Çin ədəbiyyatı: Modernist yazıçısı Van Men - Nərgiz Kərimova

 

Nərgiz Kərimova

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi

 

Müasir Çin ədəbiyyatının görkəmli yazıçısı Van Men 1934-cü ildə Pekində, ziyalı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi pedaqoji  fəaliyyətlə məşğul olmuş - atası bir müddət Pekin Universitetində, anası isə ibtidai məktəbdə müəllimlik etmişdir. Yazıçının uşaqlıq illəri 1937-1945-ci illərdə Çinlə Yaponiya arasında baş vermiş müharibə dövrünə təsadüf etdiyindən çətinlik və ehtiyac içərisində keçir.

Yazıçı gənc yaşlarından ədəbiyyata, xüsusilə də nəsrə böyük maraq göstərir, 1955-ci ildən etibarən əsərləri mütəmadi qaydada ədəbi jurnallarda dərc olunmağa başlayır. Onun ilk romanı "Yaşasın gənclik" 1953-cü ildən uzun müddət nəşr olunmur, 1980-ci illərdə kitab Şanxay Film Studiyası tərəfindən eyniadlı filmə çəkilir.

Van Menin qısa hekayəsi "Kiçik Douer" 1955-ci ildə "Xalq Ədəbiyyatı" jurnalının noyabr sayında dərc edilir. O, qohumunun casusu olduğunu aşkar edən və xəbər verən gənc pionerin hekayəsini təsvir edir. 1956-cı ildə qələmə aldığı "Təşkilat şöbəsinə yeni gələn gənclər" adlı romanı ilə geniş ədəbi ictimaiyyətin diqqətini cəlb edir, özünəməxsus təhkiyəsi və dili ilə oxucuların rəğbətini qazanmağı bacarır.

Van Men şəxsiyyəti təkcə yazıçı olmaqla məhdudlaşmır, ədəbi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə aktiv iştirakı, fəal vətəndaş mövqeyi ilə daima fərqlənir. Gərgin və davamlı əməyin sayəsində ictimai-siyasi sferada böyük nüfuz sahibi olmuş, ölkə rəhbərliyinin və eyni zamanda sadə xalq kütlələrinin etimadını qazanır. Bu fəalliyyətlərin məntiqi nəticəsi olaraq  o, 1986-1989-cu illərdə Çin Xalq Demokratik Respublikasının mədəniyyət naziri vəzifəsində çalışır. Bu müddət ərzində  dünya dövlətləri ilə Çin arasında yeni ədəbi-mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli müəlliflərin - istər klassik, istərsə də müasir Çin yazıçılarının - əsərlərinin əcnəbi dillərə tərcümə olunması, eyni zamanda xarici ədəbiyyat nümunələrinin Çin dilinə çevrilməsi istiqamətində xeyli işlər görür.

1979-1980-ci illərdə yazıçının əsərləri davamlı olaraq ədəbi-mətbu orqanlarda dərc edilir. "Şüur axını" elementlərini özündə ehtiva edən "Bahar səsləri", "Dəniz haqqında xəyallar", "Gecə böyük şəhərdə" hekayələrini, "Komprivet", "Yaşasın gənclik" (1979), "Fəaliyyət insana çevrilir", "Mövsümlərin seriyası", "Eşq fəsli" (1992), "Boşluq fəsli" (1994), "Karnaval mövsümü", "Yaşıl tülkü", "Buradan mənzərə", "Tərəddüd fəsli" (1995) romanlarını, "Çalı", "Kəpənək" (1980) povestlərini qələmə alır. Bu əsərlər yeni tərzdə yazılmış ədəbi nümunələr olaraq ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilsə də, bəzən ənənədən uzaqlaşma meyli kimi qınaqlara, sərt tənqidlərə tuş gəlir. Van Menin əsərləri təkcə ölkə daxilində deyil, xaricdə də oxucular tərəfindən böyük rəğbətlə qarşılanır, əsərləri Fransa, Yaponiya, Almaniya, İtaliya, ABŞ, Rusiya və b. ölkələrdə dəfələrlə nəşr edilir. Ən yaxşı hekayə nominasiyası üzrə  dəfələrlə ciddi ədəbi müsabiqələrin qalibi olaraq, mükafatlara layiq görülür.

Van Men müasir Çin ədəbiyyatına ən çox təsir edən yazıçılardan hesab edilir. Təsadüfi deyil ki, 2002-ci ildə Çində Van Menin yaradıcılığının öyrənilməsi məqsədilə ayrıca İnstitut yaradılır.

Yazıçının "Ədəbi yaradıcılığın xüsusiyyətləri ilə bağlı diskussiyalarda  bəzi ideoloji qeydlər", "Bizim borc", "Mədəni güclərin qloballaşma və inşaat dalğası", "Mən nə axtarıram?", "Hekayə sənəti haqqında", "Bəzi ədəbi anlayışlar haqqında müzakirələr" kimi məqalələri XX əsrin sonu XXI əsrin əvvəlləri Çin ədəbi tənqidi, ədəbiyyat nəzəriyyəsi, ümumiyyətlə ədəbiyyat sahəsində təzahür edən yeni tendensiyalar haqqında geniş məlumatları özündə əks etdirir.

Van Menin əsərlərinin əsas mövzusunu ziyalılar və partiya işçiləri, şüurun doqmalardan uzaqlaşaraq yeni ideyalara yol açması, şəxsiyyətin inkişafı və s. təşkil edir. Bundan əlavə, sosial mövzular, sadə insanın qayğıları, ağrı-acıları, çəkdiyi mənəvi iztirablar da Van Men nəsrinin əsas mövzularındandır. Açıq didaktiklik və sxematiklik onun hekayələrinin əsas cəhətlərindəndir. Onun əsərlərində qəhrəman özünü cəmiyyətin ayrılmaz tərkib hissəsi sayır və cəmiyyət tərəfindən müəyyən edilən qayda-qanunlar çərçivəsində düşünüb hərəkət edir. Van Men yersiz və süni təsvirçiliyə meyil etmir. O, başqalarının adi bildiyi həyat hadisələrinə, üzərindən ötüb keçdiyi incə məqamlara işıq tutmaqla obrazlarının xarakterini, daxili dünyasını açıb göstərir.  Bəzən adi bir epizodla Çin cəmiyyətinə xas dərin sosial problemi qabardaraq oxucunun diqqətinə çatdırmağı bacarır. Çünki yazıçı öz xalqının milli mentallığının spesifik cəhətlərini, onun problemlərini dərindən bilir.

Çin ədəbi tənqidçiləri yazıçını "yazıçı-modernist", "novator", "eksprimentçi" və s. bu kimi adlarla adlandırırlar. Onlar hamısı yekdilliklə təsdiq edirlər ki, Van Men Çin ədəbiyyatında ilk olaraq yeni modernist estetikayla yeni ədəbi stil yaradıb. Onun əsərlərində modernist texnika şüur axını, assosiativlilik, obrazların psixoloji çoxplanlılığı vasitəsilə yaradılır.

Yazıçıya görə ədəbiyyat insanları düşündürməli, tərbiyələndirməli, onların estetik zövqünü inkişaf etdirməli, düşüncə tərzini formalaşdırmalı, hər zaman cəmiyyətin əxlaqi səviyyəsini yüksəltmək amalına xidmət etməlidir. İnsanın bioloji varlıqdan sosial varlığa, fərddən şəxsiyyətə çevrilməsində, ictimai mühitin, tərbiyənin rolu zəruridir. Bu mühitin formalaşmasında isə ədəbiyyat əhəmiyyətli rola malikdir.

Yazıçı müasir Çin ədəbiyyatı və mədəniyyətinin inkişafı üçün ədəbiyyatın ideologiya və siyasət deyil, məhz ədəbiyyat olması tezisini dəstəkləyir. O, cəmiyyətdə sabitliyin, stabilliyin qorunması istiqamətində siyasət, hüquq və əxlaqla müqayisədə mədəniyyət və ədəbiyyatın rolunu daha yüksək qiymətləndirir, onların məqamını bir pillə üstün tutur. Yazıçı bildirir ki, ədəbi yaradıcılıq fərdi xarakter daşımamalıdır, o yalnız ictimai həyatda mövcud olduqda həqiqi dəyər ifadə edir, ondan kənarda ədəbiyyat reallıqdan kənarda qalır və sosiuma mənəvi-estetik cəhətdən təsir göstərə bilmir.

Van Men öz ədəbi-bədii yaradıcılığı ilə həm də öz ictimai-ideoloji konsepsiyasını yaradır ki, bu da dolayısıyla aid olduğu cəmiyyətin şüuruna təsir edir, ictimai fikrin tərkib hissəsini təşkil edir. Yazıçıya görə ədəbi yaradıcılıq özündə sosial və individual elementləri ehtiva edən bir mürəkkəb fenomendir. Özünəməxsus ədəbi yaradıcılıq konsepsiyasına malik yazıçı bədii təxəyyülün gücünə arxalanır, onun geniş imkanlarına müraciət edir, lakin bu müraciət həqiqətdən uzaqlaşmaq, xəyallar, illüziyalar aləminə qapılmaq üçün deyil, əksinə, reallığı daha yaxşı duymaq, onu həqiqi gerçəklik müstəvisində təqdim etmək üçündür.

Van Menin nəzərində ədəbi yaradıcılıq bütövlükdə cəmiyyətin xeyrinə yönələn bir fəaliyyət kimi qiymətləndirilir. Yazıçı bu yanaşmasını quru fikir kimi səsləndirmir, bu mövqe həm rasional təfəkkürdən qaynaqlanır, həm də insan şüurunun irrasional qatında öz təsdiqini tapır. Burada cəmiyyətlə Van Menin həyat həqiqətləri üst-üstə düşür, bu uyğunluq ideal harmonik dünyanin iki ayrılmaz tərkib hissəsini təşkil edir və bu məqamda bədiiliklə gerçəkliyin vəhdəti baş verir ki, bu da yazıçının əsərlərində öz ifadəsini tapır. 

Yazıçıya görə əsl sənətkar gerçəkliyə yaxın olmalı, öz dünyasının hüdudları ilə gerçəklik arasında sədd çəkməməlidir. Bədii yaradıcılıq yazıçı "mən"i ilə ətraf aləmin qarşılıqlı münasibətindən yaranır və bu münasibət həmişə ortaq məxrəcə gəlmə, vəhdət anlayışları ilə assosiasiya olunmur. Bəzən bu əlaqə yazıçı dünyası ilə cəmiyyət, təbiət arasında ziddiyyət yaradır, gərgin toqquşmalarla müşayiət olunur. Ən böyük "savaş" isə yazıçının  özü ilə olan münasibətindən doğur. Böyük əsərlər də məhz bu mübarizənin nəticəsi olaraq meydana çıxır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!