozaraq həyətdəki qazanxananın damından asdığı zaman Surxayın ağlına belə gəlmir ki, hər şeydən və hamıdan artıq sevdiyi bu bayraq yeganə övladı Əbülfətin cavan ömrünə son qoyacaq, vaxtsız ölümünün səbəbi olacaqdır. Oğlunun yas mərasimində Bayraqdarın həyətdəki qoca iydə ağacının budaqlarının arasından bayrağı asması həyatının ən ağrı-acılı günündə belə onun qəlbindəki bu müqəddəs sevginin əsla azalmadığını bir daha təsdiq edir.

Bayrağın Surxayın həyatındakı rolundan söhbət açarkən əsərdəki bir epizod onun obrazını bütün reallığı ilə əks etdirmiş olur: "İllər keçdikcə Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi - hər şey belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası və onu Bayraqdar edən üçrəngli bayraq oldu. ...Və o bayrağın eşqi telefon stansiyasının yanındakı o mətbuat köşkünə, qəzet-jurnallara və o qəzet-jurnallardakı siyasi xəbərlərə hörməti və məhəbbəti də sıxışdırıb Surxayın ürəyində büzüşdürdü - indi o ürəyin içindəki üçrəngli bayraq idi...".

Şuşada qəzet köşkündə işləyən Uzun Surxay Məmmədovun Bayraqdar ləqəbi ilə çağırılması onun 1988-ci ildə ermənilərin Qarabağı Azərbaycandan almaq istəyinə etiraz mitinqindəki iştirakından və elə bu səbəbdən də iki gün həbsxanada saxlanılıb buraxıldıqdan sonra baş verir.

Surxayın 1992-ci ilin 8 mayında, qaçaqaç zamanı  bir əlində bayrağı tutması, digəri ilə isə oğlu Əbülfəti sinəsinə sıxması ona əziz, dəyərli olan hər iki varlığı qorumalı olduğuna işarədir:

"...bütün bu qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara  bir vəhy gəldi: 

- Bu bayraq ki, Şuşada elə... elə dalğalandı, yenə qayıdacaq Şuşaya! 

Əlbəttə, bu sözləri Bayraqdara Məhəmməd Əmin bəyin - "Bir kərə yüksələn bayraq bir daha  enməz!" sözləri dedirtmişdi, amma o dəm özü də gözləmədən dediyi o sözlər Bayraqdara İlahidən gələn sözlər kimi təsir etdi...".

İndi, Zəfəri qazanmış bir ölkənin vətəndaşları olaraq bu kəlmələr bir az da sakral mahiyyət daşıyır. Sınıqlığı deyil, məğrurluğu simvolizə edən, uzaqgörən notların ehtiva olunduğu mətn hər zaman, hər dövrdə ona müraciəti zəruriləşdirir. Çünki əsl ədəbiyyat, əsl sənət bütün hallarda ümidi sönməyə, inamı ölməyə qoymayandır.

Biz Şuşaya qayıtdıq. Bayrağı öz müqəddəs məkanına geri qaytarıb ən uca zirvədə dalğalandıran oğullar yetişdi məmləkətimizdə. Yəqin ki, o möhtəşəm gün Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi xitaba bu ali duyğunu illərlə canında yaşadan və onun gerçəkləşməsi naminə ömür fəda edən neçə Bayraqdarımızın səsi qarışmışdı: 

Əziz Şuşa, sən azadsan!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!