esse
Mətanət VAHİD
Sərdar Aminin bu ilk baxışda çox sadə, lap mətndəki pambıq kimi çəkisiz, qısaca hekayəsi ömrün asta ritmini, rituala çevrilmiş həyat tərzini təsvir edir. Yaşadıqlarına məhkum olanın dərin ağrısından doğan kiçikhəcmli "Pah" 35 illik romandan qopmuş bircə günün hekayəsidir.
"Pah" tənhalığın mətnidir - kişi tənhalığının. Başqa ladlarda həm də vətəndaş gücsüzlüyünün, ziyalı çarəsizliyinin... "Bu gecə otuz beş yaşım oldu." yazır protaqonist və bu cümlədəki ağrının böyüklüyünü onun ardınca "Divana yayxanıb göbəyimə yığılan pambığı barmağımın ucuyla yumruladım." cümləsinə süni laqeydliklə sığdırır: bir az qeyri-estetik, bir az ironik, ən çox da kədərli. "...ancaq bu ağrı o qədər qardaşdı ki, otuz beş yaşımda onu hələ də hiss eləməyim pisimə gəldi." - "Pah" 35 illik ömründə Turin atının tənhalığını yaşayan qoca gəncin hekayəsidir - biri o birindən seçilməyən fərəhsiz, rəngsiz, dadsız günlər və yeganə fərqin növbəti gün ömrün sona bir az daha yaxınlaşması.
Hekayədə xarakteri, situasiyanı, hətta gizli faciəni ifadə edən çox detal var, amma müəllifin başlığa çıxardığı nida heç də təkrar-təkrar hallanan "göbək pambığı"ndan az əhəmiyyətli deyil. "Pah" - faniliyin hekayəsidir. Göbək pambığı - hünülər - "Nilufərlər" - hamısı ayrılıqda var kimi yoxluğun rəmzidir - köksüz, rişəsiz yaşayanların, "tutunamayanlar"ın...
Bir mətninin içərisində müəllif başqa bir hekayəsinə göndərmə edir: "Nilufərlər" hekayəsini oxumaq keçdi içimdən. Nə qədər elədim, müəllifini xatırlaya bilmədim.
- "Nilufərlər" hekayəsini oxumaq istəyirəm.
- Hansı hekayədi o? Qız tumanıyla makiajını silir, onu deyirsən? - qab yuduğu mətbəxdən əllərini sabunlamaq üçün hamama keçən arvadım indicə sabunladığı əllərini önlüyünə silə-silə qayıtdı."
Sərdar Aminin "Nilufərlər"i də faniliyin mətnidir - nakamlığın, ayrılıqların, olacağa çevrilə bilməyən xəyalların, romanlaşa bilməyən hekayələrin... "Pah" hekayəsinin yazıçı qəhrəmanı birdən xatırlayıbmış kimi "Yadımdan çıxmamış deyim, hekayəmin ilk abzasını oxuyanda arvadımın mızıldandığı bircə kəlmə çox da matah bir söz deyildi, "pah" demişdi." replikası ömrünü qara yumor kimi yaşayanlara, acı-acı gülənlərə, göz yaşlarının şəffaflığında gizlənən mavi-yaşıl təbəssümlərə ironiyadır.
Sərdar Aminin bu kiçik, ilk baxışda oxucuya bəsit gələcək qədər sadə hekayəsi ömrün, taleyin, həyatın göz dolandıra bildiyi hər küncünə bir daş atır - nəyisə dəyişə biləcək təsiri olmayacaq qədər zəif zərbələrlə. Hekayə "görürəm, fərqindəyəm, susmaq istəmirəm, amma məhkumam" deyə bağırmaq istəyənin boğazında düyünlənən qəhəri qədər ağır, kədərlidir.
Sərdar Aminin əslində çox da bəyənmədiyim, mətbuatdakı təriflərin şişirdilmiş olduğunu düşündüyüm "Su sərgisi" romanının bircə cümləsi həmişəlik beynimə qazılıb ruhumda ciddi təlatümlərə səbəb olmuşdu: "Xəyal qurun, arzulayın... Xəyal qurmaq insanın öz potensialını Allaha xatırlatmasıdır." Az qala, yuxularına belə nəzarət edən, arzularına sayğac qoyan bir insanın birdən-birə ağlasığmaz xəyallar qura bilməsi möhtəşəmdir - gerçək olub-olmayacağını düşünmədən, sadəcə arzulamaq, xəyal qurmaq və prosesin özündən həzz almaq asudəliyi... Bu asudəliyin verdiyi möhtəşəmlik duyğusu "Pah" hekayəsinin qaragünlü məhkum qəhrəmanını tərk edib. O, vəzifələrinin əlində əsir-yesirdir - Turin atı kimi buxovlu, məhkum və tənha...
Dördnala çapan at ayaqlarının səsi qulaqlarında sabah yenə yazacaq, yaza bilməsə, yenə dibçəkləri sulayacaq... bəlkə də, bir gün hünülər yoxa çıxdığı kimi, nəhayət, hər şey bitəcək. Kökü özündə nilufərlər kimi özümüzdən rişələnən bir ömür yaşamağa məhkum olduqca "pah" deyə özümüzə, həyata ironiya ilə yanaşmaq labüddür.
"Pah" sanki "özünüzə "mən nə istəyirəm?" sualını verin" təlqininin hekayələşmiş formasıdır və sorğulamaq heç vaxt ağlımıza belə gəlməyən kişi xoşbəxtliyinin qroteskini cızır. "Xoşbəxt kişi hansı kişidir?" sualına mənim cavabım birmənalı olaraq "buxovlardan azad"dır. Mənim nə həddimə, qoy hekayənin qəhrəmanı özü cavab arayışına çıxsın: "Azadlığını süvarilərlə qazanmış kişilərin ölkələri, hanı o atlar? Hə? Ay azadlığını süvarilərlə qazanmış ölkələrin kişiləri?"
Dibçəkləri sulamaq da yazmaq\yaratmaq qədər müqəddəs ritualdır. Qanadları özünə yük olan 35 yaşlı nasir yaza bilmədiyi günlər dibçəkləri sulayır - yarada bilmədiyi günlər yaradılmışları yaşatmaqçun çalışır. Bəs "Görən, çapılan atların səs eləməyən ayağı hansıdır?"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!