Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycan: sevgisi və ağrısı ilə - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Elnarə AKİMOVA

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

 

 

hamıdan dinlərkən vəsfini Sənin...

        B.Q.Səhənd

Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin bütün tarixi mərhələdə atdığı addımlar taleyüklü məsələləri ehtiva edir. O, hər zaman, hər dövrdə gördüyü işlərə xalqın milli dəyərlərinin dirçəlişindən başladı və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast oldu. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları... Sovet epoxasının hakimi-mütləq olduğu bir dönəmdə hədəfləndiyi böyük amallardan biri - Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyasının da əsasında ilk növbədə, arzusunun bu güclərin birliyi, xalqa qayıdışı ilə reallaşacağına inam hissi dayanırdı. Bütöv, yekparə Azərbaycan anlayışının özünü bərpa etməklə! Onun üçün ən böyük vəhdət ərazi birliyindən də əvvəl, mədəni və mənəvi birliyə nail olmaq idi. Heydər Əliyevin Cənubi Aərbaycan mövzusuna həssaslığının mayası bu amaldan nəşət tapırdı.

Heydər Əliyevin SSRİ dövründə təhlükəsizlik orqanlarında çalışan zaman Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsi istiqamətində və orda milli qüvvələrlə birgə işi barədə məlumat o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq, 1944-1945-ci illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatında, siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında bu zaman artıq dövlət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin iştirakı bioqrafları tərəfindən qeyd olunur. Maraqlıdır ki, Heydər Əliyev haqqında ilk şeiri də cənublu şair Bulud Qaraçöplu Səhənd yazmışdır. Marağalı şair Bulud Qaraçorlu Səhəndin (1927-1979) 1974-cü ildə Heydər Əliyevə ünvanladığı "Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə" adlanan şeir məktub formasında yazılıb:

 

Hər ağır dəhşətə mən dözə-dözə,

Məsləkdaş, vətəndaş deyibən gəldim.

Ürək sandığını açmaqçın Sizə

Səfər yarağımı geyibən gəldim.

İstərdim Bakıda SƏN də olaydın.

Hamıdan dinlərkən vəsfini Sənin,

Heyf ki, görüşmək qismət olmadı.

Bisütunlar çapdım mən Fərhad təkin,

Ancaq ki, su gəlib arxa dolmadı.

Mən istərdim doğma bir qardaş kimi

Oturub, əyləşib danışam Sənlə

Bir məsləkdaş kimi, bir yoldaş kimi

Söz-söhbət açaydım ana Vətəndən.

1970-ci illərin ortalarında yazılan bu məktub-şeir Cənublu şairin Heydər Əliyevin şəxsində öz məsləkdaşını görməsi ilə əlaqədar idi. Ən azı məlum idi ki, Heydər Əliyev sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdi. Bu istiqamətdə onun fəaliyyətinin əsasını Cənubda yaşayan azərbaycanlıların milli kimlik şüurunu oyatmaq, Cənubi Azərbaycanın problemlərinə nüfuz etmək, ana dildə dərsliklər nəşr etmək, Azərbaycan dilində qəzetlər çap etmək, milli dildə şeirlər və əsərlər yazan yerli ziyalıları dəstəkləmək və s. məsələlər təşkil edirdi.

Filologiya üzrə fəlsəfə doktoru Azər Turan "Heydər Əliyev barədə yazılmış ilk mətn - Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin  "Elimin dayağı, yurdumun fəxri" şeiri" məqaləsində yazır: "Nə baş verirdi ki, hələ panfarsist ideyaların tüğyan etdiyi, Rza şahın Azərbaycan türklərini ən adi milli hüquqlardan məhrum etdiyi dövrdə, yaxud Xəlil Rza Ulutürkün təbirincə "qocalmış, əprimiş fars millətini gəncləşdirmək, diriltmək üçün əlac axtaran paniranistlər yeganə çarəni Azərbaycan türklərini farslaşdırmaqda gördükləri" 1970-ci illərdə Səhənd Heydər Əliyevə şeir yazırdı və şeirində Əliyevi təkcə Bakının deyil, Təbrizin də, yəni bütöv Azərbaycanın dayağı adlandırırdı.

"Elimin dayağı, yurdumun fəxri" şeirinin özəllikləri çoxdur. Ən başlıcası isə budur ki, bu şeir dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Digər tərəfdən, şeirin müəllifi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhənddir. Üçüncüsü, Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı ümummilli lider anlayışını irəli sürən ilk ədəbi mətndir: "Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bütün Vətənin!".

Səhənd Heydər Əliyevin yanına ağrılarından bəhs etmək, danışmaq, dərdləşmək üçün gəlirdi. "Dağlar boyda ağır dərdi özümnən, Təbrizdən Bakıya daşıdım ancaq", - yazırdı. Heydər Əliyev görünür, o zaman yalnız bu taydakı azərbaycanlıların deyil, o taydakı həmvətənlərimizin də pasibanı, himayəçisi, ümid yeri idi. Və təkcə ümid yerimi? Yeri gələndə mücadilə etməkdən çəkinməyən qorxmaz, fədakar vətən övladı!

Azər Turanın adı keçən məqaləsində Heydər Əliyevin xidmətləri sırasında cənubdan olan digər şair Məhəmməd Biriya ilə bağlı çox nadir və maraqlı olan fakta da vurğu edilir:  "Film kimi bir həyat yaşamış, nazirdən mürdəşirə qədər ömür yolu keçib sonunda Təbrizdə kimsəsizlər evində dünyasını dəyişən cənublu şair Məhəmməd Biriya barədə yazılan tədqiqatlarda onun taleyi ilə bağlı mühüm bir məqam hər dəfə pərdə arxasında qalır. Məhəmməd Biriya ilə bağlı Heydər Əliyevin fəaliyyətini nəzərdə tuturam: "Cənubi Azərbaycanın böyük bir şairi var idi - Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Çox böyük şair idi". Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən Rusiyadan - Saransk həbsxanasından "Arama qəbrimi, axtarma mənim başdaşımı, / Rəsimdə Həzrəti Nuh, ismdə xatəm də mənəm" deyən yazıq Biriyanı vətənə gətirmişdi".

Cənubi Azərbaycan problemi Heydər Əliyev üçün daim prioritet məsələ olmuşdur. Ulu öndər 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində toxunduğu çoxsaylı məsələlər kontekstində Cənub ədəbiyyatı ilə bağlı məqamları da həssaslıqla ədəbi yaddaşın dövriyyəsinə daxil etməyi unutmurdu: "Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır".

Bu, adi diqqət deyildi. Demək olar ki, cənub məsələsi Heydər Əliyevin varlığında illərlə yol gəlirdi. Məqamı gəldikcə, içində borc kimi daşıdığı niyyətini söz, ideya, əməl səviyyəsində gerçəkləşdirirdi. Bunu sənət adamlarının hər birinin mətnlərində dil açıb danışan yaddaş lövhələri də sübut edir. Məsələn, yazıçı Söhrab Tahirin xatirələrində Ümummilli lider Heydər Əliyevin 1981-ci ildə, Şüvəlanda yazıçıların yaradıcılıq evinin açılışında söylədiyi cəsarətli fikirlər heyrətamiz duyğusallıqla anılır: "O vaxt Heydər Əliyevlə aramızda çox maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə, mərhum prezidentimiz dedi ki, niyə özünü qərib hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı düşmüşük, ürəyimiz nisgillə doludur. Cavab verdi ki, onun günahı burada oturan şair və yazıçılardadır. Siz niyə o taydakı şair və yazıçıların əsərlərinin burada, bu taydakı şair və yazıçıların əsərlərinin o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz? Nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər həm o tayda, həm də bu tayda dediyim kimi çap olunarsa, hər iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr daha da genişlənər və heç kəs özünü burada qərib hiss etməz. Şair, sən öz evindəsən. Biz bir ata-ananın övladlarıyıq. Ona görə də sən burada özünü qərib hiss etmə. Bu sözlər zalda gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev üzünü mənə tutub "Şair, davam elə" - dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs, bildiyiniz kimi Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü kəsib dedi: "Şair, dayan! Niyə deyirsən ki, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb?" Zala da dərin bir sükut çökmüşdü. Belə bir vəziyyətdə qorxa-qorxa soruşdum: - bəs nə deyim, yoldaş Əliyev? Qayıtdı ki, denən Azərbaycan imperialist qüvvələrin günahı üzündən iki yerə parçalanıb. Bu sözdən sonra zalda bir anlıq çaşqınlıq yarandı. Çünki heç kəs gözləmirdi ki, Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri, yəni İran və Rusiyanı adı ilə deyəcək və birdən sanki nə baş verdiyini zaldakılar anladı. Zalda bir alqış qopdu ki, gəl görəsən. Heydər Əliyev düz 15 dəqiqə zaldakıları sakitləşdirə bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Sovet dövründə ilk dəfə idi ki, yüksək tribunadan Cənubi Azərbaycan məsələsi qaldırılırdı. Həmin andaca bu baradə Moskvaya xəbər çatdırdılar və elə oradaca hiss etdim ki, onu telefona çağırdılar. Sonralar eşitdim ki, bu çıxış Heydər Əliyevə müəyyən qədər başağrısı yaradıb".

"Başağrısı" əlbəttə ki, olmamış deyildi. Axı, özünün dediyi kimi, sovet dövründə "ən böyük dissident elə özü idi". Kremlin yüksək kürsüsündə əyləşib milli ideologiyaya xidmət edən bir siyasətçinin təəssübkeşliyi rəhbərlik üçün qəbul ediləsi hal olmasa da, Heydər Əliyev bilərəkdən "üzü küləyə" gedənlərdən idi. Bilirdi ki, qabartdığı hər ideyadan, hər toxunuşdan sonra  əməl və hərəkat dirçəlişi gəlir. Elə   1981-ci ildə etdiyi çağırışdan sonra da ədəbi-elmi düşüncə sferasında Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atılmağa başlandı. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı bu bəyanatlardan sonra daha dərindən tanımağa, təbliğ etməyə başladılar. Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları böyük rezonans yaradan amillər idi. Əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Söhrab Tahir, Əli Tudə və başqa şair və yazarların Cənubi Azərbaycanda əsaslı tanınma dövrü həmin illərdə baş verdi. Ədəbiyyatımızda Cənub mövzusunda yeni əsərlər meydana qoyuldu. Onun təşəbbüsü ilə əslən cənublu olan Balaş Azəroğlu Yazıçılar İttifaqının katibi seçildi. Eləcə də ilk dəfə olaraq Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənub ədəbiyyatı ilə bağlı şöbə açıldı, Cənubi Azərbaycan ədəbiyyatının araşdırma mərkəzinin təməli qoyuldu. "Cənubi Azərbaycan ədəbiyyatı milli sərvətimizdir" məqaləsində Teymur Əhmədov yazır ki, "Mirzə İbrahimovun ürəyində bəslədiyi nisgilli arzusunu rus sovet imperiyasının hakimiyyəti dövründə demokratik ab-havanın hiss olunduğu 70-80-ci illərdə rəsmi qadağaların mövcud olduğu şəraitdə həyata keçirmək olduqca müşkül idi. Lakin ölkə başçısı Heydər Əliyev müdrik alim-yazıçı Mirzə İbrahimovun təşəbbüsünü bəyənib, onun Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərkibində Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini yaratmasına rəsmi göstəriş verdi".

Xalq yazıçısı Elmira Axundovanın altıcildlik "Heydər Əliyev: Şəxsiyyət və zaman" adlı kitabının ikinci hissəsində Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyevin də xatirələrinin yer aldığı belə bir epizodla qarşılaşırıq: "...Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının girişində qarşılayıb, ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

Hal-əhval tutandan sonra Heydər Əliyev Xamneyidən soruşdu:

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında, Xamneyinin doğulduğu kənd) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir".

Heydər Əliyev 21 yaşı tamam olduqdan sonra, 1944-cü ilin mayından Sovet İttifaqı dövlət təhlükəsizlik orqanlarında xidmətə başlamış, 1969-cu ilin iyulunda Respublikanın rəhbəri seçilənə qədər 25 il sovet sisteminin ən mürəkkəb, məsuliyyətli, çətin cəbhəsində alnıaçıq, rəşadətlə yol keçmiş, general-mayor rütbəsinə və Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə qədər yüksəlmışdır. Bu dövrün bütün mərhələlərindəki fəaliyyətində Cənubi Azərbaycanla bağlı milli təəssübkeşlik hissi zərrə qədər gözardı edilməmiş, əksinə əhəmiyyətli məsələlərdən biri olmuşdur. Elmira Axundova yuxarıda adı keçən əsərində "Literaturnaya qazeta"da İqor Belyayev adlı şərqşünasın belə bir fikrini əsas gətirərək yazır: "Yadımdadır, məqalələrinin birində o yazmışdı ki, Heydər Əliyev 19 yaşında Şimali və Cənubi Azərbaycanı birləşdirmək haqqında düşünüb. İndi budur, 20 ildən sonra həmin ideya bu şəkildə təzədən meydana çıxıb..."  Və sonradan minnətdarlıqla xatırlayır: "Elə ən maraqlısı, bu günə qədər mənimçün müəmmalı qalanlar da məhz bundan sonra başlayır. Qrupumuzdan heç kim cəzalandırılmadı, heç kimi həbs etmədilər, heç kimi institutdan qovmadılar. Mən bunu ilk növbədə Heydər Əliyevlə bağlayıram, o vaxt o, DTK-da rəhbər vəzifədə idi..."

Digər bir tədqiqatçı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı yazır ki, "Heydər Əliyevin bilavasitə qayğısı ilə 21 Azər Günü həmişə qeyd edilirdi. Cənubi Azərbaycandan olan siyasi mühacirlərə yaxşı şərait yaradılmışdı. 1981-ci ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı. Mühacirət cəmiyyətinin yerləşdiyi bina təmir etdirildi. Azərbaycan Demokrat Partiyasının birinci katibi Əmirəli Lahrudi 1981-ci il oktyabr ayının 28-də Heydər Əliyevə yazdığı məktubunda mühacirlərə göstərdiyi qayğıya görə təşəkkür etmişdir".

Yuxarıda adı keçən cənublu şair Söhrab Tahirin  "Yaxşılıq" adlı şeiri var. Həmin şeirdə böyük öndərin şəxsiyyəti, gördüyü işlər sevgi ilə, lütf və minnətdarlıqla anılır. Həm də yalnız bu tayla bağlı deyil, o taydakı yaxşı əməllərin icraçısı və mənəvi ülfət rəmzi olaraq:

 

Mən rəhbərdən çox yaxşılıq görmüşəm,

Verdiyindən hamıya pay vermişəm.

Yaxşılıqdan qızıl saray hörmüşəm,

Qal baxtımın sarayında, yaxşılıq,

O tayımda, bu tayımda yaxşılıq.

 

Göründüyü kimi, Heydər Əliyev hələ sovet rejimi dövründə İran İslam Respublikası ilə, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezidenti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin "Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında"kı 29 oktyabr 1997-ci il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir. Həmin dövlət sərəncamı əsasında qüdrətli sənətkarın yubileyi ilə bağlı Bakıda, Tehranda və Təbrizdə keçirilən genişmiqyaslı tədbirlərlə ölkələrarası ədəbi-mədəni əlaqələr yeni və daha yüksək səviyyəyə qaldırılmışdır.

Məhəmmədhüseyn Şəhriyar Heydər Əliyevin ən çox sevdiyi şair idi. Yadıma yazıçı-dramaturq Cəfər Cabbarlı ilə bağlı bir məqam düşür. "Ən sevdiyiniz əsəriniz hansıdır", - sualına Cabbarlı "Dönüş" deyə cavab verir. "Bu ki, sizin ən zəif əsərinizdir", - deyirlər. Cabbarlı isə cavabında, "doğrudur, ana hər zaman zəif, şikəst övladını hamıdan çox istəyir", -kimi kədərli bir nüansa vurğu edir. Amma Şəhriyar təbii ki, zəif deyil, ən qüdrətli şairlərdən biri idi və Heydər Əliyev də bu üzdən, vaxtilə ona ünvanlanan 21 sualın içində yer alan "ən sevdiyiniz şair kimdir" sorğusuna Şəhriyarın adını çəkərək cavab vermişdir. O, Şəhriyarın  ədəbi irsini daim yüksək qiymətləndirmiş, onu böyük vətənpərvərlik duyğularının tərənnümçüsü olan filosof şair, "Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zənginləşməsində böyük rol oynayan" mütəfəkkir adlandırmışdır. Bu mənada, sevgisinin qaynağı Şəhriyarın şeirlərindəki şairanəliyin gücünə bağlı amil idi. Amma və lakin... "Şəhriyarın ürəyi də səninki tək yaralıdır"... Bu məqam da vardı axı. Bu pillədən artıq vətən, ona həsrət qalan övladlarının obrazı, daxili yaşantıları başqa cür görünür. Bütün varlığı ilə poeziyaya, sənətə münasibətdə estet olmaqla yanaşı, həm də milli ruh daşıyıcısı olan Heydər Əliyev bu məqamda  ağrımaya bilmirdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!