Mikayıl Müşfiqin “Şair və vətəndaş” dramatik səhnəciyi - Hacı Firudin Qurbansoyun təqdimatında

 

 

Ey həyat qınına girməyən qılınc 

Belə bir söz var ki, bütün ömrü boyu, hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, hər bir kəs öz avtoportretini çəkir. Bu portret sözlə, söhbətlə, musiqiylə, foto, tablo və ya da cizgilərlə çəkilib yadda qalır. Mikayıl Müşfiqin (05.06.1908 – 06.01.1938) “Ey həyat qınına girməyən qılınc” misrası onun bütün xarakterini, həyat yolunu, məramını əks etdirən avtoportret cizgisidir. Bu misra “Şair və vətəndaş” adlı dramatik səhnəciyindəndir. Çox təəssüf ki, kitablarının hamısında bu əsər  yersiz ixtisarlar və ehtiyac duyulmayan düzəlişlərlə nəşr olunub.

Sovet quruluşunun məddahlarına cani-dildən inanan 12 yaşlı Mikayıl az sonra, özü də V.İ.Leninin təbirilə desək, “çarizmdən alınıb üzərinə bir az sosializm boyası çəkilmiş” yeni quruluşun üst görünüşünü təriflədi.

Sovet yazıçıları cərgəsində böyük bədii dəyərli sözü və mərdanə şəxsiyyətilə öz obrazını yarada bilən şair, başqa həmkarları kimi, quruluşun verdiyi imtiyazlardan bəhrələnib. O dövrdə hər bir yazar öz əsərini bədii dərgilərdə çap edib (qələmiyyə) qonorar alır, bundan əlavə, kitabının nəşrindən də yaxşı maliyyə vəsaiti əldə edirdi. Hər bir yazar, mütləq mənada tərcümə fəaliyyəti də göstərməli, tərcümələrini nəşr edib qonorar almalıydı. Şairin hər misrası 5 qəpik dəyəri ilə ödənirdisə, tərcümənin hər misrasına 1 manat qonorar  verilirdi. Bundan əlavə, Yazıçılar İttifaqının hər bir üzvü, istedadı var, ya yoxdur, fərq eləməz, teatr səhnəsi üçün mütləq bir əsər yazmalıydı. Müşfiqin 1937/1938-ci il mövsümündə səhnəyə qoyulmaq üçün teatrla yaradıcılıq müqaviləsi olub.

Şairin atası, Azərbaycan ədəbiyyatında opera librettosu janrının banisi Mirzə Əbdülqadir Molla İsmayıl oğlu İsmayılzadə Visaqi hicri-qəməri tarixlə 14 zilhiccə 1281-ci ildə  (05.06.1865), bazar günü Xızıda dünyaya gəlib, 15 zilhiccə 1332-ci ildə (22.10.1914), çəharşənbə günü  Bakıda vəfat edib. (Doğum gününə diqqət edilirsə, oğlu Mikayıl Müşfiqlə (05.06.1908) bir gündə dünyaya gəldiyi aydınlaşır. Bəlkə də bu mistik uyarlıq, Ümumdünya Poeziya Gününə müvafiq olaraq, Azərbaycan öz şairlər gününü 5 iyunda sabitləşdirdi.) Atasında olmuş teatr səhnəsi üçün mənzum pyes yazmaq vərdişini özündə formalaşdırmaq üçün Mikayıl Müşfiq dramatik poemalarından başqa, poetik səhnə eskizləri də yaratdı. Bu baxımdan, şairin  “İnqilab və Mədəniyyət” jurnalının 1935-ci ilin iyun-iyul aylarını əhatə edən birləşik  № 6-7 (124-125) nömrəsinin 6-7-ci səhifələrində çap olunmuş dramatik səhnəciyi böyük maraq kəsb edir.

Sovet dövrü yazıçılarının yaradıcılıq kredosu Nikolay Alekseyeviç Nekrasovun (1821 – 1877) 1855-ci ildə yazdığı “Şair və Vətəndaş”  (“Поэт и Гражданин”) adlı dialoq formalı xırda  poemasında Şairə Vətəndaşın dili ilə söylənən “Şair olmaya bilərsən, Amma vətəndaş olmağa borclusan!” (“Поэтом можешь ты не быть, Но гражданином быть обязан”.) misraları əsasında formalaşdı.

Poeziya teatrlarının repertuarı üçün maraq yaradacağını nəzərə alaraq,  Mikayıl Müşfiqin “Şair və Vətəndaş” dramatik səhnəciyini olduğu kimi, dəyişdirmədən təqdim edirəm:

Kursivlə göstərdiyim misralarda şairimizin avtoportreti daha aydın görünür.

 

Mikayıl Müşfiq

"Şair   və vətəndaş"

 (Sərin bir yaz axşamı... üfüqdə can verən günəşin sarı, solğun işıqları, əriyib töküləcəkmiş kibi... Göy üzündə kömə-kömə pambıq buludlar... Qalın, əsrarlı bir ormanın ətəyindəki dərənin göy söyüd kölgələri altından rəngarəng daşlara çarpa-çarpa köpüklənən, dilbər-dilbər süzülən, axan bir su... Ətraf bir çiçək dəryası... bu çiçək dəryasını dalğalandıran axşam rüzgarı... Bu aləmdə bir şair LAÇIN təbiət qarşısında vəcdə gəlmiş kibi... ətrafı heyran-heyran seyr edər; baxışlarında sonsuz nəşəli parıltılar... Arkadaşı QARAŞIN klarnetdə nəşəli, məsud bir hava çalmaqla məşğul).

LAÇIN - (gəzindiyi sırada durar, bir göyə, bir yerə baxaraq, köksünü ötürüb havanı doyunca içərisinə çəkər).

Nə çıxar şəhərin gurultusundan?

O geniş küçələr – bir qara zindan.

Dəhlizindən daha dəhşətli, qorxunc...

Gördüyün dəmirdir, eşitdiyin tunc.

Nə qədər gözəldir, lakin təbiət,

Bu əlvan mənzərə, bu nazlı xilqət,

İnsana gərəksiz şeylər duyurmaz;

Hissi, düşüncəyi, xəyalı yornaz.

(yaxındakı yoldan traktorun səsi eşidilir. QARAŞIN klarneti bir tərəfə buraxaraq)

 

QARAŞIN -

İştə, traktorun gurlayan səsi,  

Makinə nəğməsi, zavod nəğməsi...

Təbiət gözəldir, çirkin gözəldir...

Onu da şənlədən əməkdir, əldir.

Hər yerdə varmıdır bu çağlayan su,

Ey yeni dünyanın köhnə yavrusu?

Oxu keçmişini yazıq Muğanın,

Oxusan, bilirəm, qaralar qanın.          

Həyatdan bixəbər zavallı bir çöl,

Köksündə bir yara hər çamurlu göl,

Gündüz bu çöldə bir cəhənnəm yanar,

Əsər ruhunda bir hümmalı ruzgar.

Bir dərd qafiləsi yürür bu çöldən,

Su içər çamurlu hər sarı göldən.

Dodaqlar qupquru, göylər buludsuz,

Hamsı düşüncəli, hamsı umudsuz.

Çıxmış müsəllaya o yanda bir kənd,

Kəsilmiş ney kibi ruhları bənd-bənd.

Dodaqlar duada, əllər yuxarı,

Bütün gənc-ixtiyar, bütün qız-qarı

Hamsı dilənmədə bir heçdən imdad,

Çarpır üfüqlərə bir acı fəryad.

Sonra zənci kibi qara bir gecə,

Gecənin ruhuna don işlədikcə,

Ürpəyir tük kibi sararmış otlar,

İsti bir gündüzə bənzər umudlar.

Hər tərəfdə soyuq, hər tərəfdə don,

Ah, bu üşütməyə kim verəcək son?!

Ah, bu üşütmənin dərmanı kimdə?

Hansı xilaskarda, hansı həkimdə?

Budur, göy üzündən bulud çəkildi,

Göydən yerə gümüş sular töküldü.

Bu çöldən bir uzun karvan ilərlər,

Karvanın önündə yazıq, dərbədər

Dumanlı bir şəkil, kürkə bürünmüş,

Bu çöldə neçə il, görən sürünmüş

Bu zavallı şəkil?  Qılınc bir soyuq,

Boğazı qurumuş, nəfəsi boğuq.

Karvan ilərləyir, uzanır yollar,

Hər yıldız ona bir təsəlli yollar...

Bu zavallı çöldə səs yox, səda yox,

Bir sərin çeşmə yox, bir saf hava yox.

Keçdi keçən günlər, bu yeni dünya

Artıq möhtac deyil çörəyə, suya.

Arxlar hazırlanmış, novlar təmizdir.

Bizim sarsılmayan qüdrətimizdir

Bu uçuq dünyanı yenidən quran.

Arası coşduran, Kürü coşduran.

Əl çatmaz arzular əlimizdədir;

Sərxoş axan sular əlimizdədir;

Əvət, insan oğlu hər şeyi yapdı,

Çayları qovladı, dağları çapdı;

Kanallar çəkərək Kürdən, Arasdan,

Susuz bir yürəyi çıxardı yasdan.

Bircə kölgəsini qıymaz təbiət,

Olmasa texnika, olmasa zəhmət!..

 

LAÇIN -

Texnika meyvəsi acıdır bir az;

Nəydi o top, tüfəng, o zəhərli qaz,

O məhşər, o fəğan, o Cahan hərbi?!.

Süpürdü elləri bir taun kibi;

Vəhşilik devrində bu yazıq insan

Bəlkə görməmişdir bu qədər al qan!..

 

QARAŞIN -

Bizim fikrimiz də bu gün öyləmi,

Texnika hərb üçün bir vəsiləmi?

O böyük Leninin son xitabından

Şanlı Oktyabr inqilabından

Sonra bilirsiniz, hər şey dəyişdi.

O da bir fitnədi, o da bir işdi.

Bilməm bu duyğular səndə neçindir?

Biz də texnika da həyat içindir.

(QARAŞIN  yenə klarnetini alaraq çalmağa başlar, şair LAÇIN, baxışlarında dərin bir düşüncə yerə dirsəklənib, əlində bir dəftərçə, yazar, oxur, oxur, yazar).

 

LAÇIN -

El köçdü, sən qaldın hamıdan arda,

Nə qədər acıdır bu arda qalmaq...

Qoç bir əsgər kibi vuruşmalarda

Yığılıb, kimsəsiz yollarda qalmaq!..

Yazıq deyilmidir? Duyan könüldə

Bəslənən bir əməl, tarımar olsun?

Qalmışkən bülbülün gözləri güldə,

Üstünü kəsdirən son bahar olsun?

El köçdü gen qaldı, şair qrupu...

Səni də ağladan həmən xəyaldır.

Ömür günəşinin vaxtsız qürubu.

Həyata verilən sərt bir sualdır...

 

QARAŞIN - (klarneti dodaqlarından çəkərək gileyli)

Burax bu hissləri, ey şair, burax,

Gördüyün, bildiyin şeylərdən danış.

Ağac qələmini yaxşı çırparaq;

Gətirdiyin yeni səmərdən danış.

Bu üzgün duyğular, qara fikirlər

Sürür gəncliyini heçliyə doğru.

Onlar, bir qır kibi varlığı kirlər,

Onlardan, ey şair, özünü qoru!

Həyatla olsaydı dərin rabitən;

Ruhun qaralmazdı gecələr kibi.

Solmazdın, sularda yaşayan, bitən

Bir öksüz baxışlı neylufər kibi.

Bir məzar qoxusu verən sözlərin

Zamanın ruhuna uzaq, yabançı.

Çəpərlər içindən baxan gözlərin

Bir qəmli quş kibi nə qədər acı!

 

LAÇIN -

Neçin yabançıyam mən bu varlığa,

Fikrimdə, hissimdə bu nə sükutdur?

İçərim bənzəyir bir məzarlığa,

Gecələr ayazdır, gündüz buluddur.

Neçin hər sevincdən, hər ixtilafdan

Uzağam, qaranlıq bir buçaq kibi.

Üzülmüş kibiyəm mən bu həyatdan

Qırılan yaralı bir budaq kibi.

Mənim yoldaşlarım birər komandan,

Həpsi ilərdədir, həpsi öndədir.

Bu dərin həyatı duyub qanandan,

Mənimsə həyatım yaman gündədir...

 

QARAŞIN -

Xayır, ey şairim, sən bu varlığı,

Yaxşı anlamadın, yaxşı duymadın.

Göylərdə aradın bəxtiyarlığı,

Bu gözəl həyata məhəl qoymadın.

Bir münzəvi kibi yaşayıb dedin:

“Həyat, mübarizə - bir, rəng deməkdir”.

Çoraq duyğuları oxşayıb dedin;

“Sənət – xəyal ilə ahəng deməkdir”.

Anlamadın, dedin, “yaxşı düşünsən,

Şeiriyyət olamaz bizim devirdə”.

Dedin, ey şairim, utanmadan sən:

“Texnika öldürür sənəti” – bir də,

Əlində bir köhnə şeir divanı,

Dilində səsləndi səsləndi ölgün qəzəllər...

Anlaya bilmədin yeni insanı,

Bilmədin nəçidir yeni gözəllər,

Bütün yoldaşların düşdü qabağa,

Qurdular qəlblərdə heykəllərini.

Bu dəmir divlərin sən, ey tısbağa,

Yoxsa bəyənmədin əməllərini!

Nədir ruhu qırıq bu zümzümələr,  

Bunlar həyat üçün zəhərdən acı.

Mən bir vətəndaşam, əski nəğmələr,

Dərdli şikəstələr mənə yabançı.

Həyatı coşduran, dalğalandıran,

İləri aparan nəğmələr hanı?

Hanı, bir möhtəşəm divi andıran,

Şeir qəhrəmanı, söz qəhrəmanı?

Hanı, tükəndimi sevincin, odun,

Sən xəzəl kibisən bahar içində.

Göz yaşında üzən solğun vücudun

Bir sarı yarpaqdır sular içində!..

 

LAÇIN - (xəstə, həzin, yorğun bir halda)

Burax, dostum, burax, bu töhmətləri,

Qəlbimə toplanan müsibətləri,

Sən də səsləndirmə bir başqa sazda,

Duyduqca sızlayır qəlbim bir az da,

Varlığım şam kibi yanmağa başlar.

Başımda atəşlər, gözümdə yaşlar...

(göylərə baxaraq)

Baxınız, baxınız, kül rəngli göylər,

Ağlayan, bir çocuq üzünə bənzər...

 

QARAŞIN -

Sənin hər bir sözün dolayısı ilə,

Dərdini açmağa birər vəsilə.

Sən bulud deyilsən, ağlama şair;

Çağlayan deyilsən, çağlama, şair.

 

LAÇIN -

(ətrafa dərin, şövqlü, vəcdli bir nəzər ataraq)

Nə qədər lətifsən, sən, ey təbiət,

Ey nöqsansız gözəl, ey ulu xilqət.

Ey daim dolanan, dəyişən fələk

Sən ey azadlığı andıran külək...

Ey göylərdə süzən yelkən buludlar;

Ruhumu özünə çəkən buludlar.

Sən ey, qarşımdakı yaşıl mənzərə;

Ey qorxunc uçurun, ey dərin dərə!

Ey yar zülfü kibi ətirli orman,

Sən ey ahım kibi yüksələn duman

Ey fleyta kibi səslənən budaq;

Bir gümüş ney kibi inləyən irmaq;

Ey donmuş dalğalar, çiçəkli düzlər;

Sırmalı gecələr, atlas gündüzlər.

Ürəkdən sevdiyim ey qış, ey bahar;

Sizin öz ruhunuz, öz qəlbiniz var,

Sizin sözləriniz daha dərindir,

Ağlar gözləriniz daha dərindir.

Ey bəndən uzaqda görünən dəniz,

Məni bir azacıq düşünsəydiniz...

Ruha təbiətin əbədi, dərin,

Şeirini oxuyan gur ləpələrin

Dəliliklərini, üsyanlarını

Onların ağappaq tufanlarını,

Coşqunluqlarını düşündükcə mən,

Bir müddət ayrılıb öz mənliyimdən,

Hazıram həyatdan uzaqlaşmağa,

Hazıram sizinlə qucaqlaşmağa...

 

QARAŞIN -

Bayron da sevmişdi bu təbiəti,

Yıldırım hiddəti, bulud riqqəti,

Onun da şeirində çaxdı, ağladı;

O da bu şeylərə baxdı, ağladı.

Təbiət dediyin – vəhşi bir heyvan,

Onu əhli edən insandır, insan!

Olmasın başına sözlərim qaxınc,

Ey həyat qınına girməyən qılınc.

Sənin təbiətlə döyüşün belə,

Yoğrulmuş bir dərin iztirab ilə

Varlıq nə qorxulu, nə gülməlidir.

Onu çox dəyişən insan əlidir.

Bu olduğu kibi görünən aləm

Nə sevinc duyurur o, kədər, nə qəm.

Bir bulud parçası, bir gözəl durub,

Bir dalğa, bir çəmən səni coşdurub.

Həyəcana salan bütün bu şeylər,

Ey şair, nə səni çox qəmgin eylər,

Nə çox şənləndirər; safdır təbiət,

Ona artıq kədər, artıq məsərrət

Verən öz hissiniz, öz fikrinizdir,

O bizi incitməz, o çox təmizdir...

 

LAÇIN -

Əvət, qəribədir xislətim mənim,

Dinlə, uzunsa da söhbətim mənim,

Mən çıxdım ziyalı bir ailədən,

Xəyalımda MİLLƏT, ruhumda VƏTƏN...

Məndən az etmədi bunları tələb

Sonra oxuduğum o köhnə məktəb.

O vaxt inqilabın ilk illəriydi;

Çevrəm yenilikdən çox-çox geriydi.

Həyatdan çəkildim, işdən çəkildim,

Nə qomsomol bildim, nə firqə bildim...

Sonra da qarşıma çıxdı bir gözəl

Ruhumda titrədi incə bir əməl...

Əvət, yaman sevdim, onu sevərkən

Etdim saçlarını ağlıma yelkən

Sahilsiz eşqimin dənizlərində.

Üzdüm bu dəryanın dərin yerində,

O gözəl olmuşdu ruhuma hakim;

Mənim düşüncəsiz, xəyali sevgim

Onu az qırmadı, az incitmədi

Onunla da qəlbim yola getmədi,

Onu da özümə yabançı sandım,

Canandan usandım, candan usandım...

Sonra baş götürüb gəldim bu kəndə;

Çırpındı quş kibi ruhum bədəndə,

Bu kənddə başladım müəllimliyə,

Bir də şeir üzü görməyim, – deyə;

Küsərək sənətim ədəbiyyatdan,

Dərs dedim neçə il riyaziyyatdan.

Bu kənd, bu kənd məni qoynuna aldı,

Çocuq ilhamıma ninnilər çaldı.

O gündən alışdım mən təbiətə,

Nə qədər söz dedim şən təbiətə,

Məni dinləndirən həmən təbiət

Bu qərib könlümü yordu nəhayət,

Sənə söylədiyim məhəbbət kibi,

O nazənin kibi, o afət kibi...

Bəzən göz yumaraq bütün varlığa,

Xəyalım yol saldı bir məzarlığa;

Həyat arzuları önündə, lakin

Könlüm əmr eylədi: bu yoldan çəkin.

Qəmgin düşüncələr başında söndü,

Yaşamaq eşqiylə qəlbim döyündü.

Əvət, bu dünyada mənim kibilər

Dəyişib olarkən məsud, bəxtəvər,

Duyaraq çarpışmaq ehtiyacını,

Silib qəlbimdəki köhnə acını

Çoxlara qoşulmaq istədim mən də;

Mühitin ruhunu şaşqın görəndə,

Tutub ətəyimdən çəkdi iləri;

İndi ürəyimdə olan şeyləri

Məncə, birdən-birə atmaq çətindir;

Bilmədən hər sözə yatmaq çətindir.

Könül! Nə çətindir bu əhliləşmən,

Vəhşi qaplanmısan, arslanmısan sən?

Əllərim çataydı, düşəydin girə,

Gör necə bağlardım səni zəncirə!..  

 

QARAŞIN -

Arkadaşım Laçın. Yoldaşım Laçın,

Yersizdir büsbütün bu dərin acın.

Sən kimsən, nəçisən, kainat bilir,

İnsanın qədrini bu həyat bilir.

Bilirəm, sən bizə düşmən deyilsən,

Burax bu uğursuz tərəddüdü sən.

Səndən, bir şey umur əməkçi xalqın,

Səadət yolçusu, bu dəmir axın.

 

LAÇIN -

Bir zaman düşünüb fikrə gedərkən,

Sanırdım artığam cəmiyyətdə mən.

Bu köhnə mənliyim, bir dar qəfəsdi,

Bu qəfəs əlimi, qolumu kəsdi.

Bir nəfəs uçmağa bulmadım imkan; 

Gözümdən od çıxdı, başımdan duman.

Bu gülünc həyatdan nə çıxsın, – dedim,

Bir dəfə özümü boğmaq istədim.

İradəm buna da çatmadı, əfsus...

Oyaq qüssələrim yatmadı, əfsus...

Bir də ki, haqqımda fitnələr qusan,

Ayağımdan çəkən, başımdan basan

Hiyləkar adamlar, murdar adamlar

Bütün insanlıqdan kənar adamlar;

Az incitmədilər məni dünyada,

Köhnə bir ney kibi gəldim fəryada.

Könlümdən onların acısı getməz,

Yazmaqla qurtarmaz, deməklə bitməz.

Çox incitdi məni tək-tək adamlar;

Saf-çürük olunsun gərək adamlar!..

 

QARAŞIN -

Səni küsdürməsin boş danışıqlar,

Göz önündə böyük bir məfkurə var,

Onu tut, onunla yürü iləri,

Sən dünyada axan böyük selləri,

Buraxıb, sızlayan, əriyən axan,

Axışı insanı məlul buraxan

O zəif, o cılız sulara baxma,

Hər duyğu oduna könlünü yaxma.

Deyirlər – toz qopar qaya uçanda;

Haman şey olmuşdur indi cahanda.

Sən böyük şeylərə çevir üzünü

Gələcək günlərə söylə sözünü.

Şair, səndə böyük bir qüvvə vardır,

Gizli xəznələrə dilin açardır...

 

LAÇIN -

Məni həyat sevir, həyat çağırır;

Dəyiş, yüksəl – deyə bar-bar bağırır;

O deyir: – yüksəliş dəyişmək istər;

Sən də dəyişməklə özünü göstər.

Mənim ürəyimdə bir ikilik var;

Keçmişdən aldığım dərin duyğular,

Acı tərbiyələr ruhuma hakim,

Duyduğum acını duysaydı hər kim,

Baxtının yıldızı sönmüşdü çoxdan;

Bir ovuc torpağa dönmüşdü çoxdan...

Məni əski hava zəhərləmişdir,

Yalançı bir sevda zəhərləmişdir.

Məni öz yoluna çəkmək istəyən,

Aldadıb başımı əkmək istəyən

Əfsanə bir yolun çürük hissləri

Məni sürüklədi hər zaman geri.

Daim həyat mənə eylədi gəl-gəl,

Tərbiyəmsə mənə oldu bir əngəl!..

Duyğum düşüncəmi göyə sovurdu,

Ürəyim ağlımı daşlara vurdu.

Bu yeni aləmin gözəllikləri,

Onlar ki, insanı çəkir iləri.  

Onlara vaxtiylə xor gözlə baxdım,

Bir yıldırım oldum, özümü yaxdım...

 

QARAŞIN -

Mən bilirəm, sənin havalı könlün,

Dönüb bir tərlana, uçmaq istəyir.

Və bir məhbus kibi sevdalı könlün,

Qırıb qandalını qaçmaq istəyir.

Bil ki, sallanışı hər yaşıl dalın,

Başqa bir küləkdən, bir havadandır.

Şura ellərilə yelkən xəyalın

Qızıl dənizlərdə üzərsə, şandır.

Sən bir qılınc kibi əldə parılda,

Qalxan kökslərdən keçən mızraq ol,

Ağır toplar kibi gur-gur gurulda,

Daim döyüşkən ol, daim qıvraq ol!

Günəş işığından, Ay işığından

Aldığın ilhamla ruhları parlat,

Qəlbinin, beyninin qarışığından

Göylərə sığmayan bir cahan yarat;

Sən həyat eşqindən götür aşqarı

Həyat qanadlanır, sən də qanadlan.

Qarşında möhtəşəm zaman dağları,

Zaman dağlarını indidən atlan!

 

LAÇIN -

Əvət, mənim kibi şaşqın insana,

Bu sözlər ən böyük bir təsəllidir;

Nə deyim, arkadaş, nə deyim sənə,

Xəyalım bəllidir, fikrim bəllidir.

Bəllidir, sevdiyim vətəndaşlara,

Mən kiməm, nəçiyəm, nədir məqsədim.

Ayağım toxundu hankı daşlara,

Hətat yollarında neçin axsadım.

Sən mənim qəlbimin, olduğu kibi,

İncə tellərini oxut və dindir.

Həbsinə iki ildən də az qalan bir zaman kəsiyində yazdığı bu dramatik  səhnəcikdə şair Laçın obrazında həm öz həyatının incə məqamlarını, ilk məhəbbətini, öz xarakterini, taleyini, yaradıcılıq psixologiyasını, həm də dövrünün, ətraf mühitin canlı rəsmini yaratmağa nail olub. Rəmzi Vətəndaş obrazında klarnet ifaçısı Qaraşın təqdim edilib, “üzüqara” mənasını nəzərə çatdırmaq üçün bu ad seçilib. Öz sözünü deməyən yalançı, “öz havasını çalmayan” çuğullara el arasında “zurnaçı”  deyirlər. Klarnet bizim milli musiqi alətimiz olmadığı üçün, şair rəmz diliylə şairlərə yön göstərən, onların ruhunu tənzimləyən  vəzifəli yad ünsürün xarakterini çox dəqiq göstərə bilib. Haqqında böhtan dolu “tənqid” yazan, ittiham etməyə çalışan nadürüstlər də nəzərdən qaçmayıb. Mikayıl Müşfiqin bu əsəri, onun ruhu sarsıntılarını daha yaxından duymaq üçün həm də poetik xatirat kimi çox qiymətlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!