11 aprel 2017-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş “Ədəbi proses - 2016” elmi yaradıcılıq müşavirəsində söylənmiş məruzənin mətni
Ədəbiyyatda əsas məsələ yaradıcılıqdır, istər qaynar Bakı mühiti olsun, istərsə də bölgələrdə yaşanan ədəbi həyat, əsas odur ki, kim nə yazır, necə yazır və ədəbiyyatımızı zənginləşdirən əsərlər yaranırmı? Təbii ki, burada bölgələrdə yaşayan bütün yazarların yaradıcılığını əhatə edə bilmərik, janrlar üzrə də təsnifat aparmaq bir məruzə daxilində reallaşa bilməz, lakin qısaca olaraq Naxçıvanda, Qubada, Gəncədə və Qazaxda - bu dörd bölgədə ədəbi həyatın ümumi mənzərəsi ilə bağlı qeydlərimizi nəzərə çarpdıracayıq.
Akademik İsa Həbibbəylinin "Nuhçıxandan-Naxçıvana" mönoqrafiyasında təxminən 200 səhifə Naxçıvan ədəbi mühitinə həsr olunmuşdur. (Bakı, "Elm və təhsil", 2015). Müəllif XIII əsrdən başlayaraq Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda yaranan ədəbi nümunələrdən, burada yaşayan sənətkarların yaradıcılığından geniş söz açır. XIII-XV əsrlərdə Fəzlullah Nəiminin, Bayrək Quşçuoğlunun, XVI əsrdə Mirzə Sadıq Ordubadinin, Ziyayi Ordubadinin, Hatəmbəy Ordubadinin, Münşi Mirzə Zeynalabdin Ordubadinin adlarını çəkir, onların əsərlərindən qısaca da olsa, söz açır. XIX əsrdə isə Naxçıvanda ədəbi mühit yeni inkişaf mərhələsinə qədəm qoyur. İsa Həbibbəyli yazır: "XVIII əsrdən başlanın erkən realizm XIX əsrin birinci yarısında maarifçi-realizm səviyyəsinə çatmışdır. Yeniləşmə prosesləri orta əsrlər klassik ədəbi ənənələrinin, təzkirəçiliyin, nəzəriyyəçiliyin arxa plana keçirilməsi və maarifçi-realisçt ədəbiyyatın meydanının genişləndirilməsi uğrunda mübarizənin daha qüvvətlənməsinə yol açmışdır" (İsa Həbibbəyli. "Nuhçıxandan - Naxçıvana", Bakı, "Elm və təhsil", 2015, səh. 415). XIX əsrdə Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatına çox görkəmli simalar bəxş etmişdir: bu sırada Məmməd Səid Ordubadinin atası, Naxçıvanda "Əncümənüş-şüəra" ədəbi məclisinin yaradıcılarından və fəal iştirakçılarından biri - Hacıağa Fəqir Ordubadinin, Azərbaycanda maarifçi ədəbiyyatının görkəmli yaradıcılarından Məhəmməd Tağı Sidqinin (hansı ki, Naxçıvan şəhərində ali təhsil ocağı səviyyəsində "Tərbiyə" məktəbi təşkil etmişdi və H.Cavid, Əli Səbri, Ə.Şərif, R.Təhmasib, Ə.Qəmküsar o məktəbdə Sidqidən dərs almışlar), Mirzə Abakərim Qüdsinin, Usta Zeynal Nəqqaşın, Əhmədağa Şəminin, Eynəli bəy Sultanovun, Mirzə Cəlil Şürbinin, Məhəmmədhüseyn Hacı Nəcəf oğlunun adlarını xüsusi qeyd etməliyik. XX əsrin əvvəllərində isə Naxçıvanda ədəbi həyat daha da güclənir, elə beş böyük şəxsiyyətin - Mirzə Cəlilin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmküsarın, Əziz Şərifin adlarını çəkmək kifayətdir. İsa Həbibbəylinin bölgüsünə əsaslansaq, deyə bilərik ki, Sovet hakimiyyəti dövrünün əvvəllərində, müharibə illərində və müharibədən sonrakı dövrdə Naxçıvanda ədəbi mühit səngiməmiş, ədəbi həyat Naxçıvanda ümumi mədəni həyatın ən aparıcı bir hissəsinə çevrilmişdir. Sonralar Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri kimi diqqəti cəlb edən Əyyub Abbasov, Müzəffər Nəsirli, İslam Səfərli, Hüseyn İbrahimov, Məmməd Araz, Hüseyn Razi, Hüseyn Əzim, Kəmalə Ağayeva, Əliyar Yusifli, Həsən Elsevər, Tofiq Mahmud, Möhsün Möhsünov, Altay Tağızadə, Məmmədəli Tarıverdiyev, Novruz Nehrəmli və başqaları məhz Naxçıvan ədəbi mühitinin yetirmələri olmuşlar.
Naxçıvan ədəbi mühiti son əlli ildə Azərbaycan ədəbiyyatına bir çox istedadlı yazarlar bəxş etmişdir
Naxçıvanda Asim Yadigar, Xanəli Kərimli, Muxtar Qasımzadə, Həmid Arzulu, Bayram İsgəndərov, Telman Ağrıdağ, Fərəc Fərəcov, Qafar Qərib, Hüseyn Bağıroğlu, Əbülfəz Ülvi, Kəmalə Nəsrin, Arzu Nehrəmli, İbrahim Yusifoğlu, Güllü Məmmədova, kimi istedadlı yazarlar yaşayır və onların əsərləri təkcə Naxçıvanda deyil, ümumən Azərbaycanda da yayılır, oxunur, sevilir. Burada həyatdan vaxtsız köç etmiş Elman Həbibin, Vaqif Məmmədovun adlarını xatırlamamaq olmur. Elman Həbibin 90-cı illərdə qələmə aldığı "Həqiqət günəşi", "Heydərnamə" və "Naxçıvannamə" poemaları müstəqillik dövrünün poeziyasında ali həqiqətlərin ifadəsidir. Elman Həbibin Vətən və vətənpərvərlik anlayışında Azərbaycan və Naxçıvan eyni məkandır. Belə ümumiləşdirə bilərik: Böyük Vətən, Bala Vətən. Böyük Vətən deyəndə Gəmiqaya, Qobustan, Kür, Araz, Təbriz, Gəncə, Naxçıvan, Bakı, Zəngəzur, Ərdəbil, Borçalı…hamısı bir araya gəlir. Və Elman Həbibin "Vətən olsa, biz varıq, Vətən yoxsa, biz heç nə!" misrası Naxçıvanda yaşayıb-yaradan şairlərimizin yaradıcılığında da səslənən eyni ahəngi vurğulayır. Vaqif Məmmədovun yaradıcılığına gəldikdə isə onun əksər şeir və poemalarında Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın mükəmməl bədii obrazını görmək olar. Onun şeirləri barədə vaxtilə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Bəkir Nəbiyev, Hüseyn Abbaszadə, Əzizə Cəfərzadə, Hüseyn İbrahimov, İsa Həbibbəyli kimi görkəmli qələm sahibləri xoş sözlər söyləmişlər.
Ay təbiət, səxavətin çox imiş,
Hər varını bəxşiş etdin yenə sən.
Pay verməkdə heç təmannan yox imiş,
Büllur kimi ürək verdin mənə sən.
Dar qəfəsdə qala bilməz ürəyim,
Hər arzumu, qalsa, ora yığmazdım.
Yumruq boyda ola bilməz ürəyim,
Belə olsa, Vətən ora sığmazdı.
Ürəyimiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir.
İstər Asim Yadigarın, istər Xanəli Kərimlinin, istər Əbülfəz Ülvinin, istər Kəmalə Nəsrinin, istərsə də İbrahim Yusifoğlunun şeirlərində əsas qəhrəman, əsas məkan, əsas feil, isim və məsdər-Azərbaycandır. Adlarını çəkdiyim bu şairlərin hər birinin özünəməxsus fərdi deyim tərzi ilə qarşılaşırıq, mövzuları bəzən eyni olsa da, öz fərdi, məxsusi səsi, nəfəsi duyulur. Bəzən ənənəvi mövzularda stereotipdən qaça bilmirlər, amma o da nəzərə çarpır ki, şeirlərində təbiilik, xalq şeirinə məhrəmlik, sözü sadə, amma poetik demək ustalığı bir məziyyətə çevrilir.
Bir çiçək ətri də Vətən ətridir,
O duyğu qəlbinə sığılsa əgər.
Onda görərsən ki, babalar haqmış,
Bu torpaq uğrunda ölməyə dəyər.
Xanəli Kərimli
Doğma kəndimizdə yetim bir ev var
Yandırır hər qəlbi o evin qəmi.
O həsrət yuvası, dərd ocağıdır,
Ucalır kədərin heykəli kimi.
Asim Yadigar
Paylama ömrünü göz yaşlarına,
Göz yaşı dirilik suyu deyil ki.
Nolar qəm gələndə, kədər gələndə,
Hələ bu dünyanın sonu deyil ki.
Hüseyn Bağıroğlu
Görən kimi vurulmuşam
"Ər dağı"nın lalasına.
Heyranlıqla qovuşmuşam
Lala, nərgiz talasına.
Azərbaycanda ədəbi məclislərin daha gur, qızğın dövrü XIX əsrdir. Qubada, 1835-ci ildə təşkil edilən "Gülüstan" ədəbi məclisi həmin əsrin sonuna qədər fəaliyyət göstərmişdi. Orada A.A.Bakıxanov və onun yaxın dostları (Mirzə Möhsün Xəyali, Xınalıqlı Əmin, Hacı Qubalı, Sədi Xaltani iştirak edirdilər. Bu ənənə XX əsrin sonlarında yenidən dirçəlmiş, istedadlı şair Ramiz Qusarçaylının təşəbbüsü və təşkilatçılığı ilə 1993-cü il, 11 sentyabr tarixində Qubada "Ay işığı" ədəbi məclisi təsis olundu. Bu ədəbi məclis bölgənin bütün iştirakçılarının, həm Yazıçılar Birliyi üzvlərinin, həm də üzv olmayanların bir araya toplaşması, öz ədəbi nümunələrini ortaya qoymaları ilə diqqəti cəlb edir. Quba ədəbi mühiti elə qaynar Bakı ədəbi mühitinə oxşayır. Keçirilən tədbirlər, diskussiyalar, yubileylər, kitab müzakirələri bunu sübut edir ki, Qubada da ədəbi proses canlıdır. "Ay işığı" təkcə Qubanı deyil, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Dərbənd bölgələrində yaşayanları da ətrafında toplaya bilib.
Ramiz Qusarçaylının bütün yaradıcılığı boyu yazdığı şeirlərin bir qismi "Nə gözəldi yolun, Allah" (2010) kitabında toplanıb
Gözündən ölməyə başladı atam,
Gözündən düşməyə başladı dünya.
Saraldı gözünün ağ çiçəkləri,
Gəlib gözlərində qışladı dünya.
Ölümü nar kimi sıxdı gözünə,
Gözünün içində nar çiçəklədi.
Öpdü gözlərindən ölüm mələyi,
Gözünün odunda qar çiçəklədi.
Göz-göz oxşayırdı ölümü atam,
Oxşaya-oxşaya nələr danışdı.
Gözləri ölümə sığmadığından
Öləndən sonra da yumulmamışdı.
Dünyanın şəklindən qaçıb gözləri,
Ölümün şəklini çəkirdi o gün.
Ölümün şəklini olduğu kimi
İlk dəfə atamın gözündə gördüm.
Ölüm, xüsusilə də ata ölümü barədə çox yazıblar, amma Ramiz Qusarçaylının bu şeiri tamamilə fərqlidir. Burada Ata ölümü ilə bağlı təptəzə təşbihlər, metaforalar işlənib. Həm də şeirdə üç obraz diqqət mərkəzindədir: Ata, Ölüm və Göz obrazları. Gözündən ölməyə başlayan atanın obrazı təbiət obrazları ilə paralelləşdirilir: "gözün ağ çiçəkləri", "gözün odunda qar çiçəkləməsi", "kirpiyində dağın dolaşması"-bütün bunlar insan-təbiət doğmalığını şeirə gətirir. "Ölümü nar kimi sıxdı gözünə". Nar obrazı müxtəlif şairlərin şeirlərində obrazlı ifadələrə meydan açıb, amma bu şeirdə Narın çiçəkləməyi həyat əlaməti yox, ölüm əlamətidir. Ümumiyyətlə, R.Qusarçaylının şeirlərində bədii təsvir arsenalı zənginliyilə seçilir. Onun təbiət şeirləri ayrıca bir söhbətin mövzusu ola bilər. "Üşüyür qum üstə yarpız çiçəyi, Meh öpür lillənən dodaqlarından. Quru qarağacların sarıköynəyi Asılıb səsinin budaqlarından Bu çiçək axşamı, bu gül axşamı". Demək istədiyim odur ki, Ramiz Qusarçaylı üçün şeir obrazlı düşünüş tərzinin ifadəsidir, şeirdə mütləq nəsə demək istəyi necə demək imkanı ilə birləşməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda "Ay işığı" ədəbi məclisinin üzvlərindən Zakir Məmmədin, Bəxtiyar Ərşadın, Zərifənin, Məmməd Qədirin şeirləri söz deməyə fürsət verir. Zakir Məmməd bir qədər fərqli şairdir. Onun "Cib", "Kəndirbaz", "Sərçə", "Yol", "İşıq", "Çarx" şeirləri böyük şairimiz Rəsul Rzanın "Rənglər"indən gələn işığa bürünür, amma təbii ki, poetik təfəkkürün yeni çaları ilə. Son illərdə Məmməd Qədirin yaradıcılığı artıq geniş ədəbi içtimaiyyətin diqqətini cəlb etməyə başlamışdir. Onun "Bu gecəyə toxunma" şeirlər kitabı müasir poetik təfəkkürün potensial imkanlarını nümayiş etdirir:
Gözlərimdə dərd çayları,
Axır üzümdən aşağı.
Tanrıdan üzülür əlim,
Düşür dizimdən aşağı.
Daş olub düşmədim başa,
Ölüb həyat, verdim daşa.
Çevrilib bir damla yaşa
Düşdüm gözümdən aşağı.
Köksümdə şəhid qəbiri,
Hər şəhidin dərdi diri.
Hündürdədir "xalq şairi",
Sözü sözümdən aşağı.
Yer yox - Vətəndən yuxarı,
Zirvədi çəndən yuxarı,
Tanrıdı məndən yuxarı,
Mənəm özümdən aşağı.
Gəncə Azərbaycana dahi sənətkarlar, böyük söz ustaları bəxş edən bir diyardır. Azərbaycanda ilk ədəbi məclis - "Divani-hikmət" Mirzə Şəfi Vazeh tərəfindən məhz Gəncədə təşkil olunub. Özü də maraqlıdır ki, bu ədəbi məclis sonralar Mirzə Şəfi Tiflisə köçəndən sonra fəaliyyətini dayandırmamış və o da maraqlıdır ki, Tiflisdə-həmin ədəbi məclisdə Bakıxanov, Axundov, Fazil xan Şeyda, Qriqoryev, Rozen, Budaqov, Bodenştedt də iştirak etmişlər. Bu tarixi söhbətin təfsilatı uzundur, ona görə də keçirik müasir Gəncəyə, Nizami yurdunun bugünkü ədəbi həyatına.
Gəncə ədəbi mühiti həmişə öz qaynarlığı ilə seçilib. Bunun bir səbəbi qədim ənənələrlə bağlıdırsa, digər səbəbi Gəncənin XX əsrdə Bakıdan sonra ikinci ədəbi-mədəni paytaxta çevrilməsidir. Burada Dövlət teatrının, Filarmoniyanın, Pedoqoji institutun, digər institut və texnikumların, bir sıra tarixi abidələrin, Nizami məqbərəsinin və şəhərin özünün qədimliyinin ədəbi-mədəni həyata böyük təsiri olmuşdur.Gəncə yetirdiyi böyük elm adamları ilə, teatr xadimləri və ümumən incəsənət ustaları ilə fəxr edə bilər, amma söhbət ədəbi mühitdən gedirsə, son əlli ildə burada görkəmli nasir və dramaturq Altay Məmmədovun, şairə Fəridə Əlyarbəylinin, şair Məmməd Alimin və hal-hazırda səksən yaşına çatıb Gəncədən kənara çıxmasa da, Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış yazıçı Qərib Mehdinin, bu yaxınlarda dünyasını dəyişən gözəl şair Bahadur Fərmanın xidmətlərini unutmaq olmaz. Hal-hazırda bölmənin rəhbəri Xəzangüldür. Onun 2015-ci ildə çapdan çıxan "Özümü axtarıram" şeirlər kitabı mili duyğularla köklənən həyatsevər, həm də bu təzadlı dünyamızın dərdləri ilə yaşayan bir şairənin etiraflarını əks etdirir. Öncə Qərib Mehdinin adını çəkdik. Səksən yaşı olsa da, yazmaqdan yorulmayan Qərib Mehdi müasir həyatın ən vacib, ən ağrılı problemlərinə müraciət edir, yeni dövrün ab-havasını, dəyişən dünyamızın mənəvi mənzərəsini əsərlərində əks etdirir. Qərib Mehdinin son illərdə yazdığı "Skripka üçün mi simi" povestində də məhz yeni dövrün həqiqətləri öz bədii təcəssümünü tapır. Bu povestlə onun yetmişinci illərdə qələmə aldığı "Rast" povesti arasında bir üzvi əlaqə, bağlılıq gördük. "Rast" sovet dönəmində, "Skripka üçün mi simi" əsəri isə müsəqillik illərində yazılıb. Amma ictimai quruluşlar, sistemlər dəyişilsə də, insanların xasiyyəti və xarakterində, əməl və hərəkətlərində oxşarlıqlar itməyib.
Gəncə ədəbi mühitində iki şairin yaradıcılığına qısaca nəzər yetirmək istərdik. Bu yaxın zamanda vəfat etmiş Bahadur Fərmanın şeirləri öz orijinal deyim tərzi ilə seçilir, onun qoşmaları müasir bədii təfəkkürün klassik ənənələrlə bağlılığına ən bariz nümunələr kimi diqqəti cəlb edir. Hər bir qoşma forma mükəmməlliyi ilə yadda qalmalıdır, əvvəlcədən müəyyənləşdirilmiş strukturdan kənara çıxmaq olmaz. Amma əsas odur ki, bu "dar qəfəs"də fikrini poetik şəkildə ifadə edə biləsən:
Ömrümün çoxusu getdi sələmə,
Bəsdi, üstümüzə töhmət ələmə.
Mərdi qova-qova namərd eləmə,
Onsuz da azalıb mərdim, hayıfdı.
Gəncədə yaşayan İnqilab İsaq da müasir Azərbaycan poeziyasında özünəməxsus fərdi üslubuyla, bu üslubu səciyyələndirən bədii təsvir vasitələrinin zənginliyilə diqqəti cəlb edir. Tənqidçi Rüstəm Kamal yazır: "İnqilab İsaq poeziyasında bəlağətli deklarasiyalar və yüksək nidalar səslənmir, sanki sualtı axın şeirin üstü ilə gedir-sükutu intonasiyanın axarını üzə çıxarır". Doğrudan da, İnqilab İsaqın şeirlərində bəlağət, "parlaq"! intonasiya, tribuna əhval-ruhiyyəsi görsənmir. O şeirlər pıçıltıdan həzinliyə, həzinlikdən içəridə alovlanıb yanğısı korun-korun tüstülənən oda, alova çevrilir. "Bir uşaq ağlayır" şeiri bir qaçqın ananın dilindən söylənilir. Adətən, qaçqınlıq-köçkünlük dərdini ifadə edən əksər şeirlərdə hüzn, kədər çalarları bol olur, bu şeirdə də hüzn və kədər var, amma ritorikadan uzaq,patetikadan xaric.
O uşaq ağlayır, ovutmayın siz,
İtən yurd yerində yuxusu qalıb.
Yüyürüb o cığır, çəmən boyunca
İçində bənövşə qoxusu qalıb.
Tapın o uşağın oyun yerini,
Bənövşə üzdüyü çəməni tapın.
Tapın üç almanı, noğul yerini,
Tapın, ay böyüklər, Vətəni tapın!..
Kiridin uşağı, kiridin görək!..
2010-cu ildə filologiya elmləri üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin və şair Barat Vüsalın tərtibi ilə Qazax mahalından olan klassik və müasir şairlərin şeirlərindən ibarət bir antologiya işıq üzü gördü. Bu antologiyada Molla Vəli Vidadidən başlamış keçən əsrin 90-cı illərində dünyaya gəlmiş ən gənc şairinin seçmə şeirləri təqdim olunur. Böyük şairimiz Səməd Vurğunun bir misrası- "Şairlər vətəni bizim tərəflər"- antologiyanın adında həkk olunub. Tənqidçi Rüstəm Kamalın kitaba yazdığı son sözdə belə bir fikrə qətiyyən şübhə eləmirik: "Qazaxlı olasan, şeir yazmayasan, az qala küfr kimi səslənir. Hətta əhali arasında belə bir stereotip fikir də formalaşmışdır: Qazaxlı hardasa qeyri-şüuri şairdir. Qazaxda poeziya, poetik sözə xidmət bir rituala çevrilmişdir" (Şairlər vətəni bizim tərəflər. Antologiya. Bakı, "MBM" nəşriyyatı, səh. 718).
…Üç əsr ərzində Qazax mahalının yetirdiyi şairlərin əksəriyyəti təkcə doğulduqları bölgədə deyil, bütün Azərbaycanda, Vaqifin, S.Vurğunun timsalında isə dünya ölkələrində tanınmışlar. Qazaxda poeziya ənənəsi lap əvvəldən müəyyən xətt, istiqamət üzrə inkişaf etmiş, əsrdən-əsrə, şairdən-şairə bu ənənə öz davamlılığı ilə seçilmişdir. Bu ənənənin iki mühüm cəhətini qeyd edək. Birincisi; Qazax bölgəsində doğulan bütün şairlər poeziyaya xalq şeirinin-qoşma, gəraylı və təcnisin qanadlarında gəlmişlər. Azərbaycan dilinin zərifliyi, incəliyi, xalq ruhu və saz havası ilə nəfəs alması nəinki Qazaxda, ona yaxın olan Tovuzda, Şəmkirdə, Gədəbəydə yazıb-yaradan şairlərin də şeirlərinin mayeyi-cövhərinə çevrilmişdir. Qazax, Tovuz, Şəmkir, Gələbəy - əslində, eyni saz-söz mühiti sayılmalıdır. İkincisi; iki böyük şairin-Vaqifin və Səməd Vurğunun təsiri, ustadi-əzəm möhrü elə bir təsir qüvvəsinə malik olub ki, o bölgələrdə əlinə qələm alıb ilk şeirini yazan hər bir şair Vaqif-Vurğun poeziyasının cazibəsinə düşmüşlər. Məstan Günərin uzun illər dillər əzbəri olmuş bir qoşmasını aşıqlar Səməd Vurğununki hesab etmişlər.
Gedirəm, ay ellər, sözüm-söhbətim,
Neçə şirin-şirin dillərə qaldı.
Cüyürlü yamaclar, ceyranlı çöllər,
Körpə çiçəklərə, güllərə qaldı.
Gözümün önündə durar həmişə,
Otlu biçənəklər, yamyaşıl meşə.
Mən ki, aparmıram şehli bənövşə
Çöllərdə bitmişdi, çöllərə qaldı.
Qazaxda bu gün də əsrlərin poeziya ənənəsi davam edir. Barat Vüsal, Saqif Qaratorpaq, Məhəmməd Astanbəyli, Şahinə Könül Qazaxın çağdaş ədəbi həyatında mühüm rol oynayırlar. Nəhayət, bir cəhəti də qeyd etməyi lazım bilirik. Bu da Məmməd İlqarın, Akif Səmədin, Məmməd Dəmirçioğlunun şeirlərində ürfan poeziyasının dirçəlişidir.
Bu yazını Gürcüstanda yaşayan, dilimizin, şeirimizin varlığını orada da göz-bəbəyi kimi qoruyan bir şairin - Səməd Qaraçöpün bir şeirindən bu misralarla bitirmək istəyirəm.
Çəkdikcə dünyanı qaranlıqlara,
Qaranlıq dünyanın qara qoçları;
İşıq dirəkləri düzülən kimi,
Düzülüb tarixə dar ağacları.
İşıqlar asılıb dar ağacından
Dar gündə bu dünya işıqnan durur.
Nəsimi asılıb altı yüz ildi,
Tarixin yolunu işıqlandırır.
Dünyada ən ağır yük altındadı,
İşıq dirəkləri, dar ağacları.
Vaqif YUSİFLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!