Ədəbi düşüncələr: Anarın kitabı... - Murat BAYKAL

 

 

Qan qrupu fərdiyyətin yanacağı,

can qrupu şəxsiyyətin qanacağıdır.

Müəllif

 

Şəxsiyyət fərdiyyət deməkdi, şəxsi fikir hərdən adama baha başa gəlsə də! Amma ədalətli şəxsi fikir olmadan şəxsiyyət, şəxsiyyət olmadan isə xalq mövcud deyil. Şəxsi fikir yalnız razılığa gəlinmiş şəxsiyyətsizlik axınına qarşı nizamla getdiyi anda xəlqi olur. Şəxsi fikir şəxsi tamaha yox, xalqa, qayğıya ünvanlananda xəlqiləşir. Gözlərə və sözlərə dürtülən şəxsi fikir öz-özünün qənimidi. Şəxsiyyət başqalarının müdafiəsi naminə bağırmadan deyilən şəxsi fikirdən doğulur. Şəxsi fikrin hüquqları pozulduğu halda, xalqın ümumi fikrinin yaranması mümkünsüzdü. Xalqın fikri yuxarıdan fırlanan pərgar yox, məhz şəxsiyyətlərin şəxsi fikirlərinin ümumi cəmidi.

Nə vaxtsa Andrey Platonov bu fikri dahiyanə şəkildə izah etmişdi: "Mənsiz xalq yarımçıqdı". Əfsuslar olsun ki, çox zaman kimlərinsə rolu cəmiyyətdə mədhiyyələrlə göylərə qaldırılır, digərləri isə ümumi mexanizmdə siyasət xokkeyinin rezin "şaybalarına" çevrilir. Bəzən şəxsi fikirlər kinayə ilə qarşılanır, bəzi hallarda isə guya "xalqın fikrinə" əks fikir kimi töhmətlənir. Bizim bütün faciəvi səhvlərimizin pis niyyətdən doğulduğu bir o qədər də ağıla batan deyil. Milyonlarla xalqın "Necə lazımdı?" sualı qarşısına, amiranə görünsə də, subyektiv olan "Belə lazımdı!" cavabı çıxırsa, onda bu fikrin əmrə çevrilməsinin mənəvi hüququ yoxdur. Vətəndaş abır-həyası ictimai tərəqqinin mühərriki, keçmiş səhvlərin təkrarlanmamasının qarantıdı. Azadlıq və müstəqillik şəxsi qürur, şəxsi abır-həya olmadan mümkün deyil. Zənnimcə, "Xalq", "Millət", "Bəşəriyyət" anlayışı yazıçı Anarın təsəvvüründə ilk öncə şəxsiyyətlərdən ibarətdi. Amma burada söhbət heç də məşhurlardan getmir. Çünki məşhur adamlar heç də həmişə xalqın, bəşəriyyətin ən ali zümrəsinə aid olmur. Anar üçün şəxsiyyət fərdiyyətin müstəqil tənhalığıdı.

Görkəmli publisist Nikolay Zinkoviç yazır: "Hələ ki küləyin səmtini yalnız yuxarıdakılar müəyyənləşdirir. Biz də hələ ki burada öz yerimizdə zoğ verib rişələnmişik".

Əlbəttə ki, Nikolay tamam haqlı deyil. Bu gün onun bir vaxtlar mətbuatda çap edilməsi mümkünsüz olan fikirlərini açıqlamaq hüququ var. Amma dərd burasındadır ki, bizdə bəzən bütün insani münasibətlər sistemi gündəlik mənəvi aşınmalar üzərində qurulur. Mənəvi aşınmalar, sürtülüb oyulmalar, buğum-buğum çuxurlaşmalar radiasiya kimi bir şeydi: nə rəngi, nə də iyi var. Və buna görə də dəhşətlidi. Hesab edirəm ki, insanda olduğu kimi, cəmiyyətdə də ən dözülməz şey deyiləsi sözləri məcburən içəridə boğmaqdı. Çölə çıxmayan bu fikirlər insanın içini çürüdür, qurudur, onun sağlamlığını söküb-dağıdır. "Ona görə də biz ürəyimizdə çürümüşlərə sığınıb öləcəyik" - Pasternak belə yazır. İçəridən çürümək zahirdən gələn korroziyadı. Ürəyini bağırmadan pıçıltı ilə boşaltmaq imkanı olan insanlar heç bir günah işlətməyən mələklərin elçisidir. Anar belə düşünür!

Bizim cəmiyyətin ən təhlükəli qəzalarından biri də onun fəlsəfi qidasının məhdudluğudu. Bu zəiflik ilk növbədə uzun illər alternativ fəlsəfənin mütaliəsinə qoyulan qadağalarla izah olunur. 1977-ci ildə Zaqatalada keçirilən Yaradıcı Gənclərin Ümumittifaq Seminarında Rəsul Rza demişdi: "Bizim ədəbiyyatın ən qorxulu cəhəti svetofor sayaq psixologiyadı. İçərimizdəki müxtəlif rəngli şüşələri olan siqnal fənəri əslində səsi çıxmayan yalandı". Tolstoy baba da yazır ki: "Mənim tarix üçün yazdığım epiqraf belədi: Yalan danışmamaq azdı, gərək susmaqla daha səthi yalandan qaçasan. Özündən müştəbehlik olduqca xoş yuxuların ucbatından və bununla yanaşı, olduqca incik oyanışdan yarana bilər". Anarın ustadları yaxşı bilirdilər ki, nəyisə gizləməmək, fəqət nəyinsə barəsində susmaq - vətəndaşlığın oddan qızarmış, dabanları yandıran üçkünc mənəviyyat daşıdı. Azadlıq o daşın üstündə dayanıb və bundan sonra da dayanacaq. Hər zaman özünü "İlahiləşdirən," özünü "müqəddəsləşdirən" yalançı vətəndaşlığın qarşısında qırmızı xətt çəkilməlidir. Nazim Hikmət Puşkin haqqında yazırdı: "Başqa xüsusiyyətləri lazım deyil, Puşkinin yalnız bir xüsusiyyətini, ümumbəşərilik xüsusiyyətini götürün".

Anar üçün vicdanda olduğu kimi, demokratiyada da sapmalar yoxdu. Anar üçün demokratiyanın paytaxtı hər bir insanın özünə bütün dünyanı yerləşdirən ürəyidi. Anar üçün azadlıq və müstəqilliyin paytaxtı demokratiyanın paytaxtı anarxiyanın qəbiristanlığıdı!

Nazim Hikmətin Peredelkinodakı bağının divarına bir şəkil asılıbmış. Şəkil "Rembrandtla ad günüm" adlanır. Eyni gündə, 15 iyulda doğulan iki rəssamın biri Rembrandt 1606-cı ildə Leydendə, o biri, şəkildə görünən Oleq Talkov 1934-cü ildə Moskvada dünyaya gəlib. Hər ikisinin əlində qırmızı çaxırlamı, ya tarixin alovuylamı doldurulan badə var. Rembrandta sarı əyilən rus elə bil onun qulağına nəsə qeybət edir, ya bəlkə də ola bilsin, nəsə soruşur. Rembrandtın ölümündən sonra planetdə baş verənlərin hamısından xali olan və bu səbəbdən də onun üzərində dəhşətli üstünlüyünü hiss edən gənc rəssamın gözləri iblisanə tərzdə işıldayır. Mağaza, kommunal evlərin mətbəx növbələri, basabas tramvaylardan sallanmaq dərsi, gecə qapı döymələrinin vahiməsi, xaricə buraxılmamaq, şəkillərin sərgiyə qoyulmaması və satışa icazə verilməməsi, sayagəlməz qadağalar və hədə-qorxular məktəbi keçən bu gənc rəssamda yaşamağın necə də tükürpədici ehtirası var. Bu rəsmdə hansı daha güclüdür? Nazim Hikmət bu sualı özünə dəfələrlə veribmiş. Qonaqlardan da soruşub. Yaxşı cavabı Qabriel Qarsiya Markes verib: "Hər ikisi güclüdü". Ən orijinal cavabı isə şairin yaxın dostu, kinorejissor Əjdər İbrahimov verib: "Badəni aşağıda tutan daha güclüdü". Şəkildə badəni aşağıda tutan yaşça böyük olandı, yəni rəssam Rembrandt.

Bəli, əsl ziyalı tarixin alovu ilə dopdolu badəni aşağıda tutandı. Çünki dünya görmüş əsilzadəlik daha güclüdü. Tolstoy baba məktublarından birində qeyd edirdi: "Mən rusların savadlanması üçün get-gedə daha çox kitab nəşr etməklə məşğulam. Mən "xalq üçün" sözündən qaçıram. Çünki fikrimin məğzi bundadı ki, xalqı və qeyri-xalqı bir-birindən ayırmayım". Gördüyünüz kimi, dahi rus ziyalısı vətənpərvərliyi öz monopoliyasına almaq istəməyib. Bəzi bizim "vətənpərvərlərə" və onların ədəbi ilhamvericilərinə Tolstoy babadan öyrənməyi məsləhət görərdim.

Anar üçün milli takt ziyalılığın ilk əlamətidi. Fəqət, "Xalq" və "qeyri-xalq" kimi ayrıseçkilik salmaq sosial bəladan daha çox, milli bəladı. Milli takta riayət etmək ümumbəşəri dəyərlərdəndi. Amma beynəlmiləlçilik ləyaqəti şəxsi və milli ləyaqətdən heç də az əhəmiyyət daşımır. Milli özündənrazılıq əməldə özgə yox, doğma xalqın alçaldılmasına gətirib çıxarır. Nəinki hər bir xalq, hər bir insan təklikdə fövqəldövlətdi. Dərd burasındadı ki, insandan və xalqdan başqa, fövqəldövlət olmadığını dünyada hamı anlamır. Anar kimi mücahidlərin dilində fövqəlinsan humanizm, fövqəldövlət isə müstəbidlik kimi səslənir. Başlanğıcında səmimi olan insanların düşüncəsini öz monopoliyasına alan siyasət onların başına nələr gətirmir?! Məgər zalımlıq, düşmənçilik insanların genindəmi proqramlaşıb? İnanmıram ki, ana bətnində olan embrion artıq oradaca qəddarlığa yoluxub. Hətta quduz itlər də sahiblərinin onlara türmədən qaçanları tutub parçalamaq dərsi keçənə qədər pişik balası kimi ürkəyən olurlar. Ürkəyənin hürəyənə çevrilməsi müsibətmiş!

Anar kimi əsilzadə fəxriyyəçilər, ruhnəvaz ahəngdarlıq elçiləri çoxdan dərk ediblər ki, bəşər tarixi nəhəng ideallar və nəhəng psixozlar tarixidi. Kütləvi psixozun yaranışı ola bilsin ki, ən əvvəl qədim, tüklü insanın valehedici, hərdən isə öz gücüylə vahimə yaradan təbiətlə görüşərkən duyduğu çaşqınlıq hissindən başlanır. Bəşəriyyətin azadlıq uğrunda mübarizəsi də elə məhz kütləvi psixozdan xilas olmaq mübarizəsidi. Kütlələrin fərdiyyətlərə "nifrət" psixozu sələflərin xələflərini gəmirir. Hətta müharibələr də bu psixozun qarşısını kəsə bilmir. Nadanlıq və cəhalət siyasətin donmuş psixozudu. Assosiativlik kinayəli illüziyalardan deyil, donmuş psixozun labüd ümumi atmosferindən yaranır. Amma bu hal hər ölkədə müxtəlif formalarda təzahür edir.

Donmuş psixozun son nəticəsi "demokraturadı" (demokratiya+diktatura). Allah bəşəriyyəti "demokraturadan" qorusun.

Anar Azərbaycan Sovet ədəbiyyatında qoqol-şedrin gücü ilə "demokratura donmuş psixozdu" deyə bilən ilk yazıçıdı (Molla Nəsrəddin - 66). Anarın hər zaman axına qarşı dayanmağa və şübhələnməyə cəsarəti çatır. Bəzən axın onu bezdirir, özünə qatıb aparır, amma bozarmış sellərin qoynunda belə kəramət tapır, əzilsə də, təklənsə də, söyülsə də o şübhələnməyində davam edir. Vaxtilə Anara həsr etdiyim bir şeirimdə demişdim:

 

De necə qızınım şam yonqarına,

Palıdın közündən şübhələnmişəm.

"Bir inci saflığı varsa da suda"

Çeşmənin gözündən şübhələnmişəm.

Həqiqət belədir, yalan neyləsin,

Mən sözün düzündən şübhələnmişəm.

 

Anarın şübhələri adamlara və tarixə yuxarıdan baxan, ağrıdıcı şəkildə inadkarlıqla ağıllı görünmək istəyən bir insanın şübhələri deyil. Anarın şübhələri asılqan körpüdən ilk keçən adamın şübhələri kimidir. O, başqa adamlar keçməzdən əvvəl həmin körpüdəki taxtaların hər birindən şübhələnib ayağı ilə bərkliyini-boşluğunu yoxlayır. Anar xəstəyə dərman yazmazdan qabaq onu özündə yoxlayan həkim kimi şübhələnir. Bu cür şübhələr qiymətlidi. Və bu gün bəşəriyyəti ölümün uçurumuna yıxılmaqdan qoruyan məhz bu cür şübhələnən insanlardı. Nəyəsə şübhə etməyənlər təmtəraqlı şəkildə fəlakətə doğru addımlayırlar. Şübhə etməyənlər tərkibini və yükünu dəyişmədən, qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkət edən zirehli qatarın parovoz ocaqçılarıdı.

Anar müasirləri ilə deyil, əcdadları ilə bir sırada addımlayır. Heç onların da hamısı ilə yox! Amma Anar müasirlərini əcdadlarından daha çox sevir. Çünki Anar, onları yalnız dəyişkən keyfiyyətlərinə görə tanımır. Əcdadlarımız isə onun təsəvvüründə dumanlı, ziddiyyətli və qeyri-müəyyən şəkildədi. Anar yolundan çaşmışları da sevməyi bacarır. Həm də onların günahlarını əfv etmiş adam kimi yox, ağrıyla, sancıyla sevir. Anar dayanmadan "düşüncələri və həyəcanları" ilə bir qrup ədəbi "psixiatorları" əsəbdən çıxarır. Anarın səbri və şükranlığı abır-həyasını itirənlər üçün dözülməzdi. Üzeyir bəy, Cavid Əfəndi, Mirzə Fətəli, Dədə Qorqud, Mirzə Cəlil və b. haqqındakı əsərlərində Anar isti, diri insanları dövlətin soyuq, bürünc və tunc rəmzlərindən daha yüksəyə ucaldıb. Anar insana sevginin möcüzəli bənnasıdı. Haçansa atam mənə demişdi: "Əgər insanı sevirsənsə, bütün təhlükələrdən onu xəbərdar etməlisən. Hətta bu təhlükə onun canında, xasiyyətində, vərdişlərində qərar tutubsa belə". Xalqla münasibət belə qurulmalıdı. Xalqla əylənmək, xalqı cırnatmaq, xalqı sapdırmaq ona biganəlikdən yaranır. Xalq adından yalnız ondan istifadə etmək məqsədilə danışmaq günahdır. Əgər yazıçı xalqa əsl gerçəkliyi bağırtı ilə yox, pıçıltı ilə deyirsə, xalq bundan faydalanır. Çünki xalq xalqla yalnız yazıçının vasitəsilə danışa bilir. Bağırdıqca bağıran gülünc personajlar utopistlərdi. Utopiya isə gerçəklikdən daha təhlükəlidi. Çünki cəlbedicidi!

Uorren Bitti öz filmlərini demək olar ki, ssenarisiz çəkib. Əslində, tarixin özü də eynən bu cür rejissor - improvizatordu. Pis tamaşada olduğu kimi ziddiyyətli tarixin özündə belə hərdən rolu dahiyanə şəkildə ifa etmək mümkün olur. Tarix tərəfındən istedadsız tərzdə yazılmış və çəkilişi milyon ildi davam edən "bəşəriyyət" serialında Anar öz rolunu ləyaqətlə ifa edir.

Anar gerçəkləşə bilməyən ümumbəşəri illüziyaların şirin xatirəsi, altmışıncı illərin romantikasının diri, son dərəcə ürəyəyatımlı xronikası, Sındırılmış Nəhəng Ümidlər epoxasının şərafət və nəcabət sahibi olan laməkan ədəbi heykəllərimizdən biridi. Heykəlləri uçuranda postamentə dəyməyin. Ölülər doğulmasa da, heykəllər qayıda bilər. Tarixdə və ədəbiyyatda oynadığı müşərrəf rol Anarın alın yazısıdı, toxunulmaz və baxımsız coğrafiyasıdı.

Vestministr kolleci prezidentinin evində Çörcill üçün "İsveç stolu" tipli yüngül bir nahar hazırlanıbmış. Süfrədəki məxsusi yeməyi ananas, apelsin sousunda hisə verilmiş donuz qabırğası təşkil edirdi. Naharın əvvəlində Çörcill deyir: "Mən donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarı, pişiklər isə yuxarıdan aşağı baxır. Yalnız donuzlar bizə özlərinə bab məxluq kimi baxır". Mərasimdən sonra isə o deyir: "Bu donuz öz zirvəsinin təkamülünə çatıb".

Güman edirəm ki, bu gün Anara kəc baxan bəzi "azar-bezar yazarları" gec-tez ona doğma nəzərlə baxaraq, öz zirvələrinin təkamülünə çatacaqlar. Güman edirəm ki, bu gün Anara kəc baxan bəzi "giley-güzar yazarları" Mirzə Cəlilin "Anamın kitabını", Məmməd Arazın "Atamın kitabını" təkrarən oxusalar, "Anarın kitabı" dərk olunacaq. Çünki "Anarın kitabı" Azərbaycan və Azərbaycançılıq məfkurəsidir. Zənnimcə, Andrey Platonov Anarın müasiri olsaydı deyərdi ki, Azərbaycan əsilzadəsi və ziyalısı Anarsız yarımçıqdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!