Vaqif YUSİFLİ
Aqşin Yenisey, Emin Piri, Qismət, Fərid Hüseyn, Allahşükür Ağa, Adilə Nəzər, Xəyal Rza, Şəfa Vəli, Elnur Uğur, Anar Amin, Şahanə Müşfiq, Səxavət Sahil, Günel Eyvazlı, Şəhriyar del Gerani, Xatirə Nurgül, Ramil Əhməd, Orxan Saffari, Əsəd Qaraqaplan, Mətləb Ağa, İltimas Səmimi, Arzu Hüseyn, Sevinc Elsevər, Elxan Yurdoğlu, Rəbiqə Nazimqızı, Tural Turan, Təvəkkül Boysunar, Əfsanə Rəvan, Aysel Əlizadə, Nərmin Kamal, Sevinc Çılğın, Sara Selcan, İradə Aytel, Ziya Dilsuz, Ülkər Nicatlı, Günel Şamilqızı, Ulucay Akif, Sevinc Mürvətqızı, Hədiyyə Şəfaqət, Aysel Səfərli, Aysel Əliyeva, Oğuz Ayvaz, Elşad Ərşadoğlu, Eminquey Akif, Vasif Əlihüseyn, Müşfiq Cəbi, Ruzbeh Məmməd, Ruslan Dost Əli, Elşad Barat... Ömürləri elə gənclik yaşlarında qırılan Zərdüşt Şəfi, Anar Həbiboğlu, Fərhad Mete, Orxan Adiloğlu - onları da unutmayaq. Bu yazını xeyli sayda adlarla başlamağımız heç də təəccüblü görünməsin. Görünən odur ki, ikimininci illərdə, yəni ötən bu 23 il ərzində poeziyada yeni bir ədəbi nəsil formalaşıb. Hətta bu nəsil yaş etibarilə iki zamanı da özündə əks etdirir, nəslin birinci zamanı 2000-2010-cu illərə, ikinci zamanı son 12-13 il ərzində ədəbiyyata gələn gənclərə aiddir. Amma yazı tərzləri, həyata baxışları etibarilə onları birləşdirən xətlər çoxdur. Əlbəttə, bu yazıda onların hər birinin şeirləri, yaxud şeir kitabları barədə söz açmaq çox uzun çəkər. Lakin onları bir neçə xətdə birləşdirən ümumi cəhətlər var ki, bunları nəzərə çarpdırmaq istəyirik. Öncə belə bir sual: Bu gənc şairlər müasir ədəbiyyatımızda özünəməxsusluğu ilə seçilə bilirmi, yəni bu nəsil öz ədəbi platforması, səs və nəfəs seçimiylə diqqəti cəlb edirmi? Axı, hər bir ədəbi nəsil ədəbiyyatda məhz bu xüsusiyyətləri ilə seçilir. Nədir bu xüsusiyyətlər? Fikrimizcə, bu nəslin nümayəndələrinin yaradıcılığı üçün səciyyəvi olan bir neçə cəhəti vurğulayaq. Onları bir neçə sözlə ifadə edək. Birinci söz - qayıdış. Əslində, bunu "özünə qayıdış" kimi mənalandırmaq olar. Özünə qayıdış fərdi-subyektiv aləmin inikası kimi səciyyələnir, hər bir insanın, o ki şair ola, içindəki çoxçalarlı duyğuların sayı-hesabı olmur. Özünə qayıdış özünü dərk etməyə, öz mənəvi dünyasını, daha doğrusu, öz gerçəkliyini dərk etməyə yönəlir. Bəs özünə qayıdış necə, nədən yaranır? Ötən onilliklərdə, lap elə klassik poeziyada şairlər etiraflar yolu ilə, ya da "Mən kiməm?" sualına cavab verməklə öz daxili dünyalarını ifadə edirdilər, amma müəyyən hallarda bu etiraflar sırf ictimai məzmun daşıyırdı. İkimininci illərin gənc şairləri isə daha çox öz ruhi aləmlərindən, iç dünyalarından söz açırlar.
məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib
birində çənəm.
məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam.
Bu, Eminquey Akifin şeirindəndir. Və bu şeirdə Eminquey Akif, zənnimizcə, həm özünün, həm də bir çox yaşıdlarının fikrini ifadə edir. Ruslan Dost Əli bir şeirində yazır ki: "Ruhum yarasa kimidi, bədən bir dar otaqdı. İki göz var - pəncərədi, bir ürək var - otaqdı". Özünə, öz ürəyinə, öz ruhuna qayıdışı gənc şairlərin şeirlərində tez-tez görmək olur və İntiqam Yaşarın bir şeirinin sonuncu misrasını xatırlayaq: "Hamı ürəyinə çəkilib susub". Bəli, hamı ürəyinə, içinə çəkilib, amma susmaq məsələsi yoxdu. Hərçənd ki, İ.Yaşar bir şeirlər kitabının adını "Və susarsan" qoyub. Fikrimizcə, burada susmaq məcazi mənada elə susmamaq deməkdir. Necə ki, İ.Yaşar hər iki şeir kitabında cəmiyyətdə, yaşadığı mühitdə, sevgi aləmində susa bilmir. İndi isə başqa bir şeirə müraciət edək. Sevinc Elsevərin bir etiraf şeiri gəlir:
Danlanırdıq, döyülürdük
böyümək istəyirdik
səhv eləməkdən
bir fincanı salıb sındırmaqdan
anamızın gülünün
budağını qırmaqdan
müəllimimizə
səhv cavab verməkdən
səs salıb atamızı
yuxudan oyatmaqdan.
Böyümək istəyirdik
Böyüklərin qəzəbindən qorxub
böyümək istəyirdik.
Arzusunda olduğum böyümək
xəyallarda qalmış hələ də.
Ayrı-ayrı məzmunda olsa da, bu iki şeir parçası arasında bir yaxınlıq var. Təfərrüata varmaq istəməzdik və deyək ki, gənc şairlərdən Şahanə Müşfiqin, Şəfa Vəlinin, Ruslan Dost Əlinin, Fatehin, Vüsal Ağanın, Gülay Tahirlinin, İntiqam Canın, Fərqanə Yusifqızının şeirlərində də eyni ovqatı hiss elədik.
Biz gənc şairlərin şeirlərində "darıxmaq" sözünə də tez-tez rast gəlirik. Bu da özünə qayıdışdırmı? İnsan kimin üçün darıxar? Qürbətdə olanda Vətən üçün darıxar... Arzularının həyata keçmədiyini görəndə də darıxar. Yaxın adamından, dostundan, sevgilisindən ötrü darıxmağı da təbiidir. Həyatında uğursuz anlar, bədbəxt hadisə baş verərsə, bir könül həmdəminə ehtiyac duyarsa, darıxar, üzülər. Bunlar insanın təbii yaşantılarıdır və zaman-zaman Azərbaycan şairlərinin şeirlərində də darıxmaq hissinin poetik çalarları ilə rastlaşmışıq.
Mərhum ədəbiyyatşünas Məsud Əlioğlunun belə bir kitabı var: "Darıxan adamlar". O kitabda Azərbaycan ədəbiyyatının klassiklərindən, onların yaradıcılığından söz açılır. Ümumən, Azərbaycan ədəbiyyatının keçdiyi yolu (Nizamidən Cabbarlıya qədər) darıxan adamların həyat fəlsəfəsi, dünyaya baxışı kimi izah eləmək Məsud müəllimin metodoloji prinsipi idi. Bu kontekstdə darıxmaq öz adi, lokal mənasından sıyrılır, geniş bir məna kəsb edir, düşünmək, mövcud və real həyatla barışmamaq, gələcək haqqında xoş xəyallara dalmaq, daxili-mənəvi təkamül prosesi keçirmək yazıçıların təsvir etdiyi qəhrəmanların məramına çevrilmişdi. Bəlkə biz də 24 yaşlı bir gəncin - Ruzbeh Məmmədin - cavan bir şairin darıxmaq hissini də təbii qəbul edək və görək onun şeirlərinə səpələdiyi bu sıxıntı, bu narahatlıq haradan doğur, bütün bunlar niyə mənəvi işgəncəyə aparıb çıxarır? Axı, darıxmağın da bir sonu olmalıdır, insan bütün ömrü boyu sıxıntı içində yaşaya bilməz, həyatı ancaq darıxmaq haləsinə bürümək olmaz. Bu, bir insan ömrünün faciəsinə yol açar. Yox, əgər bu darıxmaq daha gözəl arzulara və işığa doğru can atmaqdırsa, onda darıxmağa dəyər.
Uzaq düşəsən qəfil qohumundan, yadından,
Xəbər tutmaya kimsə olduğun ünvanından,
Qeybə çəkildiyini sənin öz qadınından
Bir başqa kəs duymaya, danışanın olmaya,
Öldürəsən özünü, qarışanın olmaya.
Qovmaya bir pişiyi, küçənin azğın iti,
Oyatmaya süd satan, səni səhərlər qəti,
Ömür də çox olmaya, ola lap müvəqqəti,
Nə əlli, nə altmış, çox da yaşın olmaya,
Yatasan torpaq altda qəbir daşın olmaya.
Fikrimizcə, Ruzbehin həyat məramı adilikdən, cansıxıcı həyatdan bezən və bu yaşayış tərzini qəbul etmək zorunda olmayan bir insanın - yeniyetmə bir gəncin etirazlarından, "daha belə yaşamaq olmaz" düşüncəsindən doğur. Hər şeydən bezmək, sevgidən usandırıcı bir tərzdə yorulmaq, ya da imtina etmək həddinə gəlib çatmaq, "hər gün ölümün gözünün içinə dik baxmaq", amma "vaxtın yoxdur ölməyə" deyib intihar haqda da fikirləşmək... göründüyü kimi, bizim pessimist gəncin daxili dünyası bu cür əndişələrlə sıx-sıx ilgilidir. Doğrusu, lirik qəhrəmanın "yaşayımmı, ölümmü?" dilemması qarşısında bu təhər çabalamasını istəməzdik. Ancaq darıxmağın səbəbini yalnız cansıxıcı və usandırıcı həyatla bağlamaq olmaz. Darıxmaq fikrimizcə, tənhalıqdan doğur, insan öz içinə qapılır, təklikdə özünü daha artıq dərk edir. Vaqif Səmədoğlu Şəhriyar del Geraninin "Darıxmağın adı" şeirlər kitabı haqqında yazmışdı: "Şəhriyar həbsxanaya düşüb azadlığını itirəndə də, həyata düşüb anasını itirəndə də onu ədəbiyyat qazanıb. Mənim qədər tənhalığı sevən bir adam onun darıxmağına qibtə edirəm. Ən əsası isə o, tənhalığını və darıxmağını ədəbiyyata çevirməyi bacarır". Şəhriyarın adını çəkdiyimiz həmin kitabında darıxmaqdan doğan tənhalıq bu misralarla ifadə olunur: "Uzun-uzadı zamanlardı özü də təkadamlı Siz bilməzsiz təkdamlıq səadətdər necə olur". Və bu "təkadamlıq səadətlər" içində Şəhriyar ana itkisindən söz açır:
Sənə sarı dartılmaqda
tikə-tikə olmuşam.
küləkdən doğma nə var bu şəhərə
heç nə yoxdu şəhərə
qəbrinə də
yağır demə.
Əlbəttə, hər şairin tənhalıqla bağlı öz düşüncələri olur və burada bizi maraqlandıran odur ki, indiyə qədər bu məfhum haqqında təzə nə deyilə bilər. Şahanə Müşfiq "Tənhalığın simfoniyası" şeirində rəssamdan xahiş edir, tənhalığın rəsmini çəksin və rəsmdə nələr görmək istəyir: "Tənhalıq qapı ağzındakı sənə aid bir cüt ayaqqabıdır... Tənhalıq danışmağa kimsəni tapmayanda... çay süzdüyün stəkanla söhbətindir. Tənhlıq Güzgülərə olan qorxundur" və s. Fuad Novruzlu isə tənhalığı öz dilində danışdırır: "Mən tənhalığam, Üfüqlər boyu uzandım, Ulduzlar qədər yüksəldim, İblistək lənətləndim" və s. Biz Günel Eyvazlının "Yuxumu xeyrə yozun" kitabına yazdığı "Tənhalıq, bilirsiniz nədir" ön sözü ilə də tanışıq və onun bu şeirlər kitabı, doğrudan da, bir qəlbin tənhalıq hisslərini gözəl ifadə edir. Tənhalıq haqqında ən gözəl şeirlərdən birini vaxtilə Əli Kərim yazmışdı: "Tənhalıq boşluq deyil - Səni gözləyən varsa, Doludur ümid günəşilə, Həsrət ayparasıyla". Şeirin sonunda: "Tənhalıq istəyirəm - Böyük, dərin, dolu tənhalıq". Biz də cavan şairlərin şeirlərində böyük, dərin, dolu tənhalıq görmək istərdik.
İkinci söz: Həyat. Dahi tənqidçi V.Q.Belinski bir icmal məqaləsində yazırdı ki: "Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə də, o şey ki, həyatda ola bilməz - poeziyada da yalandı. Başqa sözlə, həyatda ola bilməyən şey poetik də ola bilməz. Kim istəsə ki, kağız üzərində də, yazdığı şeirlərdə də şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və öz təbiətinə uyğun olaraq, həyatın poetik tərəfini görsün. Poeziya təkcə kitablarda deyil - o həyatın öz nəfəsindədir". 184 il əvvəl deyilmiş bu fikirlə böyük həqiqət ifadə olunur. Görəsən, bizim gənc şairlər həyatı kitablardan deyil, həyatın özündən necə əxz edirlər? Axı, həyat, gerçəklik, hər gün baş verən hadisələr onların gözləri qarşısındadır. Zamanın hər bir dövrü ədəbiyyata kifayət qədər mövzular verir, yazarlar, xüsusən şairlər hər hansı hadisəyə, istər ictimai-siyasi, istərsə də mənəvi dünyada baş verən hadisəyə biganə qalmır. XXI əsr - bu son iyirmi üç ildə istər Azərbaycanın, istərsə də hər birimizin həyatında bir-birilə kəskin şəkildə fərqlənən elə hadisələr baş verib ki, bəlkə ötən əsrlə müqayisədə bunlar daha önəmlidir. Torpaqlarının iyirmi faizi işğal olunan bir ölkədə ümidsizlik, mənəvi deqradasiya hökm sürürdü. Lakin Ali Baş Komandanın və Azərbaycan ordusunun həyata keçirdiyi "Qarabağ Azərbaycandır!" Zəfəri ilə əhval-ruhiyyələr də dəyişdi. Təbii ki, bu iki dönəm gənclərin yaradıcılığında da öz əksini tapdı. Biz həyat həqiqətlərinin gənc şairlərin yaradıcılığında necə əks olunduğunu uzun-uzadı şərh etmək fikrində deyilik. Lakin bəzi ümumiləşdirmələr aparaq. Qarabağ-Şuşa-Azərbaycan həqiqətləri - istər işğal dövründə, istərsə də 44 günlük müharibə zamanı, istərsə də qələbədən sonra gənc şairlərimizin şeirlərində səslənib: bunun üçün Emin Pirinin, Elvin İntiqamoğlunun, Elvin Əlizadənin, Həsən Kürün, "Mən Qarabağlıyam" deyən Ruslan Dost Əlinin, Adilə Nəzərin, İradə Aytelin, şəhid və qazi şairlərin, həmçinin 15 yaşlı Sevindik Nəsiboğlunun şeirlərində son 23 ilin Azərbaycan həqiqətlərinin bədii inikası ilə tanış oluruq.
2. Həyat, real dünyamız çox mürəkkəb, dramatik və həm də faciəli hadisələrlə doludur. Lakin ilk növbədə, Azərbaycan insanının bu gənc şairlərin yaradıcılığında necə əks olunduğu, daha doğrusu, Azərbaycan insanının həyatı, mənəvi dünyası, çevrəsində cərəyan edən hadisələrə münasibəti bizi maraqlandırır. Lakin gənc şairlərin şeirlərinə nəzər yetirdikdə ümumilikdə bunu çox zəif, yalnız fraqmentlər halında görürük. Daha doğrusu, hansısa gənc şairin şeirlərində Azərbaycan həyatının mənəvi mənzərəsinin əks olunduğunu görmürük. Buna səbəb nədir? Səbəb odur ki, gənc şairlər daha çox öz fərdi-subyektiv aləmini, həmin aləmdə baş verən hissləri, duyğuları qələmə alırlar. Qoy gənc şairlər həyata, yaşadıqları mühitə, o mühitdə və cəmiyyətdə baş verən hadisələrə də səslənsinlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!