Şeirlər - Şərafəddin İlkin

 

 

Yaxşı ki...

 

Qarşısı alınmır gedəsi köçün,

Ağlasan, gözünün yaşına dönüm.

Yaxşı ki arzu var yaşamaq üçün,

Yaxşı ki ümid var, başına dönüm....

 

Nə "hə" deyə bildin, nə "yox" söylədin,

Üzdün ürəyimi həsrət içində.

Mən sənə işıqlı sabah dilədim,

Sən məni saxladın zülmət içində.

 

İndi sənin sevgin ürəyimə yük,

Parlamır günəşi, görünmür ayı.

Sənə ürək verdim dünyadan böyük,

Sən mənə nə verdin qəmdən savayı?

 

Səndən umacağım sevgiydi elə,

Sən bunu duymalı, bilməli idin.

Səni sevdiyimə, istədiyimə

Peşiman deyiləm, sevməli idin...

 

...Qarşısı alınmır gedəsi köçün,

Ağlasan gözünün yaşına dönüm.

Yaxşı ki ümid var yaşamaq üçün,

Yaxşı ki arzu var, başına dönüm...

 

 

Qəti narahat olma

 

Daha əvvəlki kimi

Səninçün darıxmıram.

Ram edirəm hissimi,

Çaşmıram, karıxmıram -

Qəti narahat olma.

 

Sıxıb saxlama məni

Gözünün qarasında.

Gözüm axtarmır səni

Qızların arasında -

Qəti narahat olma.

 

Sənə görə darılıb,

Özümü unutmuram.

Daha xəyala dalıb,

Çayımı soyutmuram -

Qəti narahat olma.

 

Sevinirəm, gülürəm -

Dörd yanımda bağça, bağ...

Sevirəm, sevilirəm,

Keyfim kök, damağım çağ -

Qəti narahat olma.

 

Könlümdə yoxdu qübar,

Gözümdə yaş qalmadı.

Beş-on manat pulum var,

Ağlım da başımdadı -

Qəti narahat olma.

Narahat olursansa...

 

Mənim ürəyimdə

yer axtaran qız

 

Ötəri bir hissmi, məhəbbətdimi,

Düzünü deməyim qəbahətdimi,

Dünyada başına yer qəhətdimi? -

Mənim ürəyimdə yer axtaran qız.

 

Zili unutmusan, bəm istəyirsən,

Niyə gözlərini nəm istəyirsən?..

"Sən sevin" deyirəm, qəm istəyirsən -

Mənim ürəyimdə yer axtaran qız.

 

Sevən ürəyinlə ocaqsan, pirsən,

Yuxulu dolanma, dünyanı gör sən...

Peşiman olarsan qəlbimə girsən -

Mənim ürəyimdə yer axtaran qız.

 

Solubdu gülşənim, bağ yerim yoxdu,

Şamama quruyub, tağ yerim yoxdu.

Vallah, ürəyimdə sağ yerim yoxdu -

Mənim ürəyimdə yer axtaran qız,

Mənim ürəyimdə yer axtaran qız!

 

 

Mənim bu şəklimə

yazığım gəlir

 

Alın yazısıyla barışa bilmir,

Tükənib taqəti, dağ aşa bilmir,

Dərdini, qəmini danışa bilmir -

Mənim bu şəklimə yazığım gəlir.

 

Sirrini kimsəylə bölmək bacarmır,

Unudub sevinci, gülmək bacarmır.

Sanki can üstədir, ölmək bacarmır -

Mənim bu şəklimə yazığım gəlir.

 

Axan göz yaşımın nəmi üzümdə,

Həsrətin ən ağır dəmi üzümdə.

Dünyanın kədəri, qəmi üzümdə -

Mənim bu şəklimə yazığım gəlir.

 

Tərk edib dəyanət, dözüm bu şəkli,

Yandırar alovum, közüm bu şəkli,

Görmək istəməyir gözüm bu şəkli -

Mənim bu şəklimə yazığım gəlir.

 

Sanki baxışlarım dara çəkilib,

Bəxtimtək üzüm də qara çəkilib.

O qızın toyundan sonra çəkilib -

Mənim bu şəklimə yazığım gəlir.

Mənim bu şəklimə yazığım gəlir.

 

 

Sən də bax...

 

Barmağımı kəsəcəyəm, "kəs" desən,

Mehə dönüb əsəcəyəm, "əs" desən,

Ürəyimin harasında istəsən

Sənin üçün saray tikim, sən də bax.

 

Sənə görə ömrümün bu çağında

Əridərəm ürəyimin yağın da...

O sarayın baxçasında-bağında

Mən ətirli güllər əkim, sən də bax.

 

Unutmur ki, əgər sevən ürəksə,

Aşiqinə məşuq özü köməksə.

O bağçanın çiçəyindən gərəksə

Arı kimi şirə çəkim, sən də bax.

 

Pak sevginin uyuduğu beşiyəm.

Səndən başqa yox sahibim, yox yiyəm...

Ürəyinə qaravulam, keşiyəm,

Buraxmayım ora heç kim, sən də bax.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!