Nəhayət, Azərbaycan yazıçılarının XIII qurultayı keçirildi.
Qələm əhlinin səbirsizliklə, həsrət və maraqla gözlədiyi qurultay!
Hesab edirəm ki, qurultay uğurla keçdi və bütün iştirakçıların ümidlərini tam doğrultdu!
Həm ədəbiyyatsevərlərin, həm Anarsevərlərin, həm belə məclislərdə sensasiya axtaranların, həm araqarışdırma həvəskarlarının, həm də kimdənsə, yaxud nədənsə "qisas almaq" həsrətini çəkənlərin!
Kim qurultaya hansı niyyətlə getmişdisə, istədiyinə nail oldu...
Qurultayın baş tutması bütövlükdə Azərbaycanın qələm əhlinin arzusunun reallaşması baxımından böyük uğurdur.
Amma qurultayda baş verənlər (əslində, bütün olanlar gözlənilən idi) müəyyən düşüncələrə də əsas verir.
Bəzi fikirlərimizi oxucularla bölüşmək istəyirik.
Heç zaman ideal tədbir keçirmək mümkün deyil!
Bunun üçün iştirakçılardan tutmuş digər məsələlərə qədər hər şey ideal olmalıdır.
Bu isə mümkünsüzdür!
Qurultay nümayəndələrinin hamısının istəyini təmin etmək də müşkül məsələdir!
Ən azı ona görə ki, bu istəklərin heç də hamısı üst-üstə düşmür: birini qane edən digərinin ciddi narazılığına səbəb olur.
Hamıya söz verib, bütün natiqləri də dinləmək olmur: belə halda gərək qurultay bir neçə gün çəkə!
Müəyyən ortaq məxrəcə gələndə, kompromis tapanda belə "əbədi narazılar" razılaşmır, məclisdə şuluq salmağa çalışaraq sonrakı günlərdə bol-bol "rəylər" söyləyib, müzakirələr aparırlar.
İndi isə müzakirələr üçün platformalar, sözünü ictimailəşdirmək üçün imkanlar həddindən çoxdur.
Üstəlik, nə qədər adam varsa, bir o qədər də fikir var, - demişlər.
Qoy bir fikir, bir mövqe də bizimki olsun!
***
Mənim də qəti qənaətim budur ki, hazırda Anardan başqa Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə ən layiqli namizəd, bu kresloda oturmağa daha çox mənəvi haqqı olan yoxdur!
Anar müəllim bu haqqı öz yaradıcılığı, ziyalılığı, əsərlərinin sayı və müxtəlif dillərə tərcümə edilərək bir çox ölkəyə yayılması, Azərbaycanı ləyaqətlə təmsil etməyi bacarması, ən nəhayət, işlədiyi dövrdə bu mürəkkəb təşkilatı bacarıqla, müdrikliklə idarə etməsi ilə qazanıb!
Bunu qurultaydan qabaq da hamı bilirdi, qurultayda da Anarın qalib gəlməsini hər kəs gözləyirdi!
Və belə də oldu!
Eləsə sonradan su bulandırmağın mənası nədir?
Sonradan bütün iştirakçılarının ziyalılar olduğu bu qurultay barədə dedi-qodulara, gərəksiz söz-söhbətə rəvac verməyin nə xeyri?!
Axı bundan sonra heç nə dəyişməyəcəkdir!
Axı getmiş qatarın dalınca bu cür tər tökə-tökə qaçmağın, yana-yana deyinməyin nə mənası?
Niyə bəziləri insanların qəlbinə dəyməyə, qanqaralığına, kimisə əsəbiləşdirməyə bu qədər həvəs göstərirlər?
Hədəflərinizin demək olar ki, hamısı yaşlı insanlardır, ay "cavanlar"!
Onlar stres keçirib dərman içəndə, yaxud xəstələnib yatağa düşəndə nə qazanacaqsınız?
Yoxsa bundan mənəvi rahatlıq tapacaqsınız?!
***
Çingiz Abdullayevlə yaxın dostluğumuz olmasa da, şəxsi tanışlığımız var.
Əsl Azərbaycan ziyalısı, görkəmli yazıçı hesab edirəm.
Dünyanın on məşhur detektiv yazıçıları sırasında yer alıb!
Dünyada ən çox çap və tərcümə olunan yazıçılardandır.
Deməli, həm də dünyanın ən çox sevilən yazıçılarındandır!
Hər dəfə Rusiyada, yaxud Avropada səfərdə olarkən satılan kitabların arasında Çingiz Abdullayevin kitablarını görəndə bu Azərbaycan yazıçısı, xalqımın ziyalı övladı ilə fəxr etmişəm, qürur duymuşam!
Hər dəfə Çingiz müəllimi həyatda, yaxud mavi ekranda görəndə nədənsə onun əsərlərini deyil, ilk növbədə Rusiyanın 1 nömrəli kanalında 44 günlük müharibə dövründə ermənipərəstlərin suallarını necə məharətlə, məntiqlə, konkret faktlarla cavablandırdığını, Azərbaycanı qərəzlə və feyk informasiya ilə borclu çıxarmağa can atanların ağzından necə vurduğunu xatırlamışam.
Onun təmkini, ağıllı vətənpərvərliyi, polemika bacarığı ilə qürur duymuşam.
Xalqımızın maraqlarını bacarıqla müdafiə edən, yaxşı alim, mütəxəssis, sənətkar, musiqiçi, diplomat və digər sahələrdə çalışan azərbaycanlılarla həmişə qürur duymuşam, şəxsən tanısam da, tanımasam da, ehtiram bəsləmişəm, qəlbimdə sevmişəm!
Elə hesab etmişəm ki, hər bir azərbaycanlı da mənim kimi düşünür və davranır.
Hərdən xalqımızın tanınmış, məşhur övladlarına qeyri-obyektiv, qərəzli yanaşma, haqsız hücumlar, gözdənsalma cəhdini görəndə isə qeyzlənmişəm, təəssüflənmişəm...
Şəxsi hisslərdən qaynaqlanan istənilən münasibətləri nadanlıq hesab etmişəm.
Sonuncu hadisədə qeyri-peşəkar sual verən jurnalist, onun qaşınmayan yerdən qan çıxarmaq cəhdi nədənsə arxa planda qalıb.
Gəlin məsələnin mahiyyətinə varaq.
Gəlin məsələyə jurnalist baxımından, qərəzsiz yanaşaq:
Çingiz Abdullayevə belə bir məqamda, belə bir saatda, belə bir sual vermək, sonra təkidlə, əl çəkmədən ondan cavab tələb etmək doğrudurmu?
Əvvəla, Çingiz Abdullayev Yazıçılar Birliyində nə təsərrüfat müdiridir, nə də baş mühasib vəzifəsində çalışır.
Sual ünvanına verilər!
İkincisi, yazıçıların bu qurultayı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində çağırılıb.
Bu qurultaydan öncə mədəniyyət paytaxtı Şuşa barbar düşmən işğalından azad edilib!
Bu qurultaydan öncə Vaqifin Şuşadakı dağıdılmış məqbərəsi çox qısa bir zamanda bərpa edilərək möhtəşəm bir açılış mərasimi keçirib!
Bu qurultaydan öncə Şuşada Vaqif Poeziya Günləri baş tutub, bu qədim ənənə otuz ildən sonra yenidən bərpa olunub!
Jurnalist özünü hesablama palatasının işçisi kimi aparmaqdansa, yaradıcı adama yaradıcılıqla bağlı sual ünvanlamalı deyildimi?!
Əslində, soruşmalıydı ki, bu qurultaya toplaşan şair və yazıçılar, özlərini böyük istedad sahibi sayanlar, Azərbaycan Yazıçılar Birliyində yüksək posta iddia edənlər nə vaxt 44 günlük Vətən müharibəsi barədə ortaya sanballı bir əsər qoyacaqlar?!
Bəs haçan yalın əllə Şuşanı işğaldan azad edən, bununla da dünyanı heyrətə salan Azərbaycan əsgər və zabitlərinin, xüsusi təyinatlılarının misilsiz qəhrəmanlığını tərənnüm edən əsərlər görəcəyik?!
Soruşa bilərdimi ki, Qarabağı azad edənlərlə bahəm, Qarabağı yerləyeksan edən erməni vandallarının vəhşiliklərini bədii boyalarla, real faktlar və mənzərələrlə təsvir və ifşa edən, bu murdar milləti dünyaya tanıdan povest və romanlar haçan işıq üzü görəcək?!
Maraqlana bilərdi ki, real həyatdakı qəhrəmanları - əsgər, zabit, şəhid və onların ata-anaları, dul qalmış xanımları, yetim qalmış övladları barədə ürəkyandıran əsərləri nə zaman oxuyacaq, dram əsərlərini teatrlarımızın səhnəsində haçan görəcəyik?!
Xəbər ala bilərdi ki, niyə bu gənclər öz iddialarını yazdıqları əsərdə yox, sosial şəbəkələrdəki, saytlardakı status və çıxışlarında göstərməyə daha çox meyillidirlər!
Axı yazıçılar qurultayı maliyyə hesabatına görə yığışmamışdı...
Növbəti beş ilin yaradıcılıq mövzuları və istiqamətləri də bu məclisdə müəyyənləşir!
***
Əslində, yazıçılar danışmazlar, yazıçılar yazarlar!
Onlar öz əsərləri ilə tanınar, məşhurlaşarlar!
Yaxşı yazıçı olmaq üçün xüsusi istedada, təfəkkürə malik olmalı, fikrini bədii, maraqlı və Azərbaycan dilinin imkanlarından dolğun istifadə etməklə oxucuya çatdırmağı bacarmalısan.
Əvvəlcə vəzifə tutub, sonra yazıçı olmaq mümkün deyil!
Yaxşı jurnalist olmaq üçün də istedad tələb olunur!
Həyatda "yazıçılıq məktəbi" olmasa da, jurnalist hazırlayan ali təhsil ocaqları çoxdur!
Hər bir jurnalist sahəyə dair minimum bilgilərə malik olmalıdır.
Başqa sahədən bura işləməyə gələndə isə jurnalistikanın "əlifbasını" öyrənməyə borcludur!
Yaxşı jurnalist olmaq üçün yaxşı yazmaq da azdır!
Düzgün, ağıllı suallar verməyi, müsahibini danışdırmağı, onun etibar və etimadını qazanaraq ürəyini sənə açmağa sövq etməyi də bacarmalısan!
Jurnalistikada təkcə bilgilər kara gəlmir!
Bu peşənin mənəviyyatla, necə deyərlər, "ibtidai tərbiyə" ilə bağlı məqamları da çoxdur.
Jurnalist səbirli, təmkinli, etikalı davranmalı, hətta müsahibi kəmhövsələlik edəndə belə onu normal danışıq məcrasına yönəltməyi bacarmalıdır.
Bütün bunlar peşə kodeksi şəklində formalaşdırılıb və dünyada "jurnalistlərin etik davranış qaydaları" adlı əli qələmlilərin əməl etməyə borclu olduqları prinsiplər, qaydalar toplusu yaradılıb.
Hesab edirəm ki, jurnalistlərin etik davranış qaydalarına əməl etməyənlərin özlərini jurnalist saymaları boş və mənasızdır.
Jurnalistin məqsədi qalmaqal törətmək, hər şeydən "sensasiya" yaradaraq həqiqəti eybəcərləşdirmək deyil!
Jurnalist topladığı faktları bədii cəhətdən işləməli, obyektiv, qərəzsiz, tərəfsiz və həqiqəti əymədən, təhqir etmədən ictimailəşdirməlidir.
Əgər belə etmirsə, deməli, vicdanı ilə alverə gedir, mənəvi deqradasiyaya yol verir.
Qurultaya qədər ən böyük hədəf Anar idi!
Qurultaydan dərhal sonra isə yeni hədəf seçildi: Çingiz Abdullayev!
Doğrudanmı bu gün Azərbaycan mətbuatında cövlan edənlərin ziyalılardan başqa özgə hədəfləri yoxdur?
***
Son dövrdə qələm əhlində qəribə bir mərəz də yaranıb:
Jurnalistlərin, yazıçıların iştirakı ilə respublika miqyaslı hansı tədbir, məclis keçirilirsə, hələ tədbir başa çatmamış onun gözdən salınması, qaralanması kampaniyası başlayır.
İçəridəkilər (iştirakçılar) söz verilmədiyinə, doyunca yeyə bilmədiklərinə görə, bayırdakılar isə (dəvət olunmayanlar) "tədbirə layiq olduqları halda" çağırılmadıqlarına görə...
Əvvəla, tədbirin keçirildiyi məkan uzaqdadırsa, iştirakçıları ora çatdıran avtobuslar "ölçüsüz" deyil, hər ikisinin sayılı tutumu var.
İkincisi, sən özünü orada iştiraka layiq bilirsənsə və bu halda səni çağırmayıblarsa, deməli, təşkilatçılar belə məsləhət görüblər.
Həm də bizim özümüz haqda nə fikirdə olmağımızdan asılı olmayaraq, başqalarının bizim barədə fikirləri əsas götürülür.
Ən nəhayət, əgər bir yerə dəvət olunmayıbsansa, kədərlənmə və özünü o yerə qoyma, hamı da elə bilsin ki, özün getmək istəməmisən...
Onsuz da incikliyin, umu-küsünün faydası olmur!
İştirakçıların davası isə harda oturmaqdan tutmuş ta "tərkibə" seçilməyə qədər məsələləri əhatə edir.
Əgər hansısa yığıncaqda 100-500 nəfər iştirak edirsə, məgər onun hamısı danışmalıdır?
Əvvəla, buna vaxt çatmaz, gərək onda tədbir bir neçə gün, yaxud bir neçə həftə davam edə!
İkincisi, hamı danışacaqsa, yerdəkilər saatlarla dinləməkdən yorulacaqlarsa və mürgüləyəcəklərsə, onda danışanları kim dinləyəcək?
Üçüncüsü, 500 nəfərin hərəsi öz çıxışında azı 1-2 təklif verəcəksə, bunları kim və necə ümumiləşdirərək qərar layihəsinə salacaq?
Bütün bu çətinliklər yaşanmasın deyə "dünya praktikasına" istinadən əvvəlcədən tədbirin təşkilat komitəsi yaradılır, tədbiri keçirənlər vaxtı, reqlamenti, yığıncağın həll edəcəyi məsələləri nəzərə alaraq çıxışçıların sayını və təqribi mövzuları (əhatə etmək üçün) irəlicədən müəyyənləşdirirlər.
İclasın gedişində hansı yeni bir məsələ qaldırılarsa, yaxud kimsə yaxasını cırarsa, belələrinin bir-ikisinə söz verirlər.
Amma yaxacıranların hamısı söz alsa, tədbir tədbir yox, ağız dediyini qulaq eşitməyən bazara çevrilər, beləliklə, hər şeyin dadı qaçar!
***
Bəli, bir daha xatırladırıq: yazıçı, şair bədii əsər yazandır!
Bu qələm əhli hansısa iddiaya (maddi, mənəvi və ya inzibati) düşməzdən əvvəl özünü sübut etməli, ortaya əksəriyyətin bəyəndiyi, hətta Azərbaycan sərhədlərini aşmağa qadir əsərlər qoymalıdır!
Jurnalist isə gündəlik informasiyanı toplayıb yayan, həyatda gördüyü real hadisə və əhvalatları müxtəlif janrlı yazılara köçürərək insanlara çatdırmalıdır!
Hər şeydən sensasiya düzəltmək və yaxud daim sensasiya dalınca qaçmaq peşəkarlıq deyil!
Jurnalistikada dedi-qodu adlı janr yoxdur!
Heç milli mətbuatımızda da yaradıcılığın bu forması olmayıb!
Bu, sosial şəbəkələrin "yenilikləridir".
Orada boş-bekar oturan bir qisim insanın qeyri-etik, mənəviyyatsız şərhlərinin ikrahdoğuran formasıdır.
Elə bir forma ki vətənpərvər, intellektli, insanlara xoş ovqat, sevinc bəxş edən, çətinə düşənlərə dayaq olub yol göstərən "status"ların da üzərinə bəzən kölgə salır!
Təəssüf ki, bəziləri söz deyəndə, ələ qələm alıb yazanda xəncər yarasından betər olan söz yarasının sağalmadığını unudur!
Gəlin qəlblərə məlhəm olan, insanların mənəvi ehtiyaclarını ödəyən, qəhrəmanlarımıza, şəhidlərimizə layiq əsərlər yaratmağa, onların xatirəsini əbədiləşdirən yazılar yazmağa çalışaq!
Vətən bizdən bunu gözləyir!
Qələm əhlini sevənlər bizdən bunu gözləyir!
Bəsdir bir-birimizin qəniminə çevrildik!
Bəsdir ölkənin hörmətli, nüfuzlu, tanınmış insanlarını hədəfə çevirdik!
Bəsdir ziyalılarımıza düşmən münasibəti bəslədik!
Bəsdirin bir-birimizi diddik!
Bir baxın, görün nə qədər düşmənimiz var!
Gəlin bir-birimizə dayaq olaq, xoş söz söyləyək!
Bu, "çətin" olsa belə daha faydalıdır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!