Osman Sarıvəlli:
Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir, əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır.
Bəxtiyar Vahabzadə:
Mən "Əlli yaşın dastanı" poemasının 36 sətirlik "Hardan gəlir Zəlimxan?" fəslini türk dünyası ədəbiyyat və sənətinin manifesti, proqramı adlandırardım. Əslində, Zəlimxan öz proqramında haqlıdır. Çünki bu qaynaqlara söykənmədən türk dünyasının sənətkarı olmaq mümkün deyil.
İsa Muğanna:
...Səsimə səs verənlər həsrəti ilə qocaldım, "Ah dilində" öz bətnimlə - içərimlə danışa-danışa tək qaldım. Həmin bu vaxt tənhalıq qapısına "söz" adlanan möcüzə gəlib, "saz" adlanan möcüzəsi ilə qoşalaşıb dedi: "Mən Zəlimxan Yaqubam".
Hüseyn Arif:
Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan od-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlir ki, iki şeir-sənət vurğunu bir-birilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir.
Xəlil Rza Ulutürk:
Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete dilə gəlir, Türkistan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın guşədaşı türklükdür... Bizim Türkiyə və bütün Türkistan dünyasına güvənməyimizdir... Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik.
Xudu Məmmədov:
Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir.
Anar:
İraqa səfərimiz düşür yadıma. Hələ sonrakı şöhrətinə çatmadığı illərdə Bağdadda şeir gecəsini aparmağı Zəlimxana tapşıranda, nümayəndə heyətinə daxil olan başqa şairlərimizdən narazı qalanlar da oldu. Cəmisi bir neçə il keçdi və Zəlimxan narazılıq edənlərin çoxundan daha məşhur, xalqımız tərəfindən daha çox tanınan və sevilən şair kimi təsdiq olundu. Amma bütün bu illər ərzində Zəlimxanın kiminsə şöhrətinə, fəxri adına, mükafatına darıldığını, kiməsə həsəd apardığını, kiməsə ağız büzdüyünü görmədim...
Zəlimxan Yaqubun "Sürgün" əsərinin açdığı mövzulara ədəbiyyatımızda toxunan olmayıb... Qazaxıstana, Qırğızıstana sürgün edilmiş Azəri və Axıska türklərinin faciəsi haqqında bizim ədəbiyyatda ilk əsər Zəlimxanın poemasıdır...
Elçin:
"Aşıq Hüseyn Saraclı dastanı"nın dili - həm nəsrində, həm də şeirində - mənim içimə, həqiqətən bir fəxarət gətirdi: nə gözəl, nə zəngin dilimiz var!
...Folklorla nəfəs almaq - mənim aləmimdə xalqın güzəranına, məişətinə, etnoqrafiyasına dərindən bələd olmaq və bunları öz içində yaşatmaq, həmin xalqın dilini, psixologiyasını ən incə məqamlarına, ən zərif çalarlarınacan mənimsəmək, hiss etmək deməkdir.
Bu, "Aşıq Hüseyn Saraclı dastanı"nın elə bir xüsusiyyətidir ki, onu kitab, elm, nəzəriyyə vasitəsilə əldə etmək mümkün deyil, o, necə deyərlər, qanla gəlməlidir, çünki yalnız bu zaman fərdi istedadın təbii tərkib hissəsinə, üzvi bir atributuna (genetik atributuna) çevrilə bilər.
İsa Həbibbəyli:
Bənzərsiz, özünəməxsus əsərləri Zəlimxan Yaqubun poetik kimliyini müəyyən edir. Hətta onun poetik nitqi də, şeir demək taktikası da fərqlidir. Zəlimxan Yaqub möhkəm hafizəsi, qeyri-adi yaddaşı ilə də fərqlənir. Sənətindəki bənzərsizlik poetik nəfəsindəki orijinallıqla tamamlanır. Bu mənada Zəlimxan Yaqubun yaradıcılığı onun sənət pasportudur.
Tofiq Hacıyev:
Türkün cild-cild kitabda deyilməli tarixi coğrafiyasını, qəhrəmanlar, sərkərdələr şəcərəsini Zəlimxan bir şeirdə deyib - onları tutub, hər anın tarixi rəmzini tapıb, türkün tarixini türk sözünə sığışdırıb, türk sözünün bədii-estetik obrazını açıb. "Mete kimi, Oğuz kimi bir xan, türk!" misra deyil, daşlaşmış etnik tarixdir, türkün şəxsiyyətinin açılmasıdır. Bu misra şeirin içində bir şeirdir.
Məmməd Araz:
Yurdumuzun ən gözəl şairi, ən qüdrətli oğlu, poeziyamıza qeyri-adi nəfəs gətirən Zəlimxan Yaqub.
Nəriman HƏSƏNZADƏ
O həqq aşiqiydi
Zəlimxan qaynadı, daşdı, çağladı,
Onu nəzərində Allah saxladı.
Torpaqdan qaldırdı, elə bağladı,
Get eldən xəbər al, torpaqdan soruş.
Açdı sinəsini o sinədəftər,
Nəfəsi pakıydı, ruhu təzə-tər.
Dilindən düşmədi Vurğun, Ələsgər,
Nə dedi, qələmdən, varaqdan soruş.
Türkün tarixini yazdı, oxudu,
Xınalı sözləri cehiz toxudu.
Əzbər bilmədiyi şeir yoxuydu,
O, Həqq aşiqiydi, sən haqdan soruş.
Dilindən çıxanlar dillər əzbəri,
Səsi ilahiydi, fikri bəşəri.
Şairlər millətin ən şah əsəri,
O xalq şairini bu xalqdan soruş.
Sazın tellərində sözü-söhbəti,
Sevildi əbədi, sevdi əbədi.
Nəydi gülüşünün şəhdi-şərbəti,
Suyunu içdiyin bulaqdan soruş.
Məzarın bir isti ana qucağı,
Qoy səni qızdırsın odu-ocağı.
Ürəyin bütöv bir vətən torpağı,
Fəxri xiyabandan, bayraqdan soruş.
Fikrət Qoca
Zəlimxan
Son şeirlərindən birində
"Hamı bu şəhərə dipdiri gəlir,
hamının şəhərdən ölüsü gedir" -
yazmışdı Zəlimxan Yaqub.
Borçalının Kəpənəkçi kəndindən
Bir oğlandı, uçdu gəldi Bakıya.
Baş açmadı çoxbilmişlər fəndindən,
Uyuşmadı bu şəhərdə hay-küyə.
Ululardan, nənələrdən qalana -
- Qəlbindəki doğma dilə sığındı.
"Keçmiş olsun" - dedi hər cür olana,
Nə yıxıldı, nə büdrədi, nə sındı.
Yer üzünü görmək üçün can atdı,
Az əyləndi, çox çalışdı, az yatdı.
O özündən güclü bir Mən yaratdı,
Mən də mənəm! deyə-deyə Zəlimxan.
Utancaqdı üzü yerə baxardı,
Xəzan vaxtı xəzəl altda axardı.
Söz alanda vulkan kimi qalxardı,
Burdan uçdu üzü göyə Zəlimxan.
Bu şəhərdə şöhrət tapdı, ucaldı,
Heyif, heyif vaxtından tez qocaldı.
El aşiqi Ələsgərdən tac aldı,
Burdan getdi ölməzliyə Zəlimxan!
Mövlud Süleymanlı:
Zəlimxanın yardıcılığı mənim türkcəmin çox doğma sözlərindən, duyğularından hörülüb ki, bu duyğuların, sözlərin minlərlə yaşı var...
Həsən Həsənov:
Zəlimxan təkcə təbiət şairi kimi yox, tarixin və gələcəyin taleyi üçün narahat olan, müstəqillik yoluna çıxan xalqının müqəddəratına cavabdehlərin sırasında olan şairlərdəndir.
Musa Yaqub:
Zəlimxan sinəsi dolu şairdir. Hələ ilk yaşlarından Borçalı elinin saz və söz adamlarının şirin məclisləri doldurub onun sinəsini. Ustad aşıqlarımızın hikmət dolu söz qaynaqları, qocalarımızın yaddaşında yaşayan və hansı yollarlasa Anadoludan axıb gələn türkülər, Yunus Əmrə ruhuna bələnmiş klassik türk-azəri şeiri - bütün bunlar Zəlimxanı riqqətə gətirib, onun sinəsini doldurub. Bu sinədoluluq ilk dəfə şairin sinəsinə saz verib, onu göynədib, yanğıladıb, üzünü Sarvan dağlarına tutub ilk sirrini dindirib, ilk sözünü o ahəngə qoşub Zəlimxan. Və sonra birdən görüb ki, ürəyində tam başqa bir göynərti, başqa bir yanğı da var. O dolu sinədən yanğılanıb, cilalanıb, çeşmələnib gələn Zəlimxan Yaqubun ilk misraları idi ki, şairi uğurlu şeir, sənət yoluna çıxardı, xalqımıza el nəfəsli, Vətən duyğulu bir şair bəxş elədi.
Kamal Talıbzadə:
Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir.
Yaşar Qarayev:
Sabit, mütləq dəyərlərin əbədiliyini, onların baba, əcdad, Yəsəvi, Əmrə kökünü və başlanğıcını Zəlimxan bizə yenidən xatırlatdı, ənənələrin diriliyi və irsiliyi ideyasını tərənnüm etdi.
Vaqif Səmədoğlu:
Qolları azacıq yorulanda Zəlimxanın imdad diləyən səsini eşitmişəm. Köməyə Azərbaycanı çağırıb, ana yurdu, el-obası qanad aça bilməyəndə qəhərlənib. Ancaq özünə, öz taleyinə kimisə yanmağa, ən yaxın bir adamı belə ağlamağa qoymayıb. Və bircə kərə də öz səsindən aşağı enməyib.
Fikrət Sadıq:
Zəlimxan Yaqub bəlkə də, Bakıda ilk şeirlərini mənə oxuyub. İlkin şeirlərindən onun şairlik qüdrəti bilinirdi. Onda uçuşa hazırlaşan qartal balasına bənzəyirdi. İndi bu qartalın fəth elədiyi səma və yüksəklik ona layiqdir...
Qəzənfər Paşayev:
Zəlimxan Yaqubun poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir.
Sabir Rüstəmxanlı:
Coşqun ilhamı, yorulmaz qələmi və yurd sevgisi ilə dolu ürəyi millət arasında Zəlimxan Yaquba halal və dilimiz durduqca yaşayan rəğbət və şöhrət qazandırmışdır.
Səlahəddin Xəlilov:
Zəlimxanın yaradıcılığının, onun poetik "mən"inin qiymətini heç kim onun özü kimi dəqiq və canlı verə bilməz. Bunun üçün Zəlimxanın Yunus Əmrə haqqında yazdıqlarını onun özünə aid etmək olar.
Nizami Cəfərov:
Etiraf etmək lazımdır ki, Zəlimxan Yaqubun yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini!) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur. Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirrini də məhz burada axtarmaq lazım gəlir.
Nizaməddin Şəmsizadə:
Zəlimxan Yaqub mənim qardaşdan əziz dostum idi. Həm ədəbi dostum, həm əbədi dostum. Sazı bağrına basanda özündə olmurdu Zəlimxan, ilhamla ehtizaza gəlir, yerdən ayrılıb səmaya qalxırdı. Ona görə də səmada Zəlimxan Yaqub imzası var, onu hər adam görə bilməz... Zəlimxan Yaqub poeziyası ana dilimizə, türk dilinə ucaldılmış Söz abidəsidir.
Rüstəm Behrudi:
Zəlimxan Yaqub təkcə Azərbaycanın şairi deyil. İstanbuldan Səmərqəndə, Ərdəbildən Dərbəndə, Borçalıdan Qarabağa, Aşqabaddan Təbrizə bütün türk ellərinin ruhu çırpınır onun şeirlərində...
Elnarə Akimova:
Zəlimxan Yaqubun bütün şeirləri ilk növbədə, milli dil hadisəsidir. Onun mətnlərində dilin bütün etno-psixoloji ifadə çalarları ehtiva olunur. Xalqın milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti və s. Z.Yaqub dilin yaddaş sirrinin qorunmasına çaba göstərmə özəlliyi ilə seçilir və milli poeziyamızın dərin qatlarından gələn duruluğu şeirlərinin ruhuna hopdurmaqla onun şəhd-şirəsini bir az daha artıq rövnəqləndirmiş olur.
Zəlimxan Yaqubda vətən sevgisi, torpaq aşinalığı heç kəsə bənzəməyən üslubda təzahür edir. Çox sadə, rahat şəkildə təzahür edən bu sevginin fərqliliyi də elə məhz sadəliyindədir. Heç bir kosmetik bəzəyə salınmadan poeziyaya gətirilən bu şeirləri nəğmə kimi ruhumuza çiləyə bilirik. Onun poeziyası insan, tarix və torpağın bir parçasıdır. Köklə zirvə, dünənlə bu gün arasında bağların qırılmaz əlaqəsinin ehtiva olunduğu bir parça. Bu mənada, mövzusundan asılı olmayaraq, şairin bütün şeirləri gərəkli və mənalı ömür idealını əks etdirir.
Elxan Zal Qaraxanlı:
Türkyədəki tədbirlərdən birində görkəmli şairimiz Çingiz Əlioğlu onu "Azərbaycan şeirinin imperatoru" kimi təqdim etdi. Bunu sıradan bir adam yox, çağdaş Azərbaycan şeirinin böyük nümayəndələrindən biri dedi. İndiki zamanda belə hərəkətlərlə çox az rastlaşmaq olur. Şəxsi personaları içində çabalayan əksər "böyük" ədiblərimiz onlardan sonra ədəbiyyatın öldüyünü bəyan edirlər. İçi böyük olmayan heç vaxt böyük şeylər yaza bilməz. Və başqasını da etiraf etmək üçün gərək özün böyük olasan. Çingiz Əlioğlu Zəlimxan Yaqubu təqdim edəndə Türkiyə auditoriyasına göstərdi ki, Azərbaycanda böyük ədəbiyyat da var, böyük kişilər də. Zəlimxan Yaqub da bu böyük ədəbiyyatı yaradan böyük kişilərdən biridir. Azərbaycanda onun kimi ümumxalq məhəbbəti qazanmış az-az şairlər var.
Mahir Qarayev:
Bu insanın şair qəlbində heç kəsə qarşı zərrə qədər də olsa kin-küdurət, paxıllıq hissi yoxdur. Hərdən fikirləşirəm ki, əgər 30-cu illərdə rəhbərimizin "Ədəbiyyat üzrə baş məşvərətçisi" Zəlimxan Yaqub xislətli bir adam olsaydı, bircə şairimiz də güllələnməz, sürgünə göndərilməzdi.
Rüstəm Kamal:
Zəlimxan Yaqub istənilən görüşü mərasimə döndərirdi. Özü də, sözü də mərasimin cövhəri olurdu. Əslində, Zəlimxan Yaqubun şeirləri mərasim poeziyasının parlaq örnəkləri kimi doğulurdu. Mərasim ruhu ən sadə qafiyələri onun dilində "cezbə gətirirdi". Bu şeirlərin magik-sehrli gücü də burdan gəlirdi.
Elçin Hüseynbəyli:
Zəlimxan Yaqub vətənimiz qədər zəngin və qonaqpərvərdir. O bir almazdır, bəzilərinin gözünü qamaşdırır, bəzilərinin gözünü sevindirir, bəzilərinin yuxusuna haram qatır. Onun zərrəcikləri söz olub, adamların qulağına sırğalanır, damarlarına qarışır, ürəklərinə hakim olur. Səməd Vurğundan sonra Azərbaycan poeziyasının ən ilhamlı şairlərindən biri, bəlkə də birincisi Zəlimxandır. O, bir bulaqdır qaynayır və tükənmək bilmir... Zəlimxan bizim qənimətimizdir, xalqımızın qismətidir, poeziya sevənlərə Tanrının payıdır.
İrfan Ülkü:
Yeni bir ortaq ədəbiyyat və sənət məkanında artıq Zəlimxan Yaqub kimi şairlər, yazarlar bu məkanın hasilə gəlməsində çox önəmli təməl daşlarıdır...
Zəlimxan Yaqubun açdığı yolun daha da genişlənərək, uzanaraq XXI yüzildə yeni türk renessansının yollarına işıq salacağı bizi ümidləndirir, gələcəyə şövqlə baxmağımıza səbəb olur.
Nizaməddin Onk:
Sinəsində alov-alov duyğular parlayan Zəlimxan Yaqub xalqını, millətini sevən insandır. Türkçüdür. Türk varlığından təsirlənmişdir. Soyuna, keçmişinə içdən bağlıdır. O, öz irqinin köklü mədəniyyətə sahib olduğuna inanmış, könlünü buna vermişdir.
Azər Turan:
Zəlimxan Yaqub Saza və İrfana, Məkkəyə və Təkkəyə, Qurana və Turana, Ruha və Yaddaşa bütövlükdə istinad edir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas qaynaqlarından biri Zəlimxanın düşüncə sistemində iştirak etməsəydi, onun zehniyyəti millətin sazı, ruhu, Məkkəsi, təkkəsi, Quranı və Turanından keçib, ruhani iqlimlərin qovuşağında qərar tutmasaydı, biz Zəlimxan Yaqub hadisəsinə yəqin ki, şahid olmazdıq. Sadaladığım amillərin Zəlimxan Yaqub yaradıcılığında bir araya gəlib vəhdət kəsb etməsi, şübhəsiz ki, ötən əsrin son və XXI yüzilin ilk illəri üçün milli ədəbiyyatımızın gərəkli hadisəsi olaraq dəyərləndirilməlidir. Zəlimxan bu mənəvi amilləri vəhdət halında, kompleks şəkildə ədəbiyyatımıza gətirdi və belə bir yaradıcılıq modeli yeni dövr poeziyamıza orijinal xüsusiyyətlər qazandırdı.
Zəlimxan YAQUB
Salam ver
Gördüyün yerləri kökündən tanı,
Cığıra salam ver, izə salam ver.
Üzün dar günündə dərmanın olsun,
Yanağa salam ver, üzə salam ver.
Zərif gözəlliyi həyat çox sevir,
Həyatın başına üzərrik çevir.
Yaxşılığı ucalt, pisliyi devir,
Doğrunu salamla, düzə salam ver.
Göylərin hər yeri torpağa əziz,
Torpağa baxırsan, dalğalı dəniz.
Dünyanın hər yeri müqəddəs, təmiz,
Birə hörmət göstər, yüzə salam ver.
Təzə niyyətlərlə açılır sabah,
Təzə duyğularla əriyir günah.
Hər şeyi bizimçün yaradıb Allah,
Tanrını qucaqla, bizə salam ver.
Ətrafa, çevrəyə, çərəyə and iç,
Ürək and yeridi, ürəyə and iç.
Zəlimxan yediyi çörəyə and iç,
Zəlimxan dediyi sözə salam ver.
Döyüşən Türk
Ayaz nədir, şaxta nədir, bürkü nə,
Nə qorxudar haqq yolunda Türkü nə?
Birə düşsün düşmənlərin kürkünə,
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Silkələdin göyün yeddi qatını,
Qucaqladın doğu ilə batını.
Dur yəhərlə ərənlərin atını,
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Sabaha bax, əsr səni gözləyir,
Qala səni, qəsr səni gözləyir.
Məhkum səni, əsir səni gözləyir,
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Qılınmasa başımızın çarası,
Silinərmi üzümüzün qarası.
Altay ilə Anadolu arası
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Döyüşdədir ağlın, huşun yolları,
Döyüşdədir uçan quşun yolları,
Döyüşdədir qurtuluşun yolları,
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Əritmisən əriyəntək qar suda
Romanı da, Bizansı da, Farsı da.
Qala kimi təzədən qur Qarsı da,
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Gilqamışdan, Alpamışdan, Manasdan
Geri qalmaz, dastan olsun bu dastan.
Qurtar bizi bu həsrətdən, bu yasdan
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Hardan hara getdiyini bilən yol,
Üfüqlərə qovuşanda gülən yol,
Atilladan Atatürkə gələn yol,
Qalxan olsun, başın üstə, qalxan Türk!
Çanakkala, Malazgirdin davamı
Türk deyil ki, öz qanından qorxan Türk!
Təmiz süddən mayalansın, doğulsun,
Mete kimi, Oğuz kimi bir xan, Türk!
Yaddaşımda sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman Qazi, Orxan Türk!
Yenə Tanrı dağlarını qucaqla,
Dəniz kimi dalğalan Türk, çalxan Türk,
Döyüşən Türk, oyanan Türk, qalxan Türk!
Bu yaşıl ağacın
altı bizimdi
Kök üstə budağı neçədi, bildim,
Budaqda yarpağı neçədi, bildim.
Salxımı, saçağı neçədi, bildim,
Bu yaşıl ağacın altı bizimdi.
Saçağı tərpənir tellərin kimi,
Yarpağı oynaşır əllərin kimi,
Düyməsi açılıb güllərin kimi,
Bu yaşıl ağacın altı bizimdi.
Bu sevgi, bu layla, bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim.
Nəyimizə lazım ev-eşik bizim,
Bu yaşıl ağacın altı bizimdi.
Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən.
Xoş bir xatirədi iki ömürdən,
Bu yaşıl ağacın altı bizimdi.
Könlümüz havalı, gözümüz də ac,
Gəncliyin havası başımızda tac.
Bir sənsən, bir mənəm, bir yaşıl ağac,
Bu yaşıl ağacın altı bizimdi.
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
Dən kimi səpələ, toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini çək.
Hələ bizdən sonra çoxu deyəcək,
Bu yaşıl ağacın altı bizimdi.
Vəfalıymış
Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran, nə də bir çağ vəfalıymış.
Min bir daş ürəkli dostdan, tanışdan,
Bir daşlı, qayalı dağ vəfalıymış.
Nə toxa bel bağla, nə aca söykən,
Nə ada, şöhrətə, nə taca söykən.
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan dilində min dürlü dastan,
Gah toydan söz açar, gah da ki yasdan.
Bahalı köynəkdən, əlvan libasdan,
Kəfən etibarlı, ağ vəfalıymış.
Şahdan gəlib
şaha gedən yoldayam
Dan yerindən əsən mehə bələndim,
Mehdən gəlib mehə gedən yoldayam.
Duru gəlib, duru qalmaq eşqinə,
Şehdən gəlib şehə gedən yoldayam.
Libası qəm, paltarı qəm, donu qəm,
Günlərimin beşi sevinc, onu qəm.
Bu dünyanın əvvəli qəm, sonu qəm,
Ahdan gəlib aha gedən yoldayam.
Yağış mənim, boran mənim, qar mənim,
Uçurum mənim, keçid mənim, dar mənim.
Ucuz yolda nə ölümüm var mənim? -
Baha gəlib, baha gedən yoldayam.
Lələ mənəm, Kərəm mənəm, kül mənəm,
Kül içindən baş qaldıran gül mənəm.
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gəlib şaha gedən yoldayam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!