Dörd fəsillik adamın tremor sakitliyi - Səddam Laçın haqqında - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Dağınıq otaq...

Fonda Mozart... Reqviem- d minor

Kətan parça üzərində

Tələskən barmaqlar - tremor

İki dünya bir olur hər səhər

İki adam qovuşur hər axşam

Səsləri kəsən bəstəkar

Əlləri əsən rəssam

Notlara hakim adam

rənglərə kəniz qız

Bir gözü gölməçə,

Bir gözü dəniz qız...

 

Bu, Səddam Laçının şeiridir. Ancaq biz onun şeirlərindən deyil, hekayələrindən danışmaq istərdik, daha doğrusu, şeirlərindəki fəsil ayrıclarından keçib hekayələrində başqa, fərqli insanların ürək döyüntülərini dinləməyə çalışacağıq.

Səddamın bütün mətnlərində qəribə naxışlar var, ola bilsin "naxış" sözü heç yerinə düşmür, melodiya, qəfil qopan qışqırtı səsindən rəngi qaçmış güllər... bunlardan hansı epiteti işlətsək, yenə nəzərdə tutduğumuz hadisəni dəqiq səciyyələndirməyəcək. Bizə belə gəlir ki, haqqında söz açmalı olacağımız hekayələrdə hər şey "qabaqcadan düşünülmüş," "qurulmuş" təsiri bağışlasa da, Səddamda bu kimi şeylər spontan şəkildə, öz-özünə yaranır. Sanki ürəyinə, ruhuna dolan şeir, poeziya havası qəfildən başqa, tam fərqli bir cığıra "dolub" irəliləyir, onun formasını alır, anidən dəyişən havanı içinə hopdurur və bu "spontanlıq" da həmin əhvaldan yaranır...

"Qorxaq" hekayəsində bir insan ömrünə qəfildən gələn, onu ən çıxılmaz məqamlarda nişan verən, səciyyələndirən sükunət məsələsi də zənnimizcə bu sıradandır. Diqqət edin: "Doğum evinin dəhlizlərində tükürpərdici sükunət hökm sürürdü. Xadimələr çirkli süpürgələrini, həkimlər qanlı əllərini saxlamışdı. Hətta ana olmaq üçün hay-küylə gələn qadınlar da dişlərini sıxıb doğmağa yox, bu qulaqbatıran sükutu pozmamağa çalışırdı. Qışqırıqların səadət gətirdiyi yerdə bir neçə saniyəlik səssizlik vahiməli duyulurdu. Hər tərəfə bayquş səssizliyi çökmüşdü. Hətta yeni doğulmuşlar da varlığını sübut etmək əvəzinə kimisə bir dəqiqəlik sükutla yad edirdi."  Sükunət və vahimə, dünyanın, gərdişin oxunun döndüyü, dəyişdiyi məqam... Olsun ki, biz bu dönüş anlarını duymur, fərqində olmuruq, ancaq çoxunun inandığı, bel bağladığı nəsnənələrin dəyişdiyi, içinə büküldüyü bir an olur, həmin anda hər şey havadan asılı qalır: həkimlər qanlı əllərini havada saxlamışdı. Həmin an, vahimə gətirən bir neçə saniyə gerçəklikdəki ən tərs, bir-birinə daban-dabana zidd şeylərin mükəmməl şəkildə qovuşduğu yerdir. Bəli, məkan, bir də onun içində toz olmuş, qorxudan rəngi qaçmış güllərin ürək qanının çiləndiyi zaman aynası... Hər şeyi bu qan damcısının içindən görsədir...

Səddamın hekayələrində belə deyək, rəsmi çəkilən, təsvir olunan hisslər, onların səbəb olduğu "dağıntılar" sənə "təkanlarla" sirayət edir. Məsələ nədir əslində? Hekayənin başındakı sükunət motivi daha sonra bütün səs-küyün, ən dəhşətli qışqırıq və səslərin arasına sızır, onları tanınmaz şəkildə dəyişdirir. Məqsəd nədir?

Gəldiyi yerə çəkilmək, özünü tapmaq. Başqa bir yol, trayektoriya mümkünsüzdür. Məsələ bir insanda, bir fərddə deyil, əsl məsələ hər şeyi olmasa da, ən dərində yerləşən, insanın qəlbiylə, ruhuyla hiss etdiyi və hiss etdiyində özünü tam olaraq (yalnız bir dəfə-!) gördüyü nəsnələrin dəyişdiyi anı işarələməkdədir.

O "dərinlik ölçüsündə" baş verənləri insan ağrıyla sezir, susur, bunu özündə sirr kimi saxlayır, dünyada deyilməyən nə qədər söz varsa, onların hamısının bətnində bu sükunətdən pay var.  Qəhrəmanlığın əsas toxumu, hüceyrəsi qorxudur...

Sevgi həmişə gizlidir, sevgi həmişə gizlədilir. Üzdə olan sevgilərə inanmayın.

Rüstəmin anası və atasının ona münasibətində qəribə bir keçid məqamı var, ananın sevgisində bir kədər, dərd, atanın saymazlığında, laqeydliyində yeri-göyü lərzəyə gətirəcək bir dəhşətli işıq dalğası var, amma bu dalğa son anda yerindəcə donub qalır. Rüstəm şəhid olur, bayrağa bükülü halda onu görən atasının üzündə hekayənin ilk cümləsinin havasındakı sükunəti görməmək, görüb də sarsılmamaq mümkün deyildir. İlk və son beləcə qovuşur və ayrılır, qovuşma ayrılığa xidmət edir. Dünyada əsas olan ayrılıqdır. Bütün məna onun içindədir...

O dalğa hərəkətə gəlsəydi hər şey dağılıb külə dönəcəkdi. Amma xarakteri elədir ki, doğulduğu yerdə boğulmalı, orda dəfn edilməlidir. Ana dərdin içinə baxıb sevgini tanıyır, sevgi yanğınlar yaradır, ata o güclü, dağı-daşı yerindən oynadacaq işığa baxıb kor olur. Və bütün bunlar hekayənin kompozisiyasının "danışdığı", birnəfəsə nəql etdiyi nəsnələrdir. Bu "gedişlər" Səddamın "Öldürən qəbirlər" hekayəsində də var. "... Qonşumuzun mən yaşda oğlu öləndə atam demişdi ki, Allah baba uşaqları cənnətə aparır. Sonra birdən yenə dəhşətli qorxu içində ağlamağa başladım. Yadıma düşdü ki, dünən gecə anamdan gizlin dırnaqlarımı tutub, bu azmış kimi qayçının ağzını da açıq saxlamışam. Çünki anam ikisinə də "olmaz" demişdi. Mən də etsəm nə olacaq deyə, qəsdən iki günahı birdən işləmişdim. Bu da axırı...

Allah baba məni cəhənnəmə aparacaq. Ağlamağa, ağladıqca da qışqırmağa başladım. O əsnada kimsə məni görsə, uşaqlarına "bax, adam babasın belə sevər" deyərdi. Evə gəldik, qəbiristanlıq yadıma düşdükcə yenə ağladım.

Bir müddət sonra ağlamağımın səbəbini axtarmağa başladılar. Heç kim məndən heç nə soruşmadı. Müxtəlif versiyalar irəli sürüldü. Anama elə gəldi ki, mənə göz dəyib. Bu gün qəbir üstünə gedəndə hanısısa sonsuz arvad mənə yaman baxıbmış. Atam da öz növbəsində düşündü ki, bütün baş verənlərin günahkarı anamdır. Axı uşağın çöldə nə işi var ki, ona göz də dəyə. Anam həm atamı, həm məni, həm də özünü sakitləşdirmək üçün "dərd  verən  Allah  dərmanın da verər" - deyib, mətbəxə keçdi.

Mən isə yenə uşaq ağlımla, dərman olanın niyə dərd verdiyini düşünməyə başladım".

Hər iki hekayədən verilən sitatlar süjetin təkanlarla inkişafını işarələyir. Bu nə deməkdir? Fantastik, yaxud macəra xarakterli (komponentli-!) bədii əsərlər üçün bunu izah etmək asandır. Çünki həmin əsərlərdə süjet poetikasının önəmi məhz bu təkanlarla izah edilir və açılır. Ancaq adı çəkilən iki hekayəyə münasibətdə işlətdiyimiz "təkan" fərqli poetik funksiyaya malikdir. Müəllifin təhkiyəsində, təhkiyənin poetik quruluşunda əsas məqam hadisəni, yaxud bir-birnə daxili məna ilə calanan hadisələri təşkil edən epizodları yox, onların içində "qaynaşan" inersiya və enerjini ötürməklə bağlıdır. Belə olduğuna görə də hiss və duyğuların (həm də ömrün, insan həyatının ən böhranlı çağlarında keçirdiyi, bir an qəlbində dəfn etmək istədiyi, amma əli gəlmədiyi hissləri) aşıladığı "süjetlə" gerçək süjetin, hadisənin təmas tapıb bütün epizodik məqamları unutdurduğu an bu hadisələrin hekayəyə çevrildiyi məqamdır. Hadisələrin üstüylə axan dalğalar hər bir təsadüfdə müəllifin yazmaq istədiklərini unutdurur, qəhrəmanların hissləri bizə sirayət etdikcə əsas epizodların arxa planı aydınlaşır, bilmədən əlini qəbir daşına uzadan uşağın gözlərindəki qorxu "Qorxu" hekayəsində hər şeyi havada donduran sükutun içinə gömülür, beləcə iki hekayənin bir-birinə keçidi süjet poetikasının gizlənlərini aydınlaşdırır.   Bu kimi "məqamların" birindən digərinə sıçrayış arxada qalan epizodu həm unutdurur, həm də onun içindəki mənanı daha geniş "kətan" üzərində rəsm edir. Sulu boya ilə.

Atası və anasıyla birgə qəbiristana gedən uşaq bu məkanda - dar və bütün dünyanı tutan yerdə ani qorxudan ağlayır; birinci hekayədə döyülməkdən qorxmayan cılız uşaq hər şeyi bir anlıq havada saxlayan sükunətin doğurduğu varlıqdır və buna görə də sirlidir. Hər ikisi qorxur. Biri sırf uşaq olduğu üçün, digəri- Rüstəm içində böyüdüyü üçün.  Gecə dırnaqlarını tutub qayçının ağzını açıq qoyan uşaq ölməkdən yox, cəhənnəmə getməkdən qorxur, Rüstəm isə qorxusuz olmaqdan. Uşaqkən məhəllə davalarında hər gün döyülüb evə gələn, üstəlik bu halda atası tərəfindən də döyülən uşaq hər gün bir damcı olsa da özünə (sükunətə) çəkilir, bu dünya onun üçün anasına, anasının sığalına qədər kiçilir, amma içinə çəkdiyi şeylər ordakı zaman sferasını böyüdür, zamanında, məqamında tanımaq, özünü bildirmək fəlsəfəsini dərindən anlayır. Boy-buxununa görə heç kimin fikir vermədiyi, səsi çıxan kimi gülüş doğuran bu uşaq sonda hamını, bütün kəndi ağladır. Qürurlandırır həm də.  

Son anda hər şey o sükunətin danışan, nələrsə anladan dilinə çevrilir. Hekayənin əvvəlindəki, ekspozisiya hissəsindəki o mənzərə sonda havada donan nəsnələrin, hərəkət və deyiləcək sözlərin arxasındakı mənaları bir daha gizlədir. Üzə, səthə çox şey anlatmayan olaylar çıxır. Dərinliklərdən gələn təkan stixiyası insanın yalnız özünə bəlli olan dünyaya verdiyi əsas sualların qarşısından çəkilir, dünyada yalnız bu ağır, cavabı tapılmayan suallar qalır. Eynən "Öldürən qəbirlər" hekayəsində olduğu kimi.  Heç kim uşağın, qəbiristanlıqdan qayıdan uşağın niyə ağlamasıyla maraqlanmır. Hamı düşünür ki, ona göz dəyib. O isə anasının bildirdiyi qadağaları həqiqət kimi qəbul etdiyindən ölümü böyüklərdən daha dərindən, sövq-təbii hiss eləyir.  Uşağın bildiyi, hiss etdiyi ölüm... Evə qayıtdıqda çox narahat olur, gözünə yuxu getmir, ona elə gəlir yatan kimi öləcək. Bir də: Bir gecənin içində ölümdən  qorxan  uşaqdan, öldürməkdən  qorxan  qocaya  çevrildim...

"Qorxu" hekayəsində belə bir mənzərə var:

"...Bədirlənmiş ay sanki günəşin odu ilə yanmış təndir kimi ağappaq idi. Adama elə gəlirdi ki, ay ona tamaşa edənlərə bütövlüyün nə qədər möhtəşəm göründüyünü göstərirdi."

Və sonda: "...O, cəmiyyətin cəsurluq hesab etdiyi şeylərdən qorxurdu..."


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!