Anasına layla çalan oğul - Akif ABBASOV

 

Yer üzünün əşrəfi insandir. Belə deyirlər, belə də var. İnsanlığın şah əsəri də anadır! Ana! Anaya "müqəddəs varlıq" təsadüfi olaraq deyilmir. Odur ki, insan üçün mühüm əhəmiyyətli bir çox anlayışların qarşısında "ana" sözü yazılır: ana Vətən, ana dili, ana təbiət, ana yurd, ana torpaq.

Ana mövzusu həmişəyaşar, əbədi, əzəli və həm də yeni bir mövzudur. Ana obrazı həmişə məhəbbətlə tərənnüm olunub. Hər bir qadının şərəfi, böyüklüyü, ülviliyi onun analığındadır. Həyatdakı bütün uğurlarımız üçün anaya borcluyuq və nə qədər çalışsaq da, onun borcunu qaytara bilmərik. Ana körpəlikdən ta həyatı sönənə kimi bizim qulluğumuzda durur, qayğımıza qalır, bizdən ötrü narahat, nigaran olur, gecələr sübhədək beşiyimiz başında oyaq qalır, xoşbəxtliyimiz naminə ömrünü şam kimi yandırır.

Yaradıcı simalar ona görə də qadın gözəlliyini ana obrazında ümumiləşdirmiş və əbədi obraza, qəhrəmana çevirmişlər.

Rembrant misli görünməmiş sənətkarlıqla çəkdiyi ana rəsmini "Madonna" adlandırmışdır. Bu əsər dünya incəsənətinin son dərəcə qiymətli sərvətlərindən biridir.

"Madonna" italyan dilində "Allahın anası", "ilahi qadın" deməkdir. Rəssam rənglərin sehrli dili ilə ananı müqəddəsləşdirmiş və onu ən ülvi məqamda - ana qəlbinin hərarətini körpəsi ilə bölüşəndə canlandırmışdır. Sonralar bir çox madonna rəsmləri meydana gəlmişdir. Həmin portretlərin hər birində uşaq ananın sol qoynunda təsvir edilib. Niyə? Bu təsadüfdürmü? Yoxsa burada bir qanunauyğunluq var?

Sən demə, körpə ananın bətnində ananın ürək ritminə öyrənir. Dünyaya gələndən sonra uşaq sol qoynunda tutulanda ananın ürək döyüntülərinin sədaları altında özünü rahat hiss edir, sakitlik, dinclik tapır, ananı incitmədən yuxuya gedir.

Müasir analar da, çox güman ki, bu möcüzədən xəbərdardırlar, onlar da uşaqları qucaqlarına alanda övladlarını sol qoyunlarında tuturlar.

Körpəni yatıranda ana ona layla çalır. Həzin laylanın sədaları altında uşaq tezcə yuxuya gedir.

Şair Adil Cəmilin "Anama layla" şeirlər kitabını (Bakı: Elm və təhsil, 2020) oxuyanda xəyal məni qanadlarına alıb uzaqlara - analı günlərimə, anasız illərimə apardı. Valideyni, xüsusən də ananı itirmək çox böyük dərd, qüssə, fəlakətdir. Ana itkisi sarsıdıcıdır. Babalarımız təsadüfən deməmişdir: "Uşaq atadan deyil, anadan yetim qalır!".

"Anama layla!". Necə gözəl mənalandırmadır! Kaş övladlar anaya laylanı onun sağlığında çalaydılar. Ana yorğun olanda, ana dilxor olanda, ana narahat olanda, ananın yuxusu gələndə niyə ona layla çalmayaq?!

Kaş analar dünyalarını dəyişməyəydilər! Onsuz da analar dünyadan köçmürlər, daim bizimlədirlər!

Laylanı balalarına, övladlarına analar çalırlar. İnsanların ən zərif, kövrək hissləri övladla bağlıdır. Fəqət Adil Cəmil "Anaya layla" deyir. İtirdiyi anasını yada salaraq kövrəlir, ağlamsınır, bu gen dünya ona dar gəlir:

Hicran məni dara çəkir,

Sən yatan məzara çəkir.

Ey dərdimə yanan, layla,

Anam layla, anam layla.

 

Adil Cəmilin kövəkliyindən, böyüklüyündən, zənginliyindən irəli gələn bir təşəbbüsdür, çox gözəl, çox uğurlu deyilişidir: "Anama layla!".

 

Anam deyib öyündüyüm,

Həsrətində üyündüyüm

Daş sükutlu sonam, layla,

Anam layla, anam layla.

 

Şairi ağrıdan, için-için ağladan bir ana yoxluğudur, bir də Vətən dərdi. Çörəyi dizi üstə olan şərəfsiz ermənilər şairin doğma yurd-yuvasını tutublar. Ananı doğma torpaqda dəfn etmək oğula qismət olmadı. Ana yurd həsrəti ilə dünyasını dəyişdi.

İndi ananın ruhu şaddır, oğul da sevinclidir. Doğma torpaqlarımız düşməndən azad edilib. Ali Baş Komandanın başçılığı altında müzəffər silahlı qüvvələrimiz erməni ordusunu darmadağın etmiş, düşməni torpaqlarımızdan, o cümlədən 1993-cü il aprelin 2-də erməni faşist işğalçılarının əlinə keçmiş Kəlbəcərdən də qovmuşdur!

Adil Cəmil ana nisgili ilə "Anamın xatırəsinə" şeirini də qələmə alıb. Ana heç zaman unudulmur, xatirəsi həmişə əzizdir, sağlığında da, cismən həyatdan köçəndə də. İfadə tərzinin mükəmməlliyi diqqət çəkir:

Bir qəmli dastan idi

Bu sabah bitdi anam.

 

Şair yaşadığı ağrını acı-acı, göz yaşı tökə-tökə, sızıldaya-sızıldaya, ürəyi sıxıla-sıxıla dilə gətirir:

 

Canımdan can qoparıb,

Son mənzilə o varıb

Dünyamı da aparıb

Dünyadan getdi anam.

 

Şairin qənaətincə, "dünyadan köçən anası dünyanı da özü ilə aparıb". Budur, Adil Cəmilin ustalığı. Söz oynatmır, sözdən çələng hörür, sözün qüdrətini önə çəkir.

"Anama layla" kitabında ana mövzusundan başqa, bir çox mövzularda şeirlər də vardır ki, onlar da maraqla oxunur, onlar düşündürür, tərbiyələndirir, yaxşı şeir yazmağın yolunu göstərir. "O yanda, bu yanda" bu kitaba daxil edilmiş birinci şeirdir. Elə bu ilk şeirilə şair adamı öz təsiri altına salaraq, kitabı vərəqləməyə, digər şeirlərlə də tanış olmağa səsləyir:

 

O yanda yer qazılır

Kəhrizə çıxmaq üçün.

Bu yanda çay tələsir

Dənizə çıxmaq üçün.

İblis qatır aranı

Qan dizə çıxmaq üçün.

Hamı Həccə tələsir

Təmizə çıxmaq uçun.

Yaşayırıq - gecədən

Gündüzə çıxmaq üçün.

    "O yanda, bu yanda"

 

Var ol, şair! Bəli, elə anlar olur ki, insan həyatdan küsür, bezir, xoşbəxtliyə çata bilmir, bir tikə çörəyə möhtac olur, şərə düşür, tora düşür - onda gecəsi-gündüzü ona haram olur. Yalnız "Yaşayırıq - gecədən, Gündüzə çıxmaq üçün".

Bəzi harın adamlar da, məsləki - pul, məqsədi - yarınmaq, yalaqlanmaq, satılmaq, satmaq, mərdimazarlıq və pislik etmək, tor qurmaq olanların da aqibəti belə olur.

Adil Cəmil əslən Kəlbəcərdəndir. Bu rayon ölkəmizin dilbər guşəsidir. Havası təmiz, suyu ondan da tərtəmiz, dağlar qoynunda məskən salıb, yaşıllığa qərq olub, bulaqları bumbuz. Təbiəti gözəl! Belə yerin adamları da saf olur, dostcanlı, mərd, comərd, əli, dili düz, qonaqsevən olur.

Bu yerlərin sakinləri 30 illik həsrət çəkdilər. Adil kimi. Ağı dedilər, bayatı oxudular. "Vətən, hey!" səsləndilər.

"Anama layla" ərsəyə gələndə hələ torpaqlarımız azad olunmamışdı. Doğma yurdu üçün qəribsəyən, darıxan, özünə yer tapmayan Adil Cəmil qələmə sarıldı. Ah çəkməkdən usanmadı. "Qürbətdə qalan vətənə" baxa-baxa yazdı:

 

Ah çəkib uzaqdan Murova baxdım,

Kəlbəcər adında girova baxdım.

Dən düşən saçımda qırova baxdım...

Yazdan ayrılmamış qış hardan gəldi?

           "Hardan gəldi"

 

Necə də gözəl ifadə olunub: "Ah çəkib uzaqdan Murova baxdım, Kəlbəcər adında girova baxdım".

Kəlbəcər kimi gözəl diyarın girov olması, düşmənin burada at oynatması nəinki Adilin, eləcə də uzun müddət bizim hamımızın dərdi idi. Fəqət hamıdan daha çox Adil yandı-yaxıldı: "Gündoğan tərəfə baxan kəndimin, Qibləsi dəyişib günbatan oldu" - deyə haray qopardı, axşamlar kəndini yuxuda gördü, gündüzlər gözləri önündə canlandırdı, əzizlədi, oxşadı.

Adil Cəmil şeirlərində bugününü, sabahını fikirləşməyi, ömrü mənalı yaşamağı, onu bada verməməyi insanlara tövsiyə edir. Şairin qənaətincə, həyatın mənası barədə düşünməyən, xoşbəxtliyin yollarını arayıb tapa bilməyənlər axırda peşman olur. Şeirdəki şəxs kimi:

 

Mən ömrümü "qurban olum" -

Deyə-deyə qurban verdim.

         "Qurban verdim"

 

İnsanlar başqalarından ötrü fədakarlıq göstərməklə yanaşı, özlərini də düşünməli, ömürlərini bihudə yerə qurban verməməlidirlər:

 

Sən demə, arzular xam xəyal imiş,

Xəyallar Adili xamladı getdi.

           "Karvan köç elədi"

 

Şairin "İşğal günü" şeiri də maraqla oxunur, poçtalyonun yurd yerini tərk etməməsi adamda bir yandan fərəh, qurur hissi oyadır, digər yandan, onu gözləyən acı tale təəssüf hissi oyadır:

 

Kəndimizin poçtalyonu

Kənddə qaldı işğal günü.

Obaya xəbər daşıyan

O insandan

Heç çıxmadı xəbər-ətər.

 

İşğal günü kəndi tərk etməyən poçtalyonu burada qalmağa vadar edən müəyyən səbəblər var. Əvvəla, o, yataq xəstəsi idi. Yalvarırdı ki, onu yerindən tərpətməsinlər. "Qurumuşdu ayaqları, Söz tutmurdu dodaqları". İkincisi, onu kənddə qalmağa, burada ölməyə məcbur edən Vətən sevgisi idi: "Bura mənim obamdır, ömrüm-günüm burada keçib, qalıb burada ölüm" - deyirdi.

Poçtalyonun taleyi, təbii ki, bəllidir. Qocaya, xəstəyə, körpə uşağa, qadına rəhm etməyən erməni faşistləri, söz yox ki, poçtalyonu tapan kimi, şübhəsiz, qanına qəltan etmişdilər. Adil Cəmil demişkən:

 

Zülüm varmı bundan betər

Ölüm varmı bundan betər.

 

Kitabda qandonduran bir fəryad var: oğul dərdi, oğul yoxluğu. Valideyn üçün övladı itirməkdən böyük dərd-sər təsəvvürə gəlməzdir.

Adil Cəmil onu için-için ağladan, sızladan bu hissi (dərdinə şərik oluram, əziz dost) dilə belə gətirir:

 

Daha varlığıma bu dünya dardı,

İşıqlı nə varsa aparıb getdin.

Dilimdə bir "oğul" kəlməsi vardı,

Onu da dilimdən qoparıb getdin

"Ay oğul atası, oğulsan tabla" şeirindən. Orxana ithaf.

 

Adil Cəmilin kitabda toplanmış digər şeirləri də uğurludur. Diqqət yetirək: "Soruşmayın əhvalımı" (Dünya fani, ömür hədər, Gedən gəlməz, gələn gedər), "Göy üzü səs saxlancıdır" (Mənəm-mənəm deyənlərin, Mənliyində "Mən" yoxmuş), "Fikir adlı şum yerində" (Dağlar mənə dağ çəkəndən, Dağ görmədim dağım kimi), "Ay zalım fələk" (Gürşad əvəzinə, leysan yerinə, Gözümün yaşını tökdürdün mənə), "Dərdim" (Belimdə şələ var vallah öluncə, Neçə ki, diriyəm diridi dərdim) və s.

Kitabdakı şeirlərin bir qismində qardaş Qırğızıstan, onun təbiəti, insanları anılır. "Böyükçöl", "Qırğız yaylasında", "Ər Manasın aulunda", "Bir vadidən gördüklərim", "Çu çayı" və s. şeirlər bu qəbildəndir.

"Anama layla" kitabını vərəqləyib sona çatırdım. Öz-özümə: "Adil nə əcəb kitaba sevgi şeirləri daxil etməyib?" - deyə fikirləşirdim ki, nəhayət, axtardığımı tapdım: "Uzanan ayrılıq ömür qısaldır", "Bizim sevgi", "Görüş yerində", "Yanmağıma yanmıram", "Səni düşünərkən", "Bir sevda dəlisiyəm", "O eşqin sarayı uçmayıb, gülüm", "Sən", "Sən görmədin", "Keçib" və s.

 

Sinəsində yeridiyin

Yamac oldum - sən görmədin.

Yollarına kölgə salan

Ağac oldum - sən görmədin.

 

Bu yerdə üzümüzü Adil Cəmilə tutaraq deyirik: başqa sevənlər də sən dərddə olublar, ürəyini sıxma. Gözəl şeirlər yaz, ürəyini də sıxma. Sevilən şairsən!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!