Qarabağ - Əsəd Cahangirin düşüncə rakursunda - Aynur XƏLİLOVA

 

 

Millətin həyatında böyük tarixi hadisələr yaşandığı zaman baş verənlər onun mahiyyətinə varmaq üçün qanunauyğun olaraq kontekstlə əlaqəli bir sıra vacib məsələləri sərf-nəzər etməyi, müqayisə və təhlillər aparmağı da labüdləşdirir. Çağdaş Azərbaycan ədəbi fikrinin tanınmış simalarından olan Əsəd Cahangirin İkinci Qarabağ savaşının təsirilə qələmə aldığı "Səs" essesi də sözügedən böyük tarixi hadisədən doğan bu qanunauyğunluğun nəticəsi kimi ortaya çıxmışdır.

İkinci Qarabağ savaşı şəhidlərinin ruhuna ithaf olunmuş "Səs" essesi Əsəd Cahangirin elmi-bədii yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Essedə Qarabağ mövzusu Əsəd Cahangirin düşüncə rakursunda müxtəlif yönlərdən orijinal yanaşma ilə təhlilə cəlb edilir, həmçinin, müəllifin "dərk etmək istəyi"ndən (Nizami Cəfərov) doğan maraqlı həqiqət axtarışları, fikir və qənaətləri əks olunur. Materialist yorumların o qədər də yer almadığı mətndə daha çox metafizik məzmunda yozum və mənalandırmalar üstünlük təşkil edir. Görkəmli alim akademik Nizami Cəfərovun "Əsəd Cahangirin esseləri məntiqi-rasional metodla intuisiyanın, ilhamla vəhyin inteqrasiyası, kəsişmə zolağında meydana çıxıb" dəyərləndirməsi onun "Səs" essesi üçün daha çox xarakterikdir.

Kifayət qədər həcmli olan mətnin strukturu quruluş etibarilə üç hissə və yüz bir daxili bölgüdən ibarətdir ki, bu da mövzuya yanaşma ilə əlaqəli olub məna və formanın uyumluluğunu saxlayan amil kimi diqqəti çəkir. Üç Azərbaycan folklor simvolikasında stabilləşmiş və ən çox rast gəlinən saylardan biri olub şifahi ənənənin ayrı-ayrı janrlarının poetik sistemində işlənmə məqamına və səciyyəsinə görə özünəməxsus rol oynayır. Əski türk mifoloji düşüncəsində dünya modeli üçlü sistem halında təsəvvür edilmiş, həmçinin, türk yaşam sistemində bir sıra ayin və ritualların icrasında üç statik şəkil alan və mifik-sakral məzmunda qavranılan saylardan olmuşdur. Bunlardan bir çoxu indi də öz mahiyyətini qoruyub saxlamaqdadır. Numerologiyada, əsasən, dəyişkənlik kimi qəbul olunan üç sayı keçmiş-indi-gələcək anlamında zaman amililə daha çox əlaqələnir. Bütün bunlarla yanaşı, üç islamda və ümumiyyətlə, müsəlman aləmində bir çox vacib əməllərin yerinə yetirilməsində xüsusi önəm verilən saylar sırasındadır, yüz bir isə Allahın müqəddəs adlarının sayı anlamında kutsal məzmuna malikdir.

Yusif Balasaqunlunun "Bayat atiğ birle sözüğ başladım..." sözü ilə və sözdən başlayır esse. Həm də sözü və tək bir Sözlə bütün dünyanı yoxdan var edən Tanrının adı ilə başlayır. Bilavasitə sözdən bəhs edərkən Tanrının iradəsilə ən müxtəlif maneə və çətinliklərə qatlaşıb "insanlığın keçib gedəcəyi yolla irəliləyərək" gələcəyə işıq tutan peyğəmbərlər və ruhən daha çox keçmişə bağlı olan şairlər haqqında söz açması, bəlkə, onların sözlərinin forma, ifadə tərzi və məna-məzmunca (peyğəmbərlərdə!) digərlərindən fərqlənməsidir - biri seçgin olub mediator funksiyasında birbaşa Tanrı Sözünün, digəri isə müşahidə, düşüncə və yaşantılardan doğan poetik sözün ifadəçisi. Bəlkə, ona görə ki, peygəmbərlər bütün varlığı ilə, "nəfsin tələlərindən" keçə bilən (!) şairlər isə qəlbi ilə ilahi aləmə bağlı olurlar?.. Böyük təsəvvüf şairləri İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi... İlahi vergili haqq aşiqləri Qurbani, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım Tikmədaşlı kimi...

Əski türk inancına görə, yerlə göylər aləmi arasında qarşılıqlı əlaqənin mövcud olduğu kutsal məkanlar vardır ki, bu məkanlar insanların göylərlə meditasiya qurmaları üçün, bir növ, bağ rolunu oynayır və səmavi mesajlar da məhz bu bağ vasitəsilə qəbul edilir. Əsəd Cahangirin də qeyd etdiyi kimi, türklər üçün belə kutsal yerlərdən biri Ötükən ormanı olmuşdur. Orxon-Yenisey daş bitiklərində əbəs yerə deyilmir ki, "Türk kağan Ötükən yış olursar, ilte bung yok". Essedə Qarabağ da metafizik məzmunda alınaraq yeri göyə bağlayan "Qara Bağ" şəklində mənalandırılır. "Qarabağ Qara Bağın görünən tərəfi, surəti, təzahürü, cismi, təcəllasıdır. Və məntiqi olaraq, Qara Bağ da Qarabağın gözəgörünməz tərəfi, orijinalı, mahiyyəti, ruhu, metafizikasıdır". Bu kontekstdən yanaşsaq və nəzərə alsaq ki, burada mərkəz və kutsal məkan Şuşadır, deməli, Azərbaycan və Azərbaycan türkləri üçün yeri göyə bağlayan bağ da məhz Şuşadır. Bu zaman assosiasiya və gerçəkliklər baş verən bəlli tarixi hadisələrin qeyri-iradi olaraq belə bir analoji idrakını şərtləndirir - Necə ki, "Türk xaqanı Ötükən ormanında olarsa, elin sıxıntısı olmaz!" (Yolluq Tigin), eləcə də, Azərbaycan Əsgəri Şuşa qalasında - Cıdır düzündə olarsa, elin sıxıntısı olmaz!

Əsəd Cahangirin fikrincə, Qarabağ (Şuşa - A.X.) Azərbaycan mədəniyyətinin Ötükənidir. Həm də artıq neçə yüzillərdir. XVIII yüzillikdə poetik istedadına görə müasiri və həmyerlisindən heç də geri qalmamasına baxmayaraq "gələcək Azərbaycan ədəbiyyatının inkişaf istiqamətini Gürcüstanda yaşayan Vidadi yox, Qarabağ xanının vəziri Molla Pənah Vaqif müəyyən edirdi... Millətin gələcək taleyinin özülü Gürcüstanda yox, Qarabağda qoyulurdu!" - "Molla Pənahı Vaqif edən, onun poeziyasını istiqamətverici amilə çevirən... Qarabağ"da!

Qeyd edək ki, "əslində, Vidadi və Vaqif yazılı ədəbiyyata saza-sözə həssaslığı ilə seçilən Gəncəbasar mühitinə məxsus el şairliyindən gəlmişdilər" (Məhərrəm Qasımlı, Aynur Xəlilova). Lakin Vaqifin sənətkar taleyinin müəyyənləşməsində Şuşa ədəbi-mədəni mühitinin böyük rolu olmuşdur. Burada həmin dönəmdə qaynar sənət həyatına malik Qarabağ aşıq mühitini də ayrıca qeyd etmək lazımdır. Çünki Molla Pənah Vaqifi ədəbiyyat tariximizdə dövrün novator sənətkarı kimi səciyyələndirən başlıca amillər, poetik irsini nəzəri-tipoloji cəhətdən fərqləndirən əsas xüsusiyyətlər onun yaradıcılığına sözügedən dövrdə Azərbaycanın bütöv tarixi-coğrafi arealında özünün yüksək tarixi inkişaf mərhələsini yaşayan aşıq ədəbiyyatından gəlmişdi. Bu amil də nəzərdə saxlanılmaqla, Molla Pənahın məhz Vaqif kimi var olması ümumilikdə Şuşa faktoru, onun bütün kontekstlərdə cazibəsi və nüfuzu, Şuşa mühitinin yüksək sosial-mədəni zəminilə əlaqəlidir. Bu baxımdan essedə həm Vaqifin yaradıcılığında, həm də bütövlükdə Azərbaycan ədəbiyyatının gələcək inkişaf istiqamətinin müəyyənləşməsində məkan faktorunun aparıcı rolunun önə çəkilməsi tarixi-kulturoloji cəhətdən də dəqiqdir. Müəllif XIX yüzillikdə də, çarizmin rejionda əksinə yönəlmiş bütün çabalarına, həmçinin, sözügedən yüzilliyin sonlarında Bakının iqtisadi cəhətdən yüksəlişinə rəğmən, Şuşanın mədəni mərkəz kimi fəaliyyətini davam etdirməsini qeyd edir və bunun bariz nümunəsi kimi dövrün məşhur ədəbi məclislərindən olan "Məclisi-üns"ü vurğulayır.

"Qarabağı itirmək öz varlığını itirməkdir" söyləyərkən də müəllif Qarabağın (Şuşanın - A.X.) Azərbaycanın mədəniyyət beşiyi olması faktorunu önə çəkir, çünki millətin varlığının başlıca göstəricilərindən biri onun, təbii ki, geniş anlamda mədəniyyətidir. Mənfur düşmənin Qarabağı hədəf seçməsinin başlıca səbəblərindən biri də elə bununla bağlıdır. Bəllidir ki, hayların özlərinin etnomədəniyyətləri yoxdur. Çünki onlar etnomədəniyyətin yaranmasını şərtləndirən amillərdən məhrumdurlar. Ümumiyyətlə, haylarda mədəniyyət adına nə varsa, əksəriyyət etibarilə saxta və oğurluqdur və bunların da böyük bir hissəsi məhz  Azərbaycan xalqına məxsusdur. Hay xislətinə bələd olduğumuz üçün heç də təəccüblü deyil ki, bu proses indi də davam etməkdədir.

İngilis mütəfəkkiri Arnold Toynbinin tarixin Allah və insan, İlahi çağırış və cavab müstəvisində dərkilə bağlı fikirlərinə istinad edən Əsəd Cahangir tarixi hadisələrdə Allahın rolunun dərkini önə çəkərək tarixə metatarix rakursundan baxmağa üstünlük verir. "Səs"in müəllifi bu həssaslıqla yanaşaraq Qarabağ hadisələrini də məhz metatarixi rakursdan təhlil etməyi lazım bilir və burada məkanla yanaşı zaman faktoruna da diqqət çəkir. Çünki "yer və göyün qarşılıqlı təsiri yalnız məkana deyil, zamana da aiddir". Axı İlahi çağırış, səmavi mesaj hər xalqa, hər millətə bizim dünya üçün mövcud olan konkret zamanda göndərilir. Həmin zaman isə sözügedən millətin, xalqın taleyi üçün həlledicidir, yetər ki, o mesajı ala bilsin və alıb da konkret əməllə müvafiq cavab reaksiyası verə bilsin. Səfəvilər dönəmində olduğu kimi! Böyük tarix də belə yaranır!

Qarabağ xanı İbrahimxəlil xanın və onun Tanrının bir vaxt "mıxı mismara döndərib" möcüzəli şəkildə ölümün ağzından çəkib aldığı vəziri Molla Pənah Vaqifin qətlini metatarixi kontekstlə əlaqələndirən Əsəd Cahangir Xürşidbanu Natəvanın Tiflis canişininin yavəri Xasay Usmiyevlə münasibətinə də birmənalı yanaşmır. Bu məsələnin çarizmin Qafqazdakı antiislam və antitürk siyasətinin tərkib hissəsi olduğunu qeyd edən müəllif, burada, çarizmin, həmçinin, Qarabağda qadın kultu yaratmaq kimi gizli məqsəd güddüyünü də nəzərə çatdırır. Xan babasını vəhşiliklə qətlə yetirib özünü isə taxta çıxarmaq - "millətin kişisini öldürüb qadınını taxta çıxarmaq" idi. Və müəllifə görə, bunu hamıdan dərin duyan da bəlkə də, elə bu kultun daşıyıcısı idi.

Özünəməxsus geokulturoloji yanaşma ilə Azərbaycan coğrafiyasını (bu günkü!) söz, səs və rəng bölgələrinə ayırıb Qarabağı səs bölgəsi kimi alan Əsəd Cahangirin essedə bu üç məfhumla bağlı düşüncələri mətnin məzmununu və müxtəlif aspektlərdə məna tutumunu dərinləşdirməklə yanaşı, mövzunun orijinal rakursdan təqdimini gerçəkləşdirən əsas məqamlardan biri kimi maraq doğurur: "Yerlə göy arasındakı vertikalda söz ən yüksəkdə, rəng ən aşağıda, səs bu ikisi arasında qərar tutur. Odur ki, səsdə həm sözə, həm də rəngə məxsus özəlliklər var. Fiziki formaya (dalğa) malik olması onu rəngə, məzmun (ton, tembr və sair) daşıması isə sözə yaxınlaşdırır... Maddi üzü onu rəng, mənəvi üzü isə sözlə ortaq məxrəcə gətirir". Müəllifə görə, insanda bu məfhumların üçünün də təzahür olunmasına baxmayaraq o, səsə daha çox yaxındır, səsə daha çox bənzəyir. "Söz insanın ağlı, rəng bədəni, səs qəlbilə bağlıdır... Əgər kiminsə sözünü sevirsinizsə, bilin ki, onun ağlını, rəngini sevirsinizsə, cismini, səsini sevirsinizsə, qəlbini sevirsiniz. Kimin səsi necədirsə, qəlbi də elədir". Maraqlı yanaşmadır, deyilmi!? Burada gəldiyi nəticəni - münasibətin ünvanını və məzmununu izah edən müəllifin sözügedən məqamda, xüsusilə, səslə bağlı söylədiyi fikir onun həssas duyum və bədii-estetik yanaşması ilə diqqəti çəkməklə bərabər, həmçinin, belə bir qənaəti hasil edir: Əgər Qarabağ səs bölgəsi kimi alınıb səslə əlaqələndirilirsə və əgər səs də qəlblə bağlıdırsa, deməli, Qarabağ-Şuşa da Azərbaycanın qəlbidir!

Səsi həm mifoloji, həm metafizik, həm də mədəni-estetik səciyyədə alan Əsəd Cahangir mifik və metafizik konteksti daha çox qabardır və bu zaman təbii olaraq folklor qaynaqlarına üz tutur: "Səs iki dünya arasında körpü olduğundan musiqi ruhu bir anda göylərə qaldırır və insan əbədiyyətlə nəfəs alır... Öləcəyini bilən Qorqud ata qopuz çalır və nə qədər ki, qolça qopuz əlindədir, ölüm ona yaxın düşə bilmir. Qopuzun hər simi insanla Tanrı arasındakı fələyin qatlarına uyğundur. Barmaqları bu simlərə toxunan ozan fələyin qatlarını yararaq yuxarı qalxır və ilkin mənbə ilə birləşir. O mənbə isə ölüm tanımır".

Burada bir vacib məqam diqqətdə saxlanılmalıdır - Dədə Qorqudu ölümdən qoruyan adi musiqi deyildi, oğuzlar üçün müqəddəs hesab olunan, qeyri-adi semantik funksionallıq kəsb edən qopuzun səsinin sehrli magiyası idi. Dədə Qorqudla bağlı sözügedən rəvayətdə qopuza və onda ifa edilən musiqinin səsinə mifoloji və metafizik yanaşma aydın şəkildə əks olunur.

Milli mədəniyyətimizin professional musiqi sahəsində əsas təmsilçisi olan, onu inkişaf etdirib zirvələrə ucaldan dahi bəstəkar Üzeyir bəy Hacıbəyli haqqında söz açılır essedə - Azərbaycanın səs məkanının mərkəzindən olub onu dünyaya tanıdan, özü isə Azərbaycanın və bütün Şərqin səsinə çevrilən sənət magikanından. Təbii ki, Qarabağdan, səsdən bəhs edərkən bu torpağın yetişdirdiyi belə bir parlaq şəxsiyyətdən söz açmamaq qeyri-mümkündür. Təsadüfi deyil ki, esseist onu "sənət peyğəmbəri" kimi xarakterizə edir və fikrimcə, burada heç də mübaliğə etmir.

Yaradıcılığında daha çox folklor və klassik irsə müraciət edən Üzeyir bəy Hacıbəyli zəmanəsi üçün səciyyəvi olan problemlərə də ayrıca yer ayırmışdır. Yox, Üzeyir bəy Əsəd Cahangirin söylədiyi kimi "o olmasın, bu olsun" deyib ilahi ölçünü insani arşınla əvəz etmirdi, əksinə, problemi adi məişət mövzusunda təqdim edərək bu əvəzlənməyə cəhdin doğurduğu komik situasiyanı göstərməklə ölçünün pozulmasına qarşı çıxırdı. Təsadüfi deyil ki, obraz (yaxud obrazlar) əndazəyə qayıdıb "o olmasın, bu olsun" deməklə düşdüyü (düşdükləri) komik situasiyadan qurtulur (lar) və bununla da, sanki hər şey öz axarına düşüb tənzimlənir.

Üzeyir bəy Hacıbəylinin yaradıcılığında səs, söz və rəng birləşsə də, təbii ki, aparıcı xətt səsdir və sözlə rəng burada səsə tabedir. "Şərqin sözü var idi, səsi yox. Üzeyir bəy bir dahi kimi yüz illərlə sıxılıb qalmış səsi sözə çatdırır, "Leyli və Məcnun" və "Koroğlu"ya qarşılıq operalar yaradırdı. Bu operaların birindən muğam, digərindən saz səsi gəlirdi. Üzeyir bəy sənət simurqunun qoşa qanadları üstündə zülmətdən işıqlı dünyaya uçur", ənənə və novatorluq əsasında möhtəşəm sənət ortaya qoyaraq Azərbaycan mədəniyyəti tarixinin yeni, orijinal və mükəmməl inkişaf dövrünün əsasını yaradır, elə dünyaya da "orijinal milli mədəniyyət faktı kimi çıxırdı". Onun böyüklüyü, yaradıcılığının möhtəşəmliyi də elə məhz bu amillə bağlı idi. Essedə aşıq və muğam sənətinə nəzərən işlədilən və maraqlı bədii ifadəliliyi ilə diqqəti çəkən "sənət simurqunun qoşa qanadları" təyini də həm Üzeyir bəy Hacıbəylinin yaradıcılığında, həm də bütövlükdə Azərbaycan musiqi mədəniyyəti tarixində hər iki sənətin əhəmiyyətini əks etdirir.

 

***

Biz mənfur düşmənin torpaqlarımızı işğal etməsi səbəbindən, təxminən, 30 il Qarabağdan ayrı düşdük və bu ayrılıqda bizim də günah payımız az olmadı. Buna bədəl olaraqsa Qara Bağımızı və semantik tutum baxımından ona uyğun səsimizi də itirdik, yalançı "vətənpərvərlik pafosu ilə dolu hay-küy" isə Tanrı dərgahında qəbul olunmur. Bəlkə də, müəllifin dediyi kimi, biz Qara Bağımızı və səsimizi Qarabağdan öncə itirdik və elə Qarabağdan ayrı düşməyimizə nədən də, bəlkə, elə bu oldu?.. Təxminən, 30 il sonra isə tarixin müxtəlif dönəmlərində səmavi mesaj göndərilmiş Azərbaycan xalqına İlahidən yenə belə bir lütf olundu. Biz Tanrının diktə etdiyi bu həlledici zamanda, nəhayət, birlik olub torpaqlarımızı mənfur düşməndən azad etmək üçün haqq savaşına qalxdıq. Deməli, səmavi mesaj alınmışdı. İnsana şah damarından da yaxın olan Uca Allah bütün varlığımızı saran haqq səsimizi eşidib müqəddəs dualarımızı qəbul etdi. Qəhrəman Azərbaycan Əsgəri Allahın iradəsilə 2020-ci ilin bəlli zamanında kafiri ağır məğlubiyyətə uğradıb işğal olunmuş torpaqlarımızın böyük bir hissəsini azad edərək İlahi ədaləti bərqərar edən vasitəçi-mediator missiyasını yerinə yetirdi.

Essenin "Səs" adlandırılması da mövzunun tələbi və metafizik kontekstdə ifadəsilə yanaşı, fikrimcə, həm də bu amillə bağlıdır. Təsadüfi deyil ki, mətnin adı elə ilk baxışdaca qeyri-ixtiyari olaraq məhz sözügedən məzmunda assosiativ təsir yaradır.

Essedə bəlli problem barədə qənaətin - "Əgər kimsə erməni sorununun nə vaxtsa çözüləcəyi xəyalındadırsa, yanılır. Bu düymə açılmaz, bu düyün çözülməzdir və xalq bu ideyanı neçə yüz ildir ki, qoruyub saxlayır" - şəklində şifahi bədii düşüncənin ortaya qoyduğu "Əsli-Kərəm" dastanına əsasən ifadə olunması və burada, həmçinin, folklor yaddaşının problemə münasibətinin vurğulanması doğru yanaşmadır. "Əsli-Kərəm"in təlqin etdiyi əsas ideya, digər məhəbbət dastanlarından fərqli ayrıntıları, "sonluqda arzuolunmaz qovuşuğun - Kərəmin Əslinin vüsalına yetməsinin qarşısının alınması milli-etnik düşüncənin bu hadisəyə tarixi-estetik münasibətini əks etdirir" (Məhərrəm Qasımlı, Aynur Xəlilova).

Sözdən, səsdən, rəngdən kontekstlə əlaqələndirilmiş şəkildə bəhs edilən essedə bəzi məqamlarda sözə münasibət nisbətən daha qabarıq müşahidə olunur. Müəllifin fikrincə, sözün təbiətdəki duallıqla əlaqəsi yoxdur, o, bir növ, nizamlayıcıdır. Halbuki, təbiətdəki duallıqlar Tanrının iradəsilə, həmçinin, onun nizamını saxlamaq üçün mövcuddur. Əsəd Cahangir sözü ilahi-maddi-ilahi xətt üzrə (söz İlahidən gəlir, maddiləşir və yenə də Ona dönür) təqdim edir, mahiyyətə varanda isə öncəlik gümanı metafizik baxımdan səsə daha dərin məzmun gətirir. Sözə daha çox önəm verməsinə rəğmən, dini-fəlsəfi düşüncə axarı Əsəd Cahangiri də sözügedən istiqamətə yönəldir və bu zaman konkret olaraq dünyanın yaradılışı kontekstində səsin ilahi mahiyyəti sözdən önə çıxır: Allah "bircə dəfə "Ol" deyir və ilahi dalğalanma (emanasiya) başlayır. İlahi səs (kursiv bizə aiddir - A.X.) sınırsız boşluqlar içində əriyir, amma yoxa çıxmır, enerjidən maddəyə çevrilir - dünya yaranır. Dünya Allahın "donmuş səsidir" (Fridrix Şellinq)".

Tanrının insan idrakından kənar, bəlkə, işıq-nur seli, yaxud telepatik, kosmik-metafizik səs dalğası... şəklində təzahür edən "Ol" hökmünü Tanrının Fövqəl Səsi kimi də təsəvvür etmək (idrak deyil, yalnızca təsəvvür etmək, yaxud düşünmək!) olar. Belə olan təqdirdə, essedə "söz-səs-rəng" kimi təqdim olunan metafizik sıralanmada da öncəlik səsindir - dərk edəməyəcəyimiz şəkildə təzahür edən Tanrının Fövqəl Səsi anlamında! Maraqlıdır ki, peyğəmbərlərə gələn "vəhy" sözünün də əsas mənalarından biri "İlahi səs", yaxud "gizli səs" deməkdir.

Dünyanın yaranmasında olduğu kimi sona varmasında da ilahi səs təzahür edəcək. Dolayısı ilə, Səslə yaranan dünya elə Səslə də dağılacaq, "amma Allahın yox, mələyin səsilə (təbii ki, Allahın iradəsilə - A.X.), İsrafil surunu çalacaq və... Qiyamət qopacaq!" Əslində, dünyanın sonunu gətirən insanlar olacaqlar - Allahın müqəddəs Kitabımızda dəfələrlə haqq yoluna dəvətinə, Qiyamət günü, Cənnət-Cəhənnəm uyarısına rəğmən, büsbütün günah və çirkab içərisində olan insanlar. Və... Allahın hökmü ilə esxatoloji akt gerçəkləşəcək. Surun çalınması isə Qiyamət gününün və İlahi ədalətlə üzləşmə zamanının gəldiyinin əlaməti olacaq.

Essedə sözdən səsə, səsdən rəngə, rəngdən sözə keçidlər o qədər iç-içə verilir ki, bu keçid-əvəzlənmələr mətnin strukturunda, bir növ, şərti xarakter daşıyır. Ümumilikdə mətn boyu müşahidə olunan fikir şaxələnməsi, bir məqamdan başqa məqama keçid və dönüşlər, müəllifin düşüncə axarında dərkinə can atdığı nəsnələrlə bağlı həqiqət axtarışları, bəzən əlaqəsiz görünən nüanslar sonuc olaraq bir müstəviyə yönələrək əsas ana xətdə birləşir.

Gördüyümüz kimi, Əsəd Cahangir əsas mövzuya - Qarabağ mövzusuna onun tələb etdiyi həssas, milli-kutsal dəyərlərə varmaqla hasilə gələn ilmə-ilmə toxunuşlarla yanaşır. Müəllif düşüncə və qənaətlərini əsaslandırmaq üçün din, ədəbiyyat, tarix və fəlsəfəyə, mədəniyyətin ayrı-ayrı sahələrinə üz tutur, milli kimlik və xarakteri müəyyənləşdirən başlıca göstəricilərdən biri kimi folklora söykənir, müvafiq olaraq fərqli və üst-üstə düşən məqamları seçib mətnə daxil edir və bütün bunları maraqlı gedişlərlə vahid mövzu ətrafında birləşdirib kontekstlə əlaqələndirilmiş şəkildə sintez halında paralel təhlillər və özünəməxsus bədii-fəlsəfi ümumiləşdirmələr aparır. "Səs" essesində çeşidli aspektlərdən təhlillər, mühakimə və orijinal təfəkkür tərzi Əsəd Cahangirin üslubunda elmi-fəlsəfi və bədii düşüncənin qovuşuğu şəklində ortaya çıxır.

Ədəbiyyatımızın modernist nümunələrindən olan "Səs" essesi ətrafında müzakirələrə yer açaraq oxucunu düşünməyə və müəyyən nəticələrə varmağa sövq edir. Müəllifin əsas qayəsi isə aydındır - futuroloji varlıq olduğumuz üçün gələcəyimizi unutmadan tarixi keçmişimizi də yaddan çıxarmamaq, milli-kutsal dəyərlərimizə, "Qara Bağ"ımıza sahib çıxmaq, səsimizin İlahi qata çatması üçün çaba göstərmək... Əks halda, yalnız göylərdən kömək gözləmək absurddur. Lakin yenə də hər şeyi bilən Odur!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!