Ələmdar Quluzadə adı 1980-ci illərdə bu yana səsləndiyindən assosiativ olaraq Qarabağı müdhiş dərdləri ilə canlandırır. Yaşar Qarayevin dediyi kimi, son iki əsr yarımda, "hər nəslin taleyinə bir dağılmış, yanmış Şuşa düşüb, bir viran olmuş Qarabağ daxil olub". Ələmdar Quluzadə Qarabağın ən yaxın ağrılı keçmişinin nəslindəndir. Böyüklüyünü, kamilliyini, mənəvi ruhunu, milli-poetik təfəkkürünü Allahın səxavətlə bəxş etdiyi zəngin təbiətdən, mühitdən almış bir ulu xalqın oğludur Ələmdar Quluzadə. Doğulub böyüdüyü füsunkar torpağın, elin olum-ölüm faciəsini yaşayıb - Xocalıda, Xankəndidə baş verən bütün hadisələr onun gözləri qarşısında olub. O hadisələrlə bağlı yana-yana yazılmış poetik nümunələr içində Ələmdar Quluzadənin yazdıqları həm də cəsarətinə, siyasi mövqeyinə görə seçilir. "İçimdəkiləri poetik dillə ifadə etməyimdə məqsəd şairlik istəyimdən daha çox, vətəndaşlıq borcumu yerinə yetirmək olub" - deyən sair Qarabağ uğrunda sözlə döyüşən ürəyindən yaralar alan (infarkt olan) qəhrəman şair qazilərimizdəndir. Onun poeziyası vətənə, torpağa, xalqına sevginin göstəricisi, Azərbaycan xalqının 40 ilə yaxın çəkdiklərinin, yaşadıqlarının tarixidir.
1970-ci illərin əvvəllərində "Kirovabad kommunisti", "Sovetakan Karabax", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Ulduz", "Qrakan Azerbaycan" jurnallarında maraqlı yazıları dərc olunan Ələmdar Quluzadənin "Dağların yaddaşı" adlı ilk kitabı 1976-cı ildə çap olunmuşdur.
"Ömür-gün qabaqdadır" (Bakı, "Yazıçı", 1980), "İsti ocaq" (Bakı, "Yazıçı", 1985), "Tumurcuqlar" (Bakı, "Gənclik", 1985), "Beş qitənin uşaqları" (Bakı, "Gənclik", 1991), "Qarabağ oyunu" (Bakı, "Azərbaycan", 1993), "Şəhid şəhər" (Bakı, "Ozan", 1998), "Alay komandiri" (Bakı, "Ozan", 1999), "Mənə söz verin" (Bakı, "Ozan", 2001), "Məhləmizin uşaqları" (Bakı, "Şirvannəşr", 2004), "Məni yoldan eləmə" (Bakı, "Ozan", 2005)," "Qadan mənə, Qarabağ" (Bakı, "Ozan", 2006), "Boğça" (Bakı, "Ozan", 2007), "Qürbətə düşən daş" (Bakı, "Ozan", 2008), "Dilotu" (Bakı, "Ozan", 2009), "Ürəyindən keçəydim" (Bakı, "Ozan", 2010), "614-cü Şəhid" (Bakı, "Şuşa", 2012), "Novalça" (Bakı, "Şuşa", 2012), "Bulaq suyu" (Bakı, "Şuşa", 2013), "Kəpənəklər oxumur" (Bakı, "Şuşa", 2013) kitabları ilə Ələmdar Quluzadə müasir Azərbaycan poeziyası tarixinə öz dəyərli töhfələrini vermişdir. Həyata baxışı, zəngin müşahidəsi, insana, insanlığa dəyəri, vətənə, torpağa sevgisi, ulularımıza, tariximizə, əxlaqi dəyərlərimizə bağlılığı, hörməti onun yaradıcılığını səciyyələndirən əsas məziyyətlərdir.
Ələmdar Quluzadənin lirikasının müəyyən hissəsini saf duyğuların - məhəbbətin həyalı ifadəsi milli dəyərlərin məcrasında təqdim olunan baməzə, xəfif yumorlu şeirləri təşkil edir. Bu lirik parçaların ifadə tərzi, duyğuların təqdimatında sevgi hisslərinin ucalığı, toxunulmazlığı, səmimiliyi ilə heyrət doğurur:
Görüş təklif etməmişəm,
Yox cavabı verməmisən,
Xəttimi də tanımırsan,
Bacımı da görməmisən,
Sevdiyimi nə bilirsən?
"Mənə söz verin", "Məni yoldan eləmə", "Ürəyindən keçəydim" adlı kitablarındakı sevgi şeirləri Azərbaycan gözəllərinin ləyaqətinə, ismətinə layiq məhəbbətin sözlə dəyərləndirilməsi, saf gənclik duyğularının kimsəyə bənzəməyən sadə, həm də baməzə təqdimatıdır:
Ya qızıl baxtın ola,
Ya qəlbi taxtın ola,
Adamın vaxtı ola,
Ölə bunun dərdindən.
Ələmdar Quluzadənin "Eyvandan çəkilsənə", "Amma anam bilməsin", "Hamısı qəşəngdir bu ölmüşlərin", "Məni sevən tapılmaz", "Qapımızdan düz keçən qız", "Bu qız nə qəşəngdir qırmızı donda", "Dəli özünsən", "Qoy başına dolanım", "Zarafatı yığışdır", "Məni necə tapmısan", "Hara gözəlləşirsən", "Ay zalım balası", "Şərə salmayın məni", "Gözüm qorxub" və s. şeirləri saf duyğuların tərcümanı olmaqla Azərbaycan dilinin incəliklərini sözdə dəyərləndirmənin heyrətamiz nümunələridir. Fikri aforizmləşdirib misraya, bəzən hətta bəndlərə sığışdırması, bayatılarımızdakı informasiya tutumuna xas zənginlik, sadə deyim, xalq ruhuna doğma, eyhamlı sözlərin səmimi mənalandırılması onun lirikasının ən dəyərli məziyyətlərindəndir.
Dinmə, mənə daş dəyibsə,
Səsim sənə baş əyibsə,
Dil başıma neyləyibsə,
Ağzımdakı sözüm qorxub
və ya
Yaz gələndən qız gül açıb,
Əynindəki don dil açıb,
Elə bil ki, xarıbülbül
Xəlvət yerdə könül açıb
Bu şeytanın ürəyinə.
"Gəl şamı söndürüb dözək birtəhər, Gecənin gözünə işıq düşməsin", "Açın qapısını ürəyinizin, Qızların ürəyi qapıda qalıb", "Gözlərin üzünü yana tutanda, Gözlərim üzündən öpdü bilmədin", "Dodağıma söz də gəlmir, Söz də səndən gileylidir". Yüzlərlə belə aforizmləşən misralar şairin dilinin zənginliyi, xalq təfəkkürünün dərin məna çalarlarını əks etdirən frazeologizmlərinə yaxşı bələd olması ilə əsaslanır.
Ələmdar Quluzadənin yaradıcılığında uşaq ədəbiyyatı mühüm yer tutur. Uzun illər Azərbaycan Dövlət Radiosunda Uşaq verilişləri redaksiyasında baş redaktor kimi fəaliyyət göstərən şair uşaqlar üçün "Tumurcuqlar", "Beş qitənin uşaqları", "Məhləmizin uşaqları", "Boğça", "Qürbətə düşən daş", "Dilotu", "Navalça", "Bulaq suyu" kimi maraqlı kitablarını da nəşr etdirmişdir. Bu kitablarda qələmə aldığı şeirlər, poemalar, nağıllar həm dilinin sadəliyi, həm də tərbiyəvi əhəmiyyəti ilə dəyərlidir.
Mövzusunu folklordan, kənd həyatından, təbiət hadisələrindən aldığı kiçikhəcmli lirik parçalarda şair uşaqlara vətəni sevməyi, ata-anaya hörmət etməyi, təbiətə həssas münasibət bəsləməyi, əməyə vərdişi və s. aşılayır.
Ələmdar Quluzadənin "Uşaqlıq daşı", "Gözünə necə baxım", "Məhləmizin uşaqları", "Yuvalar", "Xeyirli meyvələr", "Uşaq sarayına dəvət", "Tar dərsi, bar dərsi", "Müəllim", "Külək tozla oynayır" və s. şeirləri uşaqların saf, təmiz dünyasını əks etdirməklə bərabər, onlara müəyyən qədər həyat bilgiləri də verir.
Uşaqlar üçün yazılarında milli dəyərlərimizi, əxlaq və mədəniyyətimizi, ana dilimizi kiçik yaşlardan mənimsəyib sevməyi öyrədir, onlar üçün sirli-sehrli həyat həqiqətlərini sadə dillə izah etməyə çalışır və onlara təlqin etdiyi hər cür bilgilər və sevgilər vətəndən, onun zəfər yolundan keçir:
Sinəmizə sıxmışıq,
Kitab adlı yarağı,
Başımızın üstündə
Azərbaycan bayrağı.
Şairin uşaq dünyasını əks etdirən yazıları da onun Qarabağnaməsinin bir hissəsidir. Vətəni sevmək onu körpəlikdən tanımaqdan başlayır. Qarabağı görməyən, onun faciələrini böyüklərdən eşidən gənc nəslin yaddaşlarına hopdurmaqdan başlayır vətən eşqi:
Atam ilə anamın
Söhbəti Qarabağdı.
Deyirlər ki, o torpaq
Qolubağlı dustaqdı.
Meşəsindən, dağından,
Gülündən danışırlar.
Uçulan sarayından,
Külündən danışırlar.
2007-ci ildə çap olunmuş "Boğça" adlı şeirlər kitabından götürülmüş bu nümunə şairin vətən sevgisi, vətən həsrəti uşaq dünyasında, körpə yaddaşında sadəlövhlüklə ifadə şəkli kimi görünsə də, "Atam deyir, o dağlar bir haray qoparacaq, Yollar Azərbaycanı Şuşaya aparacaq" - inamını heç vaxt itirməyən bir nəslin böyüməsində bir çox şairlərimiz kimi Ələmdar Quluzadənin də rolu olduğunu göstərir.
Düz 30 il bu inamla yazan, bu inamla yaşayan şairin uzaqgörənliyinə, cəsarətinə, qətiyyətinə heyrət etməmək mümkün deyil. Onun "Qürbətə düşən daş" (2008) nağıllar kitabına "Nağıl həqiqəti" adlı ön söz yazan mərhum Bəhlul Abdulla şairin yaradıcılığını bütövlükdə nağıla bənzədir: "Düzü, Ələmdarla görüşəndə, telefonla danışanda, Azərbaycan radiosunda söhbətlərini dinləyəndə halbahal oluram. Düşüncəmdə, göz önümdə sanki Xocalının dərd heykəli durur. Onun yazdıqlarını da elə bu hisslə, bu həyəcanla oxuyuram. Və oxuyuram ki, "Dağların yaddaşı"ndan pay alan Ələmdar "Ömür-gün qabaqdadır" deyə-deyə "Beş qitənin uşaqları"nı "İsti ocaq" çevrəsinə toplayıb onlara "Qarabağ oyunu"ndakı "Şəhid şəhər"dən, "Qadan mənə, Qarabağ"dan, "Boğça" dolu nağıl-həqiqət danışır. Elə bir həqiqət ki, nə sözə sığır, nə yazıya. Bəli, bu elə nağıldır. Həm də işıq ucu görünməyən qara qaranlıq nağıl". Bəhlul müəllim onu da qeyd edir ki, Ələmdar bu işığı "Alay komandiri"nin "Qürbətə düşən daş"da başına topladığı sonuncu olmayan magikanların - Ərxanın, Eldostun, Hünərin, Dəmirçioğlunun, Baxışın, Elcanın gücündə, hünərində görür. O vaxtlar yalnız Bəhlul müəllim deyil, çoxları bu işığı görmürdülər. Amma Ələmdar Quluzadə görürdü, hətta "O gün gələcək, vallah gələcək, Xocalı haqqı gələcək, biz Xocalıya dönəcəyik" deyə and da içmişdi. Şair inamının sarsılmazlığı heyrət doğurur. Bu, uzaqgörənlikdirmi, vəhdirmi, doğrudan da, lap nağıldır.
"Qoca dilənçi" nağılı da özü nağıl kimi həqiqətə döndü (2022-ci ildə), yazılanda (2009) nağıl idi. Belə ki, fəlakət nəticəsində viran qalan (Xocalı faciəsini xatırladan) kənddə səksən yaşını ötmüş bir qocanı intihardan bir cavan oğlan xilas edir. Didərgin düşən qoca dilənçilik edir. Bir ildən sonra yadına düşür ki, onu xilas edən gənc bir ilə qayıtmasını tapşırmışdı. Qoca qayıdır. Xarabalığın yerində təzə, gözəl kənd görür. Qoca oğlandan soruşur ki, bu gözəl evlərdə kim yaşayır, oğlan cavab verir ki, öz camaatımız yaşayır.
Bəhlul müəllim yazırdı: "Sual olunur: Ələmdarın bir ilə istədiyi bəs nə üçün illərdi başa gəlmir? Oğulsan, cavab ver!". Kaş Bəhlul müəllim bir ilə başa gələn gözəl Ağalı kəndinə köçən öz camaatımızı görəydi. Yəqin, deyərdi ki, Ələmdar Quluzadənin nağılı həqiqət olub.
Şairin "Qarabağ oyunu", "Şəhid şəhər", "Alay komandiri", "Mənə söz verin", "Qadan mənə Qarabağ", "614-cü şəhid" kitablarında toplanmış şeir və poemaları özünün poetik dillə ifadə etdiyi kimi qanıyla yazılan Qarabağnaməsidir. Qarabağ hadisələri, Xocalı faciəsi, didərgin düşən ellərimiz, xalqımız, şəhid olan qəhrəman oğullarımız, dağıdılan yurd yerlərimiz - Qarabağ faciəsi haqda poetik salnamədir.
"Qarabağ oyunu" 1980-ci illərin sonu, 1990-cı illərin əvvəli Azərbaycan xalqının ictimai ovqatının cəsarətli ifadəsidir. Zaman-zaman bölünən, parcalanıb hissə-hissə qonşulara pay verilən vətən torpaqları, doğma elindən, bütövlüyündən ayrı düşən xalq yenidən Qarabağ fəlakətləri ilə qarşılaşmışdı. Bunun da can verməkdə olan rus imperiyasının "oyunu" olduğunu, xalqın azadlıq istəyini boğmaq üçün erməni xəyanətindən istifadə etdiyini bilə-bilə dünya bu xalqa hay vermədi. Ələmdar Quluzadə "Qarabağ oyunu" adlandırdığı poemasında yaşadığı məqamın, zamanın ovqatı ilə özünə, xalqa, dosta, düşmənə - dünyaya dedi deyəcəyini.
Ələmdar Quluzadə ilk didərginlərin, yer üzünə gələn "təzə yetim"lərin faciəsini Qarabağ oyununun bir gedişi kimi də səciyyələndirir. Müharibənin özülünü, bütün sonrakı faciələrin başlanğıcı olan, ən ağrılı, mənəvi və əxlaqi gerçəkliyi əks etdirən didərginliyi bu poemada xalqın faciəsi səviyyəsində ümumiləşdirən şair həm də bu müsibətləri yana-yana yaşamış, dilləndirə bildiyi sızıltılarla ifadə etmişdir.
Azərbaycanda milli-mənəvi istiqlalın, müstəqil respublika qurmaq, o taylı, bu taylı yurddaşlarımızın qovuşması ideyalarının coşduğu bir zaman yenidən özlərini "əzilən" yazıq millət kimi qələmə verib yeni bir cinayət "oyununa" başlayan ermənilər bu dəfə Qarabağı qoparmaq üçün hər cür alçaqlığa əl atdılar. Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün "Sumqayıt faciəsini" törədərək özlərinə havadarlar toplayan cəlladların əməllərini gizli kameralarla çəkib xarici radio-televizor dalğalarında vermələrini Ələmdar Quluzadə poemada düzgün, qətiyyətli bir şərhlə tarixiləşdirir və cəlladları sevilən "bu arxalı köpəklərin" "arxalarına" çox cəsarətlə nəyin nə olduğunu qandırır:
Bağırır siyasət fahişələri,
"Zavallı millətin" istedadı var,
Onlar sızlamaqda ustalaşıblar.
Ağladı kürsülər, ağladı zallar,
Bizlərə tanışdır bu ərzi-hallar.
Azərbaycanı bürüyən xaosun içində "Qarabağ kartı"nı aydınlaşdırmağa çalışanlardan biri olan Ələmdar Quluzadənin poetik dillə ifadə etdiyi ictimai ovqatı zamanın durumu haqda çox şey deyir.
Siyasət məngənəsinə düşən Azərbaycanın, onun bir parçası olan Qarabağın "olum-ölüm" taleyinin bu cinayət oyununa sürükləndiyi o zamanlar bütün hadisələr şairin yaşadığı Xankəndidə baş vermişdi. Onun zamanın ovqatı ilə qələmə aldığı "Qarabağ oyunu"ndan daha sonralar Qarabağda neçə-neçə dəhşətli hadisələr törədiləcəkdi. Bu poemada demək olar ki, Qarabağ müharibəsinə qədər olan dövrün bütün siyasi oyunları içərisindəki prosesləri mərhələ-mərhələ izlənmiş, müharibəyə doğru aparan siyasi səbəbləri dərin vətəndaşlıq hissi ilə, ürək ağrısı ilə ümumiləşdirilmişdir. "Qarabağ oyunu" Azərbaycanın müstəqilliyinə gedən yolda keçdiyi faciəli dönəmlərin ilk mərhələsinin poetik-tarixi bir xronikası, xalqın didərginlik adlı müsibətinin şeirləşmiş kadrları və ən nəhayət, bir türk oğlunun Azərbaycan adlı can yanğılarıdır.
"Şəhid şəhər" poemasını şair qeyd etdiyi kimi 1992-ci il fevral ayının 26-na keçən gecə erməni və keçmiş Sovet İttifaqı hərbi birləşmələrinin bəşər tarixində misli görünməmiş cinayətinə, şərəfsizlərin xəyanətinə qurban gedən Xocalı şəhidlərinə, bütün Xocalı zavallılarına, eləcə də həmin gecə 88 yaşında qətlə yetirilən atasına həsr etmişdir. "Şəhid şəhər" poeması ədəbi hadisədir. Şəhid olmuş şəhərin bu şəhid fəryadı yurd-yuvaya, el-obaya sonsuz sədaqət hissi ilə dolu övlad məhəbbəti, əsrimizin bütün bir mərhələsidir" - deyə yazan Xalq şairi Nəriman Həsənzadə əsəri Azərbaycan haqqında epopeya kimi dəyərləndirmişdir.
"614-cü şəhid" kitabında da Xocalı soyqırımını dünyaya hayqıran, zamana sözünü eşitdirmək üçün bəşər övladlarına üz tutan şair bu həqiqəti etiraf etməyə çağırır:
Dağdan ağır bir ağrının
Çəkisi yox, ölçüsü yox,
Bu dünyanın
min oyunu, min düyünü,
Görməzliyə vurur hələ
qara dünya gördüyünü.
...Aman Allah
Bu nə məşəl
bu nə məhşər,
nə bəşərdi?
"Dağlar, məni bağışla", "Güllələr, qəbirlər", "Tüfəngsiz gəl, bu dağlara", "Dayan dünya", "Ağlamaq öyrənən millət", "Salam, Xocalı dərdim", "Qalib gəlməyi də öyrənəcəyik", "Mənə söz verin" və s. yüzlərlə şeiri otuz ildən bəri Qarabağ hadisələri ilə bağlı yazılmış mükəmməl sənətkarlıq nümunələridir.
Ələmdar Quluzadənin yaradıcılığı bütövlükdə poetik Qarabağnamə kimi Azərbaycan ədəbiyyatı tarixində ağrılı bir mərhələnin bədii salnaməsidir. Onun poeziyası Azərbaycanın həm mənəvi, həm sosial, həm siyasi durumunun nəzmə çəkilmiş tarixidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!