Azərbaycanda sərbəst şeirin əsasını qoyan ŞAİR - Rəsul Rza

Əbdüllətif BƏNDƏROĞLU - Qəzənfər PAŞAYEV

Rəsul Rza xoşbəxt taleli insanlardandır desək, yanılmarıq. Xalqına təmənnasız xidmətinə görə Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq şairi SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara layiq görülən şair həyatının müxtəlif dövrlərində Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının yaradıcısı və baş redaktoru və s. kimi məsul vəzifələrdə çalışmışdır. İraqda Məhəmməd Füzulinin, Suriyada İmadəddin Nəsiminin məzarlarını ilk ziyarət etmək, onlar haqqında yeni söz demək və İraq türkmanları və xoyratlarından söz açmaq da onun qismətinə düşmüşdür. Şairin kitabda verdiyimiz, məhəbbət və ehtiramla yazılmış "Uzaq ellərin yaxın töhfələri" adlı dərin məzmunlu yazısı da çox mətləblərdən söz açır.

Azərbaycanda sərbəst şeirin əsasını qoyan və onu inkişaf etdirən də Rəsul Rza olmuşdur. Şairin irili-xırdalı 64 kitabı işıq üzü görmüşdür.

Şeir-sənət pərəstişkarlarının sevimlisi, cəsarətli novator şair Rəsul Rzanın məhsuldar yaradıcılıq yolunu izlədikcə ixtiyarsız düşünürsən ki, doğrudan da, şair xalqın görən gözü, vuran nəbzi, döyünən ürəyidir.

Kanadada çıxan "Nozen neybə" ("Şimal qonşusu") jurnalının baş redaktoru Dizon Karterin "Sovetskaya literatura" jurnalının baş redaktoruna göndərdiyi məktub bu baxımdan səciyyəvidir:

"…Həmin məktubla sizə Rəsul Rzanın ingiliscə çıxan üç şeirini də göndərirəm. Nəşriyyatımız onları təqribən bir il bundan əvvəl çap etmişdi. Təəccüblüdür ki, biz bu şeirləri ikinci dəfə təkrar nəşr etməli oluruq. Ola bilər ki, bu, sizi təəccübləndirməsin, lakin Kanadada poeziyanı az oxuyurlar, poeziya kitablarını çox nadir hallarda təkrar nəşr edirlər. Ancaq Rəsul Rzanın şeirləri özünün yüksək humanizmi ilə o dərəcədə fərqlənir ki, Kanadada və ABŞ-da minlərlə oxucu onları cəmi bir neçə ay ərzində alıb oxudu".

Çox keçməmiş şairin şeirləri Kanadada ayrıca buklet şəklində çap olundu. "Nozen neybə" jurnalında "Qəmli ürəkdə ümid şüası" adlı yazı çıxdı. İnsanın hər şey ürəyincə olduğu vaxtlarda belə, bəzən o, ümidsizliyə qapılır, bədbinləşir. Bu hal bəşər övladına xasdır. Belə anlarda adamın imdadına böyük sovet şairi Rəsul Rza kimi insan qəlbinin xilaskarları çatırlar. Nədənsə usananda, gələcəyə ümidiniz azalanda, ruhdan düşəndə bu heyrətamiz, ecazkar insanın böyüklüyünü, qüdrətini göstərən ilhamlı şeir parçalarını oxuyun! Cəmisi dördcə şeir. Lakin onların hər biri sehrdir, möcüzədir, məlhəmdir, onları ümidlərini itirmiş, ruhdan düşmüş adamlara çatdırın!.."

Bu yazını həyəcansız oxumaq olmur. Qürur hissi keçirirsən, düşünürsən. Xalq öz görkəmli oğullarını dünyaya gətirir, ona ilham verir, aləmə tanıdır. Lakin vaxt gəlir ki, xalqın iftixarı olan belə sənətkarlar xalqını dünyaya tanıdır. Bəs bunun sirri nədədir? Bizcə, bunun əsas səbəbi şairin bəşəri olması, bəşəri olduğu qədər də milli kökə bağlılığındadır. Elə götürək Rəsul Rzanın xalq yaradıcılığına münasibətini. Şair bütün şüurlu həyatı boyu xalq yaradıcılığından, bəhrələnmişdir. Bu, bir həqiqətdir ki, bəzən xalq yaradıcılığının, hətta ən unudulmuş janrı belə yeni dövrün fikrini ifadə etməkdə çox münasib forma olur: Rəsul Rzanın gəncliyində  yazdığı "Beşik nəğməsi" və müdrik çağlarında qələmə aldığı "Aşıq Yanıqlı bayatıları" şeirlərində olduğu kimi. Bu şeir parçalarında xalqa güclü bağlılıq, daha doğrusu, xalqın səsi, nəfəsi, ruhu, xalqın bayatılı nəğməsi tam parlaqlığı ilə özünü göstərir.

 

Gül açıldı çəməndə,

Layla balam, ay layla!

Könlüm düşməz kəməndə,

Layla balam, ay layla!

Sən ömrümün gülüsən,

Bağçamın sünbülüsən,

Gül dodağın güləndə,

Neyləyirsən gülü, sən?

Layla gülüm, a layla!

Şirin dilim, a layla.

Günəşli gündüz sənin,

Dərə sənin, düz sənin.

Elə sevinc gətirən

Bu xoş günümüz sənin.

Layla, quzum, a layla!

Ala gözlüm, a layla!

Layla beşiyim, layla!

Evim-eşiyim, layla!

 

Təsadüfi deyildir ki, kərküklü müğənni Əbdül Vahid Kuzəçi oğlu bu şeirə musiqi bəstələmiş, 1966-cı ildə Kərkükdə çap etdirdiyi "Kuzəçi oğlunun xoyrat və bəstələri" kitabına daxil etmişdir. Kərkük dolaylarında çox məşhur olan bu mahnını bilməyən yoxdur. Bu da təsadüfi deyildir ki, Həsən İzzət Çardaxlı bu şeirdən ilham alaraq "Yurd" qəzetində, Rəsul Rzaya layiq, yığcam, tutarlı "Gözəl şairlər silsiləsindən" adlı məqalə yazmışdır. (6.03.1987). "Layla! Layla ana ürəyindən çocuğun ürəginə gizlincə əsən havadır, sızılan süddür. Layla məhəbbət bağcasından dərilən bir dəstə güldür. Solmaz, inciməz, incitməz.

Layla açılmayan tilsimli qapıları açan anaxtardır!

Sadəcə analar əlində çocuqları uyutmaq üçün sehrdir.

Layla çocuqla ana arasında qıldan incə, poladdan qüvvətli bağdır, gözlə görünməz, əl ilə tutulmaz, barmaqların ucu hiss eləməz bir bağ!

Əzəldən bəri axan bir sevgi qaynağıdır, qurumaz. Axdıqca axar!

Laylanı Rəsul Rza yazmışdır".

Yaradıcılığının daha da müdrikləşdiyi, məşhur "Rənglər" silsiləsini yazdığı bir dövrdə, şairin bayatı formasına müraciəti bir daha təsdiq edir ki, ənənə Rəsul Rza kimi əsl sənətkarlar üçün təməldir. Büdrəməmək, yıxılmamaq üçün söykənəcəkdir, arxadır. "Şifahi xalq yaradıcılığı Rəsul Rza üçün elə əbədi bir çeşmədir ki, oradan poeziyanın arteriya damarları ilə yeni obrazların həyatverici qanı axıb gəlir".

Qeyd etmək lazımdır ki, Rəsul Rza "Aşıq Yanıqlı bayatıları" silsiləsinə (1961-1964) Füzulinin 400 illiyi münasibətilə İraqa gəldikdən, İraq türkmanlarının xoyratları ilə tanış olduqdan, "Uzaq ellərin yaxın töhfələri" əsərini yazdıqdan sonra müraciət etmişdir.

İraq türkmanlarının folkloru Rəsul Rzada böyük maraq oyatmışdır. Bunu görkəmli şair Nazim Hikmətin sözlərindən də görmək olar: "Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şeirlər İraqda yaşayan türkmanların bayatıları idi".

Təsadüfi deyildir ki, şairin "Uzaq ellərin yaxın töhfələri" məqaləsini həyəcansız oxumaq olmur. Məhz buna görədir ki, qüdrətli qələmin məhsulu, poetik sözün əsl nümunəsi olan bu məqalə həm İraqda, həm də Azərbaycanda böyük hadisə kimi qarşılandı. Rəsul Rzanın yaradıcılığını İraqda layiqincə qiymətləndirirlər. "Qardaşlıq", "Əlifba", "Qələmlər" jurnallarında, "Əl-Əxbar" və "Yurd" qəzetlərində şeirlərindən nümunələr, haqqında yazılar verirlər. "Əl-Əxbar" qəzetində çıxan yazıdan verdiyimiz parça dediyimizə parlaq misaldır:

"Yenilikçi bir şair olan Rəsul Rza Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Onun şeirlərində nikbinlik, həqiqətin qələbəsinə inam var. Onun əsərləri öz işığı və təravəti ilə qəlblərə məhəbbət gətirir. Şairin bəşər övladına olan məhəbbətinin özü bu şeirləri yazdırmışdır". Rəsul Rza bir müəllim kimi yeni ədəbi nəslə qayğı ilə yanaşır, onların hər hansı bir yaxşı əsərini oxuyanda ata kimi sevinirdi. "Gənclərlə qaynayıb-qarışan, onların poetik nailiyyətlərini öz nailiyyəti hesab edən sənətkarlar heç vaxt qocalmırlar. Bunun üçün böyük şair ürəyi lazımdır. Rəsul Rza belə bir insan idi".

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin bu müdrik kəlamını yaşa dolduqda daha yaxşı başa düşmək olur. Vaxtilə Rəsul Rzanın hələ ədəbiyyat aləmində heç bir xidməti olmayan, tanınmayan bir gəncin, bu məqalə müəlliflərindən birinin - Qəzənfər Paşayevin adının "Kərkük bayatıları" ("Azərnəşr", Bakı, 1968) kitabında öz adı ilə qoşa getməsinə razılıq verməsi, özü də böyük şair ürəyinin hesabına gənclərə göstərilən qayğının, etimadın, onu ruhlandırmaq arzusunun nəticəsi imiş.

Demək lazımdır ki, böyüklərə, xalqın qiymətli övladlarına münasibətdə də Rəsul Rza gənclərə örnək olur, onlara yol göstərirdi: "Çox zaman bizimlə bir gündə, bir yerdə yaşayan adamlar arasındakı böyük istedadların fərqinə varmırıq. Onları tez-tez görüb, onlara alışırıq, düşünmürük ki, yanımızda oturan bu adam klassikdir, bir sənət möcüzəsidir, nadir istedaddır". Təkrarsız müğənni Bülbül haqqında onun dediyi bu sözləri bütövlükdə ölməz sənətkar, sadə insan, böyük şəxsiyyət Rəsul Rzaya da aid etmək olar.

Şair Azərbaycanın mədəni irsinin qorunub saxlanması və tədqiqi sahəsində də hamıya örnək olacaq fikirlər söyləyir, gənclərə istiqamət verirdi. Hələbdə Nəsiminin qəbrini üzə çıxaran şair ölməz Nəsiminin tədqiqatçılarına müraciətlə deyir: "Bu möhtəşəm ədəbi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir". Bu kəlamı, əslində, bütün tarixi şəxsiyyətlərimizin yaradıcılığı ilə məşğul olan gənc tədqiqatçılara şairin xeyir-duası kimi qiymətləndirmək olar. Xalq şair oğlunun xatirəsini əbədiləşdirmişdir. Bakıda ən geniş küçələrdən biri indi onun adını daşıyır. Bu, şairin yaradıcılığına verilən layiqli qiymətdir.

Yaradıcılığına neçə-neçə monoqrafiya, dissertasiya və məqalələrin həsr olunması isə Rəsul Rza poeziyasının ecazkarlığına, heyrətamizliyinə dəlalət edir. Hər il Bakıda şairin anadan olduğu gün, may ayının 19-da şairə həsr olunmuş əsərlərin müsabiqəsi keçirilir. Fəxri xiyabanda məzarı ziyarət edilir.

Deyirlər, nəcabətli adam hər yerdə doğulmur. Ancaq belə müdrik harda doğulursa, orda bütöv bir xoşbəxt nəsil yetişir. Elə bil bu sözlər Azərbaycan sovet poeziyasında məktəb yaradan Rəsul Rzanın ünvanına deyilib. Bu məktəbi "Rəsul poeziya məktəbi" adlandırmaq olar. Bunu biz Bəxtiyar Vahabzadədən verdiyimiz parçada tam aydınlığı ilə görürük:

 

Ey Rəsul, sən haqlısan,

Çünki sən öz əsrinə

Daha artıq bağlısan.

Sənət gülüstanına

Qədəm basandan bəri

O köhnə ölçüləri

Cəsarətlə sən atdın.

"Məna, məna" - demədən,

Sən mənalar yaratdın.

 

Doğrudan da, Rəsul Rza poeziyasındakı mənalar, fikirlər insanı düşünməyə, kim olduğunu anlamağa, soy-kökə qayıtmağa, gələcəyə ümidlə baxmağa çağırır. Odur ki, biz də bir daha şairin poeziyasına daxili ehtiyac duyur, onu minnətdarlıqla yad edirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!