Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.
C.Fuller
Hörmətli Nəriman müəllim, bu, mənim Sizə ikinci açıq məktubumdur. Birinci məktubu Sizə 1980-ci ildə "Yazıçı" nəşriyyatında çap olunan "Sən bağışladın" kitabınızı oxuyub ünvanlamışdım.
Kitabınızda böyük üsyankarlıqla İranda Azərbaycan dilinin qadağan edildiyindən söz açırdınız. Aradan 40 ildən çox vaxt keçməsinə baxmayaraq heç nə dəyişməyib.
Sevindirici haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında bu çox ciddi məsələni gündəmə gətirib: "Türk dünyasında gənc nəslin yaşadığı ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır.
Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkandan məhrumdur...
Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, Azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".
Prezidentimizin çıxışında Güney Azərbaycanla bərabər, Dərbənd, Borçalı və İraqda yaşayan soydaşlarımıza da işarə vardır.
Nəriman müəllim, Azərbaycan xalqı yaxşı bilir ki, Prezidentimiz dediyini edir. Bu sevindirici xəbəri oxucularla bölüşərək xoş əhval-ruhiyyə ilə mətləbə keçirəm. "Ədibin evi" poemanızı maraq və diqqətlə oxudum. Əsəriniz Mir Cəlal müəllimin müqəddəs ailəsinin poetik salnaməsidir - desəm həqiqətdən uzaq olmaz.
Mən o xoşbəxt insanlardanam ki, Mir Cəlal müəllimin kiçik bacanağı, qocaman şərqşünas Cümşüd Muradovla uzun illər dostluq etmişəm. Onun "Unudulmaz xatirələr" adlı kitabına ön söz yazmışam. Haqqında məqalələrim çıxıb. Dünyasını dəyişəndə vida sözü yazmışam. Poemanızı oxuduqca bu adlı-sanlı ailə ilə bağlı Cümşüd müəllimin yazdıqları və dedikləri kino lenti kimi gözlərim önündən keçir və görürəm ki, poemanızda yazdıqlarınızla üst-üstə düşür.
Poemanızın məramını gözəl açıqlamısınız.
Adi görünməsin, bu adi deyil,
Uçur o illərə indi də fikrim.
Bu, təkcə xatirə söhbəti deyil,
İnsan taleyidi mən dediklərim.
Mir Cəlal müəllimin sizi işə götürdüyü vaxt tələbələri Xalid Əlimirzəyev, Təhsin Mütəllimov və Abbas Abbasovun kafedrada işlədiyindən söz açırsınız. Yaxşı bilirsiniz ki, qədirşünaslıq əlaməti olaraq onların hər biri Mir Cəlal müəllimə əsər həsr edib. Sizin "Ədibin evi" poemanızı da o sıradan hesab etmək olar. Onlar böyük ədibi görkəmli yazıçı, pedaqoq və alim kimi səciyyələndirmişlər. Siz isə poemanızda deyilənlərlə bərabər, Mir Cəlal müəllimi, həm də nümunəvi ailə başçısı kimi vəsf edibsiniz. Yazırsınız ki, bu ocaqda ailə içində ailə yaşayırdı. Ailənin böyüklüyünə baxmayaraq, Arif müəllim ailəsi ilə birgə atasıgildə qalırdı.
Arif müəllim və Aida xanımın "hərəsi bir gəncin bəxt ulduzuydu" deyə vəsf etdiyiniz iki qızı, sonralar xalqın taleyində cavabdehlik missiyası daşıyan simalara çevrildilər.
Nəriman müəllim, burada başqalarına nümunə ola biləcək, alimlərimizin unutmayacağı qürurverici bir hadisəni yada salmağı münasib bildim. Nərgiz xanım Paşayeva AMEA-nın Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edirdi. Şuranın iclasını mən aparırdım. Bir də gördüm üçüncü sırada küncdə Qərb aləmində şərqli qadınlar haqqında formalaşan imici alt-üst edən, respublikamızın hüdudlarını yarıb beynəlxalq aləmə çıxan, xalqımızın fəxr etdiyi, ölkəmizin birinci xanımı əyləşib. Nə gizlədim, bir az özümü itirdim. Özümü ələ alanda ağlımdan keçən bu oldu: "Hər böyük kişinin arxasında böyük bir qadın durur".
Mehriban xanım Əliyevanın Nərgiz xanımın müdafiəsində iştirakı bir də onunla əlamətdar oldu ki, professor Aida xanım İmanquliyevanın ömrü boyu çalışdığı, cild-cild əsərlər ortaya qoyduğu Akademiyamızın bu möhtəşəm binası əsaslı təmir edildi və müasir istilik sistemi quraşdırıldı.
Nəriman müəllim, Mir Cəlal müəllimin Ərdəbildə anadan olduğunu, Gəncədə boya-başa çatdığını həssaslıqla dilə gətiribsiniz: "O Taylı-bu Taylı Azərbaycanı, bir canda yaşatdı bir ömür boyu".
Eləcə də, yaratdığınız həyat mənzərəsi qürurvericidir, misralar hədəfə düz dəyir:
Haradan biləydin, qız nəvən bir gün,
Qalib Sərkərdənin sevdiyi mələk.
Qalxacaq üstünə Xudafərinin,
O Taya, bu Taya əl eləyəcək.
Mir Cəlal ocağı ilə bağlılığınızı poeziyanın şirin dili ilə necə də gözəl təsvir edibsiniz:
Yaşayır insanın qan yaddaşında,
Nədirsə bilmirəm, amma əvəzsiz.
O evdə, o halal süfrə başında
Mənim də öz yerim varıydı, Hafiz!
Əsərinizdə böyük səmimiyyət və etiraf vardır. Poemada incəliklərə, hətta Mir Cəlal müəllimin evinizi görməyə bir dəst qızıl suyuna çəkilmiş qaşıq gətirdiyinə qədər qələmə alıbsınız. Bu, bəzi ağzıgöyçəklərə ən tutarlı cavabdır.
Mir Cəlal müəllimin aspirantı olduğunuz, ilk kitabınıza böyük alimin ön söz yazması da çox mətləblərdən xəbər verir.
Bu böyük alimin zərb-məsələ çevrilən, bütün zamanlar üçün keçərli olan, "İş axtarma, adam axtar" kəlamı aşağıdakı misralarınızla necə də uzlaşır.
İnsan əvəzsizdi, dedin dünyada,
Cəmiyyət bir seldi, səsli-soraqlı.
İnsan axtarıbdı qoca Sokrat da,
Adamlar içində əliçıraqlı.
Nəriman müəllim, dünya şöhrətli alim, SSRİ Elmlər Akademiyasının prezidenti, Azərbaycan SSR EA-nın fəxri akademiki (1972) M.V.Keldışın Bakıya gəlişini ilhamla tərənnüm edibsiniz:
Keldış Moskvadan gəlmişdi o vaxt,
Diqqət də başqaydı rəsmi qonağa.
Cavan alimiydi Akademiyada,
Arif özü çıxdı onda qabağa.
İnanıram ki, akademik Arif Paşayevin keçdiyi daşlı-kəsəkli elm yolundan xəbəri olmayanlar bu sətirlərinizi anlamaya bilər. Bu məsələyə Cümşüd müəllimin yazdıqları tam aydınlıq gətirir: "Yaxşı yadımdadır, Mir Cəlal müəllimin böyük oğlu Arif 1956-cı ildə Ukraynada texniki ixtisas alıb vətənə qayıtmışdı. Bu, həmin il idi ki, televiziya Azərbaycanda evlərə yavaş-yavaş qədəm qoyurdu. Ona görə də ixtisasçılara böyük ehtiyac vardı.
Arif evdə sevinə-sevinə Mir Cəlal müəllimə müraciətlə: - Ata, məni televiziyada ixtisasıma uyğun işə dəvət edirlər. Yaxşı məvacib, vəzifə, xidməti maşın təklif edirlər.
Mir Cəlal müəllim:
- Oğul, vəzifə də, məvacib də yaxşı şeydir. Lakin elə ki, səni işdən kənarlaşdırdılar, uşaqlarının necə dolanacağı barədə düşünən olmayacaq. Elm dalınca get.
O vaxtlar ağsaqqal sözü eşidilərdi. Arif elm dalınca getdi. Tarixdə təkrarlar çox olur, Arif hələ 8-ci sinifdə oxuyanda düzəltdiyi aeroplan modeli müsabiqədə birinci yeri tutmuşdu. Arif bu sahəni seçdi. Moskvada, Dövlət Nadir Metallar İnstitutunda aspirant oldu. Namizədlik və doktorluq dissertasiyaları müdafiə etdi" ("525-ci qəzet", 15.11.2019).
Nəriman müəllim, bildiyiniz kimi Sovet dönəmində dövlət əhəmiyyətli belə dissertasiyaların müdafiəsi gizli keçirilir və məxfi saxlanılırdı. Çox güman ki, Azərbaycanda Kibernetika İnstitutunun təşkilində və elmi kadrların hazırlanmasında müstəsna xidmətləri olan M.V.Keldış Arif müəllimin dissertasiyasını oxumuş və onunla tanış olmuşdu.
Bütün bunlar yazdıqlarınıza şübhə yeri qoymur.
Poemanızda Mir Cəlal müəllimin və övladlarının obrazını olduğu kimi yarada bilibsiniz. Bu böyük alim və ədibin çox sadə, təvazökar, xeyirxah bir insan olduğunu çoxları bilirdi. Lakin onun ailədaxili münasibətləri, övladlarına qeyri-adi qayğısını "Ədibin evi" poemanızdan bilmək olur. Maraqlıdır ki, yazıçıdan: "Şah əsəriniz hansıdır?" - deyə soruşanda, təbəssümlə "Şah əsərim ailəmdir" - deyib.
Mir Cəlal müəllimin xidmətləri çoxdur. Ən böyük xidmətlərindən biri övladlarını özü kimi təmənnasız və iddiasız yaşamağa alışdırması olmuşdur. Bunu biz Hafiz müəllimin şəxsində tam aydınlığı ilə görürük. İnanılası deyil, uzun müddət ABŞ-da ilk səfirimiz kimi iki ölkə arasında əlaqələrin inkişafında müstəsna xidmətlər göstərən, indi beynəlxalq aləmdə yaxşı tanınan Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev mindiyi maşını özü idarə edir. Yay vaxtı sükanın arxasında əyləşərək Bilgəh bağlarına tək gedib-gəldiyinin dəfələrlə şahidi olmuşam.
Adi bir şirkətə rəhbərlik edən birisi iki cangüdənlə gəzir. Rahat həyat sürdüyündən Hafiz müəllimin çəkinəcəyi bir şey yoxdur. Kabarda-Balkar şairi Qaysın Quliyevin şairimiz Tofiq Bayramın dilimizə çevirdiyi misraları ona yaraşır:
Qoy şirin yuxuna girsin gecələr,
Ürəyincə olan gözəl bir həyat.
Ləkəli deyilsə vicdanın əgər,
Sən rahat yat.
O, sadə həyat tərzinə, iddiasız yaşamağa adət etdiyindən şan-şöhrətə uymur. Şan-şöhrət özü gəlib onu tapır. Bütün bunlar haqqında poemanızda ətraflı yazıbsınız.
Nəriman müəllim, mənim nəvəm Nərminə ADA-da oxuyurdu. Deyirdi ki, Hafiz müəllim gəlib tələbələrlə bərabər yemək yeyir, çay içir, söhbət edir. Aşpazların yanına gedib yeməklərə nəzər yetirir. Hansı yeməkdən çox qalıbsa səbəbini öyrənməyə çalışır. Həmin yeməyin keyfiyyətinə daha çox diqqət yetirməyi tövsiyə edir.
Nəvəm ailə qurduqdan sonra təhsilini İngiltərədə davam etdirməli oldu. O, and içir ki, İngiltərədə verilən təhsil ADA-nın verdiyi təhsilin səviyyəsindən çox-çox aşağıdır.
Nəriman müəllim, Mir Cəlal müəllimin qızı Elmira xanımın musiqi məktəbinə müdir təyin olunmasından söz açırsınız. Lakin məktəbdə sağlam mühitin olmadığını görən, əvvəlki müdirin rüşvət üstə həbs edildiyini eşidən Elmira xanım vəzifədən imtina edir. Mir Cəlal müəllimə hörmət əlaməti olaraq nazir onu müdir vəzifəsindən azad etmir. Mir Cəlal müəllim yüksək mədəniyyət sahibi Zakir Bağırovla əlaqə saxlayıb qızını vəzifədən azad etməsini xahiş edir.
Hər iki şəxsiyyətə yaraşan misralarınız necə də yerinə düşüb:
O vaxtdan çox keçib, dəyişib zaman,
Həyatda nə qədər kəsir görmüşəm.
Nə Mir Cəlal kimi gözütox insan,
Nə o nazir kimi nazir görmüşəm.
Poemanızda da deyildiyi kimi, yuxarıdakı fakt əyani şəkildə göstərir ki, Mir Cəlal müəllimin böyük ailəsinin yaşam tərzi tamahsızlıq, təmənnasızlıq və iddiasızlıq üstə köklənibmiş.
Əsərinizdə böyük ehtiramla Mir Cəlal müəllimin qızı Ədibə xanımdan da bəhs edirsiniz. Mən on ildən artıq Ədibə xanımın müəllim işlədiyi BDU-da dərs demişəm.
Ədəb-ərkanı, sadəliyi, təvazökarlığı ilə seçilən Ədibə xanım tələbə-müəllim heyəti arasında hörmət-izzət sahibidir. Qoy oxucu onu da bilsin ki, Ədibə xanım biz tovuzluların sevimli gəlinidir.
Nəriman müəllim, tərənnüm etdiyiniz "Ədibin evi"ni göz-bəbəyi kimi qoruyan, məhəbbətlə bu müqəddəs ocağı səliqə-sahmana salan, ürəkaçan ab-hava yaradan Şəfəq xanımdan da söz salmağınız yerinə düşür. Nəzmə çəkdiyiniz misralar çox mətləblərdən söz açır:
"Ədibin evi"ndə başqadı həyat,
sağ ol, Şəfəq xanım,
bu cah-bu cəlal.
Əllərin toxunan hər bir eksponat
Dil açıb deyir ki, sağdı Mir Cəlal.
Ədiblərimiz, elm adamlarımız, ziyalılarımız vaxtaşırı "Ədibin evi"ndə toplaşaraq ədəbiyyatdan, ədəbi prosesdən, qələm sahiblərindən söz salır, tədbirlər keçirir, Mir Cəlal müəllimin ruhunu şad edirlər.
Hamı bilir ki, Azərbaycanda çağdaş hekayə janrının ən görkəmli ustası Mir Cəlal müəllimdir. Nə yaxşı ki, "Ədibin evi"ndə hər il "İlin hekayəsi" müsabiqəsi keçirilir. Birinci üç yeri tutan hekayələrin müəllifləri layiqincə mükafatlandırılır. Münsiflər heyətinin işində Arif və Hafiz müəllimlə bərabər, Siz, Mir Cəlal müəllimin tələbələri Xalq yazıçısı, professor Elçin, akademik Nizami Cəfərov, Akademiyamızın müxbir üzvü Təhsin Mütəllimov, professorlar Şirindil Alışanlı, İlham Rəhimli, İntiqam Qasımzadə və başqaları fəal iştirak edirlər.
Əzizim Nəriman müəllim, poemanız gözəl sonluqla bitir: "Ədibin evi"nə müraciətlə yazırsınız: "Allahım, nə deyir "Ədibin evi"?
O deyir: yaxşılıq itmir dünyada,
Əbədi əkilir torpağa, daşa.
Yaşa, yaxşıların haqqıdı, yaşa!
Mir Cəlal müəllim, məndən sonra da.
Nəriman müəllim, poemanızda ibrətamiz mətləblər çoxdur. Məktəb keçərək məktəb yaradan böyük alim, pedaqoq və yazıçı Mir Cəlal müəllim və ailəsi haqqında dolğun əsər yazıbsınız. İnanıram ki, indiki və gələcək nəsillər "Ədibin evi" poemanızdan bol-bol bəhrələnəcəklər.
22.11.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!