Qarabağım
Müzəffərdi şanlı ordu,
Azad oldu Turan yurdu.
Qucağında büsat qurdu,
Bu ehtişam, Qarabağım.
Sevinc fərəh döndü quşa,
Mənliyimdir Laçın, Şuşa.
Arif, Məsum gəldi cuşa,
Təsnif, muğam, Qarabağım.
Güldü üzə qayan, daşın,
Muğan, Şirvan qanqardaşın.
Bu diyardan vətəndaşın
Aldı min kam, Qarabağım.
Gül açdı hər qarış yerin,
Qəlbimizdə sevgin dərin.
Xəcil olub düşmənlərin,
Getdi nakam, Qarabağım.
Tərtərinin avazı xoş,
Kəlbəcərin havası xoş.
İstisuyun dəvası xoş,
Nurdu tamam, Qarabağım.
Millətimin kövrək yeri,
Kəklik yurdu, tülək yeri.
Xan qızının ürək yeri,
Alışan şam, Qarabağım.
Dünya deyir şöhrətindən,
Vüqarından, qeyrətindən.
Mən də sənin heyrətindən
Lalam, lalam, Qarabağım.
Xoş taleyim, nurlu baxtım,
Ən möhtəşəm tacım, taxtım.
Küsmə məndən, gəlib çıxdım,
Salam, salam, Qarabağım!
Şuşaya qayıtdıq
Şuşaya qayıtdıq, qayıtmalıydıq,
Çünki Şuşa bizə vətəndi axı.
Bax İsa bulağı muğam dilində,
Segahı, zabulu ötəndi axı.
Şuşa şikəstəmdir, muğamatımdır,
Eşqimdir, ruhumdur, xoş ovqatımdır.
Dünəndən bu günə hesabatımdır,
Hər arzu kamına yetəndi axı.
Vaqifin gözəli gəzib bu yerdə,
Natəvan qəzəllər düzüb bu yerdə.
Qartallar zirvədə süzüb bu yerdə
Dumanlar qoynunda itəndi axı.
O Şuşa qalası əzəmətimdir,
Azadlığı ləziz bir nemətimdir.
Bu torpaq namusum, həm qeyrətimdir,
Vətən anamıza bil, təndi axı.
Burda yamaclar da qürurlu dağtək,
Zirvədən dərəyə bir boylan bax, tək.
Çoxunun gözünə batıbdır oxtək,
Bilmirəm səbəbi nədəndi axı.
Necə təmizləndi qanqal, tikandan,
Yəni Cıdır düzü çağırır insan.
O Baş Komandana - rəhbərə qurban,
Qoynunu gülüstan edəndi axı.
Qayıtdı
Dəlidağdan Murova,
Seyr etdiyim, gördüyüm.
Laləli, gül qoxulu,
Hər səhərim qayıtdı.
Bir vaxt bu dağlardakı
Qazanılan, çalınan.
O yenilməz möhtəşəm,
Öz zəfərim qayıtdı.
Namərd yağı əlində
Hiddətlənən, hayqıran.
Məcrasında boğulan,
Xan Tərtərim qayıtdı.
Qəhrəman babaların
Ruhu lərzəyə gəldi.
Xanım-xatun Nigarım,
Ər Həcərim qayıtdı.
Neçə il həsrət çəkib,
Qəlbi qubar bağlayan.
Uşağım, gəncim, qocam,
Hər nəfərim qayıtdı.
İstisuyun dodağı,
Öpdü dodaqlarımdan.
Şəfam məlhəmin olan,
Çiçəklərim qayıtdı.
Otuz il sərvətimi
Taladı qarı düşmən.
Axır ki, bu gün mənə
Ləl, gövhərim qayıtdı.
Ruhu Dədə Şəmşirin,
Şirin qoşma oxudu.
İndi mənim özümə,
Şah əsərim qayıtdı.
Endi bulaq başına,
Gözəllər dəstə-dəstə.
Təzələndi ləpiri,
Şux dilbərim qayıtdı.
Aşıqların sazında
Dindi misri havası.
Göyçədən Kəlbəcərə
Ələsgərim qayıtdı.
Alaçıqlar quruldu,
Toz-dumana qarışdı.
Yallı getdi igidlər,
Mərd əsgərim qayıtdı.
Anaların duası,
Müstəcəb oldu axır.
Sənə min şükür, Allah,
Kəlbəcərim qayıtdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!