Deyirlər ki, insan doğulduğu yerin təbiətinə bənzəyir...
Tanıdığımız insanları göz önünə gətirəndə, bu kəlamın gerçək olduğuna qətiyyən şübhən qalmır. Doğulduğu yerin - Azərbaycanın cənub-qərbində Kiçik Qafqaz dağ silsiləsində yerləşən, şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı ilə əhatələnən, qərbdən isə başımızın bəlası Ermənistanla həmsərhəd olan Laçının sərt təbiətinə bənzəyən, vüqarlı Dəlidağın qartallar şığıyan şiş qayaları kimi mərdanə duruşu, Həkəri çayı təkin coşqun, zümrüd meşələrin, diş göynədən buz bulaqların, şaqraq çayların, ab-havası min bir dərdə dəva yaylaqların saflığını xarakterində yansıdan dağ adamlarından biri haqqında danışmaq istəyirəm...
Elmi yaradıcılığı bir sıra məqalələrdə yetərincə təhlil olunub. Mən bu dağ adamının şəxsiyyətindən - insanlığından, tanıdığım qədərincə, bəhs edəcəyəm.
Adı Şirindildi onun, amma adının əksinə olaraq, dili bəzən çox acı (elə bəzən acıdil olduğunu gördüyüm üçün mən də ondan çəkinərdim, bir az yaxından tanıyandan sonra isə tam tərsi olduğunu anladım), bəzənsə şirin olur, yumorlu, şux zarafatlarla süslü... Sözü tutan həmkarları ilə baməzə söhbətlərinin şahidi də olmuşam... Alışanlı soyadı da xarakterindən, arabir özünü göstərən çılğın təbiətindən xəbər verir sanki... Bir də gözlərindəki kədəri xoş, bəzən ciddi rəftarı ilə gizlətməyə çalışsa da, mənə elə gəlir ki, daxilində daim qövr edən bir göynərtinin, acının doğurduğu yanğının alovlarının diktəsi ilə doğulub Alışanlı soyadı sanki...
Bu yanğını körükləyən ən güclü və ağrılı səbəb, düşünürəm ki, onun ata yurdu, dağlar gözəli Laçının işğalı idi... Kim nə deyir-desin, erməni vandallarının öz havadarlarının köməyi ilə işğal etdikləri tarixi yurd yerlərimizin içində Laçın və Xocalı daha çox ədəbiyyatımızın mövzusu olub. Laçın ayrılıq, həsrət, Xocalı isə öcalma simvoluna çevrilib. Xocalıda erməni cəlladlarının törətdiyi kütləvi soyqırımı, tükürpədən müsibətlər haralı olmasından asılı olmayaraq hər bir Azərbaycan türkünün içində qarşısıalınmaz bir qisas duyğusu doğuraraq 28 il boyunca bəsləyib böyüdüb. Laçın isə Hüseyn Kürdoğlunun, Ağa Laçınlının, İlham Qəhrəmanın, Əvəz Abbasovun, Bəxtiyar Kavanlının, Şərahil Laçının və b. şeir, bayatı və ağılarında obrazlaşıb və poeziyamızın həsrət simvoluna çevrilib sanki... Bu simvollaşmada Laçının qeyrətli balası, unudulmaz Məhəbbət Kazımovun param-parça olmuş ürəyinin fəryadını, qəlbinin naləsini qatıb oxuduğu, qısa zaman içində himnə çevrilən, könüllərə köçən "Laçınım mənim" mahnısının rolu az olmayıb...
"Yaralı torpağının yaralı sevgisini" yaşayan, Laçın həsrətindən qəddi əyilən və "Coşum Dəlidağın boranı kimi, // Şeh səpim Qırxqızın dumanı kimi. // Məcnun bulağının mərcanı kimi, // Şeirimi yaxana düzüm, ay Laçın!..", "Sən bu dağın nazlı quşu, // Mən bu dağın qaçqın qızı, // Düşmən aldı yurdumuzu...", yaxud "Kəfənimi tikib ağla, ağla yar, // Boynunu büküb ağla, ağla, yar, // Hörükdən aç telini, telini, // Üstümə töküb ağla, ağla, yar!..." deyən və ömür-gün yoldaşından onu sağ ikən ağlamasını istəyən, yəni bir insan vətənini itirincə, o, diri olsa da, ölüdür düşüncəsində olan, bu dərdin zindan ağırlığı ilə də yazıb-yaradan qardaşı Hüseyn Kürdoğlunun yurd nisgilli şeirlərindəki ağrı-acı, heç şübhəsiz, Şirindil Alışanlının da həssas ürəyini cırmaqlayaraq qanadıb, ruhunu yaralayıb və gözlərindəki kədərin miqyasını daha da böyüdüb. Həmin şeirləri oxuduqca, əzabdan qovrulan şair ruhunun çöhrəsində şırımladığı izləri gördükcə, ruhunda fırtınalar coşub, ötəsini düşünmək imkansız...
İnsan kimi, elm aləmində möhürünü vurmuş bir alim kimi ona üz tutan hər kəsin dərdini anlaması, qarşısındakını anlayışla qarşılaması və hər vəchlə kömək etməyə çalışması ona yalnız ünsiyyətdə olduğu insanların sevgisini qazandırıb və bu gün də qazandırmaqdadır...
Bu özəlliyini ən çox rəhbərlik etdiyi XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşlarına qarşı isti münasibətində duymuşam. O, hər kəslə şöbə müdirindən daha çox həmkar, dost, hətta bir qardaş kimi davranış sərgiləyir, şöbə əməkdaşlarının onun qarşısında sıxılmasını istəmir və elə şərait yaradır ki, hər kəs özünü sərbəst hiss eləsin, hansısa məsələyə görə rahatsız olmasın. Doğum günlərini, milli bayramları və təqvim ilini qeyd etmək heç vaxt unudulmur, heç kəsin ad günü yaddan çıxıb arxa plana keçirilmir. Böyük səmimiyyətlə səbəbkarların özəl günü kiçik bayram süfrəsi ilə qutlanır. Qutlama süfrələri onun masasının qarşısında açılsa da, əksər vaxtlarda müdir kreslosunda əyləşmir, özünü həmkarlarından üstün göstərən heç bir hərəkətə yol vermir, onlarla bir sırada oturur, bəzi yaşlı kişilər kimi, ikrah doğuran şit zarafatlar etmir, əksinə, maraqlı söhbətləri ilə kiçik məclisi rövnəqləndirir.
Şöbədəki qadınlar və kişilər arasında o qədər böyük səmimiyyət, qarşılıqlı hörmət var ki, istər-istəməz onlarla birlikdə işləmək keçir könlündən... Düşünürəm ki, elə bu gözəlliyi yaradan da Şirindil müəllimin əməkdaşlarla ülfəti, həssaslığı, onlara göstərdiyi qədirdanlıq və xoş münasibətidir.
Böyüklərə (onu deyim ki, özünün qəbul elədiyi ağbirçək və ağsaqqallara özəl yanaşması var Şirindil Alışanlının) ehtiram göstərir, kiçiklərin yerini bilir.
Haqsızlıqla barışan deyil, kiminsə haqsız danışdığını, haqsız iş gördüyünü hiss eləsə, o andaca etiraz səsini qaldırır və həmin şəxsi, necə lazımdırsa, elə o cür də utandırır.
Cəsarətlidir. Heç kimdən qorxmur, tutduğu vəzifədən asılı olmayaraq kimisə tənqid etməkdən əsla çəkinmir. Sözünü bütün situasiyalarda deməyə təpəri çatır. Çünki özgüvəni sonsuzdur... Özgüvənliyi isə əsasən işini, məşğul olduğu sahəni, söz sənətini bilməsindən, dərin mütaliəsindən, geniş düyagörüşündən doğur. Təbii, əxlaqlı olması da özgüvənliyini şərtləndirən başlıca cəhətlərdəndir.
Tərif deməkdə səxavətli deyil, hətta xəsisdir... Amma deyəndə də elə sözlər, kəlmələr seçir ki, əsla yan keçmir və düz hədəfə millənir... Heç unutmuram, qardaşı - çox istedadlı, coşqun təbli, əruzu-ənat sənətini, klassik ədəbiyyatı və folkloru mükəmməl bilən, çox gözəl əsərlər yazsa da, sağlığında layiq olduğu qiyməti ala bilməyən Hüseyn Kürdoğlunun yaradıcılığından bir məqalə yazmışdım. O da oxumuşdu, dəhlizdən keçəndə məni gördü, yazıya görə təşəkkür elədi və bütün şöbə əməkdaşlarının, həmin vaxt şöbələrində olan Qəzənfər Paşayevlə Qurban Bayramovun da yanında özünəməxsus bir tərzlə: - Ayə, bu qız şeiri, poeziyanı başa düşür, anlayır ey, həm də hiss edir. Poeziyadan yazmaq başqa, onu duyub yazmaq başqadır - dedi... Bir dəfə də Güney Azərbaycan ədəbiyyatını öyrəndiyimi, özümə görə bildiyimi vurğulamışdı... və ciddi alim, fədakar tədqiqatçı Safurə Quliyevanın ədəbiyyat naminə gördüyüm işlərlə bağlı məqalə yazdığını söyləmiş və əlavə də etmişdi ki, Safurə xanım hər adam haqqında yazan deyil ha!..
Mərddir, mübarizdir. Hansısa əməkdaşının maddi sıxıntısı ilə bağlı məlumatı olsa, imkanı çatmasa belə, həmin problemi çözməyə, müsbət həll etməyə çalışır, milyonlara sahib bəzi Hacı Qaralar kimi, mənim elə bir imkanım yoxdur, deyib sızıldamır... Əslində sızıldamağı, olana yox deməyi qüruruna sığışdırmaz belə...
Gecə-gündüz yollar axtarıb özünü hamıdan üstün bir elm adamı kimi cəmiyyətə sırımağa da (yarış atları kimi) özünəxas incə bir yumorla baxır, astaca tutduğu yolla gedir, bir-birindən sanballı əsərlər araya-ərsəyə gətirir. Onda əsl alimə xas olan əsas özəlliklərdən biri məhz halal zəhmətlə gələcəyin alimlərini yetişdirmək missiyasını ləyaqətlə yerinə yetirməsidir.
Bu halallığın ən bariz örnəklərindən biri isə elmi əsər və monoqrafiyalar yazmaqdan daha çox kitabların redaktəsinə, çapına üstünlük verməsidir. Redaktoru olduğu kitabların sayı 60-dan çox, elmi məqalələrinin sayı isə yüzlərlədir.
Redaktə etdiyi və rəhbərliyi altında dərc olunmuş məcmuə və antologiyalar böyük maraq kəsb edir, alim ömrünün bəhrələri kimi elmin çətin və şərəfli yoluna qədəm qoymuş hər bir gənc tədqiqatçının yaradıcılıq yoluna işıq salır...
Bağlı qapıların açarını alimlərdə axtar, - deyirdi dahi Şeyx Nizami... Şirindil müəllim də axtarışdadır... Əli Kərimin bir şeirində sonsuz səmimiyyətlə söylədiyi:
Mənə deyirsiniz ki,
Hər gün, hər səhər-axşam
Nəğmə,
Şeir yazıram...
Anam, hər kəlməm, sözüm
Səninkilərdi ki, var.
Könül, odundur onlar.
Müəllimim, bu xətt də
Səninkidir, səninki.
Sevgilim,
bu ilhamım səninki,
Vətəninki...
Bu fikirləri azacıq dəyişiklə Ş.Alışanlıya şamil etmək olar, necə?! "Sizin qüdrətinizlə Sizə nəğmə deyirəm..." elə beləcə, şair sözünü "Sizin qüdrətinizlə Sizə kitab yazıram, bağlı qapıları açmağa çalışıram..." alim sözü ilə əvəzləyərək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!