l Xeyir verməyə tələsməlisiniz.
l Dostlarınla təmiz qəlbli ol!
l Ehtiyaclarında qane olan davranışda qarşılıq gözləməyən ol!
l Səmimi söhbəti sev, ülviliyi, riyakarlıq və qürurdan seç.
l Vərdişlər - narkotikdir, çətin əl çəkmək olur.
l Qəhrəmanlığın - sənin yox, başqalarının öyünməsi üçündür!
l Hər oğulu şəhadət barmağı ilə göstərmirlər.
l Övlad dağının nə keçmişi olur, nə zamanı - ölənəcən, sən ölsən də, o dağ ölmür.
l Barmaqları təkcə saymaq üçünmü?
l Çörəyi sənə kim verdi, yaxşı adamdımı, ya pis adam, Sən çörəyin yolunu gətir.
l Düşmənin yanında dik yeriyirsənmi, dostunu görəndə üzünə təbəssüm qonurmu, axşam evinə sağ-salamat qayıda bilirsənmi - min şükür - qazancdır.
l "Dansanda hıqqıldıyırsansa, danışmağın nə mənası?
l Qazanc öyünc deyil, lovğalanma.
l Qapını açan - özü də vaxtı yetəndə örtəcək.
l Yaş - ömrün pilləsidir.
l Qanadlı quşun ümidi yoxdursa, uçmağının nə mənası nə?!
l Son sözünü deyən də ziyan çəkəcək, eşidən də.
l Qabarma, qabartma - bu, nə verəcək sənə?!
l Səbrin əyləci ayağında deyil, ürəyindədir.
l İlk Vətən - Ana Bətnidir!
l Süd Ağ, Qan Qırmızı.... Fərqindəsənmi?!
l Hər şey Allahın əlindədir, - deyirsən, amma elə hey... - qaçırsan...
l Getdiyin yolun qədrini bil ki, səni qaytara da bilsin!
l Beş dəfə qabağa baxarsan, bir dəfə də arxana boylan!
l Üstünə tökülən kirvəlik qanı, dizinə düşən çörək qırıntıları - müqəddəs yükdür.
l Çətinə düşüb, çətinlik çəkməmişdən əvvəl Allahı yadına salmalı idin...
l Qəlbinə dolan hər sualı dilinə gətirməyə tələsmə!
l Ürək qan yığmaq üçün deyil, qanı işlətmək üçündür.
l Evin pərdəsini açsan, işıq düşəcək, sözün pərdəsini yırtsan, ziyan gələcək, zülmət çökəcək.
l Allah bütün naz-nemətləri sənin üçün yaratdı. Sənin üçün... Bəs niyə eşib-dağıdırsan?
l İnsafın, kərəmin yoxdursa, yaşamağın nəyə və kimə lazım?!
l O dualar ki, əməli-salehdir, səmimidir, zərrəsi Günəşə qədər gedib çatacaq.
l Canım çıxanacan gələ bilmədin, ay həsrətlim, bəs nə vədəyə qoydun məni?
l Mübahisəyə və münaqişəyə meyilli adam heç vaxt yaxşılığı dəyərləndirməz.
l Yol yolluğunda, yal yallığında - sizə nə gəlib?
l Əyri ox heç vaxt nişana dəyməz.
l Qəzəb başı korlar, sonra dilə axar.
l Təmkin və səbr insanın gərəyində köməyinə yetər.
l Xəyanət - uzunömürlü, yetişə-yetişə, böyüyə-böyüyə gələr.
l Satılan malın qiyməti üstündə deyil, içindədir.
l Sırtıqlıq - iylənmiş bədən kimidir, çiyrindirir.
l İçinə dolan kin-küdurəti hansı məlhəmnən sağaldacaqsan?
l Özünü yükləmə, bil ki, daşıyan da özün olacaqsan.
l Yalançı sevgi bədbəxtlik gətirər.
l Çirkli duyğuları suyla yox, ümidnən yuyurlar.
l Başın daşdan-daşa dəyəndən sonra barmağını dişləməyinin nə mənası?!
l Əmim hirslənəndə, bığlarını yeyirdi, bu vərdişini.
l Ölüm hardan gəlibsə, ordan da başlayacaq.
l Yeriyəndə səmtini düz tut - Allah kərimdir!
l Saxsı gözlərin saxta baxışı olacaq!
l Hələ bilmək olmaz: kefdənmi oxuyur, ya dərddənmi?
l Ağız kilidləməklə sirr qalmaz.
l Quşlar - həm də səninlə səma arasında bir əlaqələndiricidir.
l Nə əməlin varsa, gizlədirsənsə gizlət, amma gözlərin gizlətməyəcək.
l Günəş - doğanda da, batanda da - Günəş kimi gözəldur, başqa vaxt yox.
l Əmim deyərdi ki, bu yaza çıxsaydım, sümüklərim isinərdi.
l Ölümü gətirən xəbərin ayağı da əsər.
l Payızın xəzəli torpağın sərvətidir - yenə özünə qayıdar.
l Ağılın ölçüləri çoxdur - baxır sən hardan yanaşırsan.
l Uzun burun bir şeydir, dik burun başqa.
l Şax yeri, yoxsa şah yeri?!
l Gözü sındırmırlar, çıxarırlar...
l Könül bulağını nə doldurar?!
l Yaz gələndə ümidlər də çiçək açar...
l Düz olmayan qəlbi necə düz tutarlar?!
l Dilini çeynəyib qanını udsan, daha yaxşıdır.
l Yorulmadınsa - oturma.
l Qəlbinə dolan xoş duyğular yaz günəşi kimidir.
l Gələnlə gəl, gedənlə getmə!
l Səni söysünlər, amma sən öyünmə.
l Tərbiyə - ölüncə səninlədir.
l Məqsədin, məramın yoxdursa, hara gedirsən?
l Sualların cavabını sən vermirsən ki, həyat verir.
l Nəyi gözləyirsən, gəlmirsə, gəlməyəcək!
l Necə də ağıllı gözləri vardı... Niyə bəs gözləri?!
l Yollar-irizlər torpağın qan damarlarıdır, insan həniri, addımları və əməli ilə yaşadır torpağı.
l Can sağalsa da, ölüm gəlsə də... təki ümid saralmasın...
l "Heydən-hənrdən düşdünsə, ayağını uzat öl" - deyərdi dədəm.
l İçini didib-dağıdacaqsan, sonra da heç kimsənin əli gəlib içinə çatmayacaq!
l Kədərlənməyi, ağlamağı bacarmayan insan heç doyunca ürəkdən sevinə də bilməz.
l Dərd elə yükdür ki, sən onu daşımasan da, o səni yükləyəcək.
l Nənəm deyərdi ki, ölüm bir yaz səhəri gələydi kaş, uzun qış gecəsi zülm olar.
l Üstündə gəzdiyin torpağın altını da fikirləş.
l Yaxşı övlad Tanrının ən böyük bəxşişidir sənə...
l Kiminin qəlbinin açarı kimin əlindədir - tanrı qismətidir!.
l Atının, itinin qədrini bilməyən heç sənin də qədrini bilməz.
l Hər canlının ürəyi özünə bəsdir.
l Yeriyəndə utanan adam abırlı olar.
l Dədəm deyərdi ki, kəsdiyin çörəyi kəsmə, bala!
l Çəmənliyi gərək elə gedəsən ki, qayıdanda utanmayasan.
l Artıq - hər yerdə və hər şeydə - artıq idik.
l Acılıq dilindən yox, içindən gəlir.
l Gözünü qırpmasan, göz yaşların damlalara çevrilməyəcək.
l Əlini üzsən də, ümidini üzmə!
l Bivec adamın zaman ölçüsü olmaz.
l Atdığın addımlar sənin həyat yolunun ritmləridir.
l Kefli adam kefinə düşəndə kefiylə də məzələnər.
l Yeriyəndə də özünü qoru.
l Təsadüflər həm də səni ağıllandırmaq üçündür.
l Odunu içinə töküb özünü yandıracaqsan.
l Əmim can ayağında olanı görən kimi deyərdi: "Qalx ayağa, ölmək vaxtı deyil!".
l Yol çəkən gözlərini yoldan tale yığacaq!
l Daş baxışlar daş ürəkdən gələr.
l Səxavətin miqdarı yoxdur, dəyəri var.
l Çəkə bildiyin qədər yüklən.
l Tanımaza, bilməzə yolun nə ağına çıxarlar, nə bozuna...
l Əlindəki qamçının yolu uzundur, gedəcək və... qayıdacaq.
l Boynunu bükən ya dərddir, ya da azar...
l Altındakı altun səni dolandıracaq, amma öləndə tək qoyacaq, ağlamayacaq.
l Əmim deyərdi ki, çöldə-bayırda tox tut özünü, qırx üzünü, şax dur ki, bilən olmasın içində nələr çəkdiyini...
l Altındakı ulax çəkə biləcəksə, yüklə!
l Dil ürəkdən, əl cibdən gəlsə, yaxşıdır.
l Taleyi azrulayırlar, istəmirlər.
l Ayağın nə aparıb, nə gətirəcək - bunu fikirləş...
l Qazanın qaynayırsa, Allahın lütfüdür.
l Doğulanını fikirləş, ölüm sənlik deyil...
l İnsanı qocaldan təkcə yaş deyil, həm də başdır.
l Çörəyini ye, suyunu iç, uzan yat... Bəs fikrini kim çəksin?!
l Külfət sənin yükündür, altına deyinə-deyinə girməzlər.
l Anam deyərdi ki, qaşları çatılı adam yolu da fikirlə gedər...
l Bostanın qonşunundusa, malını da şərik bil.
l İtin də öz qiyməti var, bala! - anam deyərdi.
l Bir də deyərdi ki, ət tapmasan da, həyətdəki xoruzunu kəsmə, qoy banlasın, səhər açılsın.
l Bəhrə verməyən ağacı kəsməzlər, o da onun qisməti və taleyidir...
l Çəmənlik ya çiçək açar, ya qanqal basar. İkisi bir yerdə isə torpağın bağrın dələr...
l Əkdiyinin, biçdiyinin qədrini bilməyən, ağzının da dadını bilməz.
l "Atın yox, itin yox, xoruzun yox... Bəs, sənə kim hayan olacaq?!" - Əmimin sözlərdir...
l Qapını döyənin əlini uzanılı qoyma!..
l Nənəm deyərdi ki, filankəsin yanları deşildi, sonra öldü bədbəxt. Ölümdən betər zillətdi bu...
l Yatağın isti olanda soyuq yada düşməz.
l Kövsəyən adamın əsəbi olmaz.
l Yalın artıqlığı tamahdan gələr.
l Üzülsən yaxşıdır, ya qırılsan?!
l Qarğış məsafə bilməz, göylərdən, dağlardan, dərələrdən aşıb gələcək.
l Namərd adam duyğusuz olar.
l Bədənin hər yeri gərəklidir - vaxtı çatanda karına gələcək.
l Bal yeməklə şirin olmayacaqsan.
l Özünü daşıya bilmirsən, amma başqasının yükünə girişirsən.
l Başını göyə tutmaqnan duaların eşidilməyəcək.
l Qəddarın zülmü qarşısında göz yaşlarının, ahu-zarın heç bir faydası olmur.
l Dedin eləmədi, day dirəşmə.
l Bibim deyərdi ki, bala, "ver əli" Allahdan gəlmədir, hər adamda olmaz.
l Ümidi qırılmış, ya boynu sınmış...
l Çox nazlansan, aldanarsan...
l Hər açıq göz görə bilmir.
l Vəsiyyəti əvvəlcə qazanarlar.
l Arzularını çox sıralama, sıra səni də qarışdıracaq.
l Küsənin dalınca getməyə ar eləmə, ziyan gətirməz.
l Fikri qarışıq adam kölgəsiz söyüd ağacı kimidir.
l Qibləni itirdinsə - xınanın nə xeyri.
l Peşmançılığı da vaxtında bacarmaq lazımdır.
l Yolun ortasında ümidsizliyə qapılmazlar.
l Ya qarala-qarala, ya sarala-sarala - bu nə ömürdür ki?!
l Salam verəndə, "sağ ol"a da yer qoy.
l Səmimiyyətin və sevgin qəlbinin hansı dərinliyindən gəlir, geci, ya tezi bilinəcək.
l Nənəm deyərdi ki, qonaq otura-otura, süfrəni yığışdırmazlar, bala...
l Dilin uzunluğu başqa, əlin-qolun uzunluğu bir başqa.
l Harada doğuldun, harada yaşadın, harada öldün?!. Bilən yox, kimə lazım?!
l Hər göz yaşları, təmiz və nurlu ola bilməz.
l Mərifət - sən gedəndən sonra qazandıqlarındır.
l Bahalı mal səni qiymətə mindirməyəcək.
l Əkdiyini biçdin, biçdiyini yedin, bəs qonum-qonşu?
l Sevinci də tək yaşamazlar.
l Taleyi axtarmırlar, özü gələr.
l Dilin tutmayanı, sözün də tutmaz.
l Yaranı təkcə dərman sağaltmır ki?!
l İlanı öldürmək müşkül deyil, baxaq görək quyruğu kimə dəyəcək?!
l Hər işdə xurcun tayı.
l Səni oynadan nədir və ya kimdir?
l Yük daşıya bilmirsə, deməli, yükə çevriləcək.
l Deyəsən, sənin ağzınla qulağının arasındakı məsafə çoxdur.
l Sən istəyirsən ki, hər şey axıracan sənin olsun?!
l Kölgədən çıxmayanın heç vaxt kölgəsi olmayacaq.
l Tərəddüd - şübhələrə qapı açar.
l Hər şeyin başında ürək durar.
l Hər daşdan tərəziyə çəki olmaz.
l Ağzında bal tutan arının quyruğunda tikan olduğunu unutma.
l Hər dağın başı bir qartala bağlanar.
l Yalançı dilə qulaq da öyrəşəcək.
l Acıqlı başla, ağıllı baş bir-birinə yol verməz!
l "Buyruq Allahındır!" - deyirsən, bəs niyə buyruqda durmursan?
l Əkən kimi meyvə gözləmə.
l Sulanan, sellənən torpaq göz yaşına olsa belə, zəhmətini yarıda qoymaz, nəsə bitirər.
l Tülkü nə hoqqadan çıxsa da, nə oynasa da - yenə tülküdür.
l Su verdim, çiçək açdı, amma yellər apardı...
l Bəzən şirin röyalar görən insan ayılır, ancaq yenə də o röyaların arxasınca yürümək üçün gözünü yumub yatmaq istəyir.
l Nəfsin boğazında bir həlqədir, hara istəsələr, dartacaqlar.
l Göy üzünün Nur yağışları təkcə əkin-biçin üçün deyil, həm də dünyanı yuyub təmizləmək üçündür.
l Günahlar - istəkdən və əməldən qaynaqlanar.
l Qara qarğalar boşa gələr, gəlməsə yaxşı!
l Elə bədən var ki, üstündə hansı başı gəzdirdiyini, dərk etməz, yiyəsinin və öz izinin iyini heç vaxt unutmaz.
l Dar vaxt və dar macal ağlı imtahana çəkər.
l Qarşındakı inildəyirsə, o iniltini də dinləməyi bacarmalısan.
l Hamı eyni cür düşünsəydi, bəlkə də dünyanın sonu çatardı.
l Satdığın taxıl cücərməyəcəksə, aldığın para da göyərməyəcək.
l Yaşıl zəmi həm də ümiddir.
l Ürəyi duymayanın gözü də görməz.
l Dədəm deyərdi ki, cəfakeş insan ölənəcən dizini büküb oturmaz.
l Ağlın kəsmirsə, ayağın da kəsməsin, yolçu qardaş!..
l Qurdlar süfrəsində qarın doysa da, gözlər doymaz.
l Başın səni qorumursa, əlin də işləməyəcək.
l Qapını və pəncərəni necə bağlayırsan bağla, xeyri yoxdur, bəla hardan gəlməlidisə, elə ordan da gələcək.
l Əminsənsə, qalibsən.
l Tanımadığın yol səni tanıdacaqmı?!
l Ova çıxan qurd quduz olar.
l Güvənc yeri - böyük qazancdır, "alver" yeri deyil!
l Açıq qəlbin, açıq qolların varsa, yolların da açıq olacaq...
l Görünəndən yox, görünməyəndən qorx.
l İlanı zəhərli bilirsən, amma cibinə qoyursan. Nədən belə?!
l Ancaq səbirli, ancaq səbirlə!
l Dünyaya gələn insan nəyə gəlir, nəylə gəlir və niyə gəlir?!
l Sənin günahınmı bu?! At izi it izinə qarışıb...
l Əmim qonşusuna dedi: "Yaz deyil, gün deyil, xeyirdimi, bu qış vaxtı hara belə atlanmısan?!
l Göz yaşlarıynan gətirdiyin qazancı xırman yelə verəcək.
l Yaydan çıxan ox geri qayıtmaz.
l Sənin də zəhərin dilindədir.
l Fərqlər qanan üçündür.
l Yol kəsənin, su kəsənin nəsibi qarğış və söyüşdür.
l Ölənin də gözünü çəkməsən, gözünü çəkməyəcək bu dünyadan.
l Tülkü yerində də oynayır.
l Hər ağac yananda köz verməz.
l Kəmfürsət adamın gözləri daim sənin arxancadır.
l Hər canlının öz gözəlliyi var. Baxır, kim necə yanaşır.
l Qılınc qınından çıxanacan sülhə gəl!
l Çörəyi də tıxsan, boğacaq səni.
l Cığırlar, irizlər yolların qan damarlarıdır.
l Dədəm deyərdi: "Bir tikə qazancın xatirinə boynumu əymə, ya rəbbim...".
l Baş para, mədə boş - hara belə atlanmısan?!
l Barmaqlarını bük, biləyini bükmə.
l Dərdlər çoxrənglidir, çoxqütblüdür, çoxfəsillidir, çeşid-çeşid - hərəni bir cür tapar.
l Elə insan var ki, Əzrayıla bir şey saxlamır.
l Məhlulun nədisə, məhsulun da odur!
l Hər şeyin başında elə başın durur.
l Həqiqət nə Vətən bilər, nə dil, nə də sərhəd.
l Qapılar kilidlənməmiş qayıt gəl...
l İpək səs - qəlbinin saf bulağından qopan damlalardır.
l Çöl qapını bağlı, amma iç qapıların açıq qalsın!
l Allah sənə verdiyi qazancı lovğalığına bağışlamaz.
l Qapından axan arxın qabağını kəsməzlər.
l Yoluynan gedən canlı ilə sənin nə işin var, yolçu qardaş?!
l Səhər doğan Günəş haranı isitdi, axşam batanda biləcəksən.
l Salamnan alver olmaz.
l Torpaq əlin bərəkəti ilə urvatlı olur.
l Hürən it quyruğunu qısar.
l Odu üfürdün, bil ki, söndürə bilməyəcəksən.
l Gətirdiyin ovu təkmi yeyəcəksən, ovçu qardaş?!
l Əsən yel sənin içinnən keçmirsə, demək, duyğuların korşalıb.
l Ziyanı da qarşılamağı bacar, bəlkə xeyrinədir?!
l Daşmı dəydi, düşmənmi vurdu?!
l Sevincin də göz yaşları var və öz mənbəyindən, öz yoluyla axar.
l "Döyüşək" deyib qalxdığını devrikmə!..
l Allahın sənə verəcəyinə hara qədərdisə - duaların da ora qədərdir.
l Anam deyərdi ki, Allah sənə iki döl verdisə, birini qonşuna, ya da dostuna arzula bala!..
l Xain qəlbi bıçaq kəsməlidir.
l Yerə doğulursan, yerə də basdırılırsan. Fərqindəsənmi?!
l Əmim zəhləsi gedən birisinə deyərdi ki, Allah məni səndən qabaq öldürüb, sevindirməsin səni...
l Tez açan tumurcuq tez də tələf olar...
l Əkdiyin ağacın qulluğunda dur, təkcə sənin üçün deyil!
l Ağıl da qidalanmalıdır.
l Xəyanət yarası çətin sağalar.
l Şübhələr - dünyanın bu dolanbac yollarını dolaşan ən inadkar yolçulardır.
l Pis öyrətdiklərini pis də göstərəcəklər sənə.
l Sallanmaq ayrı şeydir, yollanmaq ayrı.
l Ümid səni üzəndə sən ümidini üzmə.
l Dərd səni ağuşuna alanda yanında həmdərdin varmı, atam balası.
l Xəyanət - böyük sarsıntılar gətirər və dağıdıcı olar.
l Nifrət - müqavimət gətirər.
l Özünü gizlətmə, üzün, gözün ki açıqdır və hər şeyi göstərir.
l Qurd almanın içərisindədirsə, kəsməsən, çıxmayacaq.
l Əmim deyərdi ki, qurd çaqqal deyil, bala, qarışdırma...
l İnanclar - böyük və işıqlı ümidlərdir.
l Bəylik - sonradan yaranmır, gendən gəlir.
l Gələni gələn kimi, gedəni gedən kimi - yola salarlar.
l Qəlbinə dolan beynindənmi gəlib?!
l Hər zaman öz şərtlərini diktə edər.
l Qəlbimin ucalığında yerin var, orda da qal, sən Allah...
l Ağrısız baş saxlamaq istəyirsənsə, kəfənə bürün, məzara gömül.
l Corab corabdı - bir telini qırsan, söküləcək, üzülücək.
l Su yatar, dərdli yatmaz.
l Fitnə-fəsad, şər-böhtan - çayır otu kimidir.
l Rəhmətlik anam nəsihət edərdi: "Ədalət səni yavaşıdar, qəflət yatırdar, kin-küdurət, ikrah və təkəbbür də isə çürüdər... Sənin əvəzinə heç kim gəlib səni qorumayacaq, bala!
l Namərd quyunu sənə su vermək üçün qazmır.
l Əcəlin evi çox dardır, hara qaçacaqsan?!
l Qonşumuz deyərdi ki, adam var ki, etdiklərinə görə ölüm ayağında çox zillət çəkir.
l Geydiyin libas sənin üstündə qiymətə minəcək.
l Hər canlının, hər otun-çiçəyin öz toxumu var: biri-birinə oxşamayan. Nədir bu möcüzə?
l Dənizin və çayların altını və üstünü Yaradanın qüdrətinə qurban olum!..
l Həyatda mübarizənin sonu varmı görən?
l Güvənc - əminlik deyil.
l Zornan qamışlıqdan çıxarılan donuz karıxacaq və ölümə doğru qaçacaq.
l O qədər vərdişkarsan ki, axırda özünlə də oynayırsan.
l Yuyunmaq - hələ halallıq deyil.
l Körpələr sevə bilmir, amma sevilməyə, əzizlənməyə daha çox ehtiyac duyurlar.
l Ana südündə hər şey var: Günəş də, od-hərarət də, qan, ilik, sümük də...
l Sağmı, ölümü? Nə dəxli - bədəlini mütləq ödəyəcəksən...
l Bəla və azar - üzlü qonaqlardır.
l Yaddaş - taxıl anbarıdır, daşıdıqca, tükənər.
l Ayağının altındakı yerin ürəyi necə də döyünür, duymursanmı?!
l Mərdüməzarlıq tayfalıqca olar.
l Bayquş gələr, uçar gedər, amma... nəfəsi qalar.
l Tətiyi və tətikdən barmağını vaxtında çək.
l Əslində hamı ölümə tərəf tələsir.
l Bu gələn atlı nə gətirir görəsən?!
l Taxıl da ovucla, su da ovucla.
l Nə vurursan vur, axırı bölünəcək.
l Qazanc gətirənin pişvazına el çıxar.
l Getdiyin yol qayıdanda da sənə lazım olacaq!
l Kiminsə axırına gülmə, sənə də qayıdar...
l Yaranı bağlayanın, doyunca ağlayanın varmı sənin?!
l Əməlin düz deyilsə də, yenə "Ya Allah" de, bəlkə qorudu səni...
l İzini küləklər aparsa da, torpaq saxlayacaq.
l Meyvəsini apardın, budağı niyə qoparırsan?!
l Ümidlər kəsilmir, arzular qurtarmır - insan neyləsin...
l Sevginlə verdiyin ərköyünlüyün ziyanını çox çəkəcəksən.
l Göz yaşları səni təkcə boşaltmaq üçün deyil, həm də saxlamaq üçündür.
l Əmim qonşusunun dəfnində özünü saxlaya bilməyib dedi: "Bu kəfən də səni qorumayacaq, ay yazıq...".
l Payız niyə yarpaqlar töküləndə yadına düşdü?
l Əlinin duzu olmayan aşının duzunnan gileylənməz.
l Elə sevgilər öləndən sonra yandırmaq və yaşatmaq üçündür.
l Sağlığına sevinən ölümünə ağlayar?!
l Nənəm deyərdi ki, bostanına göz olanın meyvəsi də ələ gəlməz, bala...
l Barmaq tətiyə gəldisə, geri qanrılma.
l İtin də yalını kəssən, küsəcək.
l Əkdiyin hər xoşbəxtlik toxumunun içərisində bir bədbəxtlik toxumu da olur.
l Nifrəti sərhəd bilməyən adam çox qorxuludur.
l "Dur" bilmirsən, "vur" deyirsən!
l Əl saxla, ayaq saxla, dil saxla, udan sən olacaqsan!
l Acı sözü, küskün sözü tam axıracan söyləmə.
l Dumanlar çəkilib gedəndə, kim peşman olacaq?
l Sevinc insanı atlandırar, qəm isə sallandırar.
l Uca boy ucalıq əlaməti deyil, qəlbin uca olsun!
l Dualar - kədərdənmi, sevincdənmi - elə duadır, müqəddəs dərgaha ünvanlanır.
l "Malın yelini, elin bərəkətidir" - deyərdi dədəm.
l Qurbanlıq - arzulardır, vaxt-zaman bilməz, kəs, payla, Allah xeyrini versin!
l Hər çəpərdən boylanmazlar, hər daşdan hoppanmazlar.
l Sınan qolunu sarıdılar, sınan içini nəynən sağaldacaqlar.
l Səni göstərən güzgünü niyə sındırırsan?!
l Sellənən çayın qabağını kəsməzlər, sellənib-sulanıb durulacaq.
l Əmim qonşusuna söylənərdi: "Ot biçə bilmir, kəfən biçir, bəduğur köpəyoğlu!..".
l Şeytan elə oynayır ki, heç özü də öz oyunundan qurtara bilmir.
l Yağış var, çölə-çəmənə həyat verər, yağış var daşa-divarlara, ot-əncərə şeytan, iblis dırmaşdırar.
l Hər adam Günəşdən od alıb isinə bilmir.
l Ağzı tam olmayanın qarnı doymaz.
l İki atı bir çəməndə otlaya bilməyən dostun yolu düz gəlməz.
l Həqiqət - bəzən zülmnən gəlib tapır yerini.
l Xeyirxah, əl tutan insanların əli də, ayaq da bərəkətli olar.
l Bəşər övladı yaranandan xainlər, pusquda duranlar, fürsət gözləyənlər fırlanıb, fırladıb bu dünyanı.
l Ətəyinə yığdığın daşları onsuz da bir gün tökməli olacaqsan.
l Rəbbim bir hörümçək toru ilə Peyğəmbərimizi xilas etdi, sənə də bir ümid çırağı yandıracaq, bala, - nənəm deyərdi.
l Adam var ki, çağrılan kimi ölümdən danışır.
l Hər kəs öz taleyinin sürgünüdür.
l Hər şeyin tamını bilmək sənin qazancındır.
l İmdad diləyəndə əməllərini də yada sal.
l Tək fikir və tək qərar fayda verməz.
l Düşməni öldürməklə "düşmən" sözü dəfn olunmaz.
l Duaların boyundan ucadırsa, eşidilməyəcək.
l Məğlubiyyət acıdır, çətindir, yenə vaxtında etiraf etməyi bacarmaq lazımdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!