Həmidulla Baltabayev
Özbəkistan Milli Universitetinin Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor,
Özbəkistan Yazıçılar Birliyinin üzvü
Əsl alim ömrünün müddəti sadəcə yaşam həyatıyla üst-üstə düşmür. Müəyyən "yubiley yaşına" çatması, yaxın adamların, doğmaların və ictimaiyyətin mənəvi dayaq olması, alimin ətraf mühitdən bəhrələnməsinə baxmayaraq, həqiqi alim ömrü yaratdığı elmi əsərlərin uzunömürlü olması, bu əsərlərdəki özünüdərk və ümumbəşəriliylə ölçülür. Bu mənada filologiya elmləri doktoru, professor, hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışan Şirindil Alışanlının elmi əsərlərinə nəzər saldıqda bir daha hiss edirsən ki, elmi yaddaşın sərhədləri olduqca genişdir, elmin fundamental əsaslarında duran humanizm ideyaları olduqca böyükdür. Yeri gəlmişkən qeyd etməliyəm ki, məhz Şirindil Alışanlının elmi əsərləri məndə Azərbaycan ədəbiyyatşünaslığına maraq doğurdu, mən bu sahəni dərindən öyrənməyə çalışdım.
2010-cu il, Səmərqənd... Dünya sivilizasiyasının tarixində xüsusi yer tutan şəhərə, türk dünyasının dahiləri Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş beyəlxalq konfransa bir çox alimlər dəvət almışdı. Bu beynəlxalq konfransda professor Şirindil Alışanlı türk xalqları ədəbiyyatlarının özünəməxsusluğu məsələlərindən ətraflı danışdı, o cümlədən özbək ədəbiyyatşünaslığının mühüm nəzəri-metodoloji məsələlərinə toxundu ki, bu səbəbdən mən onunla əyani söhbət etmək istədim. Şirindil Alışanlı Səmərqəndə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor M.Kazımovla birlikdə gəlmişdi. Həmişə olduğu kimi, söhbətə özünün böyük ustadı Yuri Borev haqqında xatirələrlə başladı. Təsadüfdən o dövrdə mən də bir qrup alimlə birlikdə Yuri Borevin "Estetika" kitabının özbək dilinə tərcüməsi üzərində işləyirdim. Yeri gəlmişkən qeyd etməliyəm ki, o kitab dünyanın 50-yə yaxın dilinə tərcümə edilmişdir. Bu yeniliyə sevinən Şirindil müəllim Səmərqənddən Moskvaya, Yuri Borevə zəng vurub bu xəbəri ustadına çatdırdı. Söhbətimizin mehmanxanada, çay süfrəsi arxasında, yolda-nəqliyyatda davam etdiyinə baxmayaraq, mən bu müdrik alimi dinləməkdən xüsusi zövq alırdım, aramsız olaraq ona suallar verirdim. Şirindil Alışanlı Daşkənddə olduğu vaxtlardan, özbək şairləri Dilək Cürə və Yuldaş Eşbek ilə dostluğundan xeyli xatirələr söyləyirdi.
Şirindil müəllim məni 2010-cu ilin payızına planlaşdırılmış, akademik Bəkir Nəbiyevin 80 illik yubileyinə həsr edilmiş beynəlxalq foruma dəvət etdi. Bu forumda mənə görkəmli ədəbiyyatşünaslar, nəzəriyyəçi alimlər Y.Borev, K.Sultanov, türk alimi Yavuz Akpınarla, həmçinin bir çox azərbaycanlı ədəbiyyatşünasları ilə yaxından tanış olmaq nəsib oldu.
Bu ilk forumdan sonra mən, demək olar ki, hər il Azərbaycana səfər etdim. Müxtəlif forumlar və assambleyalarda iştirak etməkdə məqsədim öz səmimi dostumu tez-tez görmək və onun söhbətlərini dinləmək idi.
Biz tələbə dostlarımız Yaşar Qasımbəyli və Akif Bağırlının köməyi ilə Azərbaycan ədəbiyyatını Xaqanidən Ramiz Rövşənə qədər sevə-sevə oxuyub öyrənmişdik, buna görə bu ədəbiyyatın Azərbaycanda tədqiq olunması, problemlərinin araşdırılması bizim üçün çox maraqlı idi. Bu forumda mən azərbaycanlı akademik İsa Həbibbəyli ilə tanış oldum. Onun zəngin biliyinə heyran oldum, söhbətlərindən xüsusi zövq aldım. Ancaq bütün bunlarla yanaşı, mənim fikrim, diqqətim məhz Şirindil Alışanlının elmi tədqiqatları üzərində cəmlənmişdi. Moskva məktəbi keçmiş alimin "Müasir humanitar təfəkkür və ədəbi fikrin dövrləşdirilməsi problemi" başlıqlı məruzəsində XX əsrdə ədəbi-nəzəri düşüncənin inkişafı və öyrənilməsi problemlərindən bəhs edilir. Qlobal məsələlərə dair öz fikrini bildirən alim postsovet şəraitində nəzəri fikrin əsasında hansı metodologiyanın tətbiq olunmasından, XX əsrin sonu - XXI əsrin əvvəlində ədəbiyyatşünaslığın funksiyalarından danışır, ədəbiyyatın milli ideologiya ilə yaşadığını xüsusi vurğulayır. Həmin ildə nəşr edilən "Ədəbi-bədii düşüncənin sərhədləri" monoqrafiyası (Bakı, "Sabah", 2010) Azərbaycan ədəbiyyatşünaslığının nəzəri və metodoloji aspektlərinin əsasları, XX əsrin lirik poeziyasının qloballaşma kontekstində "ədəbi mif" amilinə əsaslanan imkanları, müasir Azərbaycan ədəbiyyatında eposun (poemanın) rolu kimi məsələləri əhatə edir. Alim şəxsiyyət problemini milli tarixi ənənələr fonunda araşdırmışdır. Qeyd etmək lazımdır ki, bu kitab yalnız Azərbaycan ədəbiyyatşünaslığı deyil, ümumiyyətlə türk dünyasının ədəbiyyatşünaslığı üçün mühüm əhəmiyyət kəsb edir.
6 kitabdan ibarət "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" adlanan kollektiv tədqiqat milli ədəbiyyatın ümumi estetik problemlərindən bədii xüsusiyyətlərə qədər bütün aspektlərini əhatə edir. Bu tədqiqatın ərsəyə gəlməsində Şirindil Alışanlı yalnız layihə rəhbəri və elmi redaktor kimi iştirak etməmişdir. O, həm də ədəbiyyatşünas alim kimi dərindən araşdırmalar aparmış, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi problemlərindən başlayaraq janr axtarışlarına qədər bir çox məsələləri araşdırmış, bu sahədə elmi tədqiqat işi aparan əməkdaşlarına düzgün yol göstərərək, XX əsrə mənsub milli ədəbiyyatın simasını göstərən elmi baxışın meydana gəlməsinə müvəffəq olmuşdur.
Alimin əvvəlki illərdə işıq üzü görmüş elmi əsərləri haqqında da bir neçə söz söyləməyi lazım bilirəm. Azərbaycan ədəbiyyatında romantizm problemlərinin öyrənilməsinə Şirindil Alışanlı bir yox, bir neçə tədqiqat əsəri həsr etmişdir. "Sözün estetik yaddaşı" (1994), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (2011) alimin qələmindən çıxan qiymətli elmi əsərlərdir.
Şirindil Alışanlı naşir kimi də fəaliyyət göstərmişdir. Yaşar Qarayevin "Seçilmiş əsərləri"ni (2015), "Mikayıl Müşfiqin bədii irsi və 1920-1930-cu illərdə poetik fikrin formalaşması" (2010), "Azərbaycan poeziyası antologiyası" kitablarını, həmçinin istedadlı Azərbaycan şairi Hüseyn Kürdoğlunun əsərlərinin 2 cildliyini (2011) və bir çox elmi çoxcildlikləri nəşr etmişdir.
200-dən artıq elmi əsərin müəllifi, yüzlərlə elmi və bədii əsərin naşiri və redaktoru olan Şirindil Alışanlı özbək ədəbiyyatının da gözəl bilicisidir, özbək ədəbiyyatı məsələləri barədə də söhbət aça bilir. Bizim ədəbiyyatşünaslardan da Azərbaycanda elmi işlərini, məqalələrini təqdim edənlər var.
...Alim ömrünün müddətini illər deyil, yaratdığı əsərlər, elmi irs təsdiq edir. Bu günlərdə 70 illik yubileyinin astanasında olan Azərbaycan aliminə, özbək ədəbiyyatının səmimi dostuna cansağlığı, uzun ömür, əsərləri kimi uzunömürlü olmağı arzu edirəm. Çox şadam ki, dostum professor Şirindil Alışanlının müasir Azərbaycan ədəbiyyatşünaslığının dünya miqyasında tanıdılmasında əvəzsiz xidmətləri vardır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!