İslam İbrahimov-100: Həssas və müasir ruhlu tənqidçi - Vidadi QAFAROV

 

İslam İbrahimovun demək olar ki, bütün əsərlərində onun yaradıcı təbiəti öz əksini tapır, onun tənqidçi "mən"i qarşımızda durur. Həm də bu "mən"in qiymətli cəhəti ondadır ki, o, sırf sənət mövqeyində dayanan "mən" kimi deyil, daim oxucu-tamaşaçı-tənqidçi mövqeyində dayanan "mən" kimi çıxış edir.

İ.İbrahimovun tənqidçi təfəkkürünü narahat edən, onu düşündürən nədir? O, tədqiq və təhlil etdiyi predmet və hadisəyə hansı meyarlarla yanaşır? Tənqidçinin sənətə yanaşdığı meyarlar: tarixilik; müasirlik; ənənə və novatorluq; həyat həqiqəti ilə sənət həqiqətinin uyğunluğu; məzmun və formanın vəhdəti; bədiilik meyarlarıdır.

Tənqidçi, tarixilik və müasirlik olmadan ənənə və novatorluğu, ənənə və novatorluq olmadan həyat həqiqəti ilə sənət həqiqətinin uyğunluğunu, bunlar olmadan məzmunla formanın vəhdətini və ən nəhayət, bədii, sənətkarlıq səviyyəsinin yüksəkliyini təsəvvür etmir. Bütün bunlar onu göstərir ki, İslam İbrahimov təbiəti etibarilə daim materialist estetika mövqeyində duran tənqidçidir. İ.İbrahimov tənqidi - təhlil etdiyi predmet və hadisəyə sənətlə varlığın əlaqəsi və qarşılıqlı təsiri baxımından yanaşan, çıxardığı nəticə və ümumiləşdirmələrdə sənətin və varlığın ümumi, dialektik qanunauyğunluqlarına əsaslanan tənqiddir.

Tənqidçini düşündürən başlıca problem, sənətkar və zaman problemidir. Bu baxımdan, özünün yeganə kitabını "Əsr və sənətkar" adlandırması da təsadüfi deyil. Onun təsəvvüründə əsrdən, zamandan, deməli, həmin dövrün insanlarından ayrı sənət və sənətkar yoxdur. Ona görə də "sənətkarın əli həmişə zamanın nəbzini tutmalı, bədii söz kimi kəsərli silahı sərrast işlətməyi bacarmalıdır", çünki "əsl sənətkar vətəndaşdır, öz əsrinin oğludur, əsrin sevinci də, kədəri də onun həssas qəlbində əks-səda doğurmaya bilməz, dövrün başlıca problemləri onu düşündürüb, həyəcanlandırmaya bilməz". Yəqin, özünün bu şərtə əməl etməsinin nəticəsi idi ki, o, yaradıcılığını fundamental elmi tədqiqatlara deyil, dövrün səsinə daha çox səs verən, şünaslığın daha operativ sahəsi olan Tənqidə həsr etmişdi.

Elçin məqalələrinin birində belə bir fikir söyləyirdi ki, "Azərbaycan ədəbi tənqidi çox zaman təhlil etdiyi əsərlərə hələ nəinki dünya ədəbi prosesi baxımından, hətta ümumsovet ədəbi prosesi baxımından belə yanaşmır və bu zaman söhbət hərtərəfli tam təhlildən yox, məhz "məhəlli təhlildən" gedir". İslam İbrahimovun tənqidi yaradıcılığı özünün məhz belə bir "məhəlli təhlildən" uzaqlığı ilə, dərin həyati, estetik müşahidəçiliyi ilə diqqəti cəlb edir. Tədqiq etdiyi predmet və hadisələri dünya və sovet incəsənəti, ədəbiyyatı ilə müqayisəli şəkildə təhlil etmək onun tənqidi yaradıcılığının ən səciyyəvi cəhətlərindəndir. Tənqidçinin bu cəhəti bir tərəfdən onun dünya mədəniyyəti nümunələri ilə yaxından tanış olmasından irəli gəlirsə, digər tərəfdən, onun Azərbaycan ədəbiyyatı və incəsənəti nümunələrinə nə dərəcədə yüksək sənətkarlıq mövqeyindən yanaşdığını göstərir.

İslam İbrahimovun tənqidi əsərləri həmişə liberal tənqiddən uzaq olmuş, müxtəlif ədəbi mübahisələrdə və müzakirələrdə fəal iştirak etmişdir. Bu baxımdan, tənqidçinin "Tarixi optimizmin yollarında" monoqrafik məqaləsi xüsusi qeyd edilməlidir. "Müasir roman və povestlərin tənqidindəki mübahisələr"dən bəhs edən və həmin mübahisələrdə iştirak edən bu məqalə, istər elmi-nəzəri səviyyəsi, ümumiləşdirmələri, istərsə də məsələlərin qoyuluşu, tənqidi və təhlili baxımından diqqəti cəlb edir. Məqalədə təhlil, əsasən İlyas Əfəndiyevin "Körpüsalanlar", Bayram Bayramovun "Sərinlik" və İsa Hüseynovun "Teleqram" povestləri üzərində qurulsa da, tənqidçi çox maraqlı bir yol seçir və əvvəl qısa şəkildə dünya nəsr prosesinin vəziyyətindən, realizmlə-modernizmin mübarizəsindən, sovet, o cümlədən Azərbaycan ədəbiyyatşünaslığının problemlərindən danışır, sonra həmin povestlərin hər birini təklikdə, lakin dünya və sovet nəsri ilə müqayisəli şəkildə, daha sonra isə onları birlikdə dünya və sovet ədəbiyyatı kontekstində təhlil edir.

 

Tənqidçi "Tarixi optimizmin yollarında" məqaləsini ona görə yazmışdır ki, "indi dünyanın bir sıra məmləkətlərində ədəbiyyatın başlıca janrlarından biri - roman ətrafında ciddi mübahisələr gedir, daban-dabana zidd mülahizələr irəli sürülür, forma axtarışları ön plana çəkilir, mürtəce modernist sənət nəzəriyyəsi realist romanın böhran keçirdiyindən dəm vurur, onun əsas prinsiplərini inkar edir, realizm ətrafında döyüşlər, roman ətrafında şiddətli döyüşlərə çevrilir".

Ümumiyyətlə, "burjua ədəbiyyatı", "burjua nəzəriyyələri" İslam İbrahimovun heç vəchlə barışmadığı, onu xüsusi məşğul edən sahələrdən biri olmuşdur. O, "Ədəbiyyatda təftişçiliyə qarşı mübarizə zəruridir", "Modernizm həyat və gözəlliyə yabançıdır" məqalələrini birbaşa bu mövzuya həsr etmiş, bir çox məqalələrində, xüsusən "Tarixi optimizmin yollarında" məqaləsində həmin mövzu üzərində ayrıca dayanmışdır.

Hələ tənqidi yaradıcılığının ilk illərində "tənqidçilərimizin məqalələrində burjua millətçiliyi təzahürlərinə qarşı geniş, müzəffər yürüş açılmasına az rast gəlmək olur" deyən İ.İbrahimov öz müddəalarında həmişə ədəbiyyatın (deməli, həm də cəmiyyətin) ideoloji əsaslarının saflığını qoruyan, onun qayğısında, keşiyində duran bir təəssübkeş kimi çıxış edir. Amma vurğulamaq lazımdır ki, o, belə təmayülləri tənqid edərkən yalnız sovet və sosialist ölkələri ədəbiyyatının təcrübəsinə deyil, həm də kapitalist ölkələrində yaşayıb-yaradan realist sənətkarların təcrübəsinə söykənərək mülahizələrini söyləyir. Tənqidçini ən çox narahat edən "burjua ədəbiyyatı"nın antihumanist təbiəti, modernizmdəki eqoizm, insanın qadirliyinə şübhə ilə yanaşılması, həyatın puçluğunun iddia olunmasıdır. Onun fikrincə, modernizmin ən böyük bəlalarından biri odur ki, burada "konkretlə mücərrədin vəhdəti dağıdılır". İslam İbrahimov modernizmin "dünyada elə bir şey yoxdur ki, mən onun üstündə ölümə gedim" "həqiqətini" tanımır. Tənqidçiyə görə, "insanın məziyyəti onun nə dərəcədə xalqın və cəmiyyətin yararlı bir üzvü" olması ilə ölçülür.

O, burjua ədəbiyyatını tənqid edərkən belə bir qiymətli nəticə çıxarır ki, "müasir alman mücərrədçisini İtaliya mücərrədçisindən, Fransa mücərrədçisini Amerika mücərrədçisindən seçmək mümkün deyildir. Buna görə də modern sənət heç bir zaman beynəlmiləl sənət dili ola bilməz, çünki beynəlmiləl mahiyyət, milli formalarda meydana çıxır". Elə ona görə də "müasir burjua sənətkarlarının ilham qaynaqları qurumuşdur... - əvəzində isə... burjua ölkələrində... böyük realist ənənələrə... əsaslanan və bu ənənələri davam etdirən sənətkarlar... əsl bədii və mədəni sərvətlər yaradırlar".

Tənqidçi realist ədəbiyyata ona görə üstünlük verir ki, "biz ölümlər dünyasında yaşayırıq" fəlsəfəsindən çıxış edən modernist ədəbiyyatdan fərqli olaraq realist ədəbiyyat "əsl insanı... yer üzünün şərəfi, təbiətin tacı" hesab edir, insanın qadirliyinə inanır.

Ümumiyyətlə, İslam İbrahimovun yaradıcılığında həyatın sosial qatına, insan amilinə həmişə xüsusi vurğu var. Onun fikrincə, "mənəvi bir aləmdə davranan, öz fərdi xüsusiyyətləri, meyilləri olan insan bədii yaradıcılığın əsas obyekti, təsvir və tərənnüm hədəfi olmalıdır", çünki "...sənət, ədəbiyyat yalnız həyat proseslərinin yeni cəhətlərini kəşf etmək deyil, hər şeydən əvvəl, yeni insanın, xarakterlərin kəşfidir". Bu mənada, tənqidçinin Azərbaycan sovet romanının tarixini "dolğun, iri, müsbət xarakterlər yaratmaq yollarında edilən təşəbbüslər, əldə edilmiş nailiyyətlər və nöqsanlar və həmin nöqsanların aradan qaldırılması tarixi" adlandırması çox təbiidir.

Burada, Azərbaycan romanının yaradıcılıq problemləri haqqında "Ədəbiyyat və incəsənət" qəzetinin 1963-cü ildə öz səhifələrində açdığı və İ.İbrahimovun da iştirak etdiyi müzakirələrin bəzi məqamlarından danışmaq yerinə düşərdi. Həmin müzakirələrdə iştirak edən akademik Məmməd Arif yazırdı ki, "çoxcildlik romanlar bizdə yaradıcılıq müvəffəqiyyətlərindən çox, yaradıcılıq zəifliyi nəticəsi" olduğundan, "romançılarımızın ikinci nəsli romanların kompozisiya möhkəmliyinə, yığcamlığına, bədii dilin daha möhkəm olmasına xüsusi əhəmiyyət verirlər".

Hörmətli akademikin yuxarıdakı fikrini onun üçün misal gətirdik ki, həmin fikrin ikinci hissəsi, yəni "romançılarımızın ikinci nəsli romanların kompozisiya möhkəmliyinə, yığcamlığına (kursiv mənimdir - V.Q.), bədii dilin daha möhkəm olmasına xüsusi əhəmiyyət verirlər" fikri İ.İbrahimovun həmin müzakirənin daxilində xüsusi müzakirəyə səbəb olmuş - "indi romanla povest arasında mövcud olan fərqlər, hüdudlar silinib getməkdədir" mülahizəsini təsdiq etdiyi halda M.Arif bu fikrə qarşı çıxır və yazırdı ki, "mən romanla povesti bir-birinə qarışdırmaq, "hibridləşdirmək" tərəfdarı deyiləm. Roman romandır, povest də povest". Əslində, İslam İbrahimov da romanla povesti bir-birinə qarışdırmaq fikrində deyildi. O, həmçinin, Y.Qarayevin: "roman məhz" povestin "lakonizmini" qəbul edərək povestə çevrilmək (kursiv mənimdir - V.Q.) prosesi keçirir" mülahizəsinə də şərik olmurdu.

"Yaradıcı axtarışlar lazımdır" məqaləsindən bir il əvvəl realist roman və povestlərin burjua nəzəriyyəçilərinin "realist romanlar böhran keçirir" fikrindən müdafiəsinə "Tarixi optimizmin yollarında" kimi irihəcmli, monoqrafik məqalə həsr edən bir tənqidçi heç zaman "roman povestə çevrilir" deyə bilməzdi. İ.İbrahimovun dediyi sadəcə bu idi ki, "realist roman insan xarakteri və psixologiyasının dərin qatlarına enməkdə davam etməklə (yəni ömrünü davam etməklə - V.Q.) povestin lakonizmini qəbul edir" (kursiv mənimdir - V.Q.). Buradakı fikir, bizcə, çox aydındır. Ədəbi prosesin sonralar təsdiq etdiyi bu mülahizə tənqidçinin nə dərəcədə dərin müşahidəçilik qabiliyyətinə, müasirlik duyğusuna malik olduğunu çox dəqiq göstərir.

 

***

Çoxşaxəli yaradıcılığa malik İslam İbrahimov tənqidçilik fəaliyyəti ilə cəmi on beş il, 1950-1965-ci illər ərzində müntəzəm məşğul olsa da, dövrünün ən nüfuzlu, qabaqcıl tənqidçilərindən biri kimi iz qoydu.

Məqalələrinin birində "tarix o sənətkarları yaşadır ki, onlar öz sənətlərini Məcnun kimi sevə bilir, Hamlet kimi dövrün təfəkkür hüdudlarını aşır, Fuçik kimi sözü şax, mərdi-mərdanə deməkdən, sərt həyat həqiqətini bütün amansızlığı, ziddiyyətləri, gözəlliyi ilə açmaqdan çəkinmirlər" deyən İ.İbrahimov tənqidi yaradıcılıqla o vaxtadək məşğul oldu ki, dediyi bu üç şərtin üçünə də əməl edə bildi.

İslam İbrahimov tənqiddən o vaxt uzaqlaşdı ki, bu şərtlərin üçüncüsünə əməl etmək, artıq mümkün olmadı.

Tənqid tənqidçinin yoxluğunu hiss elədi, onunçün darıxdı və nəhayət, dilə gəlib: "...İslam İbrahimovun ədəbi tənqidlə məşğul olmaması təəssüf hissi doğurur. İslam İbrahimov həssas və müasir ruhlu tənqidçidir, istərdik ki, o ədəbi tənqidlə ciddi və ardıcıl məşğul olsun" (Şamil Salmanov), - dedi!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!