2003-cü ildə Prezident seçkilərində İlham Əliyev qalib olandan sonra andiçmə mərasimində əlini "Qurani-Kərim"ə, Azərbaycan Bayrağına və Ana yasasına basaraq olumsuz görünən bir vəd vermişdi:
"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!".
Milyonların görüb-eşitdiyi bu sözlər illər uzunu məni düşündürmüşdü: Prezident verdiyi sözə necə əməl edəcək? Zira, milyonlarla yurddaşın hər birinin öz istək-arzusu var və bunlar bir-birilə uzlaşmayıb toqquşa bilər.
Atalarımız demişlər: İçindəki sözü dilinə gətirməyincə, sənin qulundur. Söz dilindən çıxdısa, sən olursan onun qulu. Dediklərini yerinə yetirsən, olursan sözünün ağası.
Bizim çağdaş dünyamızda sözünün ağası olan dövlət başçılarını barmaqla saymaq olar. Verdiyi vədi yerinə yetirib, sözünün ağası olan Prezident İlham Əliyev tək Azərbaycan Respublikasının deyil, bütün dünya Azərbaycanlılarının istəyini yerinə yetirdi. Azərbaycan Ordusunun başında onun dövlət sərhədlərini bərpa etdi. Bununla da o, xalqın istəyini yerinə yetirib hər bir azərbaycanlının Prezidenti oldu. Yer üzünün gündoğanından ortasınadək bütün türk ellərini sevindirdi, birlik yolunda onları ürəkləndirdi. "Mən çox xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!" sözləri ilə çoxlarını kövrəltdi, dədə-baba yolunu saxlamaqda gənclərə örnək oldu.
Bütün azərbaycanlıların Prezidenti İlham Əliyev xalqımıza yeni nəfəs verdi, onun üstündən "məğlub xalq" töhmətini götürdü. Prezidentin sayəsində Simurq quşutək yenidən cana gəlib silkələndi, ruh düşkünlüyü səbəbindən yol verdiyi yanlışlıq və suçlardan təmizləyib arındı.
Bütün bunlar təməlini ulu öndərin qoyduğu, Prezident İlham Əliyevin addım-addım getdiyi yolun sonucu idi. O yol ki, dağlardan, dərələrdən, qurulmuş tələlərdən keçirdi...
Mən hərbi dilmanc kimi Suriyada və Liviyada çalışarkən döyüş əməliyyatlarında yüksək çinli dövlət adamlarının, hərbçilərin düşmən hücumları zamanı necə özlərini itirdiklərini görmüşəm. 44 günlük Vətən müharibəsində hər gün TV kanallarına çıxan Ali Baş Komandan İlham Əliyevin döyüşlərin başlanğıcından sonunadək öz təmkinini, soyuqqanlılığını zərrə qədər də pozmadığını bütün dünya gördü.
Mənə elə gəlirdi ki, bu parlaq qələbədən sonra bizi istəməyənlərin maliyyə dəstəyi ilə doğulduqları ölkəyə qarşı hədyanlar söyləyib yazanlar utanıb susacaqlar. Təəssüf ki, onlardan yalnız bir qisminin vicdanı dilə gəldi.
Dünyanın pərsəngi əyilmiş tərəzisinin tarazlığı get-gedə pozulur. Havadan barıt qoxusu çəkilmir, topların, raketlərin, bombaların səsi, anaların, uşaqların naləsi səngimir. Bu qarışıq dünyada dövləti düzgün idarə edərək, qurulan tələlərdən yan keçmək, saysız-hesabsız maneələri aşaraq xalqını irəli aparmaq hər liderin işi deyil. Çox şükür ki, Azərbaycan elini, dövlətini siyasətin dolanbac, qorxulu labirintləri ilə sağ-salamat apara bilən, düşmənlərə göz dağı, analoqu olmayan güclü lideri vardır. Bunu hər bir azərbaycanlı yaxşı başa düşür, öz liderinə dərin sevgi, sonsuz ehtiram bəsləyir.
Fazil Güney
Yazıçı, Əməkdar jurnalist,
fəlsəfə doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!