Bəlkə də elə bu bircə şeirin, bu bircə beytin, misranın yazısıdı qələmə aldığım təəssüratlar. Bu bircə şeir, bircə beyt, misra olmasaydı heç bu təəssüratlar da qələmə gəlməyəcəkdi. Bu xoş təəssüratların bəxti, bu xoş təəssüratların yazısıdı Fəxrəddin Teyyubun "Ünsiyyət" adlı şeiri üzərinə qələmə alınanlar. Görkəmli şair-yazıçı Seyran Səxavətə xitabən qələmə alınıb "Ünsiyyət" şeiri. Amma hər kəsin öz əzizinə, könüldaşına ünvanladığı könül əsintisi kimi ruhu oxşayır:
Min dostun olsa da, demə bəsdi, bəs,
Ünsiyyət sarıdan yenə də acıq.
Gəldi qulağıma əziz, doğma səs,
Dedin darvazanın qabağına çıx.
Dedin ki, darıxdım, könlüm istədi,
Qoy gedim qardaşım Faxını görüm.
Axtarım, arayım, bəlkə xəstədi,
Dilinə sığmayan bağını görüm.
Darıxdığımız anın, könlümüz istədiyi ünvanın şeiridi bu... Darıxmağın sükutu pozulan yerdi. Darıxmağın bəraət məqamıdı. Dünyanın ən gözəl etirafıdı:
Nə gözəl hiss imiş darıxmaq, Seyran,
Aparır adamı dost qapısına...
O dost qapısı kimi həmdəmdi, munisdi Fəxrəddin Teyyubun "Ruhların sevinən günü" adlı şeirlər kitabına daxil edilən poetik nümunələr. Hər birinin öz ovqatı, könül xoşluğu, toxtaqlığı var. Anladır ki:
Könlüm açıq qapı, barışığı var,
Arzunun ümidlə qarışığı var.
Zirvənin başında qar işığı var,
Yoxuşlar yormasın dizini, dedim.
Elə görən kimi vurulmağın da, sel kimi çağlayıb-durulmağın da, eşqin dərəsində çən görməyin, qəlbdə cavanlığın oyanmasının da bəraət yolunu Fəxrəddinin şeiri nəm-nişan verir. Bağlayır bir ucdan qınaq dilini. Uzadır çatınca şəfqət əlini. Bəraət dalınca bəraət gəlir:
Mənim bir taxtım var sevgi dağında,
Qismətim üzümə gülənə kimi.
Sevmək günah deyil ahıl çağında,
Şair sevməlidir ölənə kimi.
"Ürəyimin qonşusudu xatirən, Görüşürük ara-sıra, nə deyim?" - təsəllisi izləyir bu etirafları. "Dünyalar içindəki dünya"nın nədənliyinə olan maraq hissi qədəm-qədəm izləyir bu yaşantıları. Naxışlar üstünə gələn naxışlar işığa çıxınca min dona girir. "Fəsillər fırlanır karusel kimi, Payız köç etməmiş qarlı qış gəlir". Bu çeşidli, əvvəli bilinməz, sonu bilinməz aləmə fərqli baxışı var Fəxrəddinin də... Hər olaya, ömür-gün yaşantılarına özünəmxsus təəssüflə, özünəməxsus dünyagörmüşlüklə və ən əsası, özünəməxsus poetik ovqatla münasibət bildirir:
Hər arzum qəlbimin sarı simidi,
Duyğular sünbüllü qızıl zəmidi.
Ümidim yarıtmaz uşaq kimidi,
Hələ ki, üstümə əliboş gəlir.
Fəxrəddin Teyyubun hər şeirinin səmimi, kövrək ovqatında onun vəfalı, dürüst, vətənpərvər kimliyinin bütöv, boyaboy şəkli gizgilənib. Qos-qoca bir dünyagörmüşlük, müdrik baxış, aqillik onun lirik ovqatıyla daban-dabana yol gəlir. Biri o birini tamamlayır. Kövrəldir, nostalji hisslər yaşadır. İstiqamətləndirir. Səfərbər edir. Tarixi missiyanı, qədərini anladır. Harda dayanmağın, harada qərar tutmağının yerini bəllədir. Vətənçilik dərsi verir:
Qoru özün kimi, nə qış, nə bahar,
Hər şəhid gözündə itən, vətəndi.
Hardansa vətənə baxmağa nə var,
Səngərdən baxanda vətən Vətəndi!
Ritm, ahəng yerindədir, məntiq və doğru olanla bir arada. Əbədi cavabdehlik, vəfadarlıq duyğusu ilə qol-boyun, şeirin, sözün lirik, oxunaqlı və yaddaqalan əsintisilə nəfəs-nəfəsə. Yaxşı, uğurlu olan, arzu edilən məqamdadı bu səmimi şeir. Bitkindi! Oyadıcı və səfərbəredicidi. Anladır, yönəldir, tərbiyə edir.
Fəxrəddin Teyyubun şair xoşbəxtliyidir ki, onun ədəbi qəhrəmanı ismi pünhanına şeir dilində ürək açmağın dilini bilir. Könüldən keçənləri, "sevirəm" sözünü aşiqin dilindən titrəyən, qəm çəkən misralar deyir. Fəxrəddin Teyyubun şair xoşbəxtliyidi ki, mənəvi ustadı Mövlanə Məhəmməd Füzulinin dərddə dəva bula bilmək ənənəsinə sadiqdir. Asi deyil. Həyatın hər üzünə aşinadı. Kədərin, qüssənin özünə belə Füzuli zövqüylə yanlaşa bilir. Kədərin, qüssənin özüylə belə Füzuli zövqüylə anlaşa bilir. Ən qəmli, üzgün, qüssəli çağında belə mum kimi qalmağın, rəhimdilliyin, alicənablığın yolunu bilir, o yolu tutur, o ylla gedir. Mərdi-mərdanə, açıq-açığına yazır, bəyan edir ki:
Kirayənişindi kədər içimdə,
Küçəyə atmağa ürəyim gəlmir.
Elə bu simsarlıqla, könüldaşlıqla da gerçək durumu, dinc-yanaşı yaşamağın fəlsəfəsini (və vacibliyini) anladır:
Zəhmətim gedəndə hədərə, bəzən,
Əhvalım dəyişir, karıxıram mən.
Elə alışmışam kədərə, bəzən
Gəlib çıxmayanda darıxıram mən.
Hər payız dönürəm xəzələ, Tanrım,
Çağırın, harda var qəm-kədər, gəlim.
Köhnələn ruhumu təzələ, Tanrım,
Gəlsəm hüzuruna təzə-tər gəlim.
Fəxrəddin Teyyubun yaradıcılığından ana mövzusu əsas, başlıca xətt kimi keçir. O qədər ki, hətta, fərqli mövzularda qələmə aldığı şeirlərinin alt qatından belə bu obraz möhtəşəm durumu, ilahi əvəzolunmazlığı ilə keçir. Anaya bağlılıq duyğusu Fəxrəddin Teyyub poeziyasının humanizmini, səmimiyyətini, qayğıkeş missiyasını təmin edir. Fəxrəddin Ana obrazını insanlığın, bütövlükdə isə bəşərin yaranış təməli kimi mənalandıra bilən, bu mövzuya dönə-dönə qayıdan azsaylı şairlərimizdəndir. Ana itkisi onun üçün həyat, yaşam itkisidir. Məhz bu baxımdan da onun ana itkisindən doğan kədəri başadüşülən, hər kəsin öz münasibətini şəkilləndirən duyğu kimi qəbul olunur:
Bitməyən dəndə ölmüşəm,
Dumanda, çəndə ölmüşəm.
Anam köçəndə ölmüşəm,
Qəbrimə baş çəkənim yox...
Fəxrəddin "Qaytara bilməyir ana borcunu Mənimlə yollarda qalan ürəyim" yazanda da təbii və səmimidi, "Ana, qucaqlardım məzarını mən, Ömrümdə ilk dəfə gözəl ağladım" yazanda da! Onun təqdim etdiyi ana bir ömür boyunca etdiyi yaxşılıqların savabını qazanan, hər kəsin and yerinə dönməyi bacaran, qayğıkeş, hal əhli, zəhmətkeş anadır. Və F.Teyyub bu gözəl ananın mübarək portret cizgilərini oxucuya sevdirə bilməyin xoşbəxtidir:
Səsinə oxşayan bir səs tapmadım,
Ay mənim sonalar sonası anam.
Sənə tay tapmadım, əvəz tapmadım,
Bütün anaların anası anam.
Yaxud:
Şəkli həkk olunub məzar daşında,
Baxıram, özümə oxşayır anam.
Həsrəti sızlayır qəlbim başında,
Daha daş ömrünü yaşayır anam.
"Ana itkisini məndən soruşma, Gözümdən tökülən yaşımdan soruş" qədirbilənliyi misra-misra oxucu yaddışına yansıyır Fəxrəddin Teyyubun. "Ayrılıq nədir ki, adam öldürə, Məni öldürəcək xatirələrin" ağrısı izləyir bu itkiləri.
"Elm və təhsil" nəşriyyatının nəfis şəkildə çap etdiyi "Ruhların sevinən günü" kitabına yazdığı ön sözdə müəllif oxucuların hər misradan ruhunun boylandığını görəcəyinə inamlıdır. İnamlıdır ki, oxucu onun hər misrasından ürəyinin səsini, çırpıntılarını eşidəcək və haqlıdı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!