Şeirlər - Əhməd QƏŞƏMOĞLU

 

 

Türkün birliyini

istəyən adam

 

Türkün birliyini istəyən adam,

İndi bu birliyin yolu başqadı...

Bir vaxt qılınc idi birlik düsturu,

İndiki düsturun zəkadır adı.

 

Zəkalar xəzinə yaratmış sənə,

Heyif, o xəzinən toz-dumandadı.

Müdriklik güclüdü hər bir silahdan,

Birləşmək amalın təkcə ondadı.

 

Bir vaxt qüdrətinə həsəd çəkənlər,

Sən "birlik" deyəndə hürkür hələ də.

Qarışıq, məkrli yol axtarırlar

Səni saxlasınlar qəvi tələdə.

 

Amma yer üzünün memarı sənsən,

Ruhundan alasan gərək ilhamı,

Bütün yer üzünün nizamı itib,

İtəndən dövranda türkün nizamı.

 

Çağdaş zəmanənin başı bəlalı,

Daşdan-daşa dəyir, eyləmir ki görk.

Oyan hikmətinlə, öz qüdrətinlə

Doğma yer üzünü xilas eylə, türk!

 

Zəfər günümüz

 

Zəfər günümüz

xalqın hünər günüdü,

            bayram günüdü,

sabaha inam günüdü...

 

Buludlar çox əlvan görünür o gün,

sanki məlakələr nur yayır hərdən,

xalqımın sədası boy verir, qalxır

uzaq tarixlərdən, uca göylərdən.

 

İki əsrdi döyülən, talanan,

torpaqları, yurdları

əlindən alınan xalqın

            bu Zəfər günü

üstünə gələn iblisə ilk dəfə

            qələbə çalınan,

qisas alınan günüdü...

 

Zəfər günümüz,

təntənədi, şan-şöhrətdi, büsatdı,

vətənə qurban gedənlərin,

elimizi-obamızı

bizə əmanət edənlərin

            qarşısında hesabatdı!

 

And olsun bağ salanlara!

 

Səhralar içində

qızılgül bağı salanlara and olsun!

 

Onların qəlbinə

o eşqi salanlara həmd olsun!

...sonsuz səhifəli

kitab kimidir kainat...

 

Bizimlə bir səhifədə olanların

nuru düşür üstümüzə...

 

O nur hər gün bir az da çox

ilahinin nuruna bənd olsun...

 

Səhralar içində

qızılgül bağı salanlara and olsun!

 

Qədirin qəlbinə

könül verən səs

 

Göy üzündən

yağmur kimi nur yağanda,

göy üzü ən doğman kimi

            səni çağıranda,

qəlbin qubarlananda,

qeybdən bir səs gəlir -

qədərin səsi...

yer üzündə o səsin adı

            Qədirin səsi...

 

Min-min ilin uzağından,

yaxınından gələn səs,

yer üzünün ahından,

sabahından gələn səs...

 

Sirlər aləmində

çiçək-çiçək tellər dolanır,

ilahinin nurun yayır dünyaya...

o telləri kökləyən,

dünyanın taleyini bəstələyən,

            kimdi elə?

Qədirin qəlbinə

könül verən səs,

ilahi göndərən səs...

 

Köklənir göylərin

kainatın eşqinə,

insan duya bilməyən

aləmlərin əhdinə...

 

İnsanlara sirlər açır,

görür ki, anlayan azdı

hönkürür dönə-dönə...

 

Göy üzündən yağmur kimi, nur kimi

ruhumuza,

qəlbimizə yağan səs...

 

Yer üzünə diz çökmədim

 

Qəlbimi, ruhumu kükrədən

            qüvvə istəyirəm,

yer üzünə diz çökmədim,

yer üzüylə dava istəyirəm.

 

leysan yağışda

göy üzünə baxmaq istədim,

üzümə döydü yağış,

torpağa üz tutdum,

sellər apardı məni...

dənizin dibindən

içi mirvari dolu

            bir mücrü çıxardım,

qaldıra bilmədim qapağını...

 

Qəlbimdəki mücrünün qapağını

qaldıran qüvvə istəyirəm,

yer üzünə diz çökmədim,

yer üzüylə dava istəyirəm!

 

Bu gördüyün dəniz deyil...

 

Bu gördüyün dəniz deyil

            girib içində itəm -

 

bir ovuc sudu,

axıb əlimin uçiylə gedir

            damcı-damcı...

...muncuq-muncuq boyunbağıdı,

qırılıb tökülsə,

            itəcək gözəlliyi...

 

Bu gördüyün çiçəkdi belə,

solub gedəcək,

yerində daha gözəl

çiçəklər bitəcək.

 

Bu gördüyün dəniz deyil...

 

Tənhalıq

 

Yer üzündən kecdim tənha

Yer üzü məni görmədi,

Doğmalardan doğma bildim,

Salam verdim, dindirmədi.

 

Bu dövranın halı ağır,

Baxammadım fağır-fağır,

Xilasa gəzdim yol, çığır,

Çağırdım, heç kim gəlmədi.

 

Qocalıq gəlir üstümə...

Nə oduma, nə tüstümə

Dünya hay vermir, qəsdi nə?

Mən kiməm, kimsə bilmədi...

 

Çay üstündə duman

 

Bəyaz bulud bilirəm özümü bəzən,

bəzən səhra, bəzən çay, meşə,

            ya işıq, əlvan-əlvan...

...indi, bu an,

kəndimizin başındakı

bir gözəl aləm kimiyəm...

 

Sinə-sinəyə, əl-ələ dayanmış

iki dağın arasından çay axır,

onun səsində

            kainatın nəfəsi,

təbiətin, baharın aşiqliq həvəsi...

         

Sahilində daşın, qumun, çiçəklərin

təntənəsi, nəğməsi, zümzüməsi...

sübh üzünün şəfəqlərində

            balıqların rəqsi...

 

Min-min əvvəlki insanların

qəlbinin nəğməsini

qəlbimin nəğməsinə bağlayan

            bir çay axır...

bu çaydan bir topa duman

            niyə belə sirli qalxır?

 

Aman! Nədən duman

mənə öz yarım təki baxır?

 

İlham pərisi

 

...tarixin ən gözəl günlərindən biri

"Şəbü-hicran" qəzəlinin yarandığı gündü...

həmin gün nələr olubsa tarixdə

bu şeirdən sonra gəlir...

 

Kim idi o vədə Füzuli ruhunu

göy üzünə kökləyən,

onun qəlbini üzən gözəl?

bu ilahi sözləri

bu ilahi nizamla

düzən gözəl...

 

...bu dünyadan gedə bilməz

o gözəlin ruhu...

hansısa çiçəyin, göy üzünün

gözəlliyindən boy verir indi

onun ruhu...

 

Aman, aman!

Mən inandığıma inan!

o gözəlin nuru içindəsən...

o gözəldən də gözəlsən...

"Şəbü-hicran" dan da gözəl

şeir yazdıra bilərsən...

 

Qızlar əmanətdir

məlakələrdən

 

İnsanlar hələ

doğulan qız uşaqlarının

məlakələrdən onlara

bir əmanət olduğunu bilmir...

 

Məlakətək böyütmək əvəzinə,

min oyun açırlar

o körpələrin başına...

düşürlər məlakələrin qarğışına.

 

Elə ona görə də yer üzünün

üzü gülmür...

 

Nur içində pərdə

 

"Aşiq mənəm!" deyən gözəl

karıxdırma bu dünyanı...

Bir gör hələ nə gündəyəm?

eşqi həm də məndə tanı.

 

Bax hər yandan yağan nura,

odlar alışıb odlara...

bu bir tilsim, ya haqq əmri?

gör bir kimdi düşüb dara?

 

Qulaq asdın harayına?

kainat hayandı ona,

o göy üzünə köklənib,

insafsız, onu az qına.

 

astaca tut əllərindən,

bil nələr axır qəlbindən,

gör nə kövrək soruşacaq

ürəyini, tellərindən...

 

eşq - ahəng olan yerdədi,

qəlb dindirən şeirdədi,

mən kiməm? gizli saxlayan

nur içində bir pərdədi.

 

Azərbaycan gözəli

 

Bir az göy üzünə bənzəyir,

bir az məlakəyə,

bir az da

ağappaq çiçəyə...

 

Bir ilahi yaraşıq içindədi,

bəlkə, göylərdən gəlib?

dünyaya baxır qorxa-qorxa,

titrəyə-titrəyə...

 

Üzündə ay işığı var, duruşunda

on günlük ayın yaraşığı var.

ruhu doğulub ahəngdən,

zəkası müdriklikdən,

sədaqət, qeyrət, hünər

əmanətdi beşikdən...

 

Əlləri nəyə dəysə,

orda çiçəklər açılır,

vətəninə arxadır,

adına and içilir...

 

Azərbaycan gözəlidi,

gözlərində ifal, sözündə məlal,

sanki bir xəyal,

nəğmə kimi səsi var...

 

Ruhu, qəlbi ülvi, nurlu

gözəlləri, igidləri

yetirən bilən bir xalqın

məqamları ucadadı...

müqəddəsdir o ucalıq,

qorumayanda onu

ağlar günə qalır insanlıq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!