Azərbaycandan Turana - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

Mən Azərbaycançılıq, Türkçülük və Turançılıqla bağlı düşüncələrimi "Azərbaycançılıq" (2006), "İdrakın üfüqləri" (2019), "Estetik meyar və bədii mahiyyət" (2022) kitablarında, "Türkə yiyə Türkiyə", "Türk - güclü deməkdir", "Turan birliyi: idealdan həqiqətə", "Etnik şüur və etnopsixologiya" kimi məqalələrdə şərh və bəyan etmişəm. "Turan birliyi: idealdan həqiqətə" yazısı "Bütün dünya türkləri, birləşin!" şüar-epiqrafı ilə başlayır. Milli ideologiyamızın əsasını qoyan "Azərbaycançılıq" (ilk nəşri "Azərbaycan ideologiyası" 1996) kitabım "Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm" şüarı ilə bitir. Bu kitab 10 il əvvəl İranda Azərbaycan dilində ərəb əlifbası ilə 1000 nüsxə çap olunub. 500 nüsxəsi tədbir zamanı bir gündə yayılıb. 

Tarixi, ictimai-siyasi və ideoloji fikir cərəyanı olaraq Türkçülük xüsusən XIX-XX əsrlərdə qüvvətlənmişdir. Bu məfkurənin iderləri M.F.Axundzadə, Ə.Hüseynzadə, Ziya Göyalp, Ə.Ağaoğlu, Yusif Akçura, Cəmaləddin Əfqani, ədəbi-tarixi fikir sahəsində Əbdülhəqq Hamid, Namiq Kamal, Tofiq Fikrət, Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Rza Tofiq idi. Məhəmməd Əmin Rəsulzadə, Ənvər Paşa, Mustafa Kamal Atatürk, Axund Ziya, Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Oljas Süleymenov, Rəcəb Tayyub Ərdoğan, İlham Əliyev XX və XIX əsrlərdə Türkçülük, Turançılıq və Azərbaycançılığın liderləri oldu. Ulu öndər Heydər Əliyev Azərbaycançılığı dövlət ideologiyasına çevirərək dünya azərbaycanlılarını bu ideologiya sayəsində ortaq məxrəcə gətirə bildi. Yeri gəlmişkən qeyd edək ki, o, "Kitabi-Dədə Qorqud", "Manas" eposlarının, Məhəmməd Füzulinin müvafiq olaraq 1300, 1000, 500 illik yubileyləri kontekstində dünya türklərini bir araya gətirməyə nail oldu. 44 günlük Vətən müharibəsi - həm silahımızın gücü - şəhidlərimizin qanı - qazilərimizin canı hesabına, həm də azərbaycançılığın və türkçülüyün vəhdəti - milli ideologiyamız sayəsinə böyük Zəfərlə başa çatdı. Məhz əsasında vətənçilik, gendaşlıq, dindaşlıq, qandaşlıq dayanan milli ideologiyamız Prezident, Xalq və Ordu birliyini təmin etdi. Bu Zəfər təkcə silahımızın yox, həm də azərbaycançılıq, türkçülük birliyinə əsaslanan Turan idealından əbədi güc alan şüurumuzun qələbəsi idi. Bu gün bu şüurun əzəmətini bütün dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici siyasətində - diplomatiyasında görür.

Biz dəfələrlə yazmış və demişik: "Azərbaycançılıq Türkçülüyün "vətən əxlaqı" müstəvisində dərkidir". Bu sözlər bizim "Azərbaycançılıq" monoqrafiyamızın qara cildinə ağ hərflərlə həkk olunub. Azərbaycan kimi dünyaya tolerantlığın nümunəsini verən ölkə polietnik cəmiyyət üçün bu ən düzgün yoldur.

Biz bir Millət olaraq Türkük, fəqət ölkəmizdə yaşayan bütün xalqlarla birlikdə biz də azərbaycanlıyıq. Azərbaycan bu ölkədə yaşayan bütün xalqların və etnik azlıqların Vətənidir. Onlar vətənçilik bağlantısı ilə bir xalq kimi mövcuddurlar. Aborigen millət olan türklər burada hansı səlahiyyətlərə və imtiyazlara malikdilərsə, onlar da həmin hüquqlara malikdir. Ölkəmizdə yaşayan milli azlıqlar "Torpaq uğrunda ölən varsa - Vətəndir!" həqiqətinə tapınaraq 44 günlük Vətən savaşında könüllü olaraq şəhidlik zirvəsinə ucaldılar. Belə fədakarlıq azərbaycançılığın əsas şərtidir. Burada heç bir milli-etnik fərq yoxdur. Ümumiyyətlə, millətlər heç bir şeydə günahkar deyil, hamısı bir Allah tanıyır və ona tapınır. "Hamımız bir günəşin zərrəsiyik" (Abdulla Şaiq).

Mən bütün millətlərə, monoteist dinlərə, dörd Səma kitabına səmimi-qəlbdən hörmət edirəm. Lakin mənim üçün iki müqəddəs varlıq var: Allah və İnsan! Qalanlar siyasətçilərin, mövhumatçıların uydurmasıdır. Peyğəmbərlər bəşəriyyəti idarə etmək üçün yaradılıb. Sonuncu Peyğəmbər Hz.Muhəmməd deyib: "Unutmayın ki, mən də adi insanam". Peyğəmbərimiz insanların ən qüdrətlisi, səbirlisi, mərhəmətlisi, ədalətlisi və nəcib sifətlisi idi. O, tarixdə Cahilliyə dövrü yaşayan bədəvi ərəbdən - səhra ərəbindən Millət yaratdı və ona dünyada yaşamaq üçün Müqəddəs bir kitab - "Quran" verdi. 

...Mənə belə gəlir ki, xüsusilə pandemiyadan sonra bizdə "soyuq qan" artıb, ünsiyyət (istilik!) mədəniyyəti azalıb. 44 günlük Vətən müharibəsinə şəhidlərimizin canı, qazilərimizin qanı bahasına, silahımızın və şüurumuzun (diplomatiyamızın!) gücü sayəsində bu amansız prosesin qarşısı bir qədər alınıb. "Bizdə bu soyuq qanları neylərdin, ilahi" - M.Ə.Sabirin bu sözləri milli taleyimizin fəryadıdır. "Rəqsi təlim ediyor, axsaqlar" bu da Turan şairi, romantik filosof Hüseyn Cavidin kədəridir: "Cühəla elm fəzilət satıyor" - da deyib Cavid Əfəndi.

Bu "qayda" Azərbaycançılığı, türkçülüyü zəiflədir, bu "yolla" Turana çətin ki, gedib çataq. İndi öz qapısından içərini millət, mənsub olduğu regionu xalq, Vətən bilənlər çoxalıb. Hər gün rüşvət, korrupsiya, vətənə xəyanət, ən amansız cinayətlərlə bağlı acı xəbərlər eşidirik. Əksəriyyəti də müəyyən vəzifə, səlahiyyət sahibləridir. Yenə əsrin sualları  dilə gəlir: "Kimdir müqəssir, nədədir nicat?". Əsr bu suala cavab verməlidir.  

Biz Turan ideallı Türk milləti olaraq, yerüstü və yeraltı sərvətlərimizdən səmərəli istifadə edərək daha qlobal prioritet problemlərin həllinə - strateji məqsədlə - Turana doğru getməliyik.

Biz hələ ötən əsrin sonlarında yazmışıq: türkçülüyün son ülgüsü - strategiyası turançılıqdır.

Geciksək dünya bizi qəbul etməyəcək. Bunun üçün mənəviyyatımızı, tariximizi, ədəbiyyatımızı bolşevizmdən miras qalmış sosioloji çamurluqdan xilas etməliyik.

Biz dünyaya sivill millət olduğumuzu bir daha sübut etdik: 44 günlük Vətən müharibəsi hər kəsə - dostlarımıza da, düşmənlərimizə də bildirdi ki, biz bir millət olaraq özümüzü tanıyırıq, daxilimizdəki gücü ortaya qoya bilirik. Qədim türklər - əcdadlarımız məşhur Orxon-Yenisey daş kitabələrinə bizə belə bir vəsiyyət həkk edib: "Ey türk oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinməkcə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön". Bilgə Kaqan (673-732).

Misli görünməmiş 44 günlük Vətən müharibəsi özümüzə dönməyimizin tarixi nümunəsi idi. Türk özünə dönəndə güclü olur. Bütün dünya türkləri bir an da olsun bunu unutmamalıdır.

Biz Turandan gəlib, Turana gedirik, daha doğrusu, Turana qayıdırıq. Bizim tarixi yolumuz belədir!

 

Sorma mana oymağımı, boyumu

Beş min ildir millət kimi yaşaram

Demə mənə Oğuz, Qayi, Osmanlı

Türkəm, bu ad hər ünvandan üstündür

Yoxdur özbək, noğay, qırğız, kazanlı

Türk milləti bir bölünməz bütündür.

 

Türkçülüyün atası Ziya Gökalpın bu misraları bizim üçün tarixdə yol xəritəsi olmalıdır.

Türkçülüyün Baş Qərargahı İstanbuldur, XIX əsrdə Macarıstan idi, XX əsrdə ən çətin dövrdə - bolşevik-daşnak zorakılığı (kommunist ideologiyası basqısı ilə Azərbaycan türkləri ya sürgün olundu, ya da mühacirət etdi!) zamanında Türkçülüyün mərkəzi - baş ştabı Azərbaycana keçdi. 1926-cı ildə Bakıda keçirilən böyük türkçülük forumu I Türkoloji Qurultay bunun ifadəsi idi. Dünya türkoloqları Bakıda bir araya gəlmişdi.

 

And içərək "Quran"a

Biz gedirik Turana

Türkün ulu yurduna

Salam verək Qurduna.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!